Azərbaycan Prezidenti Heydər Əliyev Fransa Prezidenti Fransua Mitteranla görüşmüşdür - 20 dekabr 1993-cü il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Dekabrın 20-də axşam Yelisey sarayında Azərbaycan Prezidenti Heydər Əliyevin Fransa rəhbərliyi tərəfindən təntənəli rəsmi qarşılanma mərasimi keçirildi. Sarayın həyətində fəxri qarovul dəstəsi düzüldü. Azərbaycan dövlətinin başçısını və onu müşayiət edən şəxsləri gətirən maşınlar karvanı Yelisey sarayının həyətindəki geniş meydana daxil olan kimi təntənəli marş çalındı. Fransa Prezidenti Fransua Mitteran Azərbaycan rəhbəri Heydər Əliyevi sarayın pilləkənləri yanında qarşıladı. Sonra iki ölkənin Prezidentləri arasında danışıqlar başladı.

Görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlıq imkanları hərtərəfli müzakirə olundu. Danışıqlarda Azərbaycan torpağında gedən müharibə və Dağlıq Qarabağ məsələlərinə geniş yer verildi. Fransua Mitteran açıq bildirdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir. Heydər Əliyev Azərbaycan həqiqətlərini Fransa Prezidentinə duydurmağa müvəffəq oldu. Fransua Mitteranın mövqeyində Azərbaycanın xeyrinə xeyli dəyiçiklik yarandı. Görüş zamanı iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə də uzunmüddətli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı. Bu tarixi görüş Azərbaycanla Fransa və digər Avropa ölkələri arasında əməkdaşlığın əsasını qoydu.

Dünya siyasi xadimləri arasında ən zəngin təcrübəyə və nüfuza malik olan Fransua Mitteranın Azərbaycana xüsusi diqqət yetirməsi müşahidəçilərdə böyük maraq doğurdu.

Danışıqlardan sonra prezidentlər Yelisey sarayının Müyurad salonuna daxil oldular. Fransua Mitteran və Heydər Əliyev Azərbaycanla Fransa arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq barədə müqavilə imzaladılar. Heydər Əliyev ATƏM-in əsas sənədlərindən biri olan yeni Avropa üçün Paris Xartiyasına Azərbaycanın qoşulması barədə sənədi də imzaladı. Sonra prezidentlər Fransa, Azərbaycan və digər ölkələrin jurnalistləri qarşısında bəyanatla çıxış etdilər.

Fransa dövlətinin başçısı Fransua Mitteran Heydər Əliyevə müraciətlə dedi ki, mən Sizi burada qarşılamağa çox şadam. Bizim əlaqələrimiz çox az-az olur. Odur ki, Sizin Parisə səfəriniz ümdə problemləri əsaslı şəkildə müzakirə etməyimizə imkan verir. İndicə Siz yeni Avropa üçün Paris xartiyasını, hər ikimiz isə ölkələrimiz arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqaviləni imzaladıq. Siz Paris Xartiyasına imza atmaqla ATƏM çərçivəsində öz üzərinizə öhdəliklər götürdünüz, BMT prinsiplərinə sadiq olduğunuzu nümayiş etdirdiniz.

Fransa Prezidenti daha sonra dedi: "Əmin ola bilərsiniz ki, hamımızın ehtiyac duyduğumuz sülhün tezliklə bərqərar olmasında Fransa Sizinlə yanaşı olacaqdır. İkitərəfli müqaviləmiz də buna sübutdur. Bu sənəd Fransa-Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələ olacaqdır, çünki o həm ikitərəfli, həm də çoxtərəfli gələcək əməkdaşlığımızın çərçivəsini müəyyənləşdirir. Biz siyasi, iqtisadi, mədəni və elm-texniki sahələrdə, habelə təhlükəsizliyin təmin olunması işində əməkdaşlıq etməyi nəzərdə tuturuq. Bu da indiyədək məhdud olan münasibətlərimizə geniş vüsət verməyə birgə səy göstərdiyimizi sübut edir".

Fransua Mitteran sözünə davam edərək dedi ki, Fransa Qarabağ münaqişəsinin genişlənməsini təşvişlə izləyir və orada dinc əhalinin əzab-əziyyət çəkməsinə təəssüf edir. Biz həmin əhaliyə kömək edir və bu köməyi artıracağıq. Fransa Prezidenti dedi ki, biz zor işlətməklə sərhədlərin dəyişdirilməsini qəbul etmirik, eləcə də münaqişənin zor gücünə aradan qaldırılmasına tərəfdar deyilik. Biz Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmət bəslənilməsinə tərəfdarıq. Təklif etmişik ki, ATƏM çərçivəsində beynəlxalq konfrans keçirilsin. Bütün əlaqədar tərəfləri xoş məram göstərməyə çağırırıq. Lakin Ermənistan və Azərbaycan qüvvələrinin qarşı-qarşıya durduğu yerdə bu prinsiplərə indiyədək əməl olunmamışdır. Hazırda ən böyük çətinliklər Azərbaycan ərazisində hiss olunur. Mən bunu Ermənistan rəhbərlərinə də demişəm.

Yalnız hüquqa əsaslanmaqla beynəlxalq miqyasda rəğbət qazanmaq olar. Sizinlə görüşləri, Sizə köməyi davam etdirəcəyik. Bu zaman beynəlxalq prinsiplərə əsaslanacağıq. Həmin prinsiplər bütün demokratik ölkələr üçün məcburidir.

Fransua Mitteran axırda dedi: "Cənab Prezident, Sizi burada qəbul etmək bizim üçün xoşdur. Arzu edirəm ki, bundan sonra hər iki ölkəmiz üçün faydalı olacaq başqa tədbirlər də keçirilsin".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransua Mitterana müracətlə dedi:

Cənab Prezident, Fransaya dəvət olunduğumuza görə Sizə minnətdaram və indi bu tarixi, möhtəşəm sarayda Sizinlə yanaşı oturduğuma çox şadam. Sizinlə söhbətdən çox razıyam. Bu söhbət zamanı Azərbaycandakı vəziyyətə xeyirxah münasibətinizi hiss etdim və bu böhranlı vəziyyətdən çıxmaqda respublikamıza kömək etmək istəyinizin səmimiliyinə inandım. Vəd etdiyiniz və göstərəcəyiniz səylərə görə də Sizə minnətdaram. Mən mühüm beynəlxalq sənəd olan Paris Xartiyasını Sizin iştirakınızla böyük məmnuniyyətlə imzaladım. Bununla da Azərbaycan Respublikası təhlükəsizliyə və sülhə sadiq olduğunu nümayiş etdirir.

İndicə Sizinlə birgə imzaladığımız dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində yeni mərhələdir. Yelisey sarayında Azərbaycanla Fransa arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyduq. Cəmi iki il əvvəl dövlət müstəqilliyi əldə etmiş Azərbaycan Respublikası üçün bu, mühüm tarixi hadisədir.

Heydər Əliyev daha sonra bildirdi ki, qədim tarixi olan, bəşər sivilizasiyasını zənginləşdirmiş, dünya siyasətinə təsir göstərən Fransa kimi nəhəng dövlətlə əməkdaşlıq etmək bizim üçün çox zəruridir. Demokratiya nümunəsi göstərmiş və göstərməkdə davam edən, humanistlik və sülhsevərlik nümayiş etdirən Fransa bizim üçün çox mühüm tərəfdaşdır. Biz şadıq ki, Sizinlə bu müqaviləni imzalamışıq və onun həyata keçirilməsinin səmərəli olacağına, əməli nəticələr verəcəyinə ümid edirik.

Azərbaycan Prezidenti dedi: "Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Sizin narahatlığınızı, qanunun aliliyi, hər bir dövlətin sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyi prinsiplərinə əməl edilməsinin zəruriliyi barəsində bəyanatınızı dərin razılıq hissi ilə qəbul etdim. Ümid etmək istərdim ki, Siz öz şəxsi nüfuzunuzdan, Fransanın nüfuzundan istifadə edib, Ermənistan hərbi birləşmələrinin Azərbaycana təcavüzünün qarşısının alınmasına, bölgəmizdə sülh yaradılmasına kömək göstərəcəksiniz. Biz konstruktiv mövqedə durur və Sizin tərəfinizdən əməli köməyə ümid bəsləyirik. Arxayın ola bilərsiniz ki, Fransa Azərbaycanın simasında uzun illər ərzində əməkdaşlıq üçün etibarlı tərəfdaş əldə edir. Biz sülh və təhlükəsizlik, insan hüquqlarına hörmət, demokratiya və siyasi plüralizm prinsiplərinə həmişə sadiq qalacağıq. Gənc müstəqil dövlətimizin quruculuğunda Fransanın zəngin dövlətçilik təcrübəsindən, demokratiyasından hökmən istifadə edəcəyik. Cənab Prezident, biz səbirsizliklə Sizin Azərbaycana səfərinizi gözləyəcəyik. Ümid edirəm ki, şəxsi əlaqələrimiz ölkələrimiz arasında gələcək qarşılıqlı əməkdaşlığın inkişafına kömək edəcək və bu da Azərbaycan xalqına böyük xeyir verəcəkdir. Respublikamıza və xalqımıza göstərdiyiniz böyük diqqətə görə Sizə təşəkkürümü bildirirəm".

AzərTAC

"Azərbaycan 1993 Anarxiyadan sabitliyə", Baki 2000, səh 380