Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ nümayəndələri Stiven Mənni və bu ölkənin Azərbaycandakı səfirinin müavini xanım Elizabet Şeltonu qəbul edərkən söhbətindən - 26 iyul 2001-ci il


Hörmətli səfir Mənn!

Hörmətli xanım Şelton!

Mən Sizinlə görüşməyimdən çox məmnunam. Sizin Azərbaycana gəlməyinizi də çox məmnuniyyətlə qarşılayıram.

Prezident Şevardnadze iyulun 27-də Azərbaycana gələcəkdir. Mən onu rəsmi dəvət etmişəm. Biz qaz kəməri haqqında, Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında sənədləri imzalamalıyıq. Təkcə bu yox, bəzi başqa məsələlərlə əlaqədar görüşümüzə ehtiyacımız var. Mən başa düşdüm ki, Siz də bu münasibətlə buraya gəlmisiniz. Çox məmnunam ki, Siz bu problemlərə daim maraq göstərirsiniz.

Stiven Mənn: Cənab Prezident, xoş sözlərinizə görə Sizə təşəkkür edirəm. Mən Azərbaycanı ziyarət etməkdən həmişə məmnunluq duyuram. Bu gün məni qəbul etməklə mənə şərəf verdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm.

Mən sabahkı hadisə münasibətilə çox sevinirəm.

Hesab edirəm ki, Şərq-Qərb enerji dəhlizinin yaradılması olduqca mühüm addımdır. Amerika Birləşmiş Ştatlarının hökuməti Sizin sabah imzalayacağınız bu müqaviləni çox alqışlayır. Mən müqavilənin imzalanmasında iştirak etmək üçün Azərbaycana gəlməyi özümə şərəf hesab edirəm.

Hesab edirəm ki, cənab Prezident, bu da Sizin uzaqgörən siyasətinizin növbəti bir nümunəsidir. Cənab Prezident, mənim bu səfərim bir az da acı xatirələrlə yadda qalacaq bir ziyarət olacaqdır. Çünki mən xanım Şelton ilə burada artıq sonuncu dəfə görüşmüş olacağam. Ona görə də Sizin icazənizlə, sözü xanım Şeltona verərdim. O, bu yaxınlarda Azərbaycanı tərk edəcəkdir.

Heydər Əliyev: Buyurun.

Elizabet Şelton: Cənab Prezident, mən bu gün Sizin hüzurunuza iki məsələ ilə əlaqədar gəlmişəm. Birincisi, mən Prezident Buşun Sizinlə ilk görüşündə xatirə üçün çəkilmiş şəkli Sizə təqdim etmək istəyirəm. İkincisi isə, Azərbaycanla bağlı bu kitabı Sizə təqdim etmək istəyirəm. Bu kitab iki gün bundan öncə nəşr olunubdur. Bu kitabı yazan, onun müəllifi mənim həyat yoldaşımdır. Kitab ingilis dilində çap olunub və Azərbaycanda mövcud olan quşların həyat tərzini izləmək istəyən insanlar üçün bələdçi rolunu oynaya biləcək bir nəşrdir. Bu, Azərbaycanda yaşayan quşların həyatına həsr olunubdur.

Cənab Prezident, görürsünüz, belə olur. Mən Sizin hökumətinizlə burada gərgin işlər, müzakirələr apardığım zaman həyat yoldaşım bundan istifadə edib, Azərbaycanın bütün bölgələrini gəzib, Sizin təbiətin gözəl quşları ilə tanış olub və onlar barədə xüsusi bir kitab yazıbdır.

Mən bu şəkli Sizə verməklə, cənab Buşun Sizə çox böyük salamlarını və dərin hörmət və ehtiramını da yetirirəm.

Heydər Əliyev: Sizə təşəkkür edirəm. Çox yaxşı şəkildir.

Elizabet Şelton: Bəli, çox gözəl və təbii bir şəkildir.

Heydər Əliyev: Çox gözəl və çox təbii şəkildir. Şəkil çəkən çox gözəl anı tuta bilibdir. Təəssüf ki, bizim şəkil çəkənlər bəzən belə anları tuta bilmirlər. Burada canlı söhbət gedir.

Elizabet Şelton: Bəli, şəklə baxaraq demək olar ki, aparılan söhbətdən hər iki tərəf çox məmnundur.

Heydər Əliyev: Elədir. Çox məmnunam ki, bu şəklin altında cənab Buşun imzası var. Çox təşəkkür edirəm.

Bu kitab da çox maraqlıdır. Siz neçə ildir burada işləyirsiniz, amma mən heç bilməmişəm ki, Sizin yoldaşınız burada bu işlə məşğul olur.

Elizabet Şelton: O, kitabdakı xəritədə göstərilən yerlərdə olubdur.

Heydər Əliyev: Görürəm. Bütün hər yerdə olubdur. Təkcə işğal olunmuş torpaqlarda olmayıbdır. Görürəm, bura boşdur. Nə qədər yerlərdə olubdur.

Elizabet Şelton: O, Azərbaycanı çox gözəl bir ölkə kimi tanıdı. Hər zaman mənə söyləyirdi ki, Azərbaycanın hansı guşəsinə getməsindən asılı olmayaraq, insanlar onu çox mehribanlıqla qarşılayırlar.

Heydər Əliyev: Yəqin ki, o, bu işin mütəxəssisidir.

Elizabet Şelton: Bəli, doğrudur. O, ətraf mühit üzrə mütəxəssisdir və dünən Azərbaycan televiziyası ilə ətraf mühit məsələlərinə həsr olunmuş bir verilişdə iştirak edirdi.

Heydər Əliyev: "Səhər" verilişində?

Elizabet Şelton: Bəli.

Heydər Əliyev: Çox gözəl kitabdır. Bilmirəm, bizim burada olan mütəxəssislər quşlar haqqında bu qədər geniş bir kitab yazıblar, yoxsa yox. Mən ömrümün çox hissəsini yaşamış adamam, hər halda, yəqin ki, bu quşların heç 10 faizini tanımıram. Doğrudan da Azərbaycanda flora-fauna çox zəngindir.

Elizabet Şelton: Bəli, bu baxımdan Allah Sizə çox zəngin sərvətlər veribdir.

Heydər Əliyev: Elədir.

Elizabet Şelton: Yəqin ki, Sizin və burada yaşayan çox adamların xəbəri yoxdur. Heç mənim özüm də bunu bilmirdim ki, Azərbaycanda milyonlarla quş yaşayır. Onlar uçub bu ölkəyə gəlir və buradan başqa ölkələrə gedirlər.

Heydər Əliyev: Çox gözəl. Sizin yoldaşınız ov edir, yoxsa yox?

Elizabet Şelton: Heç vaxt. O, ancaq binokl vasitəsilə baxır.

Heydər Əliyev: Amma bu quşların ov vaxtı var. Həmin vaxt o quşları ovlamaq da olar.

Elizabet Şelton: Doğrudur, haqlı deyirsiniz. Quş ovu çox adamın xoşuna gəlir. Amma mənim yoldaşım quş ovuna getməz.

Heydər Əliyev: Burada bəzi adamlar var ki, quş ovuna gedəndə 100 quş vururlar.

Elizabet Şelton: Təəssüf ki, elədir.

Heydər Əliyev: Mən keçmişdə burada işləyəndə, - onda hələ respublikanın rəhbəri deyildim, əvvəlki işimdə, dövlət təhlükəsizlik orqanının başçısı idim, - burada yüksək vəzifəli bir işçi var idi. Adını demək istəmirəm, o, hər həftə ova gedərdi və hər dəfə də 200, 300 quş vurardı. Bir dəfə Azərbaycan rəhbərlərinin iclasında mən durub dedim ki, əgər belə getsə, Azərbaycanda quş qalmayacaq, bu adam hamısını vuracaqdır. Amma mən quş ovu etməmişəm.

Sizin yoldaşınız çox böyük işlə məşğul olur. Kitab da çox qiymətlidir. Xahiş edirəm, mənim təşəkkürümü ona çatdırın.

Amma mənim Sizə bir iradım var. Biz üç ildir Sizinlə bir yerdə işləyirik. Yoldaşınızı mənə niyə göstərməmisiniz?

Elizabet Şelton: Doğru deyirsiniz. Bilmirəm niyə, həmişə burada olubdur.

Heydər Əliyev: Amma görüşməyə imkanlar çox olub. Bəzən ziyafətlərdə, tədbirlərdə. Eybi yoxdur, bunu gələn dəfə edərik. Bunlar üçün çox təşəkkür edirəm.

Mənə dedilər ki, Siz burada öz fəaliyyətinizi başa çatdırıb Azərbaycanı bu günlərdə tərk edəcəksiniz. Mən təəssüf edirəm. Çünki mənim gözümün qabağındadır, Amerika Birləşmiş Ştatları səfirinin müavini kimi, səfirlikdə ikinci şəxs kimi bu illər Siz burada çox işlər görmüsünüz. Mən həmişə hiss etmişəm ki, Siz Azərbaycanı çox sevirsiniz. Bizim dilimizdə danışmağınız da təbiidir ki, bunu tamamlayır.

Burada gördüyünüz işlərə görə, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsində xidmətlərinizə görə Sizə təşəkkürümü bildirirəm. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram. Məndən yoldaşınıza da salam deyin. O da, Siz də istədiyiniz vaxt Azərbaycana gələ bilərsiniz. Yenə quşlarla da məşğul olmaq olar, qonaq olmaq da olar. Mən Sizi dəvət edirəm.

Elizabet Şelton: Cənab Prezident, çox-çox təşəkkür edirəm.

Heydər Əliyev: İndi bir azdan mən də Sizə şəklimi yadigar verəcəyəm.

Elizabet Şelton: Çox gözəl.

Heydər Əliyevin neft strategiyası: Azərbaycanın müstəqilliyi və rifahı naminə. Baki-2001, səh.35-37.