Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İzmirdə "Bakı Parkı"nın açılışı mərasimində nitqi - 7 may 1997-ci il


 Hörmətli vali, hörmətli bələdiyyə başkanı, hörmətli baş nazir!

Hörmətli dostlar, qardaşlar!

Mən bu gün Türkiyəyə rəsmi səfərim çərçivəsində Türkiyənin gözəl bir güşəsi olan İzmir şəhərinə gəlməyimdən çox səadət duyuram və hamınızı, sizin simanızda İzmir şəhərinin bütün vətəndaşlarını, sakinlərini ürəkdən salamlayır, sizə Azərbaycan xalqının, Bakının salamını, hörmət-ehtiramını çardırıram.

Bu günlər biz Türkiyədə çox görüşlər keçirmiş, çox danışıqlar aparmışıq, çox əhəmiyyətli anlaşmalar, müqavilələr imzalamışıq. Bunların hamısı bir məqsəd - Türkiyə-Azərbaycan dostluğunun daha da inkişafını təmin etmək, türk xalqını və Azərbaycan xalqını bir-birinə daha sıx bağlamaq məqsədi daşıyır.

Bu, bizim ali vəzifəmizdir və bunu yerinə yetirmək üçün də Türkiyəyə gəlmişik. Türkiyənin cümhur başkanı, əziz dostum, qardaşım Süleyman Dəmirəlin dəvəti ilə rəsmi ziyarətə gəlmişəm.

Biz bu günlərdə bir daha gördük, bir daha hiss etdik ki, türk-Azərbaycan xalqlarının dostluq və qardaşlığı nə qədər dərindir, güclüdür, nə qədər möhkəmdir. Bu dostluğun, qardaşlığın tarixi çox böyükdür. Əgər tarixi götürsək, bizim tariximiz də, keçmişimiz də, dilimiz də, dinimiz də, məsləkimiz də, adət-ənənələrimiz də, musiqimiz də, mədəniyyətimiz də birdir. Bir-birindən fərqi sadəcə ondan ibarətdir ki, - necə ki, İstanbul ilə İzmirdə bir fərq var, yaxud da Ərzurumla Qayseridə bir fərq var, yaxud Adana ilə Diyarbəkrdə bir fərq var, - ola bilər Türkiyə ilə Azərbaycanda da belə bir fərq olsun. Amma bu fərq sadəcə, bizim eyni zamanda ümumi mənəvi dəyərimizin, mədəni, şüuri dəyərlərimizin hamısının çoxcəhətli, çoxşaxəli, çoxbudaqlı olmasını göstərir. Yəni biz böyük bir çinar ağacının budaqlarıyıq və bu da o qədər möhkəm çinardır ki, əsrlər boyu onu nə qədər silkələdilərsə də, yıxmaq istədilərsə də, bizi bir-birimizdən ayırmaq istədilərsə də bacarmadılar. Bizim qəlbimiz, bizi bir-birimizə bağlayan tellər, mənəviyyat dostluğumuzu, qardaşlığımızı, birliyimizi qorudu, saxladı.

Bu günlərdə biz bu dostluğumuzun, qardaşlığımızın yeni nümayişini görürük. Şübhəsiz ki, bunlar bizi həddən ziyadə sevindirir. Bu günlərdə biz Türkiyədə Azərbaycan barəsində çox yüksək dostluq-qardaşlıq münasibətlərini, böyük qonaqpərvərlik, hərarətli qəlbən hiss edirik. Bunların hamısına görə türk xalqına, Türkiyə Cümhuriyyətinə təşəkkür edirəm. Bu gün İzmirə gələndən indiyə qədər, bir neçə saat içində bir-birimizə nə qədər bağlı olduğumuzu hiss edirik. Bizə göstərdiyiniz bu hörmət və ehtirama, qayğıya, diqqətə görə sizə təşəkkür edir və sizi əmin edirəm ki, Azərbaycan xalqı bunların hamısını yüksək qiymətləndirir. Xalqımızda, hər bir azərbaycanlıda bu hissiyyatlar burada gördüyümüzdən qat-qat çoxdur.

İzmir şəhəri ilə Azərbaycanın paytaxtı, başkəndi Bakı şəhəri arasında on iki il bundan öncə qardaşlıq haqqında müqavilə imzalanması böyük hadisə olmuşdur. Bilirsiniz ki, mən o illərdə həm Azərbaycanın, həm də Sovetlər Birliyinin başında duran şəxs olmuşam. O illərdə bizə Türkiyə ilə əlaqə saxlamağa imkan vermirdilər. Xatirimdədir, Bakı dünyanın bir çox şəhərləri ilə qardaşlaşmışdı, məsələn, Amerikanın, Fransanın, İngiltərənin, Şərqi Avropada olan Rumıniyanın, Macarıstanın, başqa ölkələrin şəhərləri ilə qardaşlaşmışdı.

Amma Türkiyə şəhərləri ilə bizim şəhərlərimizin qardaşlaşmasına yol vermirdilər. Çünki əgər o şəhərlərdə doğrudan da yeni bir qardaşlıq qururduqsa, bizim bu qardaşlığımıza kəc baxan, yəni buna zid olan qüvvələr, - onlar bizim ətrafımızda daim çox olubdur, - heç də istəməzdilər ki, bizim bu qardaşlığımız yenidən baş versin. Yəni on iki il bundan öncə İzmir ilə Bakı arasında yaradılmış əlaqələr qardaşlaşma əlaqəsi deyil, - biz doğulandan qardaşıq, ata-babalarımız, ulu babalarımız qardaş olublar, biz doğma qardaşıq. Sadəcə, İzmir ilə Bakı arasında xüsusi əlaqələr yaranması haqqında müqavilə bağlanıbdır. Ona görə mən hesab edirəm ki, bizim qardaşlığımız qədimdir, dünyada xalqlarımız yaranandan mövcud olan qardaşlıqdır. Bu əlaqələr isə həmin qardaşlığı müəyyən mənada sənədləşdirmək, kağız üzərində əks etdirmək kimi bir tədbirdir. Türkiyə-Azərbaycan, İzmir-Bakı daim qardaş olublar, bu gün də qardaşdırlar, gələcəkdə də qardaş olacaqlar. Bunun da təzahürü olaraq Bakıda ən gözəl güşələrdən, parklardan birinə "İzmir" adı verilibdir. Mən çox məmnunam ki, burada, İzmir şəhərində də, bu sahildə parkın gözəl bir hissəsinə "Bakı" adı verilibdir. Bu təşəbbüs, hadisə münasibətilə İzmirin başçılarına, başkanlarına təşəkkürümü bildirmək istəyirəm ki, bugünkü bu törən, mərasim, bayram başqa şəhərlərdə də davam edəcək, biz Türkiyə-Azərbaycan qardaşlığını addım-addım, gündən-günə genişləndirəcək, inkişaf etdirəcəyik.

Türkiyə böyük dövlətdir, dünya miqyasında özünəməxsus görkəmli yer tutubdur. Azərbaycan bir müstəqil dövlət kimi gəncdir. Amma bizim əlaqələrimiz qədimdir. Azərbaycanın dövlət müstəqilliyi əldə ediləndən sonra Türkiyə ilə Azərbaycan arasında dövlətlərarası əlaqələr son illərdə çox bəhrələr verib, çox nəticələrə gətirib çıxarıbdır. Məhz bu əlaqələrin nəticəsidir ki, indi Türkiyənin universitetlərində, o cümlədən burada, İzmir universitetlərində Azərbaycanın gəncləri də təhsil alır, müstəqil Azərbaycanın cürbəcür sahələrində işləməyə hazırlaşırlar.

Görürsünüz, biz bir-birimizə nə qədər yaxın oluruq. İzmirdə universitetdə təhsil alan gənc, tələbə nitq söylədi. O, azərbaycanlıdır, naxçıvanlıdır, orada Nehrəm adlı məşhur yer var, o kənddəndir. Ancaq o, təmiz türk ləhcəsində danışdı. Bizim dilimiz birdir, amma sadəcə ləhcələrimizdə fərq var. Mən Azərbaycan ləhcəsində danışıram. O da bir-iki il öncə mən danışdığım ləhcədə danışırdı, amma iki il burada təhsil alandan sonra buranın ləhcəsində danışır. Demək, bu onun buraya, burada aldığı təhsilə, buradakı mühitə nə qədər alışdığını, eyni zamanda Türkiyəyə, İzmirə, bu mühitə nə qədər məhəbbəti, sevgisi olduğunu göstərir. Bu, bizim dostluq, qardaşlıq əlaqələrimizdə bir zərrədir. Amma zərrə-zərrə göl olur, dərya dolur. Bax, bu zərrələrlə biz ümumi Türkiyə-Azərbaycan dostluğunu daha da genişləndirməli, gücləndirməliyik. Biz bunu edəcəyik.

Müstəqil Azərbaycanın həyatında bir çox problemlər var. Bu problemlərdən ən ağırı, ən bəlalısı Ermənistanın Azərbaycana təcavüzüdür. Bildiyiniz kimi, 1988-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ hissəsini ələ keçirmək üçün ölkəmizə hərbi təcavüz ediblər. Bəzi dövlətlərin yardımı vasitəsilə və bəzi başqa səbəblərə görə Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı yerindən-yurdundan zorla çıxarılıb, didərgin düşübdür, qaçqın-köçkün vəziyyətində çadırlarda ağır vəziyyətdə yaşayırlar.

Üç ildir ki, biz atəşi dayandırmışıq, qan tökülmür, üç ildir ki, şəhidlər yoxdur. Ancaq eyni zamanda hələ sülh də yoxdur. Biz məsələni sülh yolu ilə həll etmək istəyir, sülh danışıqları aparırıq. Keçən ilin sonunda Lissabonda ATƏT-in Zirvə görüşündə məsələnin sülh yolu ilə həli üçün uyğun prinsiplər əldə olunub, qərar qəbul edilibdir. Biz Lissabon prinsipləri əsasında sülh danışıqları aparıb Azərbaycanın işğal olunmuş torpaqlarını sülh yolu ilə azad etmək istəyirik. Buna nail olmağa çalışırıq və mütləq nail olacağıq.

Bütün bu tədbirlərin həyata keçirilməsində Türkiyə daim Azərbaycana dayaq olub, daim Azərbaycanla bir yerdə olubdur. Ümidvaram ki, bundan sonra da bir yerdə olacaqdır. Ancaq bu gün burada onu da demək istəyirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlayacaqdır. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Biz dövlət müstəqilliyimizi heç vaxt əldən verməyəcəyik.

Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək və özünün ərazi bütövlüyünü bərpa edəcək, dövlət sərhədlərinin, hüdudlarının toxunulmazlığını təmin edəcəkdir. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan işğal edilmiş torpaqlarını nəyin bahasına olursa-olsun azad etməlidir. Biz torpaqlarımızın bir qarışını, bir metrini də heç kəsə verməyəcəyik və Azərbaycanın müstəqilliyini, bağımsızlığını, ərazi bütövlüyünü daim qoruyacağıq. Əminəm ki, türk xalqı, Türkiyə Cümhuriyyəti indiyə qədər olduğu kimi, bundan sonra da bizimlə bərabər olacaqdır.

Bizim gələcək zəfərlərimizin, nailiyyətlərimizin, qələbələrimizin əsası, zəmini türk-Azərbaycan, Türkiyə-Azərbaycan dostluğudur. Bu dostluğa eşq olsun!

Yaşasın türk xalqı!

Yaşasın Türkiyə Cümhuriyyəti!

Yaşasın sarsılmaz Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!

Sağ olun!

"Azərbaycan" qəzeti, 8 may 1997-ci il.