Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadzenin 70 illiyi münasibətilə təbrik nitqi - Prezident sarayı, 24 yanvar 1998-ci il


Əziz dostum Eduard Şevardnadze! Hörmətli dostlar, xanımlar və cənablar!

Mənim bu gün Gürcüstana, Tbilisiyə gəlməyim müəyyən mənada, əgər buna protokol nöqteyi-nəzərindən yanaşsaq, qeyri-adi xarakter daşıyır. Ancaq biz bu məsələni insani nöqteyi-nəzərdən qiymətləndirsək, burada qeyri-adi heç bir şey yoxdur. Mənim əziz dostum Eduard Şevardnadzenin sabah 70 yaşı tamam olur. Bu, yubiley bayramıdır. Ona görə mən bu gün bura həm dostuma, qardaşıma, həm də ki, bütün gürcü xalqına, Gürcüstan vətəndaşlarına öz hisslərimi, öz fikirlərimi, öz dostluq münasibətimi bildirmək üçün gəlmişəm.

Əziz dostum Eduard Şevardnadzenin dediklərinə əməl edərək, mən həm də vaxta qənaət üçün məhz rus dilinin imkanlarından istifadə edəcəyəm. Belə ki, İmir nə qədər gorkəmli tərcüməsi olsa da, ona çox hörmətim olmasına baxmayaraq, dediklərimin hamısını incəlikləri ilə birlikdə tərcümə edə bilməyəcəkdir.

Əziz dostum Eduard Şevardnadze! Hörmətli dostlar, xanımlar və cənablar!

Mən buraya, Gürcüstana, Tbilisiyə həqiqətən prezidentin dəvəti olmadan gəlmişəm. Lakin hesab etmişəm ki, bizim münasibətlərimiz, Eduard Şevardnadze ilə münasibətlərimiz elədir ki, mənim gəlib-gəlməməyimi soruşmağa, yaxud bu konkret hadisə ilə əlaqədar dəvət gözləməyimə ehtiyac yoxdur. Bu hadisə isə sizin hamınıza məlumdur. Dostum Eduard Şevardnadzenin sabah 70 yaşı tamam olur. Bu, yubiley tarixidir və bununla əlaqədar mən bizim aramızda bir çox illər ərzində yaranma münasibətləri nəzərə alaraq ona təbrik məktubu göndərməklə və ya telefon danışığı ilə, yaxud buraya hətta ən yüksək səviyyədə nümayəndə heyəti göndərməklə kifayətlənə bilməzdim. Mənim özümün etmək istədiyimi və özümün etdiyimi heç nə və heç kəs əvəz edə bilməzdi. Ona görə də mən özüm gəldim.

Bilirsiniz ki, biz - Eduard Şevardnadze ilə mən uzun illərdir ki, sıx münasibətlər saxlayırıq. Bu münasibətlər məhz ötən illər ərzində möhkəm insani dostluğa çevrilmişdir. Biz onunla otuz il bundan əvvəl, 1968-ci ildə Tbilisidə görüşmüşük. Həmin dövrdə nə o, nə də mən respublikanın rəhbəri deyildik, amma nazir vəzifəsində işləyirdik. Eduard Şevardnadze Gürcüstanda, mən isə Azərbaycanda. O mənim çox xoşuma gəldi, məndə ona hüsn-rəğbət oyandı və bu, münasibətlərimizin bünövrəsini qoydu. Sonrakı hadisələr sizə məlumdur. 1969-cu ildə mən Azərbaycanın rəhbəri seçildim. 1972-ci ildə isə Eduard Şevardnadze Gürcüstanın. Biz öz respublikamızda eyni vəziyyətdə işləyərək, bir-birimizlə çox sıx bağlı idik. Bu sıx əlaqə ən əvvəl bununla izah edilirdi ki, o vaxtlar, o rejimdə, o ideologiyanın, o sistemin mövcud olduğu şəraitdə bütün məsələlərə baxışlarımız, yanaşma tərzimiz, öz respublikamızın ehtiyac və qayğılarına, yaşadığımız ölkədə, Sovetlər İttifaqmda respublikamız ətrafında baş verən hadisələrə münasibətimiz eyni idi. Buna görə də biz, demək olar, eyni xarakterli qərarlar qəbul edirdik. Bu, əvvəla, ondan irəli gəlirdi ki, hər ikimiz, həqiqətən, eyni əhval-ruhiyyədə idik, ikincisi, illər ötdükcə buna bir-birimizlə apardığımız təcrübə mübadiləsi, bir-birimizə göstərdiyimiz yardım və dəstək kömək edirdi. Səmimi münasibətlərimiz ildən-ilə bax, belə yaranırdı. Münasibətlərimiz insani xarakter daşıyırdı, lakin bununla bərabər, bu münasibətlər heç də insani münasibətlərimizlə məhdudlaşmırdı, həm də xalqlarımızın - gürcü xalqının, Azərbaycan xalqının, Gürcüstan Respublikasının və Azərbaycan Respublikasının taleləri üçün son dərəcə böyük əhəmiyyətə malik idi. Yəni biz bir-birimizlə sadəcə olaraq dostluq etmək, görüşmək, bir-birimizə xoş sözlər demək, süfrə arxasında əyləşib gürcü şərabı və yaxud Azərbaycan konyakı içmək və ya Azərbaycan şərabı içmək, həm gürcü xalqına, həm də Azərbaycan xalqına məxsus olan kabab yemək naminə dostluq etmirdik. Xeyr, bütün bunlar bir vasitə, ötəri hal idi. Dostluğumuzun əsasını təşkil edən başlıca səbəb isə həm Eduard Amvrosiyeviçin, həm də mənim öz xalqlarımıza bacardıqca daha çox fayda vermək arzumuz idi.

Yaşamış olduğumuz o ölkənin şəraitində, o ideologiya şəraitində, olduğumuz mühitdə mövqelərimiz Eduard Şevardnadzenin mövqeyi və Əliyevin mövqeyi standart mövqelər deyildi, yəni o vaxt mövcud olmuş basmaqəlib normalara, çərçivələrə çox zaman uyğun gəlmirdi. Eduard Şevardnadzenin və mənim hərəkətlərimiz də, tədbirlərimiz də, qərarlarımız da o vaxtlar kommunist partiyasında, Sovetlər İttifaqında mövcud standartların çərçivəsindən çox-çox kənara çıxırdı. Bax bu, bizim getdikcə daha çox yaxınlaşmağımız üçün əsas olmuşdur. Bu, həm də onun üçün əsas və səbəb olmuşdur ki, o illərdə həm Gürcüstan, həm Azərbaycan sosial-iqtisadi sahədə, mədəniyyətin, təhsilin inkişafında, ölkələrimizin tərəqqisində, respublikalarımızın tərəqqisində böyük uğurlar qazanırdı. Buna görə də dostluğumuz qeyri-adi xarakter daşıyır. Üstəlik, indi gördüyünüz kimi, otuz ili tamam olmuş münasibətlərimizlə talelərimiz də əslində eyni olmuşdur. Xalqlarımızın, respublikalarımızın taleləri də həmçinin eyni cür olmuşdur. Yəni biz - Eduard Amvrosiyeviç Gürcüstanda, mən isə Azərbaycanda təxminən eyni yolu keçmişik. Sonra o da, mən də Moskvada, Sovet İttifaqının rəhbərliyində olduq. Sonra o da, mən də Moskvada çalışdığrmız yüksək vəzifələrdən getdik. Sonra Eduard Şevardnadze gürcü xalqı üçün ən mürəkkəb, çətin bir dövrdə Gürcüstana qayıtdı və öz nüfuzu, öz təcrübəsi, öz bacarığı və malik olduğu böyük təcrübəsi ilə gürcü xalqını, Gürcüstan Respublikasını Gürcüstanın düşdüyü çox ağır sosial-iqtisadi, siyasi böhrandan çıxara bildi və bugünkü günə, Gürcüstanda sabitliyin, normal vəziyyətin mövcud olduğu günə, Gürcüstanda demokratik və hüquqi dövlət qurulduğu, həm də uğurla qurulduğu günə gətirib çıxardı. Mənim taleyim də təxminən belə olmuşdur. Mən Azərbaycana, əlbəttə, Eduard Şevardnadze Gürcüstana qayıdan vaxtdan sonra qayıtsam da, eyni problemlərlə qarşılaşdım. Bildiyiniz kimi, mən də bu problemləri ümumən həll etməyə müvəffəq oldum. İndi Azərbaycanda da vəziyyət sabit və normaldır, Azərbaycan da demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu yolu ilə gedir. Buna görə də bizim respublikamızda da, xüsusən Sovetlər İttifaqı dağıldıqdan sonra eyni vəziyyət yaranmışdı. 70-80-ci illərdə respublikalarda, xüsusən də Sovetlər İttifaqının ali hakimiyyət dairələrində olmuş rəhbərlərdən bəlkə də çox az adam Eduard Şevardnadzenin, eləcə də mənim keçdiyimiz yolu keçə bilmişdir. Buna görə də bunların hamısı birlikdə dostluq münasibətlərimizin tarixini təşkil edir.

Təbii olaraq, bunların hamısı mənə, ümumiyyətlə, əsas verirdi ki, bu gün Tbilisiyə gəlib Eduard Amvrosiyeviçi yubileyi münasibətilə şəxsən təbrik edəni və bu əlamətdar hadisə münasibətilə sizin hamınızı, hörmətli dostlar, təbrik edim, bütün gürcü xalqını, bütün Gürcüstan vətəndaşlarını təbrik edim. Bu, həqiqətən əlamətdar hadisədir. Gürcü xalqının tarixində bir çox görkəmli şəxsiyyətlər olmuşdur. Gürcü xalqı haqlı olaraq fəxr edir ki, o, ümumbəşəri sivilizasiyaya, dünya sivilizasiyasına, dünya tarixinə çox böyük töhfələr vermişdir. Bunu keçmiş zamanlarda da Gürcüstanın görkəmli adamları etmişlər. Zənnimcə, Eduard Şevardnadze gürcü xalqının tarixində çox görkəmli adamlardan biridir. 30 il - bu isə iyirminci əsrin üçdə biri deməkdir, - Gürcüstanın və gürcü xalqının həyatı və taleyi Eduard Şevardnadzenin fəaliyyəti ilə, onun bilavasitə rəhbərliyi və bütün o illər ərzində aparmış olduğu və bu gün də apardığı nəhəng fəaliyyəti ilə bağlıdır. Mən o illəri - yetmişinci illəri, Gürcüstanda həyatın bütün sahələrində və xüsusən ictimai-siyasi vəziyyətin sağlamlaşmasında, xüsusən mənəvi cəhətdən saflaşmada, xüsusən xalqın, cəmiyyətin mənəi paklığı uğrunda mübarizədə çox ciddi dəyişikliklərin baş verdiyi dövrü yaxşı xatırlayıram. Yadımdadır, Eduard Şevardnadze korrupsiya ilə, rüşvətxorluqla, cəmiyyətə, xalqa olduqca böyük ziyan vuran bütün mənfi hallarla necə fəal və barışmaz mübarizə aparırdı. Yadımdadır, Gürcüstanın bu sahədə təcrübəsi Sovetlər İttifaqının bütün digər regionlarında, o cümlədən də Azərbaycanda necə məşhurlaşmışdı və bəyənilirdi. Yadımdadır, o vaxtlar Gürcüstanda iqtisadiyyatın inkişafı, yeni sənaye müəssisələrinin, kənd təsərrüfatı müəssisələrinin tikilməsi, yeni mədəniyyət, təhsil mərkəzləri yaradılması üçün Eduard Şevardnadzenin təşəbbüsü və rəhbərliyi ilə nə qədər maraqlı, ibrətamiz işlər görüldü. Yadımdadır, o vaxtlar Gürcüstanın tarixi və Gürcüstanın özünəməxsus mədəniyyəti necə bacarıqla və layıqincə təbliğ edilirdi. Yadımdadır, Gürcüstanın Tbilisidəki və ölkənin bir çox digər regionlarındakı qədim memarlıq, tarixi abidələri necə bərpa olunurdu, dircəlirdi. Yadımdadır, o vaxtlar Gürcüstanın mədəniyyət xadimləri Gürcüstanda həyata keçirilən bütün işlərə necə heyran idilər, bununla bərabər, yeni-yeni görkəmli ədəbiyyat və incəsənət əsərləri yaradırdılar. Mən bunların hamısını yaxşı xatırlayıram. Onu da xatırlayıram ki, o vaxtlar Eduard Şevardnadzenin ən əvvəl məhz öz doğma gürcü xalqının milli mənafelərini əsas tutaraq həyata keçirdiyi böyük iş, ağıllı iş, düzgün iş nəticəsində Gürcüstan necə yüksək nüfuza, şan-şöhrətə malik idi. O, nə edirdisə, hamısını məhz öz xalqının naminə edirdi, gürcü xalqının milli mənafeləri naminə edirdi. O dövr Gürcüstan tarixində parlaq dövrdür və Eduard Şevardnadzenin fəaliyyəti ilə, rəhbərliyi ilə bağlıdır.

Mən Eduard Şevardnadzenin Moskvada xarici işlər naziri vəzifəsində və Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi fəaliyyətini yaxşı xatırlayıram. Yeri gəlmişkən, mən bunu deyərkən heç vaxt utanmıram ki, Kommunist Partiyasının üzvü olmuşam, Sovet İttifaqı Kommunist Partiyasının ali orqanlarına daxil olmuşam, Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Çünki indi, böyük dəyişikliklər baş verdikdən sonra bəziləri bunu bu və ya digər xadim üçün az qala rüsvayçılıq və ya nüfuzdan salan bir cəhət hesab edirlər. Mən bununla razı deyiləm. Təkrar edirəm, mən heç vaxt nəinki utanmıram, keçmişdə nə olmuşdursa, hamısını, - mən özüm haqqında, öz şəxsi həyatım haqqında danışıram, - çox böyük məmnunluq hissi və qürurla xatırlayıram, özümün bütün keçmiş tərcümeyi-halımla fəxr edirəm. Mən bunu ona görə deyirəm ki, Eduard Şevardnadzenin Gürcüstan KP MK-nın birinci katibi vəzifəsində, Gürcüstanda işləyərkən Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd kimi, Sovetlər İttifaqının xarici işlər naziri vəzifəsində, Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi fəaliyyəti istər gürcü xalqının mənafeləri naminə, istərsə də o vaxtlar sülhün, sabitliyin möhkəmlənməsi, beynəlxalq gərginliyin zəifləməsi naminə çox bəhrəli, çox səmərəli idi. İstər Sov.İKP MK Siyasi Bürosu tərkibində, istərsə də birlikdə olduğumuz Sovetlər İttifaqı rəhbərliyi tərkibində Eduard Şevardnadzenin təşəbbüskar, coşğun, çox orijinal fəaliyyətini mən çox yaxşı xatırlayıram. Hamı yaxşı bilir ki, o, xarici işlər naziri vəzifəsinə təyin edildikdən sonra o vaxtlar Sovetlər İttifaqının xarici siyasətində böyük dəyişikliklər baş verdi. Beynəlxalq vəziyyətin sağlamlaşması ilə, dünyada nə varsa, onların hamısının realistcəsinə qiymətləndirilməsi, mövcud olan hər şeyə realist mövqedən yanaşılması ilə bağlı dəyişikliklər məhz o vaxtdan sonra baş verdi və bütün bunlar "soyuq müharibə"nin qurtarmasına gətirib çıxartdı. Bütün bunlar isə nəticə etibarilə Sovetlər İttifaqının dağılmasına gətirib çıxartdı. Biz bunu da böyük məmnunluqla qarşıladıq.

Hesab edirəm ki, Sovetlər İttifaqının dağılması labüd idi və o dağıldı və biz - Gürcüstan da, Azərbaycan da, Sovetlər İttifaqına daxil olan digər respublikalar da dövlət müstəqilliyi əldə etdik. Bu, tarixi hadisədir, bu, gürcü xalqı üçün, Azərbaycan xalqı üçün, Sovetlər İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş digər xalqlar üçün tarixi hadisədir. Ancaq bu proses ani, bir gündə olmayıb, o, bir çox illər ərzində baş verib və bu mənada Moskvada nələr olduğu ümumiyyətlə, bəlkə də hamıya məlum deyil. Hər halda bu, bizim bu gün əldə etdiyimiz nə varsa ona, müstəqilliyimizə gətirib çıxartdı. Ona görə də Eduard Şevardnadze xarici işlər naziri vəzifəsində çox böyük beynəlxalq şöhrət qazanmışdı, - bu, həm Avropada, həm də digər ölkələrdə, bütün dünyada məlumdur. Özü də məhz ona görə ki, o, reallığı əsas gotürürdü, məhz ona görə ki, ehkamlardan, standartlardan, trafaretdən imtina etmişdi, ürəyinin hökmü ilə, şübhəsiz, öz zəkası, malik olduğu böyük təcrübə ilə hərəkət edirdi.

Eduard Şevardnadzenin fəaliyyətinin sonrakı dövrü onun dövlət başçısı, müstəqil Gürcüstanın prezidenti olduğu dövrdür. Mən öz fikrimi söyləyirəm. Biz keçmişdə olanları nə qədər yüksək qiymətləndirsək də, hesab edirəm, Eduard Şevardnadzenin tərcümeyi-halının ən mühüm hissəsi, - mən bunu özümə də aid edirəm, ona görə belə deyirəm, - Eduard Şevardnadzenin həyat və fəaliyyətinin ən parlaq hissəsi, ən mühüm hissəsi Gürcüstanın son dərəcə çətin şəraitində öz xalqını bu vəziyyətdən çıxarmağı öz üzərinə götürdüyü dövrdür.

Siz yaxşı bilirsiniz ki, biz də Gürcüstanda baş vermiş prosesləri kənardan müşahidə etmişik və o zaman vəziyyətin necə ağır olduğunu xatırlayırıq. Dedikcə ağır idi - vətəndaş müharibəsi, qardaş qırğını, hərc-mərclik, qayda-qanunun olmaması. Bu, təkcə Gürcüstanın dağılmasına, Gürcüstanın parcalanmasına deyil, bir çox əsrlər ərzində yaradılan hər şeyin məhv edilməsinə gətirib çıxarırdı. Təəssüflər olsun ki, o zaman vəziyyət xeyli müddət ərzində o dərəcədə gərginləşmişdi ki, qayda-qanun yaratmaq, xalqı bu vəziyyətdən çıxartmaq, demək olar, ağlasığmaz bir iş sayılırdı. Bunu ancaq Eduard Şevardnadze edə bilərdi. Başqa bir adam yox idi. Siz yaxşı bilirsiniz ki, əgər başqa bir adam olsaydı, o, Şevardnadzeyə qədər bu işi öz üzərinə götürərdi. Bu işi üzərinə götürənlərin hamısı xalqı nəinki hərc-mərclikdən və o cür ağır vəziyyətdən xilas edə bilmədilər, əksinə, vəziyyəti get-gedə daha da mürəkkəbləşdirdilər.

Mən hesab edirəm ki, Gürcüstana qayıtdıqdan sonra Eduard Şevardnadzenin etdikləri, Gürcüstanı bu ağır vəziyyətdən çıxartmağı öz üzərinə götürməsi əsl qəhrəmanlıqdır. O, burada hərc-mərclik vəziyyəti və vətəndaş müharibəsi vəziyyəti yaratmış qüvvələrin hamısını zərərsizləşdirmək və Gürcüstanı, gürcü xalqını bu ağır şəraitdən tədricən çıxartmaq üçün öz xalqının milli qəhrəmanı kimi döyüşə girdi, mübarizəyə başladı. Bütün bunlar asan deyildi. Buna razılıq vermək asan deyildi. Bu tarixi missiyanı öz üzərinə götürmək asan deyildi. Bu missiyanı həyata keçirmək də asan deyildi. Bu gün, artıq hər şey arxada qaldıqda və Gürcüstanda normal, sağlam, sabit ictimai-siyasi vəziyyət yarandığı vaxtda çox böyük məmnuniyyət hissi ilə, - mən bunu gürcü xalqı üçün qardaşcasına iftixar hissi ilə deyirəm, - demək mümkündür ki, Eduard Şevardnadze bu tarixi vəzifənin öhdəsindən çox gözəl gəlmişdir. Bir də təkrar edirəm, igidlik göstərmiş, qəhrəmanlıq etmişdir. Eguard Şevardnadzenin rəhbərliyi ilə Gürcüstanda hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi gedir. Biz sevinirik ki, Gürcüstan möhkəm ayağa durmuş və öz müstəqilliyini qətiyyətlə qoruyur. Şəxsən məni sevindirir ki, Eduard Şevardnadzenin rəhbərliyi, ağıl və zəkası, uzaqgörənliyi ilə Gürcüstanda görülən bütün işlər Gürcüstanın dövlət müstəqilliyini dönməz edir. Bu, böyük səadətdir. Bizim hamımız üçün vacibdir ki, xalqlarımız, ölkələrimiz keçmişdə bizim başımıza gələnlərə bir daha məruz qalmasınlar, əldə etdiyimiz müstəqillık əbədi, dönməz olsun. Gürcüstanda Eduard Şevardnadze bu mövqelərdə durur. Eduard Şevardnadze əlindən gələni edir. Bu, bugünkü gün üçün çox vacibdir. Bu, Gürcüstanın gələcəyi üçün, gələcək nəsillər üçün çox vacibdir. Buna görə də Eduard Şevardnadzenin gördüyü hər bir iş gürcü xalqının gözəl, xoşbəxt gələcəyi naminə edilir.

Belə bir şəraitdə iqtisadi islahatların həyata keçirilməsi, siyası islahatların həyata keçirilməsi, bütün digər tədbirlərin həyata keçirilməsi olduqca çətin, olduqca mürəkkəb bir işdir. Bütün bunları Eduard Şevardnadze və onun komandası, onun adamları, ona sadiq olan adamlar müvəffəqiyyətlə, inamla edirlər. Mən bir qonşu kimi də deyə bilərəm ki, Gürcüstan bu yolla həmişə uğurla gedəcəkdir. Azərbaycan kimi, Gürcüstanın da problemləri var - Gürcüçtanın ərazi bütövlüyü pozulmuşdur, Abxaziya münaqişəsi var. Lakin mühüm haldır ki, Eduard Şevardnadze müharibəni dayandırdı, qan tökülməsini dayandırdı, daha qurbanlar yoxdur, bu məsələnin dincliklə həlli yolu seçilmişdir.

Biz bunun nə demək olduğunu öz həyatımızdan, öz təcrübəmizdən bilirik - bizdə də münaqişə var, - Gürcüstandakından daha mürəkkəb olan Dağlıq Qarabağ münaqişəsidir, Ermənistanla Azərbaycan arasında münaqişədir. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Azərbaycanın bir milyondan artıq vətəndaşı, işğal edilmiş ərazilərin sakinləri öz yerlərindən-yurdlarından qovulmuş və uzun illərdən bəri qaçqın vəziyyətində, çox ağır şəraitdə, çadırlarda yaşayırlar. Buna görə də biz Abxaziya münaqişəsi ilə əlaqədar Gürcüstanda yaranmış vəziyyəti yaxşı bilirik. Yaxşı bilirik ki, qaçqınların olması necə böyük problemlər doğurur, ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti necə çətinləşdirir. Biz bunu yaxşı bilirik. Buna görə də hesab edirəm ki, Eduard Şevardnadze nə edirsə, bunlar belə şəraitdə görülə biləcək maksimum işlərdir.

Mən şübhə etmirəm, əminəm ki, Eduard Şevardnadzenin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bu ağıllı, ətraflı düşünülmüş siyasət arzu olunan nəticələrə, yəni Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxaracaqdır. ATƏT-in üzvü kimi, Birləşmiş Millətlər Təşkilatının üzvü kimi, MDB-nin üzvü kimi biz, - mən Azərbaycanı nəzərdə tuturam, - həmişə bəyan etmişik və bu gün də bəyan edirik ki, Gürcüstanın ərazi bütövlüyü sarsılmaz olmalıdır. Biz Gürcüstanı vahid, bölünməz bir ölkə kimi görürük və mən əminəm ki, belə də olacaqdır.

Qafqaz dünyanın çox mürəkkəb regionudur. Burada həmişə tarixən çoxlu mürəkkəb siyasi proseslər getmişdir. Elə indi, bizim zəmanəmizdə də Qafqazda vəziyyət çox mürəkkəbdir, Zaqafqaziyada vəziyyət mürəkkəbdir. Ermənistanla Azərbaycan arasında münaqişə, Gürcüstanda Abxaziya ilə münaqişə, Şimali Qafqaz - bütün bunlar Gürcüstanın, Azərbaycanın, digər Qafqaz xalqlarının həyatını son dərəcə çətinləşdirir. Lakin Eduard Şevardnadze Qafqazda sülhə, sabitliyə nail olmaq üçün çox işlər görür. Biz bu cəhətdən fəal əməkdaşlıq edirik. Biz həmfikirik. Biz vahid və ən doğru mövqelərdən çıxış edirik və bütün bu məsələlərə Eduard Şevardnadzenin töhfəsi olduqca böyükdür. Gürcüstanla Azərbaycan, gürcü və Azərbaycan xalqları arasında həmişə xoş dostluq münasibətləri, qardaşlıq münasibətləri olmuşdur. Yeri gəlmişkən, bu, xalqlarımızın böyük xoşbəxtliyidir ki, biz əsrlər boyu yanaşı yaşayaraq birbirimizdən heç vaxt küsməmişik, aramızda heç vaxt heç bir münaqişə olmayıbdır. Biz bir-birimizə kömək etmişik, birbirimizə böyük hörmətlə yanaşmışıq. Siz gözəl bilirsiniz, dostum Eduard Şevardnadze də bilir ki, gürcü xalqına, Gürcüstana, gürcü torpağına, gürcü ədəbiyyatına, gürcü musiqisinə, gürcü incəsənətinə, gürcü rəqslərinə, Gürcüstanda olan hər şeyə, gürcü xarakterinə, hətta gürcü lətifələrinə Azərbaycanda necə böyük məhəbbətlə yanaşırlar. Bu faktdır. Bilirəm ki, Gürcüstanda da Azərbaycana böyük məhəbbətlə, böyük dostluqla yanaşırlar. Bunlar tarixən təşəkkül tapmış münasibətlərdir. Lakin münasibətlərin pisləşdiyi vaxt da olmuşdur, özü də lap bu yaxınlarda - o vaxtlarda ki, Gürcüstanda və Azərbaycanda əslində iğtişaşlar, qanunsuzluq, hərc-mərclik və hakimiyyətsizlik var idi. Bundan xalqlarımız, o cümlədən Gürcüstan da, Azərbaycan da çox əzab-əziyyət çəkirdilər.

Bilirsiniz, Gürcüstanda yarım milyondan çox azərbaycanlı yaşayır. Gürcüstan onlar üçün vətəndir, əzəli tarixi torpaqlardır. Onlar bu torpağın üstündə əsrlər boyu yaşamış və bu gün də yaşayırlar. Onlar Gürcüstan vətəndaşlarıdır, Gürcüstan övladlarıdır və bu, böyük bir səadətdir ki, indi onlar müstəqil Gürcüstanın bərabər hüquqlu vətəndaşlarıdır. Mən yaxın keçmişin kədərli vaxtlarından danışdım. Buna Gürcüstanda yaşayan azərbaycanlılar da məruz qaldılar. Onların bir çoxlarını öz doğma yerlərindən-yurdlarından didərgin saldılar, onlar öz ev-eşiklərini, öz torpaqlarını tərk etdilər, çox ağır vəziyyətə düşdülər. Məhz Eduard Şevardnadze Gürcüstana qayıtdıqdan sonra, Gürcüstan Respublikasına məhz o rəhbərlik etməyə başladıqdan sonra onun səyləri ilə, Gürcüstanda yaşayan bütün xalqlara, o cümlədən xüsusən azərbaycanlılara onun həssas, qayğıkeş münasibəti və diqqəti sayəsində vəziyyət dəyişdi. Mən bunu bilirəm, bu barədə bizə yazırlar, bu barədə bizə məlumat verirlər. Mən də şübhə etmirəm ki, bu proses bundan sonra da davam edəcək və Azərbaycan millətindən olan Gürcüstan vətəndaşları özlərini burada həmişə doğma torpaqda, doğma ölkədə, doğma dövlətdə olduğu kimi hiss edəcəklər. Mən də əminəm ki, onlar Gürcüstanda Eduard Şevardnadzenin rəhbərliyi ilə həyata keçirilən bütün ictimai-siyasi, demokratik proseslərin fəal iştirakçıları olacaqlar.

Gürcüstanla Azərbaycan arasında dövlətlərarası münasibətlər dostluq, qardaşlıq münasibətləridir, çox yaxın münasibətlərdir. Biz çox mühüm sənədlər imzaladıq, bütün dünyaya bəyan etdik ki, münasibətlərimiz strateji əməkdaşlıq, strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycanda biz bu prinsiplərə sadiqiq və həmişə sadiq olacağıq. İndi münasibətlərimizin məhz belə yüksək səviyyədə olmasında Eduard Şevardnadzenin böyük xidməti var. Onun Azərbaycana rəsmi səfəri, Azərbaycanda bizim keçirdiyimiz görüşlər və danışıqlar, imzaladığımız sənədlər, mənim Gürcüstana səfərim, müxtəlif ölkələrdə beynəlxalq təşkilatlarda olarkən vaxtaşırı, əslində müntəzəm surətdə keçirdiyimiz digər görüşlər və sair - bunlar bizə daim fikir mübadiləsi aparmağa, bir-birimizlə məsləhətləşməyə imkan verir. Bu, çox vacibdir, çox lazımdır.

Gürcüstanla Azərbaycan arasında gələcək iqtisadi inkişaf üçün son dərəcə əlverişli şərait yaradan daha bir mühüm cəhət var. Bilirsiniz ki, hazırda bir çox xarici şirkətlərin, xarici sərmayələrin köməyi ilə Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatı ilə fəal məşğul olur. Biz bir çox müqavilələr imzalamışıq. Onlar böyük perspektivə malikdir. Hesab edirəm ki, XXI əsr Xəzər hövzəsinin potensial imkanlarının daha da aşkara çıxarılması əsri olacaqdır. Mən Xəzər hövzəsinin enerji ehtiyatlarını nəzərdə tuturam. Onlardan nəinki Xəzəryanı ölkələr, eləcə də qonşu ölkələr, dünyanın bütün iri ölkələri istifadə edəcəklər. Biz bu çox böyük proqramı həyata keçirərək neftin başqa ölkələrə, dünya bazarlarına nəql olunması məsələlərini həll edirik. Neftin nəqlinin əsas istiqamətlərindən biri də Gürcüstandır. Bu baxımdan indiyədək nə kimi işlər gördüyümüz sizə məlumdur. Sizə deyə bilərəm ki, hələ çox işlər görüləcəkdir. Əminəm ki, Xəzər dənizindən neftin Qərb marşrutu ilə nəql ediləcəyi Bakı-Supsa neft kəməri 1998-ci ildə işə salmacaq və bu, Gürcüstan üçün və Azərbaycan üçün, şübhəsiz, hələ çox böyük iqtisadi nəticələr verəcəkdir. Lakin bu, yalnız başlanğıcdır. Xəzərin şərq sahilindən, Asiya, Orta Asiya ölkələrindən Xəzər dənizi vasitəsilə, Azərbaycan vasitəsilə Gürcüstana, oradan Avropaya, Türkiyəyə və digər ölkələrə bir çox neft kəmərləri və qaz kəmərləri çəkilməsinin böyük perspektivi var. Odur ki, bu cəhətdən iqtisadi əməkdaşlığın pesrspektivi böyükdür və biz bu mövqedə möhkəm dururuq ki, bu baxımdan Gürcüstan əsas magistraldır və əsas magistral da olacaqdır.

Bilirsiniz ki, biz hələ ötən il, may ayında Avrasiya nəqliyyat dəhlizi - Transqafqaz dəhlizi yaratdıq. İndi bu dəhliz ilə Mərkəzi Asiyadan Xəzər, Azərbaycan, Gürcüstan, Qara dəniz vasitəsilə Avropaya və əks istiqamətdə yüklər daşınır. Bu, çox mühüm perspektivə malik magistraldır. Belə düşünürəm ki burada yük daşımalarının intensivliyi getdikcə artacaqdır. Bir sözlə, Gürcüstan burada da çox mühüm mərkəzi mövqe tutur. Bütün bunlar və bir çox digər hallar göstərir ki, ölkələrimiz - Gürcüstanla Azərbaycan bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onları bir-birindən ayırmaq heç vaxt mümkün olmayacaqdır. Xalqlarımız buna can atırlar və biz, öz dövlətlərimizin rəhbərləri bunun üçün hər şeyi edirik.

Bizi mədəniyyət və təhsil sahəsində olduqca çox şey bağlayır. Dediyim kimi, gürcü mədəniyyətinə bizdə böyük məhəbbətlə yanaşırlar. Bax, elə dünən burada, Opera Teatrında böyük Azərbaycan müğənnisi Bülbülün 100 illiyinə həsr edilmiş təntənəli yığıncaq - gecə keçirilmişdir. Bilirsiniz, bu, çox böyük hadisədir ki, Azərbaycan müğənnisinin 100 illik yubileyi təkcə Azərbaycanda deyil, qardaş Gürcüstanda da keçirilir. Bu, çox ciddi, çox mühüm amildir, bizim nə dərəcədə yaxın olduğumuzu, bir-birimizlə nə dərəcədə bağlı olduğumuzu, öz xalqlarımızın mədəniyyətini, nailiyyətlərini, bütün dəyərlərini nə dərəcədə ümumi, vahid hesab etdiyimizi nümayiş etdirir. Eduard Amvrosiyeviç mənə dedi və mən şübhə etmirdim ki, dünənki gecə çox gözəl keçəcəkdir. Hesab edirəm ki, Bülbülün 100 illik yubileyinə həsr olunmuş bu gecə eyni zamanda gürcü və Azərbaycan xalqlarının sarsılmaz qardaşlıq və dostluğunu bir daha təsdiq edən gecə olmuşdur. Odur ki, biz keçmişdə də bir-birimizlə bağlı idik, indi – bir çox yüzilliklərdən sonra ilk dəfə Gürcüstanın da dövlət müstəqilliyi əldə etdiyi, Azərbaycanın da dövlət müstəqilliyi əldə etdiyi bir dövrdə əlaqələrimiz, dostluğumuz, əməkdaşlığımız tamamilə yeni, keyfiyyətcə yüksək xarakter almışdır. Bu isə gürcü xalqı üçün və Azərbaycan xalqı üçün olduqca böyük xoşbəxtlikdir. Azərbaycan xalqının böyük dostu Eduard Şevardnadze bütün bunlara misilsiz töhfə verir.

Mən Eduard Şevardnadzeni otuz ildir tanıyıram, biz onunla yaxın dostuq və bunu bir insan kimi mən özüm üçün böyük sevinc və böyük nailiyyət hesab edirəm. Bütün bunlar mənə Eduard Şevardnadzenin şəxsiyyətində nəyi həmişə müşahidə etdiyimi deməyə imkan verir. O, təbiət etibarilə görkəmli insandır, görkəmli dövlət xadimidir. O, öz xalqının görkəmli oğludur, çox işlər görmüşdür, öz əməlləri ilə özünü, adını əbədiləşdirmişdir. Bununla bərabər, bu insan yüksək mənəviyyata, yüksək mədəniyyətə, yüksək savada, yüksək nəzakətə malik insandır, sadə və səmimi bir insandır. Mən onunla dostluq etdiyim illərdə, əməkdaşlıq illərimizdə, birgə işlərimizdə bunların hamısını görmüşəm, bunların hamısını duymuşam. Eduard Şevardnadzenin məhz bu şəxsi keyfiyətləri, insani keyfiyyətləri onun təbii istedadı ilə birlikdə, onun çox böyük əməksevərliyi və çox böyük iş qabiliyyəti ilə birlikdə, malik olduğu yüksək məsuliyyət hissi ilə birlikdə ona Gürcüstanın belə böyük bir vətəndaşı olmağa imkan vermişdir. Şadam ki, ürəyimdə olan bütün sözləri bu gün burada, Eduard Şevardnadzenin yubileyi ilə əlaqədar açıb söyləmək imkanına malikəm. İnanın, dostluğumuzun otuz ili ərzində birbirimizə xoş sözlər demişik, sağlıqlar demişik. Lakin hələ heç vaxt imkanım olmayıb ki, Eduard Şevardnadze haqqında, öz dostum haqqında indiki kimi tam dolğunluğu ilə, ürəkdən danışım. Mən bunu səmimiyyətlə edirəm, ürəkdən edirəm. Söylədiyim bu sözlərin hamısı qəlbimdən gələn sözlərdir. İstəyirəm ki, siz, Eduard Amvrosiyeviç, mənim bu təbriklərimi qardaş təbrikləri, səmimi dost təbrikləri kimi qəbul edəsiniz.

Mən Eduard Şevardnadzenin ailəsini yaxşı tanıyıram, onun gözəl xanımını, qızını, oğlunu tanıyıram. Bilirəm ki, o, necə qayğıkeş ailə başçısıdır və necə yüksək mənəviyyata malik insandır. Bu da siyasi xadim, dövlət xadimi üçün böyük işdir. Bir görün allah-təala bütün yüksək ləyaqətləri Eduard Şevardnadzeyə necə səxavətlə bəxş etmişdir. Mən buna şadam və öz təbriklərimi fərəh hissi ilə çatdırıram.

Eduard Amvrosiyeviç, burada mənim təbrik məktubum var. Məktub yaraşıqlı bir qovluqdadır. Lakin mən dediklərim buradakı sözlərdən qat-qat çoxdur. Çünki bu, dövlət başçısına rəsmi təbrikdir, mən isə rəsmi təbrikləri də dedim, ürəyimdə və qəlbimdə olanların hamısını da söylədim. Mən bu təbrik məktubunu oxumayacağam, ona görə ki, artıq hər şeyi dedim. Mən onu sizə verirəm, rəsmi məktubu sizə verirəm ki, mənim təbrik məktubum sizin arxivinizdə olsun. Mən öz hədiyyələrimi də verirəm. Bilirsiniz ki, Azərbaycan incəsənəti çox zəngindir. Lakin bizim Azərbaycan incəsənətinin özünəməxsus xüsusiyyəti var. Azərbaycan incəsənətini fərqləndirən belə xüsusiyyət xalçaçılıqdır. Bu, böyük sənətdir, Azərbaycan xalqının çox qədim sənətidir. Bu gün mən Eduard Şevardnadzeyə milli Azərbaycan xalçası hədiyyə etmək istəyirəm. Dünyada xalçalar çoxdur, lakin bu, milli Azərbaycan xalçası, Azərbaycanla Gürcüstanın məhz dostluğunun, müstəqilliyinin rəmzi olan xalçadır. İstəyirəm ki, siz bu xalçanı açasınız. Orada müstəqil Gürcüstanın bayrağı və gerbinin təsviri var, orada müstəqil Azərbaycanın bayrağı və gerbinin təsviri var. Onların hamısı Azərbaycanın milli sənətidir, milli naxışlarıdır. Hesab edirəm ki, burada hər şey ifadə olunmuşdur.

Mənim daha bir hədiyyəm var. Bilirəm ki, Eduard Şevardnadze ilə Nanuli Rojdenovna uzun illərdən bəri can deyib can eşidir, onların arasında məhəbbət və dostluq var, onların gözəl ailəsi var. Eduard Şevardnadzenin və onun gözəl xanımının təsviri olan bu xalça dediklərimi bir daha təsdiqləyir. Sağ olun. Bağışlayın ki, vaxtınızı çox aldım.