Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində yaşlı nəsildən olan yazıçıların bir qrupu ilə görüşdə giriş sözü - Prezident sarayı, 28 oktyabr 1997-ci il


Adətən biz bu salonda dövlət işləri ilə əlaqədar olan məsələləri müzakirə etməyə toplaşırıq. Ancaq mənim burada olduğum zamanda ilk dəfədir ki, yazıcıların böyük bir nümayəndə heyəti ilə görüşürəm. Bunu özüm üçün çox əlamətdar hadisə hesab edirəm.

Sizin, demək olar, hamınızla uzun illərdir ki, şəxsən tanışam, bir yerdə yaşamışıq, işləmişik, bir yerdə çox işlər görmüşük. İndi də bir yerdəyik, ancaq tez-tez görüşməyə imkan olmur. Sizin də imkanınız olmur, başınız qarışıqdır, mənim də imkanım olmur. Ancaq indi hadisələr məcbur edibdir. Siz istəsəniz də, istəməsəniz də, mən də istəsəm də, istəməsəm də görüşmək lazımdır. Çünki siz yeni, növbətı qurultayın ərəfəsindəsiniz. Mən düşünürəm ki, Azərbaycan xalqının müsbət xüsusiyyətlərindən biri də odur ki, mədəniyyətə, ədəbiyyata daim diqqət, qayğı göstərib və hörmət edibdir. Bilmirəm, bəlkə səhv edirəm, ancaq yazıçıya, şairə, mədəniyyət xadiminə bizim Azərbaycandakı kimi hörmət və ehtiram bəlkə də az yerlərdə tapılar. Bunun kökləri var. Çünkı bizim ədəbiyyatımız da, mədəniyyətimiz də zəngindir, ədəbiyyatımızı, mədəniyyətimizi və tariximizi zənginləşdirən dahi şəxsiyyətlərimiz də olubdur. Ona görə də xalq bu şəxsiyyətlərlə həmişə fəxr edərək, onların yaratdıqlarını həmişə sevə-sevə oxuyaraq mədəniyyətə, ədəbiyyata hörməti nəinki saxlayıb, hətta artırıbdır.

Biz məmnun olmalıyıq ki, həyatımızın bu keçid, ağır dövründə də bu hissiyyatlar, münasibətlər dəyişməyibdir. Mən belə hesab edirəm. Şübhəsiz, mədəniyyətə, ədəbiyyata həm xalq, insanlar, həm də dövlətlər tərəfindən qayğı həmişə lazımdır. Bu qayğı mənəvi nöqteyi-nəzərdən keçmiş zamanlara nisbətən bəlkə indi də azalmayıbdır. Amma ola bilər bəzi maddi imkanlar nöqteyi-nəzərindən o qədər deyildir. Ancaq bunlar hamısı keçicidir, daimi deyildir. Hesab edirəm bizim ədəbiyyatımız, mədəniyyətimiz əsrlər boyu çox ağır sınaqlardan, mərhələlərdən keçərək, yaşadığı kimi, bu gün də bu çətin dövrü birlikdə yaşayıb keçəcəyik. Güman edirəm ki, sizin qurultayınız da bu məsələlər ətrafında fikir mübadiləsi aparacaqdır.

Şübhəsiz ki, mən sizin qurultayın işlərinə qarışmaq fikrində deyiləm və bilirsiniz ki, keçmiş zamanlarda da qarışmamışam. Keçmiş zamanlarda, totalitar rejim dediyimiz vaxtda ən toxunulmaz yerlərdən biri bizim yazıçılar, mədəniyyət sahəsi olubdur. O vaxt bizim mədəniyyətdə, ədəbiyyatda, ümumiyyətlə, bu mühüm mədəni sahədə bir ideoloji xəttihərəkət vardısa, indi bu da götürülübdür, yoxdur. Bir partiyanın ideologiyası yoxdur, bir hakim ideologiya yoxdur. Hamımızın bir ideologiyası var: Azərbaycan müstəqilliyi və müstəqilliyin əbədiliyi. Ona görə də indi yazıçılar və Yazıçılar Birliyi daha da sərbəst, müstəqildir. Ancaq buna baxmayaraq, sizin bir oxucunuz kimi, eyni zamanda ədəbiyyatı sevən adam kimi, bir də ki, dövlət başçısı olaraq bu məsələlərdən kənarda qalmamaq üçün bu gün bu görüşə gəlmişəm. Sizi dinləmək istəyirəm.

Tarixi arayış

MƏDƏNİYYƏT