Azərbaycan Prezidenti Heydər Əliyevin Bakı məişət Kondisionerləri zavodunun 20 illik yubileyi münasibətilə təntənəli mitinqdə çıxışı - "Bakı Kondisioneri" Elm-İstehsalat Birliyi, 25 dekabr 1995-ci il


Əziz dostlar!

Hörmətli xanımlar, cənablar!

Bu gün Azərbaycan Respublikasının, müstəqil Azərbaycanın həyatında, onun tarixində əlamətdar bir gündür. Azərbaycanın iri sənaye müəssisələrindən biri olan Bakı məişət kondisionerləri zavodunun işə başlamasından 20 il keçir.

Ölkəmizin sənayesində, iqtisadiyyatında, həyatında özünəməxsus yer tutmuş Bakı kondisionerlər zavodu 20 ildir ki, Azərbaycanın şan-şöhrətini dünya ölkələrinə çatdırır və respublikamızın hörmətini daim qaldırır. Bu yubiley münasibətilə mən sizi ürəkdən təbrik edirəm, zavodun kollektivinə yeni uğurlar diləyirəm, hər birinizə səadət və cansağlığı arzulayıram.

20 il az vaxt deyil. Mən bu gün 20 il bundan əvvəl, dekabrın 25-də Bakı kondisionerlər zavodunun açılması münasibətilə zavodun önündəki meydanda keçirilən böyük izdihamlı mitinqi xatırlayıram. O, Azərbaycan xalqı üçün bayram günü idi. Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri bu meydana toplaşmışdı, xarici ölkələrdən də qonaqlar gəlmişdi və biz hamımız birlikdə Azərbaycanın həyatında doğulmuş, işə başlayan yeni böyük sənaye müəssisəsinin açılışını təntənəli surətdə qeyd edirdik. Həmin o gün mən mitinq iştirakçılarının qarşısında çıxış edərkən zavodun yaranması tarixi haqqında bəzi fikirlərimi söylədim. Zavodun gələcəyi haqqında da öz arzu və istəklərimi bildirdim. Tam əmin olduğumu bildirdim ki, bu zavod, bu kollektiv Azərbaycan iqtisadiyyatının, sənayesinin aparıcı bir qüvvəsi olacaq, ölkəmizdə elmi-texniki tərəqqinin inkişafına yeni yollar açacaq və böyük təsir göstərəcəkdir. Bu gün, 20 ildən sonra mən böyük iftixar hissi ilə deyirəm ki, bizim o ümidlərimiz, arzularımız çin oldu, yerinə yetdi. Doğrudan da bu böyük istehsal müəssisəsinin kollektivi 20 il müddətində hər il ardıcıl surətdə, dalbadal yeni-yeni nailiyyətlər əldə etdi və Azərbaycan iqtisadiyyatının inkişafına öz xidmətlərini göstərdi, Azərbaycan vətəndaşlarının böyük bir qisminin rifahının yüksəlməsinə çox xidmətlər etdi. Bunlar böyük nailiyyətdir.

Əgər biz 20 il bundan əvvəl bu nəhəng, müasir tipli, elmi-texniki tərəqqinin zirvəsində durmuş istehsal müəssisəsinin yaranmasına sevinirdiksə, bu gün bu müəssisənin, bu kollektivin, həmvətənlərimizin - mühəndislərin, texniklərin, mütəxəssislərin, fəhlələrin, zavodun bütün əməkçilərinin, onun ətrafında olan bütün təşkilatların hamısının 20 ildə əldə etdiyi nailiyyətlərlə fəxr edirik. Əziz dostlar, mən sizi bu nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm.

XXəsrin əvvəlindən Azərbaycan dünyada bir sənaye ölkəsi kimi tanınmışdır, keçmişdə Rusiyanın, sonralar isə Sovetlər İttifaqının böyük sənaye mərkəzlərindən biri idi. Azərbaycanda böyük sənaye müəssisələri yaranmışdır, inkişaf etmişdir, fəaliyyət göstərmişdir. Ancaq 60-70-ci illərdə Azərbaycanın müasir elmi-texniki nailiyyətlərə uyğun olan yeni istehsal müəssisələrinə ehtiyacı var idi. Elmi-texniki tərəqqi iqtisadiyyatı daim irəli aparan, inkişaf etdirən böyük bir qüvvə olmuşdur. O illərdə cəmiyyətimizdə, ölkəmizdə elmi-texniki tərəqqinin inkişaf etdirilməsi üçün çox tədbirlər görülürdü. Biz də Vətənimizin, Azərbaycanın dünya elmi-texniki səviyyəsindən geridə qalmamasına çalışırdıq, hətta elmi-texniki tərəqqinin önündə getməsini istəyirdik. Ona görə də çox tədbirlər görürdük. Bu tədbirlər sırasında Azərbaycanda maşınqayırma kompleksinin inkişaf etdirilməsi, genişləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biri idi.

Azərbaycan sənaye mərkəzi olaraq, eyni zamanda böyük maşınqayırma sənayesinin mərkəzlərindən biri idi. Ancaq 60-70-ci illərə qədər Azərbaycanda maşınqayırma birtərəfli inkişaf etmişdi. Neft istehsalı ilə məşğul olduğuna görə Azərbaycanda maşınqayırma kompleksi yalnız neft sənayesi ilə əlaqədar cihazlar, maşınlar istehsal edən zavodlardan, müəssisələrdən ibarət olmuşdur. Ancaq o dövrdə, o zaman biz yeni istehsal sahələrinin yaradılması ideyasını irəli sürdük və bu qəbildən olan elektrotexnika, radiotexnika, elektronika, mikroelektronika, cihazqayırma müəssisələri xüsusi əhəmiyyət kəsb etdi.

Azərbaycanda o illərdə bu sahələr çox az inkişaf etmişdi. Biz bu sahələri inkişaf etdirmək istəyirdik. 20 il keçəndən sonra indi biz özümüz üçün tam aydın dərk etdik və belə bir nəticəyə gəldik ki, elmi-texniki tərəqqi yalnız maşınqayırmanın bu sahələrinin inkişafı ilə bağlıdır və bunun nəticəsində inkişaf edə bilər. Ona görə də biz belə müəssisələr yaratmaq istəyirdik. Bu gün mən böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, məhz o illərdə - 70-80-ci illərdə Azərbaycanda maşınqayırmanın qabaqcıl, müasir sahələri inkişaf etdi. Biz yeni-yeni istehsal müəssisələri, zavodlar yaratdıq. Bunlar hamısı xalqımızın elmi-texniki səviyyəsini yüksəklərə qaldırdı. Yüksək səviyyəli mütəxəssislər-mühəndislər, texniklər, fəhlələr hazırlandı və bunların da hamısı indi Azərbaycanın böyük sənaye, elmi-texniki potensialını təşkil edir.

Bakı kondisionerlər zavodu bu sahədə xüsusi yer tutur. Məhz bu zavodu yaradaraq biz Azərbaycanda çox böyük problemləri həll etdik: elmi-texniki tərəqqini inkişaf etdirməyə, müasir elmi-texniki səviyyədə mütəxəssislər, yeni kadrlar hazırlamağa, elmimizi, texnikamızı geniş inkişaf etdirməyə nail olduq. Tək bu zavodun mütəxəssisləri, rəhbərləri, mühəndisləri yox, bu zavodda böyümüş, ərsəyə gəlmiş, Azərbaycanın başqa istehsal müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərən mütəxəssislərimiz məhz bu işlərin nəticəsində meydana gəldilər. Ona görə də bu zavodun yaranması və 20 il müddətində fəaliyyət göstərməsi təkcə bir istehsal müəssisəsinin yaradılması və müəyyən bir məhsulun istehsal edilməsi demək deyil. Bu çox geniş əhəmiyyətli tarixi bir hadisədir. Biz bunun müsbət nəticələrini artıq görürük.

Bu gün mən bu zavodun yaranması tarixini da açmaq istəyirəm. Bunu bəziləri bilir, bəziləri isə bilmirlər. İndi belə bir böyük zavod var. Biz bununla fəxr edirik. Bu 20 il müddətində Azərbaycana ziyarətə gələn qonaqlar, dostlar bu zavodu görərkən, kollektiv ilə görüşərkən, danışarkən Azərbaycan xalqının nə qədər yüksək səviyyələrə qalxmasını müşahidə ediblər. Şübhəsiz ki, bu, xalqımızın ləyaqətini, səviyyəsini göstərib. Ancaq belə bir zavod yaratmaq o illər çox çətin bir hal idi.

Bilirsiniz, mən sizə çatdırmalıyam ki, 60-ci illərin sonunda, 70-ci illərin əvvəlində mən Azərbaycanda müasir tipli maşınqayırma zavodlarının yaradılması haqqında məsələlər irəli sürərkən - bu məsələlər o vaxtlar Moskvada, Sovet İttifaqının rəhbərliyində həll olunurdu - Azərbaycana inam olmadığını müşahidə edirdim. Təkliflərimi qiymətləndirirdilər, mənə çox hörmətlə münasibət göstərirdilər. Ancaq mənə daim sübut etmək istəyirdilər ki, sizin respublikanın kadrları, mütəxəssisləri bu cür müəssisələrdən istifadə etməyə hazır deyillər, çünki keçən illərdə belə təşəbbüslər olub, ancaq belə zavodların tikilməsi, başa çatması çox gecikdirilib, yaxud da ki, çox səviyyəsiz olub. Ona görə də Sovetlər İttifaqının mərkəzi planlaşdırma orqanlarında, yüksək səviyyələrdə Azərbaycan haqqında, respublikamızın kadrları, elmi-texniki səviyyəsi barədə belə fikir var idi ki, biz geridə qalmış millətik, respublikayıq və belə müəssisələrin yaradılıb istifadə olunması səviyyəsinə gəlib çatmaq üçün bizə hələ çox vaxt lazımdır.

Mənim qarşımda çox ağır və çətin bir vəzifə dururdu. Mən bir tərəfdən sübut etməliydim ki, Azərbaycan xalqı yüksək səviyyəyə qalxmış bir xalqdır. Azərbaycanın kadrları, mütəxəssisləri, mühəndisləri müasir səviyyədədirlər və bizə inanmaq lazımdır. İkinci tərəfdən, mən bu bəyanatlarımı həyata keçirməli idim. Nəhayət, mənə və mənim sözlərimə olan inam Azərbaycanda bu tipli müəssisələrin yaranması üçün yol açdı. Biz bunu birinci növbədə Bakı kondisionerlər zavodunun tikilib başa çatdırılması ilə sübut etdik. Biz bu zavodu iki il müddətində yaratdıq və bütün dünyaya bəyan etdik. Mən 1975-ci ilin dekabrında Moskvaya, bütün dünyaya bəyan etdim ki, Azərbaycan xalqı nəyə qadirdir və necə böyük imkanları var.

Ancaq o günə qədər çətin bir yol keçildi. 1972-ci ildə mən hiss etdim ki, Sovetlər İttifaqında belə bir zavodun tikilməsi planlaşdırılır. O vaxt Sovetlər İttifaqının məişət kondisionerlərinə böyük tələbatı, ehtiyacı var idi. Deyə bilərəm ki, o vaxt təkcə Sovetlər İttifaqında yox, bütün Yaxın Şərqdə, yəni bizi əhatə edən başqa ölkələrin heç birində bu cür məhsul, cihaz istehsal edən zavod yox idi. Belə bir məlumatı alandan sonra mən bu zavodun Azərbaycanda tikilməsi haqqında təklif irəli sürdüm. Mənim təklifimə müxtəlif mərhələlərdə baxıldı, ancaq həmin o inamın olmadığına görə bütün mərhələlərdə mənə izah etdilər ki, siz bunun öhdəsindən gələ bilməzsiniz, bunu tikə bilməzsiniz. Əgər bu zavodu tiksəniz də, siz onu istismar edə, işlədə bilməzsiniz. Mən isə, əksinə sübut edirdim ki, bunlar yanlış fikirdir. Biz buna qadirik, biz bunu edə bilərik. Ancaq bunlar tək mənim sözlərim idi.

Əks qüvvələr çox idi. Bir tərəfdən inanmırdılar, ikinci tərəfdən də, mən sizə bu gün açıq deyirəm, o vaxt mərkəzdə olan bəzi dairələr belə nəhəng müəssisələrin Azərbaycanda yerləşməsini istəmirdilər. Çünki onlar bizim respublikamızı elə daim geridə qalmış respublika kimi saxlamaq istəyirdilər. Bax, bütün maneələri, çəpərləri yarıb keçmək lazım idi və mən mübarizə aparırdım. Bir il mübarizə apardım. Nəhayət - bu həqiqəti bu gün deməliyəm - yalnız o vaxt Sovetlər İttifaqının rəhbəri olan Leonid Brejnevlə mənim bir neçə dəfə bu barədə danışıqlarım nəticəsində belə bir zavodun Bakıda tikilməsi haqqında qərar qəbul edildi.

Ancaq bundan sonra da buna mane olmaq istədilər. Qərar qəbul olundu, bu zavodu layihələşdirmək lazım idi, amma layihələşdirmək istəmirdilər. Bu nazirlik o nazirliyin üstünə, o nazirlik bu nazirliyin üstünə atırdı. Bu zavodu tikmək üçün Sovetlər İttifaqında texnologiya yox idi, bunu xaricdən - yəni ya Amerikadan, ya Almaniyadan, ya İtaliyadan, ya da Yaponiyadan almaq lazım idi. İzah edirdilər ki, bu çox bahadır, çox valyuta tələb edir, bizim bu qədər valyutamız yoxdur, bunu almaq mümkün deyil. Mən bunların hamısını, bu etirazları ardıcıl surətdə dəf edə-edə nəhayət, bu zavodun tikilməsi haqqında müəyyən əlavə qərarların qəbul edilməsinə nail oldum. Ən nəhayət, zavodun tikilməsi üçün 25 milyon dollar valyuta ayrılması haqqında Moskvada qərar qəbul olundu. Sonra eşitdim ki, Sovetlər İttifaqının Elektrotexnika Sənayesi Nazirliyi, bizim hörmətli dostumuz Aleksey Antonov qərar çıxarıb ki, bu zavod Bakıda yox, Ukraynanın Zaporojye şəhərində tikilsin. Bunu biləndə dəhşətə gəldim. Mən xeyli vaxt idi mübarizə aparıram, bu zavodun tikilməsi haqqında qərarlar çıxarmışam. İndi isə bu zavodu Ukraynada tikmək istəyirlər. Mən onunla mübahisəyə girdim ki, siz bunu nə üçün edirsiniz? Yenə də həmin sözləri eşitdim: siz bunu bacarmazsınız. Elektrotexnika Sənayesi Nazirliyinin Azərbaycanda bir-iki zavodu var və onlar yaxşı işləmir. Ona görə də bu zavod da o günə düşəcəkdir.

Dedim ki, yox, düz demirsən. Sonra o dedi ki, Zaporojyedə buna bənzər bir zavodumuz var, bunu onun yanında tikəcəyik və onu istismar etmək daha asan olacaqdır. Dedim, doğru demirsən. Mübahisəmiz nəticə vermədi. Mən yenə də Nazirlər Sovetinin sədri Kosıginin və Sovetlər İttifaqının rəhbəri Brejnevin yanına getməli oldum. Getdim, sübut etdim.

Bu zavodun Zaporojyedə tikilməsi haqqında artıq qərar qəbul edilmişdi. Brejnevin göstərişi ilə həmin qərar ləğv edildi və yeni qərar qəbul olundu ki, bu zavod yalnız Azərbaycanda, Bakıda tikilsin.

Siz bunları bilməlisiniz, bunlar tarixdir. O vaxt mərhum Brejnev məndən soruşdu: bilirsiniz vaxt keçib, ancaq lazımdır ki, bu zavodun tikintisi 1975-ci ildə başa çatdırılsın, siz bunu təmin edə biləcəksinizmi? Bu söhbət 1973-cü ildə gedirdi. Mən ona dedim ki, Sovetlər İttifaqının heç bir yerində bu zavodu 1975-ci ildə tikib təhvil verə bilməyəcəklər. Ancaq biz verəcəyik və mən buna söz verirəm.

Bundan sonra yenə də maneələr başlandı. Bu maneələr nədən ibarət idi? Bu avadanlığı almaq üçün xarici ölkələrin firmaları ilə danışıqlar aparılırdı. Bilirsiniz ki, buradakı avadanlığın hamısı xaricdən, Yaponiyadan alınıbdır. O vaxt Amerikanın, Almaniyanın, İtaliyanın, Yaponiyanın firmaları ilə danışıqlar gedirdi. Biri 150 milyon dollar, biri 140 milyon dollar, biri 130 milyon dollar istəmişdi. Amma qəbul edilən qərarda cəmi 25 milyon dollar vəsait ayrılmışdı. Mənə dedilər ki, bilirsiniz, 25 milyon dollar ayrılıb, amma bunu 120 milyon dollardan aşağı qiymətə almaq mümkün deyil. Ona görə də bu zavodu tikmək mümkün deyil.

Dedim ki, gedin, sübut edin, ölkənin rəhbərlərinə deyin ki, bu həcmdə valyuta çatmır, 120 milyon dollar lazımdır. Dedilər ki, biz bunu edə bilmərik. Çünki qəbul edilmiş qərarı dəyişdirmək olmaz. Bu vəzifə yenə də mənim üzərimə düşdü. Mən bunun üçün Moskvaya, mərhum Brejnevin yanına getdim. Ona dedim ki, sizin göstərişləriniz yerinə yetirilmir. Təəccüb etdi ki, nə üçün? Dedim, qərar çıxartdınız, göstəriş verdiniz, amma yerinə yetirmirlər. Səbəb də budur: 25 milyon dollar ayırmısınız, mənə deyirlər ki, 100 milyon dollar lazımdır. Məndə isə bir dollar da yoxdur, bunu siz verməlisiniz. Ona görə də qərarı dəyişməlisiniz. Dəhşətə gəldi. Dedi, bəs, belə də şey olarmı, biz bu məsələni həll etmişik. Onun göstərişi ilə bir günün içərisində, 1973-cü ildə bu avadanlığı Yaponiyanın "Toşiba" firmasından almaq üçün valyuta ayrıldı. Bundan sonra işlər hərəkətə gəldi. Mən isə bir daha söz verdim ki, iki il içərisində, 1975-ci ilin dekabr ayında bu zavod tikilib başa çatacaqdır.

Doğrusu, üzərimə böyük öhdəlik götürdüm. Belə bir zavodu tarixdə heç bir ölkədə iki ilə tikməyiblər. Nəhayət, 1975-ci ildə, həmin bu gün - dekabrın 25-də biz bu zavodun açılışını bayram edərək "Toşiba" firmasının prezidenti, indi mərhum cənab Doko Tokiodan birbaşa Bakıya gəldi. O gəldi, mitinqdən sonra bu zavoda baxdı, təəccübləndi. Dedi ki, bizim firmanın 100 yaşı var. Dünyanın bir çox ölkələrində böyük-böyük zavodlar tikmişik. Ancaq heç bir ölkədə, hətta Yaponiyada da iki il müddətində belə bir zavod tikməmişik. O təəccübləndi.. Mənə dedi ki, gəlin, sizinlə yeni bir zavod da tikək. Dedim ki, mən çox məmnun olaram. Ancaq mənim pulum yoxdur. Əgər Moskva pul versə, birini də tikə bilərik.

Beləliklə, mən bu öhdəliyi üzərimə götürdüm. Azərbaycanın inşaatçıları, mühəndisləri, fəhlələri bu öhdəliyi çox ləyaqətlə yerinə yetirdilər. Doğrudur, mən buna bilavasitə rəhbərlik edirdim. Hər dəfə tikintinin gedişinə baxırdım. Vaxtaşırı burada olurdum. Bu obyekt insanları çox səfərbər etmişdi. Bu zavodun tikilməsinə bütün başqa təşkilatlar cəlb olunmuşdu. Biz bunu iki ilə tikdik və istifadəyə verdik.

Nə qədər ki, bunun tikilməsinə inanmırdılar, zavod tikilib istifadəyə veriləndən sonra da o qədər inanmırdılar, ona görə də mən inanmayan hər bir adamı buraya dəvət edirdim ki, gəlin baxın, görün. Hər dəfə də gəlib, baxıb görəndən sonra heyran olurdular ki, nə cür ola bilər iki il müddətində belə bir zavod tikilsin. Ancaq iş təkcə tikməkdə deyil, bunu saxlamaq, işlətmək lazım idi. Bunun üçün biz kadrlar yetişdirdik. İki il müddətində bu zavodu tikərkən onun üçün eyni zamanda həm Yaponiyada, həm də keçmiş Sovet İttifaqının şəhərlərində yüksək səviyyəli mütəxəssislər hazırladıq. Zavod tikilib hazır olanda artıq hər bir sexin öz rəisi var idi, hər bir sexin mütəxəssisi var idi. Biz zavodu gəzdik, bütün sexlərdə olduq, hər bir sex rəisi ilə görüşdük, hər bir nöqtəyə baxdıq. Bu zavod Azərbaycanda bütün proseslərin avtomatlaşdırıldığı, mexanikləşdirildiyi ən yüksək səviyyəli müəssisədir. O vaxtadək Azərbaycanda belə müəssisə olmayıbdır, indi də onun avtomatlaşdırılmış, mexanikləşdirilmiş sistemlərinə bərabər sistemlər yoxdur. Biz bunların hamısına nail olduq.

O vaxt yaponlar bu avadanlığı buraya gətirəndə çox narahat idilər, deyirdilər, biz bu avadanlığı sizə veririk, amma yaxşı işlətməsəniz bunlar qısa müddətdə xarab ola bilər. İndi görün, iyirmi ildir işləyir, Azərbaycanın gözəl mütəxəssisləri, fəhlələri, mühəndis və texnikləri bu zavodu iyirmi ildir saxlayırlar, heç nə sıradan çıxmayıb, əksinə, inkişaf etdirilir. Mən çox sevindim ki, sonrakı illərdə bu zavoddan doğma iki zavod yaranıbdır: məişət maşınları zavodu və "Bakmil" zavodu. Biz o zavodu yaradarkən "Elektroştamp" zavodunu da yaratdıq. Bunların hamısı indi böyük bir kompleksdir. Bu, Azərbaycanın böyük bir sərvətidir. Bu, Azərbaycanın həm milli maddi sərvətidir, həm də mənəvi sərvətidir. Buraya minlərlə adam - Azərbaycan vətəndaşları, gənclər gəliblər, işləyiblər, yüksəliblər, yaşayıblar və bu gün də yaşayırlar. Burada neçə-neçə insanlar gəlib təcrübə keçiblər, başqa istehsal sahələrinə gediblər. Bəziləri gedib xaricdə fəaliyyət göstərirlər. Ona görə də bu zavodun nə qədər böyük əhəmiyyəti olduğunu dərk etmək lazımdır, təsəvvür etmək lazımdır. Bu, adi bir şey deyildir. Bu, Azərbaycanın həyatında xüsusi yer tutan böyük tarixi bir hadisədir. Bu, sadəcə iqtisadi hadisə deyildir. Belə bir yeni kollektivin yaranması böyük siyasi hadisədir.

Bu yer mənim yadımdadır. Mən ilk dəfə buraya gələndə bu yerlər çöllük-biyabanlıq idi. Bu yerlərdə daha nələr yox idi... Bura boş bir yer idi. Bu zavodda işləyənlər bilirlər ki, onun üstündə nə qədər cihazlar varsa, altında da bir o qədər cihazlar yerləşdirilib. Bunların hamısını mən inşaat vaxtı görmüşəm. Mən bunların hamısını etmişəm. Ona görə də bu, bizim üçün böyük sərvətdir.

Bu gün mən iki il müddətində yüksək sürətlə bu zavodu tikib istifadəyə verənlərin hamısına böyük hörmət və ehtiramımı bildirirəm. Fəhlə də, mühəndis də, texnik də, iş rəhbəri də, iqtisadçı da - hamısı sağ olsun. Mən 20 il bundan öncə bu zavod açılarkən mitinqdə dedim və 20 il keçəndən sonra bir daha deyirəm: sağ olsunlar ki, onların fədakar əməyi nəticəsində bu zavod iki il müddətində tikildi və istifadəyə verildi. Sağ olun.

Burada inşaatçılar çoxdur. Azərbaycanın bütün tikinti idarələri, nazirlikləri buraya cəlb olunmuşdular. Onların hamısının adını çəkmək mümkün deyildir. Ancaq bütün bu inşaat işləri mənim bilavasitə tapşırığımla Əliş Ləmbəranskiyə həvalə olunmuşdu. İşlərə o rəhbərlik edirdi. Mən çox şadam ki, Əliş Ləmbəranski buradadır. Mən o vaxt, 20 il bundan öncə ona öz təşəkkürümü bildirdim. Çox şadam ki, 20 il keçəndən sonra o da buradadır, bizimlə bərabərdir. Ona və onun rəhbərliyi altında burada işləmiş bütün inşaatçılara, quraşdırıcılara, mütəxəssislərə - hamısına təşəkkürümü bildirirəm.

Amma 20 il bu zavodu yaşatmağın, işlətməyin, bu səviyyədə saxlamağın özü də böyük bir şücaətdir. Mən qeyd etdim, - məhz buna inanmırdılar. İnanmırdılar ki, biz bu zavodu yüksək səviyyədə tikə bilərik. Ən çox da ona inanmırdılar ki, biz bunu tiksək də, lazımi səviyyədə istismar edə bilmərik, ondan istifadə edə bilmərik. Lakin biz sübut etdik ki, onu da edə bilərik, bunu da edə bilərik.

İyirmi il müddətində burada çox adamlar işləyiblər, gəliblər, gediblər. Amma elələri var ki, zavod tikiləndən işə başlayandan bəri, iyirmi ildir buradadırlar. Bəziləri burada çıxış etdilər. Xüsusən, bizim hörmətli dostumuz, bu zavodun tikintisində iştirak edən başqa adamlar, zavodun veteranları, gənclər çıxış etdilər. Hamınız buradasınız. Çoxunuz iyirmi ildir işləyirsiniz. Ondan sonra gələnlər də var. Hamınıza təşəkkür edirəm.

O vaxt bu zavod tikilərkən mən Sənan Axundovu ona direktor təyin etdim. 81-ci ildə biz onu irəli çəkərək nazir vəzifəsinə qoyduq, onun yerinə isə elə bu zavod tikilməyə başlandığı vaxtdan baş mühəndis vəzifəsində işləyən Fuad Quliyevi təyin etdim. Fuad Quliyev, Sənan Axundov bu zavoda bu iyirmi il müddətində layiqli rəhbərlik ediblər. 81-ci ildən indiyədək bu zavodun yaşamasında, inkişaf etməsində Fuad Quliyevin xüsusi xidmətləri var və onu da qeyd edirəm. İyirmi il müddətində bu zavodu layiqincə işlədənlərin hamısına, sizin hamınıza təşəkkür edirəm.

Bilirsinizmi, mən həyatımda çox böyük işlər görmüşəm. Məni sevindirən o işlərin müsbət nəticələridir. Bilirsiniz ki, mənim həyatımın çox ağır və çətin dövrləri də olub. Hətta o illərdə mənə qarşı haqsızlıq, ədalətsizlik də olurdu. Azərbaycana nalayiq rəhbərlik edən bəzi adamlar az qalırdı bu zavodu dağıtsınlar, çünki bu zavodun tikilməsi Heydər Əliyevin təşəbbüsü ilə olub və onun adı ilə bağlıdır.

Təəssüf ki, bizim daxilimizdə belə düşmənlər də olub.

O vaxtlar mən uzaqlarda Azərbaycanın dərdini çəkirdim, o cümlədən daim bu kollektivin, bu zavodun da dərdini çəkirdim. Çünki bu kollektiv, bu zavod, bax bu müəssisənin hər bir divarı, hər bir guşəsi, hər bir cihazı, bu zavodun ətrafında o vaxtlar mənim təşəbbüsümlə əkilmiş qızılgüllər, ağaclar, bir sözlə, hər şey mənim üçün əzizdir. Ona görə də o çətin illərdə mən öz dərdimi unudub, xalqımın dərdini, respublikanın dərdini çəkirdim, sizin dərdinizi, bu kollektivin dərdini çəkirdim. Allaha şükürlər olsun ki, o qara günlər keçib getdi, biz tarixin sınaqlarından çıxdıq. Mən iyirmi il bundan qabaq sizin qarşınızda idim, indi bu gün də sizin qarşınızda alnıaçıq, üzüağ durmuşam.

Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir: zavod da, fabrik də, elektrik stansiyası da, yol da, körpü də, ev də, bina da, saray da - hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır, insanlardır. Mən daim insanlara xidmət etmişəm. Bu gün də vətəndaşlarıma, xalqıma xidmət edirəm. O ağır günlərdə də xalqımdan, sıravi adamlardan, səmimi adamlardan həmişə dəstək almışam. Ona görə də mən xalqıma - Azərbaycan xalqına öz sədaqətimi bir daha bildirirəm və xalqımı yaşadan insanlara, xalqımı irəliyə aparan insanlara öz hörmət və təşəkkürümü bildirirəm.

Dünən bu zavodun 20 illik yubileyi münasibətilə mən zavoda xüsusi təbrik məktubu göndərmişəm. Bunu dünən televiziya ilə xalqa çatdırıblar, sabah da qəzetlərdə olacaqdır. Lakin öz imzamla bunun mətnini mən sizə təqdim edirəm. Bu təbrik məktubudur. Qoy sizdə qalsın. Görürəm, orada tarixi yaxşı əks etdirən eksponatlarınız var. Qoy onlardan biri də bu məktub olsun. Özüm isə sizin yanınıza gəlmişəm ki, bu bayramı sizinlə birlikdə qeyd edim. Böyük bayramdır. Sizi bir daha təbrik edirəm, sizə cansağlığı, səadət arzulayıram.

Zavodun qarşısında duran problemlər həll olunacaqdır. Əgər zavodu 20 il yaşatmışıqsa, bundan sonra onu nəinki yaşadacağıq, həm də inkişaf etdirəcəyik. Zavoddan əmələ gəlmiş yeni zavodlar da məni çox sevindirdi. Onların da inkişaf etdirilməsi üçün səy göstərəcəyik. Sizin hamınızı yaşatmaq üçün və irəliyə getmək üçün Azərbaycan dövləti, bir prezident kimi mən də səylərimi əsirgəməyəcəyəm. Biz bu çətin günlərimizi keçib gedəcəyik. Azərbaycanın işıqlı gələcəyi görünür, xoşbəxt gələcəyi görünür və əmin olun ki, biz gedib o gələcəyə çatacağıq.

Sizi bir daha təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf