Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məşhur heykəltəraş, xalq rəssamı Ömər Eldarovun görkəmli oftalmoloq, Akademik Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi "Elegiya" əsərinin - mərmər abidənin və bu abidədən bəhs edən albomun təqdimat mərasimində çıxışı - Bakı İncəsənət Mərkəzi 15 aprel 1997-ci il


Hörmətli dostlar!

Bu gün bizim üçün əziz, eyni zamanda kədərli gündür. Əzizdir o mənada ki, Zərifə xanımın xatirə günüdür. Kədərlidir o mənada ki, Zərifə xanım 12 ildir bizdən ayrılıbdır. Ancaq, bu hadisə bu gün bizim buraya toplanmağımızda bir məna daşımır. Ailəmiz üçün bir xatirə günü olaraq biz bu günü həmişə yad edirik. Eyni zamanda, bu gün Zərifə xanımın surətini əks etdirən gözəl bir incəsənət, heykəltəraşlıq əsəri nümayiş etdirilir. Ona görə də bü, bizim respublikamızın mədəniyyətində, heykəltəraşlıq, incəsənət sahəsində yeni bir əsərin meydana çıxmasını nümayiş etdirir.

Ola bilər, mənim fikirlərim subyektiv olsun. Ancaq mən həmişə düşündüyümü demişəm. Ömər Eldarovun yaratdığı heykəl Zərifə xanımın surətini əks etdirən heykəl həqiqətən böyük, gözəl bir əsərdir. Ömər Eldarov Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. Mən Ömər Eldarovu çox illərdir ki, yaxından tanıyıram. Onun əsərlərinin demək olar ki, hamısı ilə tanışam. Hələ on, iyirmi il bundan əvvəl mən Ömər Eldarovu Azərbaycan mədəniyyətinin, incəsənətinin ən görkəmli simalarından biri hesab etmişəm. İndiyədək onun heykəltəraşlıq sahəsindəki xidmətləri bu fikri ardıcıl olaraq təsdiq edibdir və mən bu fikri bir daha deyirəm. Ömər Eldarovun yaratdığı heykəltəraşlıq əsərləri Azərbaycan xalqının mədəni, mənəvi sərvətidir və onlar Azərbaycan xalqının mədəniyyətini zənginləşdirmişdir.

Məlumdur ki, bizim xalqımızın keçmiş tarixində, mədəniyyət tarixində heykəltəraşlıq olmamışdır. Bu, bizim dini, mənəvi ənənələrimizlə bağlı olmuşdur. Azərbaycanda heykəltəraşlıq məktəbi demək olar ki, XX əsrdə yaranmış və bu əsrdə çox böyük sürətlə inkişaf etmişdir. Bu gün biz böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının ərazisində, ölkəmizin muzeylərində, şəhərlərində, o cümlədən, xüsusən Bakıda meydanlarda, bağçalarda, parklarda çox dəyərli heykəltəraşlıq əsərləri qoyulmuşdur. Bunlar bizim mədəniyyətimizə, memarlığımıza, incəsənətimizə böyük yenilik gətirmişdir. Bu illər ərzində bizim böyük heykəltəraşlarımız yaranmışdır. Bu gün onların heykəllərinə baxarkən xalqımız bunları qiymətləndirir, xatırlayır. Fuad Əbdürrəhmanov gözəl əsərlər yaradıbdır. Cəlal Qaryağdı, Tokay Məmmədov və başqaları da həmçinin. Biz sevinməliyik ki, heykəltəraşlarımız çoxdur. Bu görkəmli Azərbaycan heykəltəraşları içərisində Ömər Eldarov xüsusi yer tutur - həm yaratdığı əsərlərin bədiiliyinə, yüksək təsirliyinə, gözəlliyinə görə, eyni zamanda, öz sənəti sahəsində çox məhsuldar işinə görə. Əmər Eldarov nə qədər yüksək səviyyəli heykəltəraşdırsa, o qədər də zəhmətkeş, fədakar və işgüzar bir adamdır. O, daim çalışır, işləyir. Mən vaxtilə, hələ çox illər bundan əvvəl Ömər Eldarovun emalatxanasında olmuşam. Orada onun nə qədər çox heykəltəraşlıq eskizlərinin, işlərinin nümunələrini görmüşəm, cürbəcür heykəllərin hazırlanması ilə əlaqədar hazırlıq işlərini əks etdirən əlamətləri görmüşəm. Bunlar həddindən artıq idi. Yenə də deyirəm, bir, iki, üç böyük və gözəl heykəl yaradan heykəltəraşlar da tarixdədirlər. Qədim yunan, İtaliya, Avropa, Rusiya və Qərb ölkələrinin heykəltəraşları bizə məlumdur. Onların bir çoxu iki-üç əsəri ilə məşhurluq əldə etmişlər, əsrlər boyu sayılırlar, yeni gələn nəsillər tərəfindən qiymətləndirilirlər. Hesab edirəm ki, Ömər Eldarov belə heykəltəraşlardan biridir. Amma onu dünyanın ən məşhur heykəltəraşlarından, onların bəzilərindən fərqləndirən cəhət bir də bundan ibarətdir ki, o, həddindən artıq işləyir və çox əsərlər yaradıbdır. Azərbaycanın görkəmli mədəniyyət, incəsənət xadimlərinin, ədəbiyyatımızın görkəmli simalarının, ictimai xadimlərin heykəllərinin əksəriyyətini yaradan Ömər Eldarovdur. Ona görə də, mən bu günü eyni zamanda, heykəltəraş Ömər Eldarovun yaradıcılığı ilə bağlı olan bir gün hesab edirəm. O, yaratdığı əsəri, nəhayət, bu gün nümayiş etdirərkən mən onun bütün yaradıcılığına öz münasibətimi bildirmək istəyirəm və bildirməyə çalışaram. Azərbaycan dövlətinin başçısı kimi, bəlkə də bu mərasim mənim üçün şəxsi xarakter daşıyır. Ancaq bu fürsətdən istifadə edib, Azərbaycan dövlətinin başçısı kimi mən Ömər Eldarova onun böyük yaradıcılığına, Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərə və yaratdığı dəyərli, hesab edirəm, ölməz əsərlərə görə təşəkkürümü bildirirəm.

Bu gün önünə toplaşdığımız heykəl isə mənim üçün çox əziz olan bir insanın surətini əks etdirən heykəldir. Ömər Eldarov burada onun yaranma tarixi haqqında danışdı. Ancaq bu gün xatirə günü olduğuna görə mən də xatirələrimin bəzi məqamlarına toxunmaq istəyirəm. Zərifə xanımın həyatdan getməsi bizim ailəmizi, şəxsən məni və mənim övladlarımı çox sarsıtdı. Hər bir ailə üçün itki itkidir. Burada heç bir şeyə fərq qoymaq olmaz. Ancaq, hər bir insan da, ailə də özünün daxili mənəviyyatına, yaxud xüsusiyyətinə uyğun olaraq, ailəyə baş vermiş faciəyə, bədbəxt hadisəyə, yaxud itkiyə öz münasibətini bildirir. Ümumiyyətlə, ailəmiz çox həssas ailə olduğuna görə Zərifə xanımın vəfatı bizim üçün çox ağır olmuşdur. Bunun üstündən 12 il keçibdir. Biz bu gün də razılaşa bilmirik ki, biz onsuz yaşayırıq. Onun xatirəsi bizim qəlbimizdə, nəinki bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində daim yaşayacaqdır.

Şübhəsiz ki, Zərifə xanımın vəfatından sonra onun Moskvada, Novodeviçye qəbiristanındakı məzarının üstündə abidə yaranması mənim və övladlarımın arzusu olmuşdur. Bilirsiniz ki, Moskvada da heykəltəraşlar çoxdur və çox görkəmli heykəltəraşlar vardır, bunu qeyd etmək lazımdır. Bizim Azərbaycanın heykəltəraşları da - adını çəkdiklərimin də, çəkmədiklərimin də əksəriyyəti, etiraf etmək və minnətdarlıq hissi ilə demək lazımdır ki, Rusiya heykəltəraşlarının təsiri altında yaradıcılıq yolunu keçiblər, onların tələbələri olublar və onlardan aldıqları dərs və təcrübə nəticəsində formalaşıb böyük heykəltəraş olublar. Ömər Eldarovun özü də keçmiş Sovetlər İttifaqında, Rusiyada, Moskvada heykəltəraşlar içərisində çox yüksək qiymətə layiq olan bir heykəltəraş idi. Ona görə də təsadüfı deyildir ki, Ömər Eldarov o vaxt Sovetlər İttifaqı Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir, indi bu, Rusiyanın akademiyasıdır. Məlumdur ki, həmin akademiyaya seçkilər çox ciddi aparılırdı. O vaxt Sovetlər İttifaqında olan çoxsaylı heykəltəraşlardan az-az sənətkar belə bir ada layiq görülürdü. Onlardan biri bizim azərbaycanlımız, soydaşımız Ömər Eldarovdur. Onu demək istəyirəm ki, Moskvada heykəltəraşlar çox idi. Onların əksəriyyəti mənim yaxın tanışlarım, dotslarım idi. Mən vaxtilə Azərbaycanda da, Moskvada da işləyərkən onlarla yaxın təmasda olmuşdum. Şübhəsiz, Moskva heykəltəraşları tərəfindən bir neçə təklif gəldi ki, onlar mənə kömək etmək, bu arzumu yerinə yetirmək istəyirlər. Amma bunların hamısını nəzərdən keçirəndən sonar fikirləşdim ki, mənim istədiyim bu abidənin müəllifi mütləq azərbaycanlı, öz həmvətənim olmalıdır. Həmvətənlərim içərisindən də Ömər Eldarovu seçdim. Onu Moskvaya dəvət etdim, o vaxt görüşdük, söhbət etdik. İlk söhbətlərimiz rəssam Tahir Salahovun iştirakı ilə gedirdi. Xatırlayıram, biz Kremldə də, mənim yaşadığım xüsusi villada da söhbət etdik. Beləliklə, birgə yaradıcılıq işinə başladıq. Şübhəsiz ki, mən Ömər Eldarova öz arzularımı bildirdim. O isə bir usta, incəsənət xadimi, heykəltəraş kimi mənim bu arzularımı necə yerinə yetirəcəyi barədə düşünərdi, onu ölçərdi-biçərdi. Çünki, həqiqi incəsənət əsəri yaratmaq çox çətin işdir. Hər bir adam həqiqi rəssamın yaratdığı rəsm əsərini yarada bilməz. Hər bir adam həqiqi bəstəkarın bəstələdiyi musiqini bəstələyə, yarada bilməz, onun müəllifi ola bilməz. Hər bir adam böyük şairin, yazıçının yazdığı əsərlər kimi əsərlər yarada bilməz. Şübhəsiz ki, hər bir adam yüksək istedada malik musiqiçi ola bilməz. Eləcə də hər bir adam Ömər Eldarov kimi və başqa heykəltəraşlar kimi heykəltəraş ola bilməz. Bunun üçün xüsusi bir istedad, bilik, təcrübə, xüsusi daxili, fıtri istedad lazımdır. Ona görə də, ola bilər, hər birimiz, o cümlədən mən də arzu edim, tövsiyəmi verim, ancaq həqiqi incəsənət ustası istənilən, arzu edilən o incəsənət əsərini yaratmaq üçün gərək bunu öz daxili aləmindən keçirsin, gərək bunu özü dərk etsin. Ona görə də Ömər Eldarov da çox düşündü və həqiqətən bir çox hazırlıq işləri gördü, eskizlər hazırladı. Bizim bir neçə görüşümüz oldu, nəhayət, bunların nəticəsində Ömər Eldarov bu gün nümayiş etdirilən heykəlin eskizini hazırlayıb mənə təqdim etdi. Mən eskizi bəyəndim və xahiş etdim ki, o, bunu icra etməyə başlasın. Görürsünüz, bu, adi bir əsər deyil. Bu əsərdə məni valeh edən, - bu sözü tam həqiqətlə deyirəm - sevindirən və məndə böyük hissiyyatlar doğuran odur ki, bu əsərdə böyük fəlsəfə, məna vardır. Ən birincisi odur ki, Zərifə xanımın daxili mənəviyyatını, onun simasını, daxili və zahiri simasını Ömər Eldarov əks etdirə bilibdir. Eyni zamanda, o, gözəl bir heykəltəraş kimi heykəltəraşlıq sənətinin, məktəbinin, - nəinki Azərbaycan heykəltəraşlıq məktəbinin, dünya heykəltəraşlıq məktəbinin elementlərini, yaxud onların müəyyən cəhətlərini - bu əsərində həyata keçirə, tətbiq edə bilibdir. Bu, heykəltəraşlıq əsəri kimi mürəkkəb əsərdir. Çünki burada heykəltəraş üçün, xüsusən daş, ağ mərmər üzərində işləyən heykəltəraş üçün çox çətinliklər vardır.

Görürsünüz, bu heykəlin çox incə, nazik, zərif fraqmentləri vardır. Yenə də deyirəm, bunların hamısı bir tərəfdən bir heykəltəraş kimi Ömər Eldarovun əsərinin dəyərini nümayiş etdirir, amma eyni zamanda, mənim üçün bu, mücərrəd əsər deyil. Deyə bilərəm ki, Zərifə xanımın mərhum ata-anası da bəlkə onu mənim kimi tanımayıblar. Ona görə də mən Zərifə xanımın daxili mənəviyyatını tam bildiyim üçün görürəm ki, bu əsərdə bunların hamısı öz əksini nə qədər tapıbdır. Ona görə də bu əsər həm bədii, həm də fəlsəfi xarakter daşıyır və yüksək heykəltəraşlıq səviyyəsini nümayiş etdirir.

Şübhəsiz, mənim fikrim var idi ki, bu heykəli Moskvada Zərifə xanımın qəbrinin üstündə yerləşdirək. Ancaq əsər hazır oldu, indi keçən günləri xatırlayıram, mənim üçün problem oldu ki, bunu necə gətirim. O vaxt bunların hamısı mənim üçün böyük çətinlik yaradırdı. Sonra necə olsun, gələcək necə olacaq? Bunların hamısı mənim qarşımda duran məsələlər idi. Ona görə də mən Ömər Eldarova bildirdim ki, təşəkkür edirəm, ancaq bu əsəri saxla, yəqin, bir zaman gələcək. Dünya elə idi ki,bu gündən sabaha ümid yox idi. Mənim özüm də bu işi axıra çatdırmasam, övladlarımdan kimsə bunu axıra çatdıra biləcək. Ömər Eldarov bu əsəri həqiqətən bu illər müddətində bu gün burada dedi ki, səkkiz ildir öz emalatxanasında qorudu, saxladı. Mən Bakıya gələndən sonra dəfələrlə emalatxanaya gedib, saatlarla heykəlin qarşısında durub, ona həmişə böyük heyranlıqla tamaşa etmişəm. Bilirsiniz ki, mənim heyranlığımın bir tərəfi Zərifə xanımın xatirəsi idisə, ikinci tərəfi həqiqətən bu əsərin incəsənət, heykəltəraşlıq nöqteyi-nəzərindən yüksək keyfıyyətə malik olması idi. 1994-cü ildə Zərifə xanımın cənazəsini Moskvadan Bakıya gətirəndən sonra isə yeni bir mərhələ başlandı ki, bunu harada qoyaq? Ancaq Ömər Eldarov fikirləşdi, mənə məsləhət verdi, mən də onun məsləhətinəqulaq asdım ki, bu əsər həqiqətən elə bir əsərdir ki, ola bilər, heykəltəraşlıq, incəsənət əsəri kimi onu muzeydə qoruyub saxlamaq lazım olsun. Mən də buna razılıq verdim. Bu, 1994-cü ildə olan söhbətdir. Qəbrin üzərinə həmin heykəl əsasında tuncdan hazırlanmış heykəl qoyuldu. Bu əsər isə yenə də Ömər Eldarovun emalatxanasında qaldı. Nəhayət, bu yaxın vaxtlarda mənə xəbər verdilər ki, Ömər Eldarov deyir, onu daha bu qədər saxlamaq olmaz, onu göstərmək, nümayiş etdirmək istəyirəm, çünki bu mənim əsərimdir. Beləliklə də, bu gün biz buraya toplaşmışıq. Bu heykəlin hazırlanması üçün Ömər Eldarov məndən xahiş etdi ki, yüksək keyfiyyətli ağ mərmər lazımdır, Azərbaycanda da bu yoxdur. O vaxt mənim Moskvada imkanım var idi. Bilirsiniz ki, bu mərmər bütövdür, bir hissədən ibarətdir, ayrı-ayrı hissələrdən ibarət deyil. Ömər Eldarov da bunu xahiş etmişdi.

Mən həyatımda iki dəfə belə hadisə ilə rastlaşmışam. Biz Cəfər Cabbarlının heykəlini yaradırdıq. Onun müəllifi, indi burada olan Mirqasımov məsələ qoydu ki, bu heykəli yaratmaq üçün gərək elə böyük qranit gətirəsiniz ki, bütöv olsun, heç bir parça olmasın. O vaxt mən burada işləyirdim. Gəlib mənə dedilər ki, bu mümkün deyildir. Mirələsgər Mirqasımov öz xanımı ilə, - o da buradadır, - mənim yanıma gəlib dedilər ki, əgər belə olmasa, biz bu heykəli qoymayacağıq. Şübhəsiz, mən də istəyirdim ki, Cəfər Cabbarlının heykəlini yaradaq və yaratdıq, bilirsiniz şəhərin gözəl bir guşəsində qoyduq. Çox gözəl bir heykəltəraşlıq əsəridir. Amma o vaxt mən tədbir gördüm və Ukraynada belə böyük qranit tapıldı. Siz onu görmüsünüz, rəngini də görmüsünüz. Bu gün biz xatirə gecəsinə toplaşmışıq, ona görə bəzi xatirələri yada salmaq lazımdır. Mənə dedilər ki, bu həcmdə qranit tapılıb, ancaq vaqona qoyub gətirmək mümkün deyildir. Çünki elə bir vaqon tapmaq mümkün deyil ki, bu ağırlığa dözsün. Onu mütləq parçalamaq lazımdır. Yenə də Mirələsgər Mirqasımovun tələbləri mənim qarşımda durdu və mən də dedim ki, yox, nə edirsiniz edin, vəzifə yerinə yetirilməlidir. Biz buna nail olduq. O heykəlin qoyulmasından neçə il keçir? 1980-ci ildə qoyulub? 1981-ci ildən 16 il keçir ki, biz o heykəli qoymuşuq. Hesab edirəm ki, Cəfər Cabbarlıya layiq olan heykəl Bakının gözəl guşələrindən birində yüz illər yaşayacaq və bizdən sonra gələn nəsillər də birinci növbədə Mirələsgər Mirqasımova dua edəcəklər. Ola bilər duanın bir hissəsi də bizə çatsın.

Hər halda, bilirsiniz, rəssam, heykəltəraş - incəsənət ustası öz istəyini yerinə yetirmək istəyəndə, - əgər bu istək doğrudan da yeni bir əsərin yaranmasına kömək edəcəksə, - bunu etmək lazımdır. Dövlət adamlarının, dövlət işində olan insanların borcu odur ki, bunu etsinlər. O vaxt mən bunu etdim və öz həyatımda gördüyüm çoxsaylı işlərin ən dəyərlilərindən biri hesab edirəm. Cəfər Cabbarlı 1934-cü ildə vəfat etmişdir. Mən bunu bir dəfə demişəm, - Azərbaycan ədəbiyyatının, Azərbaycan milli şüurunun inkişafında onun nə qədər böyük xidmətləri olubdur! Onun yaratdığı əsərlər neçə-neçə nəsilləri tərbiyə edib və yüksəldibdir. Bunu hamımız bilirik, amma onun abidəsini 1981-ci ildə biz qoyduq. Onun yaşadığı binada ev muzeyini 1981-ci ildə biz yaratdıq. Mən bu işlərlə fəxr edirəm. Bundan sonra ikinci dəfə idi mənə heykəltəraş müraciət etdi ki, gərək böyük həcmli ağ mərmər tapılsın. Bu dəfə mənim imkanlarım 1980-1981-ci illərdə olandan çox idi və ağ mərmərin tapılıb Bakıya göndərilməsini təmin etdim. Ancaq Ömər Eldarov da çox cəld hərəkət elədi. O qədər çox sifariş vermişdi ki, mən də hamısını icra etdim, onun xahişlərini yerinə yetirdim. Beş blok mərmər buraya gətirildi. Sonra bunu da biləndə çox məmnun oldum. Çünki, mənim buraya göndərdiyim ağ mərmərlərin bir bloku Zərifə xanımın indi gördüyümüz heykəlinin yaranması üçün istifadə olunubsa, o birilərindən Ömər Eldarov bizim hamımız üçün, xüsusən mənim üçün çox əziz olan insanların - Fikrət Əmirovun, Niyazinin gözəl heykəllərini yaradıbdır. O biriləri bilmirəm harada istifadə eləmisən - özün bilərsən. Amma Niyazi ilə Fikrət Əmirovun heykəllərini mən bilirəm.

Ömər Eldarov: Müslüm Maqomayevin abidəsi.

Heydər Əliyev: Müslüm Maqomayevin heykəli, tamamilə doğrudur. Vaxtilə, bizdən qabaq Fəxri xiyabanda onun qəbrinin üstündə gipsdən heykəl qoymuşdular, yadınızdadırmı? O da uçub dağılırdı. Biz Müslüm Maqomayevin 100 illik yubileyini qeyd edəndə mən dedim ki, heykəli dəyişmək lazımdır və dəyişdik. Filarmoniyanın qarşısında da büstü qoyuldu. Çox gözəl büstdür. Beləliklə, mən bu işlərimlə o vaxt Ömər Eldarovun da yeni-yeni əsərlər yaratmasına kömək etdim. Eyni zamanda, onlardan biri də Zərifə xanımın heykəlinin yaranmasına sərf olunubdur. Bu işlərin görülməsində çox adamlar iştirak ediblər, hamısına təşəkkür edirəm. Ancaq xüsusi xidmətləri Rəfael Allahverdiyev göstəribdir, o vaxt Ömər Eldarovla sıx əməkdaşlıq edibdir. Bilirsiniz ki, 1987-ci ildə mən böyük vəzifələrdən istefa verəndən sonra həyatımda qaranlıq bir dövr yarandı. O dövrdə Rəfael Allahverdiyevi də burada tutduğu vəzifədən çıxardılar. Ancaq Ömər Eldarovla o, bu işə sadiq qaldılar, bütün təzyiqlərə, təqiblərə baxmayaraq, bu işi birlikdə apardılar və heykəli 1989-cu ildə hazırladılar. Xatırlayın, o illər mənim həyatım üçün çox ağır illər idi. O mənada ağır ki, mənə qarşı ədalətsiz ittihamlar, böhtanlar, keçmiş fəaliyyətimi ləkələmək məqsədi ilə cürbəcür hərəkətlər xatirinizdədir. Amma o vaxt Ömər Eldarov da, Rəfael Allahverdiyev də mənəviyyata sadiq olduqlarını göstərdilər və o sınaqlardan keçdilər. Mən təkcə bu işi gördüklərinə görə yox, sədaqətlərinə görə onlara - Ömər Eldarova da, Rəfael Allahverdiyevə də təşəkkür edirəm. Sonra Ömər Eldarov bu heykəlin rəsmlərini gətirib mənə göstərdi. Həqiqətən, mən ona məsləhət verdim ki, bir albom yaratsın. Məni düzgün başa düşün, ona görə yox ki, bu, Zərifə xanımın heykəlidir. Ona görə ki, bu, həqiqətən çox dəyərli bir əsərdir, heykəltəraşlıq əsəridir. Bu heykəltəraşlıq əsərini bir fikirlə nümayiş etdirmək mümkün deyildir.

Ömər Eldarov bilir, bəzi başqaları da bilir, mən keçmişdə memarlıq fakültəsində təhsil almışdım. O illərdə, gənc yaşlarımda mən ayrı-ayrı memarlıq əsərlərinin, həmçinin antik yunan heykəllərinin, yaxud da Romada, İtaliyada yaranmış heykəllərin fraqmentlərinin şəkillərini görmüşəm. O vaxt bizim müəllimlərimiz, - vaxtilə mənim heykəltəraş, memar müəllimlərim də olub, - bu albomlar əsasında bizə dərs verirdilər, bunlar hamısı mənim xatirimdədir. Ona görə də mən Ömər Eldarova dedim ki, belə təcrübələr var. Belə bir albom yarat, bu, sənin əsərini tam nümayiş etdirəcəkdir. Ola bilər, əsərin bir-iki şəkli olsun. Amma indi hazırladığın həmin albomda bu əsər çoxcəhətli, çoxtərəfli, çoxsahəli əks olunmuşdur. Çünki onun hər bir nöqtəsinin özünəməxsus heykəltəraşlıq xüsusiyyəti var. Ömər Eldarov bunu da edibdir, bu gün təqdim edir. Buna görə də mən çox məmnunam.

Ömər, sənə bir daha, xüsusən bu əsərinə görə təşəkkür edirəm. Səni təbrik edir, ümidvar olduğumu bildirmək istəyirəm ki, bundan sonra daha yeni, daha gözəl heykəllər, əsərlər yaradacaq, Azərbaycan mədəniyyətinə çox xidmətlər göstərəcəksən və Azərbaycanın monumental sənətinə öz töhfələrini verəcəksən. Sənin hələ böyük imkanların var. Təşəkkür edirəm. Səni təbrik edirəm.

Sizə də təşəkkür edirəm ki, Ömər Eldarovun dəvətini qəbul edib bugünkü görüşə gəlmisiniz. Güman edirəm ki, bu əsər, şübhəsiz ki, bir muzeydə olmalıdır. İncəsənət əsəri kimi muzeydə olmağa onun haqqı var. Sağ olun, təbrik edirəm.

* * *

... Mənim xatirimdən çıxdı, Ömər burada Nosovun adını çəkdi, o, çox iş işləmişdir. Mən yaxşı bilirəm ki, Nosov çox iş görmüşdür, onu o vaxt Leninqraddan dəvət etmişdik. Ancaq Ömər özü çəkiclə çox işləmişdir. Heykəltəraş kimi, Ömərin bir xüsusiyyəti də ondan ibarətdir ki, özü həm yaradır, həm də fəhləlik işini görür. O, həm böyük heykəltəraşdır, həm də çox zəhmətkeş bir fəhlədir. Çox, həddindən artıq nadir bir insandır. Çünki bəzən böyük rəssamlar, heykəltəraşlar əsərin ümumi konsepsiyasını, kompozisiyasını verirlər, sonra onların köməkçiləri bu işi başa çatdırırlar. Amma bu adam bilavasitə özü işləyir. Bunların hamısını incəliklərinə qədər yonmaq nə qədər çətin işdir! Bu, daşdır, mərmərdir, amma elə bil ki, parçadır. Mərmərə, daşa bu qədər incəlik vermək böyük məharətdir, böyük ustalıqdır. Mənəviyyatca pak, təmiz insanlar həmişə yüksək zirvələrə qalxıblar. Ömər Eldarov belə insanlardan biridir. Ona görə yox ki, sən bunu etmisən, bu mənim əziz adamımdır. Mən səni 20-30 ildir tanıyıram, o illərdə də sənin əsərlərin haqqında bu sözləri demişəm. İndi yaradıcılığının lap yüksək zirvəsinə çatanda bunu yaratmısan, amma o illərdə yaratdıqlarının hamısı barədə mən öz sözümü demişəm. Bu abidəyə gəldikdə isə, Zərifə xanımın xarakterini başqa bir adam aça bilməzdi. Mən isə Ömər Eldarovu tanıyıram, - o, sınaqdan çıxmış adamdır. Mənə başqa təkliflər də olmuşdu, onlarla görüşmüşdüm də, ancaq Ömərin yerini verə bilməzdilər.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT