Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxışı - Prezident iqamətgahı, 7 aprel 1997-ci il


Hörmətli cənablar və xanımlar!

Mən sizi Azərbaycanda ürəkdən salamlayır və Yaponiyadan Azərbaycana geniş tərkibdə nümayəndə heyətinin gəlməsi münasibətilə məmnun olduğumu bildirirəm.

Bir neçə dəqiqə bundan öncə biz Yaponiyanın Azərbaycana təyin olunmuş yeni səfiri ilə görüşdük və mən səfirin etimadnaməsini qəbul etdim. Bilirsiniz ki, Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələr Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə edəndən sonra, 1992-ci ildə yaranıbdır. Biz Azərbaycanın dövlət müstəqilliyini dərhal tanıdığına görə Yaponiya hökumətinə minnətdarıq və ötən illərdə Yaponiya ilə Azərbaycan arasında yaranmış əlaqələri də müsbət qiymətləndiririk.

Mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, son illərdə Yaponiya ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi sahəsində həm Yaponiya, həm də Azərbaycan tərəfindən ciddi addımlar atılmışdır. Biz belə hesab edirik ki, görülən bu işlər nəticəsində Yaponiyada Azərbaycan haqqında, respublikamızın iqtisadi vəziyyəti və imkanları haqqında ətraflı təəssürat və dolğun fikir yaranıbdır. Ona görə də mən belə düşünürəm ki, Yaponiya-Azərbaycan əlaqələrinin inkişaf etməsinin artıq yeni mərhələsi başlayıbdır. Biz öz tərəfimizdən Yaponiya ilə əlaqələrə xüsusi əhəmiyyət veririk. Yaponiyanı dünyanın böyük, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biri kimi tanıyırıq. İkinci dünya müharibəsindən sonra Yaponiyanın iqtisadiyyatda əldə etdiyi yüksək nailiyyətlər bütün dünyanı heyran etdiyi kimi, Azərbaycanı da heyran edibdir. Ona görə də Yaponiya ilə əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir.

Mən qeyd etdim, bir daha təkrar etmək istəyirəm ki, son illərdə, xüsusən 1995-ci ilin ikinci yarısında - 1996-cı ildə Yaponiyadan Azərbaycana bir çox nümayəndə heyətləri gəlibdir. Bir neçə şirkətin nümayəndələri Azərbaycanın həm dövlət strukturları, həm də ayrı-ayrı müəssisələri, sənaye birlikləri ilə danışıqlar aparıblar və bu danışıqlar indi də davam edir. Bunların əməli nəticəsi olaraq Yaponiyanın böyük şirkətlərindən biri - "İtoçu" şirkəti Azərbaycanın neft yataqlarının müştərək işləməsi ilə əlaqədar yaradılmış iki beynəlxalq konsorsiumun üzvüdür. "İtoçu" şirkəti neft sənayesi ilə yanaşı, Azərbaycan iqtisadiyyatının başqa sahələrinə də maraq göstərmişdir. Bundan əlavə, "Niçiment" şirkəti bizim kimya kompleksi ilə uzun müddət danışıqlar aparır. "Mitsui", "Mitsubisi" şirkətlərinin nümayəndələri də Azərbaycanda olublar və bizimlə danışıqlar aparıblar.

Biz burada Yaponiyanın həm Ticarət Nazirliyinin, Ticarət Palatasının, həm də Xarici İşlər Nazirliyinin, xarici ticarətlə əlaqədar sahələrinin nümayəndələri ilə görüşmüşük. Bizə məlumat verilmişdir ki, Yaponiya şirkətinin Azərbaycanda işləməsi üçün onlara 100 milyon dollar məbləğində sığorta krediti verilməsi haqqında qərar qəbul olunubdur. Mən belə düşünürəm ki, bunlar hamısı hazırlıq işləridir. İndi hazırlıq mərhələsindən əməli işlər mərhələsinə keçmək lazımdır.

Mən hörmətli səfirlə danışarkən dedim: ümumiyyətlə, dünyada belə bir fikir formalaşıbdır ki, yaponlar uzun müddət öyrənməklə məşğul olurlar və xarici ölkələrdəki işlərinə çox ehtiyatla yanaşırlar. Ancaq bu uzunmüddətli öyrənmədən sonra dərhal işə başlayarkən onlar çox sürətlə işləyirlər. Bu fikrin nə qədər doğru olub-olmadığını siz deyə bilərsiniz. Mən bunları eşitdiyimə görə deyirəm. Əgər belədirsə, bu, pis hal deyil. Demək, artıq siz Azərbaycanı sağdan-sola, soldan-sağa yaxşı-yaxşı öyrənmisiniz və Azərbaycanın imkanlarını bilirsiniz. Ona görə də əməli işə başlamaq lazımdır.

Mən bir məsələni qeyd etmək istəyirəm ki, xarici sərmayə qoyulması üçün Azərbaycanda yaxşı imkanlar yaranıbdır, Azərbaycanın yaxşı iqtisadi potensialı var. Biz ölkəmizi xarici sərmayələr üçün açmışıq, bazar iqtisadiyyatı yolu ilə iqtisadiyyatımızı tənzimləyirik. Ona görə də Azərbaycanda iş görmək üçün, buraya sərmayə qoymaq üçün, yenə də deyirəm, bütün imkanlar yaranıbdır. Lazım olan qanunlar da qəbul edilib və qəbul edilməyənlər də ardıcıl surətdə qəbul olunacaqdır.

Azərbaycan bu bölgədə, Qafqazda Yaponiyanın çox etibarlı və faydalı tərəfdaşı ola bilər. Ona görə də mən sizi Azərbaycanla sıx əməkdaşlığa dəvət edirəm. Sizin belə geniş tərkibdə nümayəndə heyətinizin Azərbaycana gəlməsini Yaponiyanın Azərbaycana olan marağının nümayişi kimi qiymətləndirirəm. Təşəkkür edirəm. Sizi dinləməyə hazıram.

"Azərbaycan" qəzeti, 8 aprel 1997-ci il.