Bakıda TRASEKA-nın daimi katibliyi ofisinin açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 21 fevral 2001-ci il


Hörmətli İsveçin xarici işlər naziri!

Hörmətli cənab baş katib!

Hörmətli cənab komissar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram və bizim ölkəmizə "Xoş gəlmisiniz!" deyirəm.

Avropa İttifaqının yüksək səviyyəli və hörmətli şəxslərindən ibarət olan nümayəndə heyətinin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana bu səfəri Avropa İttifaqının bizim bölgəyə, eləcə də Azərbaycana olan marağının və təbiidir ki, əlaqələrin inkişaf etdirilməsinin təzahürüdür. Bu səfərinizə görə təşəkkür edirəm. Baxmayaraq ki, siz Azərbaycanda olmaq üçün çox az vaxt ayırmısınız, ancaq bunun özü də kifayət edər ki, Azərbaycanda TRASEKA proqramına olan münasibəti bir daha hiss edə biləsiniz.

Avropa İttifaqının çoxşaxəli, çoxtərəfli fəaliyyəti vardır. Birinci növbədə, Avropa İttifaqı ona daxil olan ölkələrin daha da sıx əlaqə qurması və inkişaf etməsi problemləri ilə məşğuldur. Eyni zamanda, Avropa İttifaqı onun tərkibində olan ölkələrdən kənara çıxaraq, dünyanın başqa hissələrinə də öz marağını göstərir. Bu baxımdan təxminən 1992-1993-cü illərdə yaranmış TRASEKA proqramının böyük əhəmiyyəti vardır.

İndiyə qədər Avropa İttifaqı tərəfindən TRASEKA proqramının həyata keçirilməsi ilə əlaqədar tədbirləri biz yüksək qiymətləndiririk. Ancaq eyni zamanda bu, bizim tərəfimizdən böyük işin başlanğıcı kimi qəbul olunur. Məhz bu işi daha da gücləndirmək məqsədi ilə 1998-ci ilin sentyabr ayında Avropa İttifaqının və TRASEKA proqramında iştirak edən dövlətlərin təşəbbüsü ilə, bizim təşəbbüsümüzlə Bakıda bu proqramın həyata keçirilməsinə, böyük İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi və bunun nəticəsində sənəd imzalandı. Konfrans TRASEKA proqramının katibliyini yaratdı və onun Azərbaycanda yerləşməsi haqqında qərar qəbul etdi. Biz bunu böyük məmnuniyyət və minnətdarlıq hissi ilə qarşıladıq və Bakının ən qədim binalarından birinin bu katibliyin sərəncamına verilməsi haqqında qərar qəbul etdik.

Bizim qonaqlarımız bu binanın gözəlliyi haqqında və indiki vəziyyəti barədə yüksək fikirlər söylədilər. Bu binanın Avropa İttifaqının TRASEKA proqramına və İpək yolunun bərpası üçün görülən işlərə görə ayrılması təsadüfi deyildir.

Bu bina Azərbaycanın, Bakının memarlıq abidələrindən biridir. Vaxtilə, XX əsrin əvvəllərində Azərbaycanın böyük şəxsiyyəti, böyük sahibkarı Hacı Zeynalabdin Tağıyev bu binanı yaradıb və burada da uzun müddət işləyibdir.

Azərbaycan xalqı təkcə indi yox, hələ o vaxtlarda da ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyasına çalışmışdır. Məhz bu binanın 100 il bundan öncə Avropa üslubunda tikilməsi, onun həm xarici görünüşünün, həm də daxili görünüşünün Avropa memarlıq üslubuna mənsub olması bunu əyani sübut edir.

Təbiidir ki, indi çox yerdə modern üslubda binalar tikmək və ofisləri modern binalarda yerləşdirmək dəb olubdur. Amma biz bu yol ilə getmədik. Biz məhz klassik Avropa üslubunda tikilmiş binanı verdik ki, Avropa İttifaqı buraya daha da doğma gözlə baxsın. Özü də görürsünüz, keçmişdə nə qədər gözəl tikirdilər.

Məsələn, burada xalçalar üstünü örtübdür, görmürəm, amma orada, baş katibin ofisində biz döşəməyə nəzər saldıq. 100 il bundan öncə döşəmə elə bil ki, bu gün yaranıbdır. Keyfiyyətə çox fikir verirdilər. Baxın, divarlar nə qədər enlidir. İndi hər şeyə qənaət edirlər, nazik divarlar qoyurlar. Onlar da qısa bir zamanda xarab olur.

Mən sadəcə, Azərbaycanın Avropa memarlığından götürdüyü abidələrdən biri haqqında danışıram. Amma Azərbaycanda belələri çoxdur. Bu da onu göstərir ki, Azərbaycan Avropaya, Avropa dəyərlərinə, Avropa ölkələrinə hələ çox qədim zamanlardan maraq göstərmişdir.

Biz eyni zamanda TRASEKA proqramını qədim böyük İpək yolunun bərpası ilə bağlayırıq. Əslində, TRASEKA proqramı irəli sürüləndə, güman edirəm, həqiqətən nəzərə alınıbdır ki, bu, təkcə TRASEKA proqramını əhatə edən ölkələr üçün deyil, böyük İpək yolunun bərpası üçündür və çox vacibdir. Biz konfransda açıq-aydın müəyyən etdik ki, Asiya ilə Avropanı, Şərq ilə Qərbi bağlayan qədim İpək yolu bu gün də öz aktuallığını saxlayıbdır və Şərqlə Qərb arasındakı başqa yollara nisbətən daha qısadır. Yüklərin daşınması daha sürətlə, qısa bir zamanda olur və daha ucuz başa gəlir. Ona görə biz hesab edirik ki, 1998-ci ildə Bakı konfransında qəbul olunmuş qərarlar həyata keçirilməlidir.

Mənə belə gəlir ki, Avropa İttifaqı son vaxtlar TRASEKA proqramının həyata keçirilməsinə bir az soyuyubdur. Mən bu həqiqəti deməliyəm. Əgər bir neçə il bundan əvvəlki dövrlə indiki dövrü müqayisə etsək, bu, göz qabağındadır. Ancaq mən bunu düzgün hesab etmirəm və düşünürəm, yəqin ki, belə böyük nümayəndə heyətinin Cənubi Qafqaz ölkələrinə gəlməsi TRASEKA proqramına münasibətin soyumasına son qoyacaq və bu proqram yenidən böyük sürətlə həyata keçiriləcəkdir.

Mən sizə müraciət edərək demək istəyirəm ki, siz TRASEKA proqramına vəsait ayrılmasında xəsislik etməyin. Çünki bu, nə sizə, nə də bizə xeyir verəcəkdir. Sizin cibinizdə pul çoxdur, burada qoyduğunuz pulun əvəzini iki-üç qat götürəcəksiniz. İndi artıq sizdə də, bizdə də - hamıda qəti bir fikir var ki, TRASEKA proqramı, böyük İpək yolunun bərpa edilməsi bu gün üçün və XXI əsr üçün ən böyük proqramlardan biridir. Bu proqramın hərtərəfli inkişafını nə qədər təmin edə bilsək, Cənubi Qafqaz, Orta Asiya, Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyası o qədər də sürətli olacaqdır.

Artıq indi ofis yaranıbdır. Bu bina boş qalmamalıdır ki? Burada işləmək lazımdır. Əgər vəsait olmasa, burada nə cür işləyəcəksən? Bu gözəl binada yaxşı-yaxşı layihələrə baxıb, müzakirə edib, onları həyata keçirmək lazımdır. Belə layihələr vardır. Azərbaycanda bir xalq sözü var: "Səndən hərəkət, məndən bərəkət". Başa düşürəm, bunu tərcümə etmək bir az çətindir.

Mən sizə bir daha təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu görüş bizim hamımızın istəklərimizin həyata keçirilməsi üçün çox əhəmiyyətli olacaqdır. Sağ olun.

"Azərbaycan" qəzeti, 22 fevral 2001-ci il.