Hörmətli prezident! Hörmətli xanımlar və cənablar!
Bu gün səhər tezdən burada, Parisdə, Fransa Ticarət-Sənaye Palatasında keçirilən görüşdən olduqca məmnunam. Mənim Fransaya səfərim Fransa ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirmək və dərinləşdirmək məqsədi daşıyır.
Cənab prezident, mənim üç il bundan öncə Fransaya ilk səfərimi xatırlatdığınız üçün sizə minnətdaram, hesab edirəm ki, həmin səfər Fransa - Azərbaycan əlaqələrinin uğurla inkişaf etməsinin əsasını qoymuşdur. 1993-cü ilin dekabrında Parisdə Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında imzalanmış saziş, mərhum prezident Fransua Mitteranın və Azərbaycan prezidentinin imzaladıqları saziş Fransa ilə Azərbaycan arasında münasibətləri uzun müddət inkişaf etdirmək üçün başlıca sənəd, eyni zamanda proqramdır.
Məmnuniyyətlə deyə bilərəm ki, ötən üç ildə biz müəyyən nailiyyətlər qazanmışıq. Cənab prezident, sizin adlarını çəkdiyiniz Fransa şirkətləri Azərbaycanda, Azərbaycan iqtisadiyyatı ilə, Azərbaycanın dövlət şirkətləri və xüsusi firmaları ilə sıx əlaqələr yaratmışlar və ümid edə bilərik ki, bu yaxşı başlanğıc özünün konkret nəticələrini verəcəkdir.
Dünən Fransa prezidenti cənab Jak Şirak ilə çox gözəl, dostcasına söhbətimiz oldu. Biz ölkələrimiz arasında münasibətlərə dair bütün məsələlər haqqında ətraflı fikir mübadiləsi etdik, regional xarakterli və dünyadakı vəziyyətə dair bəzi başqa məsələlər barədə danışdıq.
Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələr problemləri, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi söhbətlərimizdə, danışıqlarımızda böyük yer tutmuşdur. Biz yekdil fikirdəyik ki, əldə olunmuş nailiyyətlər əlaqələrimizin inkişafını daha da sürətləndirməyə imkan verir. Bu baxımdan burada, Ticarət-Sənaye Palatasında keçirilən görüş hesab edirəm, dünən prezident cənab Şirak ilə əldə etdiyimiz razılaşmaların məhz konkret şəkildə reallaşdırılmasıdır.
Dünənki günün mühüm hadisəsi burada, Parisdə, Yelisey sarayında Fransa prezidentinin və Azərbaycan prezidentinin iştirakı ilə Fransanın "Elf Akiten", "Total" şirkətləri və Azərbaycan milli neft şirkəti arasında böyük neft müqaviləsinin imzalanmasıdır. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı "Lənkəran-dəniz" və "Talış-dəniz" neft yataqlarının ehtiyatlarının Fransa şirkətləri və Azərbaycan milli neft şirkəti tərəfindən birgə işlənməsini nəzərdə tutur. Müqavilə 25 illik müddətə imzalanmışdır.
Demək istəyirəm ki, bu, Fransanın "Elf Akiten" şirkəti ilə Azərbaycanın imzaladığı ikinci müqavilədir. Ötən ilin iyununda Bakıda bir sıra ölkələrin fövqəlmilli şirkətlərinin konsorsiumu ilə böyük neft müqaviləsi imzalanmışdır, həmin şirkətlərin tərkibinə Fransanın "Elf Akiten" şirkəti də daxildir.
Bu faktlar inandırıcı şəkildə göstərir ki, biz iqtisadi inteqrasiyanı artıq əməli surətdə həyata keçirir, iqtisadi münasibətlərimizi inkişaf etdiririk. Azərbaycanın energetika ehtiyatları, neft sənayesi iqtisadiyyatımızın iri sahəsi olaraq aparıcı rol oynayır və buna görə də əməkdaşlıqda ilk iri addımlar məhz bu sahədə atılmışdır.
Azərbaycan böyük iqtisadi potensiala malikdir, iqtisadiyyatımız olduqca çoxsahəlidir və birgə işləmək üçün, əməkdaşlıq üçün Fransanın digər şirkətlərini cəlb etməyə imkan var. Bununla əlaqədar mən adlarını çəkdiyimiz Fransa şirkətinin təşəbbüsünü alqışlayıram və razılaşma əldə olunması və əməli işə başlanması üçün öz tərəfimdən hər şeyi edəcəyəm.
Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra öz iqtisadiyyatından, öz ehtiyatlarından sərbəst və azad surətdə istifadə edir. Azərbaycan dünya iqtisadiyyatı ilə fəal birləşməyə, xarici şirkətlərlə birlikdə qabaqcıl texnologiyadan da, təbii olaraq, xarici investisiyalardan da istifadə etməyə çalışır.
Azərbaycan azad və açıq ölkədir. Biz bəyan etmişik ki, ölkəmiz bütün dünyanın üzünə açıqdır. Biz dünya iqtisadi sisteminə daxil olmaq istəyirik. Biz beynəlxalq maliyyə mərkəzləri ilə, o cümlədən Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə fəal əməkdaşlıq edirik. Təbii ki, bütün bunlar iqtisadi əlaqələrimizi genişləndirmək və dərinləşdirmək üçün əlverişli imkanlar yaradır.
Biz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qururuq. Biz həyatın bütün sahələrini, Azərbaycanın həyatının bütün sahələrini demokratikləşdirmək, o cümlədən iqtisadi sahəni demokratikləşdirmək üçün tədbirlər görürük. Biz iqtisadiyyatımızın gələcək inkişafı üçün əsasları, bazar iqtisadiyyatı prinsiplərini və dünyanın bütün ölkələri ilə fəal iqtisadi əlaqələri bərqərar etmişik. Biz dövlət mülkiyyətini özəlləşdirməyə başlamışıq və yaxın iki ildə Azərbaycanda bütün mülkiyyətin 70 faizindən çoxu özəlləşdiriləcəkdir.
Biz torpaq islahatı haqqında çox mühüm qanun qəbul etmişik. Bu qanunda torpağı başqa şəxslərə satmaq və vermək hüququ ilə onun özəl mülkiyyətə verilməsi nəzərdə tutulur. Biz azad sahibkarlıq üçün, sahibkarlıq təşəbbüsü üçün, özəl biznes üçün, o cümlədən kiçik və orta özəl biznes üçün hər cür şərait yaratmışıq.
Biz bəzi iri sənaye müəssisələrini xarici şirkətlərin idarəsinə vermək sahəsində tədbirlər həyata keçiririk. Qəbul etdiyimiz qanunlar xarici şirkətlərə Azərbaycanda mülkiyyətin özəlləşdirilməsində fəal iştirak etməyə, təbii olaraq, öz vəsaitlərini bütün sahələrə qoymağa imkan verir. Biz bir sıra tədbirlər görmüşük - bunlar həm qanunlar, həm prezident fərmanları, həm də digər sənədlərdir. Onlar iqtisadiyyatın bütün sahələrində liberallaşdırmanı, xüsusən, xarici ticarətin, ixrac və idxalın liberallaşdırılmasını təmin etmişdir.
Bunun nəticəsində artıq iqtisadiyyatda, sosial sahədə müsbət dəyişikliklər baş verir və belə düşünürəm ki, bu proseslər yaxın vaxtlarda daha uğurla inkişaf edəcəkdir.
Biz maliyyə sahəsində tədbirlər görülməsinə böyük əhəmiyyət veririk və istəyirik ki, Azərbaycanın maliyyə sistemi müasir beynəlxalq standartlara tam müvafiq olsun, dünya maliyyə mərkəzləri və bankları ilə əlaqə yarada bilsin. Biz Azərbaycanda bank sisteminin islahatı sahəsində bir sıra tədbirlər görmüşük. Bunun nəticəsində ötən il milli valyutamızın - manatın məzənnəsi Amerika dolları ilə nisbətdə xeyli möhkəmlənmiş və sabitləşmişdir. Bütün il ərzində inflyasiya kəskin surətdə azalaraq, hər ay bir faizdən də az, bütövlükdə 1996-cı ildə isə beş faizdən az olmuşdur.
Bizdə qiymətlər, ən əvvəl zəruri malların, ərzaq məhsullarının qiymətləri sabitdir. Azərbaycanda əmək haqqının artımı qiymətlərin artımını hətta müəyyən dərəcədə qabaqlayır. Halbuki iki il əvvəl bizdə inflyasiya astronomik rəqəmlərlə ifadə edilirdi. Əgər təxminən 1994-cü ildə inflyasiya 1.700 faiz idisə, özünüz nəticə çıxara bilərsiniz, son iki ildə iqtisadiyyatımızda necə böyük müsbət dəyişikliklər baş vermişdir.
Bütün bunlar bazar iqtisadiyyatı prinsiplərinin tətbiq edilməsi, azad sahibkarlıq üçün, özəl təşəbbüs üçün şərait yaradılması sayəsində mümkün olmuşdur. Biz bu sistemin səmərəli olduğunu yəqin etmişik və öz iqtisadiyyatımızda məhz bu prinsiplər əsasında dönmədən gedəcəyik.
Azərbaycan Konstitusiyası, qəbul edilmiş qanunlar və prezidentin fərmanları Azərbaycanda xarici investisiyaların qorunmasına və xarici şirkətlər üçün, xarici investisiyalar üçün maksimum əlverişli şərait yaradılmasına tam təminat verir.
Son iki ildə Azərbaycan 11 ölkəni təmsil edən transmilli şirkətlərlə, cəmi 16 şirkətlə beş iri neft müqaviləsi imzalamışdır. Bu müqavilələr üzrə investisiyaların ümumi məbləği 15 milyard dollardan artıqdır. Bu müqavilələr təxminən 25-30 il müddətinə imzalanmışdır. Lakin mən əminəm ki, əməli iş onları daha uzunmüddətli müqavilələrə çevirəcəkdir. Belə düşünürəm ki, bütün XXI əsr Azərbaycan iqtisadiyyatının, ən əvvəl neft və qaz sənayesinin coşğun inkişafı əsri olacaqdır.
Azərbaycan iki qitənin - Avropa ilə Asiyanın, Şərq ilə Qərbin qovuşuğunda yerləşərək, çox faydalı, əlverişli coğrafi mövqeyə malikdir və tarixdə "İpək yolu" kimi məlum olan marşrutla Şərqlə Avropanı Azərbaycan vasitəsilə birləşdirmək üçün çəkilən və çəkiləcək nəqliyyat kommunikasiyaları Azərbaycanı bu baxımdan bir çox Avropa və Asiya ölkələri üçün çox maraqlı və cəlbedici edir.
Azərbaycanın həyatını, onun perspektivlərini səciyyələndirən bütün bu müsbət cəhətlərlə yanaşı, təəssüf ki, qanqaraldıcı amil də var. Bu amil ondan ibarətdir ki, Ermənistan tərəfindən səkkiz il əvvəl başlanmış təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizini Ermənistan silahlı birləşmələri işğal etmiş, Azərbaycanın bir milyondan artıq vətəndaşı zəbt olunmuş torpaqlardan didərgin salınmışdır. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, öz yaşayış yerlərini tərk edən, dediyim kimi, bir milyondan artıq vətəndaşımız isə çadır şəhərciklərində çox ağır şəraitdə yaşayır.
Bu amil Azərbaycanın həyatını mürəkkəbləşdirməklə yanaşı regionumuzda lazımi iqtisadi əlaqələrin qurulmasına, o cümlədən Qafqazda, Zaqafqaziya ölkələri arasında, Ermənistan ilə Azərbaycan arasında iqtisadi əlaqələrin qurulmasına da mane olur, biz Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərtilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün tədbirlər görmüşük və görürük. Nə qədər çətin olsa da, biz sülh danışıqlarına, bu məsələnin dinc vasitələrlə həllinə qəti tərəfdarıq.
Bu münaqişəyə son qoyulduqdan, Qafqazda, regionumuzda tam sülh bərqərar edildikdən sonra ölkəmizin və qonşularımızın Avropa ilə, dünyanın bütün ölkələri ilə iqtisadi əlaqələri daha sürətlə inkişaf edəcəkdir.
Ticarəti, iqtisadi əməkdaşlığı, iqtisadi əlaqələri fəallaşdırarkən biz həm də hesab edirik ki, bunun özü də münaqişənin aradan qaldırılması və regionumuzda sülhün bərqərar olması üçün çox səmərəli vasitədir.
Mənə göztərdiyiniz diqqət üçün, bugünkü görüş üçün sizə təşəkkür edirəm, hamınızı Azərbaycana dəvət edirəm, siz Azərbaycanda bizim imkanlarımız haqqında daha dolğun təsəvvür əldə edə bilər və eyni zamanda xalqımızın, respublikamızın qonağı olmaq imkanı qazana bilərsiniz. Əminəm ki, siz mehriban - qonaqpərvərliklə və səmimi münasibətlə qarşılaşacaqsınız. Sizə bir daha təşəkkür edirəm, sağ olun.
Huber Flana (palatanın prezidenti): Cənab prezident, əgər Sizə ilk sualı verməyə heç kim cəsarət etmirsə, onda bu sualı mən verəcəyəm. Mən Fransanın iki iri neft şirkəti - "Elf Akiten" və "Total" şirkətlərinin dünən böyük müqavilə bağlamasını alqışlayıram. Sevinirəm ki, bu masanın arxasında Fransanın çox iri müəssisələrinin nümayəndələri toplaşmışlar. Bu iri müəssisələr üçün Azərbaycan bilavasitə maraq doğurur. Lakin bu iri müəssisələr çox mühüm rol, lokomotiv rolu oynaya bilərlər, ona görə ki, subpodratçıların, nisbətən kiçik müəssisələrin bir çoxu onlarla işləyirlər, bu müəssisələr onların ardınca Azərbaycana gələ bilərlər.
Paris Ticarət-Sənaye Palatası ticarətin, sənayenin və xidmət bölməsinin bütün sahələrində işləyən 275 min müəssisəni təmsil edir. Bunların əksəriyyəti orta və kiçik müəssisələrdir. Bu orta və kiçik müəssisələr sizin ölkənizdə hansı fəaliyyət sahələrində əlverişli bazar tapa bilərlər? Fransanın orta və kiçik müəssisələri üçün sizin ölkənizdə hansı fəaliyyət sahələri üstün xarakter daşıyır?
Heydər Əliyev: Bilirsiniz, hesab edirəm ki, orta və kiçik müəssisələr üçün Azərbaycanda ən çox, bizdə deyildiyi kimi, xalq istehlakı malları, ərzaq məhsulları, şübhəsiz, həm də toxuculuq malları, ayaqqabı və digər məişət malları istehsalı ilə məşğul olmaq imkanı var, əhalimizin bu mallara tələbatı böyükdür. Fransa müəssisələri ölkəmizdə olan xammaldan, kənd təsərrüfatı məhsullarından da istifadə edə bilərlər. Bayaq dediyim kimi, insanlar üçün, məişət üçün, tikinti üçün müxtəlif məhsullar istehsalından ötrü bizim kimya sənayesinin imkanlarından da istifadə etmək olar. Bir sözlə, bizim imkanlarımız böyükdür.
Sual: Sağ olun, cənab prezident. Ticarət-Sənaye Palatası sədrinin dediyindən savayı mən əlavə etmək istərdim ki, bizim Ticarət-Sənaye Palatamız hazırlıq və təlim işləri ilə də məşğul olur. Bizim 33 məktəbimiz var, bunlarda çox yüksək səviyyəli menecerlər, habelə tam bir sıra peşələr üzrə sənətkarlar və fəhlələr hazırlanır. Tələbə mübadiləsini qaydaya salmağın mümkünlüyünü bilmək istərdik, çünki bizim xaricdə də məktəblərimiz var. Həmçinin bilmək istərdik ki, Azərbaycan ilə Fransa arasında tələbə mübadiləsinə ölkəniz maraq göstərirmi?
Heydər Əliyev: Bəli, hesab edirəm ki, tamamilə mümkündür və hətta bizim üçün zəruridir. Bizim buna ehtiyacımız var, ona görə ki, indi iqtisadi sistemimizi bütünlüklə yenidən qururuq. Biz bütün xidmət, servis sistemini də yenidən qururuq. Nəqliyyat sistemini, xüsusən şəhər nəqliyyatını yenidən qururuq. Bütün bu işlərdə sizin ölkənizin, Fransa kimi ölkənin təcrübəsi, şübhəsiz, bizim üçün lazımlı və vacibdir. Görünür, biz sizin təklifinizi nəzərdən keçirməli və bu barədə düşünməliyik ki, adamlarımızı Fransada öyrətmək, yaxud onları Azərbaycanda öyrətmək üçün sizin menecerlərinizdən, mütəxəssislərinizdən necə istifadə edə bilərik.
Sual: Sağ olun cənab prezident, mən Lübomir Şlyadiləm, "Sesite jeneral"ı təmsil edirəm. Bu, Fransanın iri bankıdır, mən onun beynəlxalq münasibətlər şöbəsinin müdiriyəm. Biz Bakıdakı həmkarlarımızla, mərkəzi bankla, Azərbaycanın Beynəlxalq Bankı ilə ünsiyyət yaratmışıq. Keçən il mən maliyyə naziri ilə görüşmüşəm. Cənab prezident, energetika sahəsindəki layihələrin perspektivi olduqca böyükdür. Şübhəsiz ki, biz bu layihələrin uğurla həyata keçirilməsini arzulayırıq. Lakin həmin layihələr Azərbaycan tərəfdən təminatın olmasını tələb edir. Layihələr heç olmasa beynəlxalq maliyyə birliyinin ayıracağı vəsaitə təminat vermək üçün respublikanın təminatına ehtiyac duyacaqdır. Əlbəttə, biz Avropa və Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarla bu layihələrin öyrənilməsində iştirak edirik. Mənim sualım belədir: Siz Azərbaycan Respublikası tərəfindən təminat verilməsinin mexanizmini dəqiqləşdirə bilərdinizmi və ayrı-ayrı iştirakçılar arasında rolların bölgüsü necədir, başqa sözlə, mərkəzi banka münasibətdə Maliyyə Nazirliyi necə fəaliyyət göstərir, bu təminatı almaq üçün hansı sistemə əsaslanmaq, necə işləmək lazımdır?
Heydər Əliyev: Ən əvvəl suverenliyə təminat barəsində. Mən artıq dedim ki, biz Azərbaycanda bütün əcnəbi investorlara və bizimlə iqtisadi əlaqələr yaradanların hamısına qanunlarımızla, Konstitusiyamızla təminat veririk.
Bununla əlaqədar demək istəyirəm ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqilliyi sarsılmaz və dönməzdir, Azərbaycan öz müstəqilliyinin məhdudlaşdırılmasına və ya özünün hər hansı milli-dövlət hüquqlarından məhrum edilməsinə bir daha heç vaxt yol verməyəcəkdir.
O ki qaldı bank-maliyyə sisteminə, dediyim kimi, biz bank sisteminə dair xüsusi qanunlar qəbul etmişik, bu sahədə islahatlar aparırıq. Bu isə mərkəzi bank ilə Maliyyə Nazirliyi arasında daha sivilizasiyalı münasibətlər yaradılmasını tələb edir. Onu nəzərdə tuturam ki, biz mərkəzi banka tam müstəqillik və xüsusən beynəlxalq bankımıza tam müstəqillik verilməsi xətti götürmüşük. Bank-maliyyə sistemi beynəlxalq bank-maliyyə sisteminin standartlarını özündə getdikcə daha geniş tətbiq edəcəkdir.
Biz sosialist maliyyə-bank sistemindən miras qalmış nə varsa, hamısından tamamilə imtina etmişik. Aydın başa düşürük ki, ölkəmizin dünya iqtisadiyyatında layiqli yer tutması və dünya iqtisadiyyatında layiqli yer tutması və dünya iqtisadiyyatı ilə tam inteqrasiyaya nail olması üçün bizim bank-maliyyə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır. Biz bu istiqamətdə az iş görməmişik və bundan sonra da bu yolla gedəcəyik. Odur ki, qoy bu məsələ nə sizdə, nə də başqalarında heç bir narahatlıq doğurmasın.
Sual: Cənab prezident, mən Sizinlə qazdan danışacağam. Mən "Sofreqaz" şirkətinin sədriyəm. Biz Sizin ölkənizdə bir neçə il ərzində fəal işləmişik və "Azəriqaz" şirkəti ilə əməli münasibətlər yaratmışıq. Ölkənizdə qaz sənayesinin inkişafına kömək etmək üçün bir neçə həftədən sonra Bakıda öz nümayəndəliyimizi açmağa hazırlaşırıq. Bundan başqa, biz Avropa Birliyinin təşəbbüsü ilə yaradılan və bütün Mərkəzi Asiya, Qafqaz ölkələrini və Ukraynanı birləşdirən aparıcı işçi qrupuyuq. Bu qrup qazın nəqlinin bütün növlərini öyrənməyi və təşviq etməyi, habelə gələcəkdə maliyyələşdirməyi qarşısına məqsəd qoymuşdur. Məqsəd öz müstəqilliyinə bu yaxınlarda nail olan həmin ölkələrin beynəlxalq neft və qaz ticarətində beynəlxalq ticarət qaydalarına müvafiq surətdə iştirakını təmin etməkdir. Cənab prezident, sualım belədir: Siz bölgənizdə qazın beynəlxalq nəqlinin gələcək inkişafını necə təsəvvür edirsiniz və bu gün qaz idxalçısı olan, sabah isə bəlkə də ixracçısı olacaq Azərbaycan bu beynəlxalq qaz nəqlində hansı yeri tuta bilər?
Heydər Əliyev: Sağ olun. Ən əvvəl onu deyim ki, "Sofreqaz" şirkəti Azərbaycanda artıq məşhurdur və dünən mən şad oldum ki, Fransa prezidenti Jak Şirak, bizdə olan məlumata görə, Azərbaycanla əməkdaşlıq edən şirkətlər arasında "Sofreqaz"ın da adını çəkdi və bu işə böyük maraq göstərdi. Mən sizin Azərbaycanla əməkdaşlıq üçün təşəbbüsünüzü alqışlayır və dəstəkləyirəm. Bilirsiniz ki, bir müddət bundan əvvəl mənim fərmanımla "Azəriqaz" Dövlət Şirkəti Səhmdar Cəmiyyətə çevrilmişdir. Bununla da biz şərait yaratmış və təməl qoymuşuq ki, bizim bu sahə özəlləşdirmə yolu ilə daha sürətlə irəliləyə bilsin və təbii olaraq xaricdə müvafiq iqtisadi əlaqələr, məsələn, sizinlə, "Sofreqaz" la əlaqələr yarada bilsin.
Bizimlə əməkdaşlıqda gələcəkdə də mənim köməyimə ümid bəsləyə bilərsiniz. Başlıca niyyət qaz və neft ticarətini beynəlxalq standartlara müvafiq surətdə təşkil etməkdə sizin fəaliyyətinizi yaxşılaşdırmaqdır. Perspektivlərə gəldikdə, bu gün biz qaz idxalçısı deyilik. Doğrudur, indi biz istehlak etdiyimiz qədər qaz çıxarmırıq - ildə təqribən 6 milyard kubmetr qaz istehsal edirik. On il bundan əvvəl 15 milyard kubmetr qaz çıxarırdıq. Malik olduğumuz, istehsal etdiyimiz nə varsa, bizə çatmır. Lakin bununla yanaşı, indi qaz idxalından imtina etmişik. Olanımızla kifayətlənirik. Gələcəkdə qaz ixrac edəcəyik. Bu, şübhəsizdir. İlkin proqnozlara görə, "Şahdəniz" yatağında 500 milyard kubmetr qaz var. Yeri gəlmişkən, "Elf Akiten" həmin yatağın işlənməsinə dair müqavilənin iştirakçısıdır. Bizdə başqa qaz yataqları da var və biz bütün neft yataqlarında çoxlu miqdarda neftlə yanaşı, qaz çıxarırıq.
Biz gələcəkdə qaz ixrac edəcəyik. Bununla yanaşı, sizin bu suallarınız Azərbaycanı qaz və neftin Mərkəzi Asiyadan Avropaya nəql olunması baxımından cəlb edir. Qazaxıstandakı "Tenqiz" yatağından neftin Azərbaycan vasitəsilə Avropaya ixracı sahəsində əməkdaşlığa artıq başlanmışdır.
Belə hesab edirəm ki, Türkmənistanda da qazın Xəzər dənizi və Azərbaycan vasitəsilə ixracının təşkili bütün tərəflər üçün çox faydalı olardı. Zənnimcə, biz buna gəlib çıxacağıq. Buna görə də bu baxımdan geniş imkanlar açılır. Elə "Sofreqaz" şirkəti də bizim müəyyənləşdirdiyimiz proqram üzrə "Azəriqaz" la indi əməkdaşlığa başlamaq haqqında təkcə Azərbaycanda deyil, Qafqazda da, Mərkəzi Asiyada da danışılmış problemlərin həllində çox böyük yer tuta bilər.
Mən sizə uğurlar arzulayıram.
Sual: Ölkənizdə Ticarət-Sənaye Palatası varmı? Mən Sizə demək istərdim ki, Azərbaycanda Ticarət-Sənaye Palatasının yaradılmasına imkan verən şəraiti müvafiq təşkilatlarla və İqtisadiyyat Nazirliyi ilə birlikdə öyrənmək üçün Paris Ticarət-Sənaye Palatası Sizin sərəncamınızdadır.
Heydər Əliyev: Azərbaycanda Ticarət-Sənaye Palatası var, lakin o, sizin malik olduğunuz standartlar səviyyəsinə hələlik, təəssüf ki, çıxmamışdır. Buna görə də təklifinizi minnətdarlıqla qəbul edirəm və evə qayıtdıqdan sonra Azərbaycan Ticarət-Sənaye Palatasına tapşıracağam ki, sizinlə əlaqə yaratsınlar. Fransadakı səfirimizə burada tapşırıram ki, o, bununla məşğul olsun ki, Azərbaycan Ticarət-Sənaye Palatası sizinlə əməkdaşlığın bünövrəsini qoyaraq, sizin təcrübənizdən, tövsiyyələrinizdən istifadə etsin və biz iqtisadi münasibətlərimizi birlikdə genişləndirək.
Bizim səfir məlumat verir ki, bu gün burada Azərbaycan-Fransa Ticarət-Sənaye Palatasının açılış mərasimi olacaqdır.
Soruşuram, nə üçün burada bundan xəbərsizdirlər?
Huber Flano: Cənab prezident, mən bunun cavabını bilirəm- Fransa Xarici İşlər Nazirliyinin keçmiş baş katibi cənab Buarenin təşəbbüsü ilə Fransa-Azərbaycan Assosiasiyası yaradılmışdır. İndi bu assosiasiya Fransa-Azərbaycan Ticarət-Sənaye Palatası adlanmaq istəyir.
Cənab prezident, təşəkkür edirəm. Söhbətimiz başa çatır. Sizə və Sizi müşayiət edən nazirlərə təşəkkürümü bildirirəm ki, hamı bu səhər ziyafətində iştirak etməyə razılıq vermişdir. Hamı razılıq vermişdir ki, Azərbaycan Ticarət-Sənaye Palatası ilə əlaqələr yaradılsın, onun səviyyəsinin yüksəldilməsinə və bu səviyyənin beynəlxalq standartlara çatdırılmasına kömək göstərilsin. Burada kiçik bir vərəqə var. Təəssüf ki, o, fransız dilində yazılmışdır. Lakin bu vərəqədə bizim Ticarət-Sənaye Palatası haqqında, onun strukturları və vəzifələri haqqında məlumat var. Mən sizə bir daha təşəkkür edirəm. Fransaya səfərinizi uğurla başa çatdırmağı arzulayıram. Ümidvaram ki, səfəriniz faydalı və xoş olacaqdır.
Cənab prezident, Sizə təşəkkür edirəm.
Heydər Əliyev: Çox sağ olun.
"Azərbaycan" qəzeti, 16 yanvar 1997-ci il.