Azərbaycan Prezidenti Heydər Əliyevin Dünya Bankının vitse-prezidenti İohanos Linnlə görüşdə söhbətindən - Prezident sarayı, 25 oktyabr 1997-ci il


Hörmətli cənab İohanos Linn!

Sizi müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində salamlamağıma çox şadam. Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluqla söz açaraq əmin olduğumu bildirirəm ki, Sizin respublikamıza səfəriniz bu əlaqələrin daha da möhkəmləndirilməsinə kömək göstərəcəkdir.

İohanos Linn: Hörmətli cənab prezident Heydər Əliyev, səmimi görüşə görə təşəkkür edirəm və Dünya Bankının prezidenti cənab Vulfensonun səmimi salamlarını Sizə çatdırıram. Cənab prezident, cənab Vulfenson məndən xahiş edib bildirim ki, o, sizin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərinizi və onunla keçirdiyiniz görüşü həmişə böyük məmnuniyyətlə xatırlayır.

Cənab Əliyev, Sizin rəhbərliyiniz ilə Azərbaycanda son illər görülən tədbirlərin Dünya Bankı tərəfindən diqqətlə izlənildiyini, respublikanızda iqtisadi islahatların, özəlləşdirmənin müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində qazanılmış böyük uğurlardan məmnun qaldığımızı bildirərək deyirəm: Cənab Prezident, Vaşinqtondakı görüşünüz zamanı cənab Vulfensonun Sizə dediyi kimi, Dünya Bankı Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.

Heydər Əliyev: Nəzərə çarpdırıram ki, Dünya Bankının prezidenti ilə Vaşinqtonda keçirdiyim görüşü məmnunluqla xatırlayıram və bu bankın Azərbaycana göstərdiyi diqqət və qayğıdan razı qaldığımı bildirirəm.

Vurğulayıram ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə Azərbaycanın əlaqələrinin sıxlaşdırılması nəticəsində ölkəmizin iqtisadiyyatının inkişafında və maliyyə vəziyyətinin sağlamlaşdırılmasında böyük uğurlar əldə edilmişdir və deyirəm: Sizin ölkəmizə göstərdiyiniz yardım və əməkdaşlığımızın gedişində verdiyiniz tövsiyələr, təkliflər Azərbaycan üçün çox xeyirli olmuşdur.

Xatırladıram ki, Vaşinqtonda mənimlə görüşü zamanı cənab Vulfenson Azərbaycana əlavə kreditlər də verməyə hazır olduğunu söyləmişdi və deyirəm: Mən Dünya Bankının əlavə kreditlərindən hansı sahələrdə istifadə etmək imkanlarını araşdırıb müvafiq təkliflər hazırlamaq barədə Nazirlər Kabinetinə və nazirlərə lazımi göstərişlər vermişəm.

Dünya Bankı vitse-prezidentinin respublikamıza səfərini müsbət qiymətləndirərək və ölkəmizin iqtisadi inkişafı barədə onun söylədiyi fikirlərdən məmnun qaldığımı bildirərək deyirəm ki, biz Azərbaycanda son illər əldə edilmiş nailiyyətlərlə fəxr etməklə yanaşı, hələ görüləsi işlərin də çox olduğunu bilirik.

Ölkəmizə xarici sərmayələrin fəallıqla gəlməsindən, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün imzalanmış tarixi müqavilələrdən söhbət açarkən nəzərə çarpdırıram ki, "Əsrin müqaviləsi"nin həyata keçirilməsi nəticəsində "Çıraq" yatağında artıq ilk neft hasil edilmişdir. Bildirirəm ki, bu hadisə ilə əlaqədar noyabrın 12-də ölkəmizdə təntənəli mərasim keçiriləcəkdir və mən cənab Linni və cənab Vulfensonu həmin mərasimdə iştirak etməyə dəvət edirəm.

Hasil edilən nefti şimal marşrutu üzrə dünya bazarına çıxaracaq boru kəmərinin istifadəyə verilməsi sahəsində qarşıya çıxan çətinliklərdən də danışmamaq olmaz. Lakin bunlara baxmayaraq fərəhlə bildirirəm ki, oktyabrın 25-də səhər həmin marşrut üzrə neftin nəqlinə başlanmışdır. Rusiyanın "Transneft" Şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti rəhbərləri və hər iki ölkənin digər nümayəndələri bu gün sərhəddə görüşmüşlər və neft artıq ixrac edilmişdir. Eyni zamanda qərb istiqamətində tikilən və Gürcüstan ərazisindən keçən ikinci neft kəmərindən də söhbət açmaq olar.

Bütün bunlar hələ ilk addımlardır. Vurğulayıram ki, bağlanmış tarixi müqavilələrin həyata keçirilməsi ilə əlaqədar görüləcək işlər həm Azərbaycanda, həm də Xəzər hövzəsinin digər ölkələrində yeni bir mənzərə, əhval-ruhiyyə yaradacaqdır.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - XII cild Azərnəşr, Bakı - 1998, səh.378.