Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov ilə görüşdəki söhbətindən - Astana, 9 iyun 1998-ci il


İslam Kərimov: Hörmətli cənab prezident Heydər Əliyev, Sizi səmimiyyətlə salamlayıram və Sizinlə yenidən görüşməkdən məmnun qaldığımı bildirirəm.

Siz zəmanəmizin görkəmli dövlət xadimisiniz. Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin möhkəmbndirilməsində, son illər Gənc Azərbaycan Respublikasının dünya birliyində layiqli yer tutmasında Sizin misilsiz xidmətləriniz var. Sizin rəhbərliyiniz altında Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, iqtisadi islahatlar müvəffəqiyyətli həyata keçirilmiş, bu sahədə əldə olunmuş böyük uğurları xüsusi vurğulamaq istəyirəm. Bu gün Azərbaycanı sizsiz, sizi Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Əmin olduğumu bildirirəm ki, müstəqil Azərbaycan tezliklə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir.

Bölgədə olan ağır bir problemin - Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasını əsas kimi qəbul etməyinizin bölgədə əmin-amanlığın bərpa olunmasında xüsusi əhəmiyyəti vardır. Özbəkistan Azərbaycanın haqq işini dəstəkləyir və bu münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində Lissabon prinsipləri əsasında həllinə tərəfdardır.

Heydər Əliyev: Səmimi sözlərə görə, cənab prezident, sizə təşəkkürümü bildirirəm. Azərbaycan və özbək xalqları arasında gözəl ənənələrə malik tarixi dostluq münasibətlərinin gündən-günə möhkəmləndirilməsindən, ölkələrimizin bütün sahələrdə əməkdaşlığının sürətlə inkişaf etməsindən razı qaldığımı vurğulayıram.

Demokratiya, bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycan və Özbəkistan respublikalarının müstəqilliyi və suverenliyi əbədi və sarsılmazdır. Dost ölkələrimizin əlaqələrinin daha da sıxlaşdırılması sahəsində görülən işlərin böyük əhəmiyyəti vardır.

Bildiyiniz kimi, bizim bölgəmizdə son illər mövcud olan müsbət dəyişikliklərlə yanaşı, ağır problem - Ermənistan-Azərbaycan münaqişəsi də vardır. Biz bu münaqişənin sülh yolu ilə həll olunmasını əsas kimi qəbul etmişik və bu sahədə təşəbbüslər irəli sürmüşük. Məsələnin sülh yolu ilə həll olunmasında ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələnin həll olunmasına çox böyük maraq göstərirlər. Münaqişənin sülh yolu ilə aradan götürülməsi, bölgəmizdə sülhün yaranması Azərbaycan xalqı üçün çox vacib bir problemdir.

Əmin olduğumu bildirirəm ki, Astana zirvə görüşündə müzakirə olunmuş məsələlər türkdilli ölkələrin qarşılıqlı surətdə faydalı əməkdaşlığının möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyacaqdır. Bizim ölkələrimiz arasında yaranmış iqtisadi əməkdaşlıq Özbəkistan-Azərbaycan əlaqələrinin bu günü və gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi əhəmiyyətli rol oynayacaqdır. Sağ olun. Səmimi söhbət üçün təşəkkür edirəm.