Heydər Əliyev: Hörmətli cənab Kalitski, Azərbaycana xoş gəlmisiniz.
Sizinlə hər dəfə görüşlərimiz bizim ümumi işimizə kömək edir. Mən sentyabr ayında Vaşinqtondakı görüşlərimi çox məmnuniyyətlə xatırlayıram. Çox razıyam ki, siz bizi unutmursunuz.
Yan Kalitski: Cənab prezident, sağ olun. Bakıya yenidən qayıtmağımdan məmnunam. Mən də sentyabr ayında Sizin Vaşinqtona etdiyiniz çox uğurlu səfərinizi yaxşı xatırlayıram.
Möhtərəm prezident, Vaşinqtona Sizin səfərinizdən sonra ölkəmizi təmsil edən yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən, səfir Sestanoviçin, səfir Vulfun, general Mayerzin və indi də mənim Azərbaycanı ziyarət etməyim ölkələrimiz arasında ən yüksək səviyyədə formalaşmış münasibətlərə bizim sadiqliyimizin bariz nümunəsidir. Biz Azərbaycan ilə münasibətlərimizə strateji əhəmiyyət daşıyan əlaqələr kimi baxırıq. Azərbaycanı çiçəklənən, müstəqil, demokratik və bu Avrasiya məkanına inteqrasiya olunan və inkişaf edən güclü bir dövlət kimi görmək istəyirik.
Cənab prezident, mən Sizinlə həm Azərbaycanda, həm də Amerika Birləşmiş Ştatlarında dəfələrlə görüşmüşəm. Bu görüşə böyük ümidlərlə gəlmişəm ki, ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən enerji sahəsində əməkdaşlığımızın daha da irəli aparılması, inkişaf etdirilməsi barədə Sizinlə yeni müzakirələr aparaq. Sağ olun.
Heydər Əliyev: Çox sağ olun. Dediyiniz sözlərin hamısını mən təsdiq edirəm. Biz də Azərbaycan olaraq, Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizi strateji əməkdaşlıq əlaqələri hesab edirik. Bilirsiniz ki, bu barədə biz mümkün olan işləri görürük. Doğrudan da sentyabr ayından sonra Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycanda olublar. Biz çox əhəmiyyətli danışıqlar aparmışıq. Güman edirəm ki, hər bir belə görüş öz nəticəsini verməlidir. Danışıqlar danışıq üçün deyil, danışıqlar ona görə aparılır ki, onlardan nəticə əldə edilsin. Ona görə də sizin Azərbaycana gəlməyinizi Amerika Birləşmiş Ştatlarının Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verməsi kimi qəbul edirəm. Güman edirəm ki, bu barədə sizinlə fikir mübadiləsi aparmaq imkanımız olacaqdır.