İpək yolu üzərində yerləşən ölkələrin regional əməkdaşlığının zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 8 sentyabr 2000-ci il


Hörmətli senator Sem Braunbək!

Hörmətli həmkarlar!

Xanımlar və cənablar!

Bu gün biz möhtəşəm bir proqramın - Böyük İpək yolunun bərpası proqramının əməli surətdə gerçəkləşdirilməsindən söhbət gedən çox mühüm bir hadisədə iştirak edirik. Biz, dövlət xadimləri, siyasətçilər, şübhəsiz, o cümlədən də mən, yəqin ki, bu problemin daha çox siyasi-iqtisadi cəhətindən danışa bilərik, nəinki elmi-texniki cəhətindən. Bu barədə burada kifayət qədər danışıldı və yəqin ki, başqa natiqlər də danışacaqlar.

Böyük İpək yolu keçmişdə bəşər sivilizasiyasının inkişafında, həqiqətən, çox böyük rol oynamışdır. Bizim əsrimizdə, artıq XX əsrin sonunda isə bəşəriyyət Böyük İpək yolu ideyasına, yəni, Qərblə Şərq arasında çox mühüm nəqliyyat kommunikasiyası kimi Böyük İpək yolunun bərpası ideyasına yenidən müraciət etmişdir. Bununla əlaqədar mən mübaliğəsiz bildirməliyəm ki, biz - Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bu işdə, necə deyərlər, əvvəldən çox fəal iştirak etmişik. Ona görə ki, Cənubi Qafqazda və Mərkəzi Asiyada Sovetlər İttifaqının süqutundan sonra müstəqilliyə qovuşan ölkələrdə, bir tərəfdən, çox ciddi problemlər meydana çıxmış, digər tərəfdən isə onlar üçün son dərəcə böyük imkanlar açılmışdır. Məsələn, bizim üçün bu, Xəzər dənizinin enerji ehtiyatlarından fəal istifadə etməkdən və karbohidrogen xammalını Xəzər hövzəsindən başqa ölkələrə, beynəlxalq bazarlara nəql etməkdən ibarətdir.

Xəzər hövzəsindəki çox zəngin neft və qaz ehtiyatlarının mənimsənilməsinin təşəbbüsçüsü məhz Azərbaycan olub və hələ 1994-cü ildə "Əsrin müqaviləsi" adlandırılan çox iri müqavilə imzalanmışdır. İndi Xəzər dənizinin Azərbaycan sektorundakı işlərə 30-dək iri neft şirkəti cəlb edilmişdir. Bağlanmış müqavilələrə əsasən onlar 30 il ərzində 60 milyard Amerika dollarından artıq məbləğdə sərmayə qoymalıdırlar.

Biz artıq iki neft kəməri - Rusiya ərazisi ilə Qara dəniz sahilinədək Bakı-Novorossiysk və Gürcüstanın Qara dəniz limanına qədər Bakı-Supsa kəmərlərini çəkmişik və onlarla neft ixrac edirik. Lakin indi biz çox iri Bakı-Tbilisi-Ceyhan boru kəmərini yaratmaq haqqında qərar qəbul etmişik və bu kəmərlə gələcəkdə hər il azı 50-60 milyon ton neft ixrac ediləcəkdir. Ancaq təbii ki, gələcəkdə başqa marşrutlar da tələb olunacaqdır. Bu, özlüyündə Böyük İpək yolu proqramının bir hissəsidir.

Amma biz təkcə bununla kifayətlənmirik. Mən mübaliğəsiz deyə bilərəm ki, Gürcüstanın prezidenti, dostum cənab Eduard Şevardnadze və Azərbaycanın prezidenti Böyük İpək yolunun bərpası haqqında 1998-ci ilin sentyabrında Bakıda mötəbər beynəlxalq konfrans çağırılmasının təşəbbüsçüləri olmuşlar.

Bu konfransda Yaponiyadan başlayaraq, Avropanın ən ucqar ölkəsinədək dünyanın 32 dövlətinin nümayəndələri və 14 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirdilər. Biz bu məsələni ətraflı müzakirədən keçirib sənəd qəbul etdik. Sənədi 12 ölkə - bu İpək yolunun mərkəzi hissəsində, yəni, Mərkəzi Asiyada, Cənubi Qafqazda yerləşən ölkələr, Rumıniyadan başlayaraq, Avropa ölkələri və digər ölkələr imzaladılar.

Bu konfrans öz rolunu oynadı. Mən hesab edirəm ki, bu konfransın nəticələrinə əsasən gələcəkdə çox işlər görüləcəkdir.

Ancaq qeyd etmək xoş idi ki, Amerika Birləşmiş Ştatlarında senator cənab Sem Braunbək bu mövzuya çox fəal qoşuldu və deməliyəm, çox çətinlikləri dəf edərək, Böyük İpək yolu proqramını irəli sürdü və layihə hazırladı ki, Amerika Senatı bu məsələyə - ümumiyyətlə, xüsusən də haqqında burada çox yaxşı danışılan sistemin yaradılması üçün, şübhəsiz, böyük əhəmiyyəti olan məsələyə dair qanun qəbul etsin.

Biz bu məsələdə senator cənab Sem Braunbəki fəal dəstəkləyirdik və qanun hazırlandı, çox şadıq ki, Amerika Senatı onu nəhayət, qəbul etdi. İndi bu qanun əsasında özü də ilk növbədə, telekommunikasiyalar və "Silk sat" proqramı sahəsində işlər genişlənir.

Mən köhnə dostum, görkəmli alim, bu çox böyük layihənin müəllifi cənab Saqdeyevi alqışlayıram. Xatirimdədir, bir neçə il öncə o, Azərbaycanda, eləcə də başqa ölkələrdə olmuş və zənnimcə, bu ideyanı irəli sürmüşdü. İndi bu ideya artıq qəbul edilmişdir və biz fəal surətdə onun həyata keçirilməsinə başlayırıq.

Əlbəttə, mən Amerika Senatının qəbul etdiyi qanunu alqışlayıram. Amma təəssüfləndiyimi deməyə bilmərəm ki, Konqresdə məhz bu qanun layihəsi haqqında məsələnin müzakirəsi zamanı Azərbaycan barəsində yenə ədalətsizlik göstərilmişdir. Axı, paradoksal haldır ki, Böyük İpək yolunun bərpasının təşəbbüskarlarından biri olan Azərbaycan Konqresin 1992-ci ildə qəbul etdiyi 907-ci maddəyə əsasən bu layihənin və ya digər layihələrin həyata keçirilməsi üçün yardımdan yenidən, növbəti dəfə məhrum edilmişdir. Amerika Birləşmiş Ştatları Konqresinin Azərbaycan barəsində bu ayrı-seçkilik aktı bəzi konqresmenlərin ən subyektiv mülahizələrinə əsasən, guya Azərbaycanın Ermənistanı blokadaya alması ilə əlaqədar qəbul edilmişdir. Halbuki, Amerika Birləşmiş Ştatlarının hökuməti dəfələrlə bəyan etmişdir ki, bu ayrı-seçkilik aktı - 907-ci maddə ləğv olunmalıdır. Amma, təəssüflər olsun ki, bunun üçün əməli tədbirlər görülməmişdir.

Senator cənab Sem Braunbəkin təqdim etdiyi qanunda nəzərdə tutulan müddəalar Böyük İpək yolu haqqında qanun layihəsinin, Amerika Birləşmiş Ştatları Senatının qanun layihəsinin həyata keçirilməsi Azərbaycan üçün 907-ci maddədən yan keçməyə imkan verirdi, o mənada ki, Azərbaycan bu proqramın gerçəkləşdirilməsində bərabər hüquqlardan istifadə edəcəkdi. Amma bəzi senatorlar, konqresmenlər Azərbaycan barəsində yenə də ədalətsizlik etdilər, ayrı-seçkiliyə yol verdilər.

Azərbaycan həmin layihədə yeganə respublikadır ki, bu qanun layihəsinə əsasən Böyük İpək yolunun üstündə yerləşən ölkələrə Amerika Birləşmiş Ştatlarının göstərməli olduğu yardımdan məhrum edilmişdir.

Əlbəttə, bu, məni məyus edir, kədərləndirir. Buna baxmayaraq, biz ruhdan düşmürük. Biz senator Sem Braunbəkin bu barədə təşəbbüsünü və dünyanın görkəmli alimlərinin burada təqdim etdikləri layihəni indi də fəal dəstəkləyirik. Hər halda, ümidvaram ki, senator Sem Braunbək haqq-ədalət uğrunda və 907-ci maddənin Azərbaycan barəsində ayrı-seçkilik salan müddəasının aradan qaldırılması uğrunda mübarizəsini davam etdirəcəkdir.

Azərbaycan mərkəzi mövqedə yerləşir. Burada bəzi slaydlar nümayiş etdirildi. Hər şeydən göründüyü kimi, Xəzər dənizi bu layihəni əhatə edən Böyük İpək yolunun mərkəzindədir. Azərbaycan isə məhz Qafqazın da, Xəzər dənizinin də ən mühüm strateji regionunda yerləşərək, Avropanı Asiya ilə, Qərbi Şərqlə birləşdirir.

Ona görə də bu çox mühüm layihənin həyata keçirilməsində Azərbaycanın rolu, şübhəsiz, olduqca böyükdür. Biz üzərimizə düşən missiyanı yerinə yetirmək üçün hər şeyi edəcəyik. Bu gün mən Amerika Birləşmiş Ştatlarının Konqresini və Amerika Birləşmiş Ştatlarının hökumətini bir daha Azərbaycan barəsində ayrı-seçkilyi aradan qaldırmağa və ədalətsiz 907-ci maddənin ləğvinə nail olmağa çağırıram.

Mən bugünkü müzakirədə iştirak etməyimə şadam. Sizin hamınızı salamlayıram və bu layihəyə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.