Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT İnkişaf Proqramının rəhbəri Ceyms Qustav Spetin Sumqayıtda qarşılanması mərasimində çıxışı - 2 iyun 1996-cı il


Əziz sumqayıtlılar!

Əziz həmvətənlər!

Mən sizin hamınızı ürəkdən salamlayıram və Azərbaycanın gözəl guşələrindən biri olan Sumqayıt şəhərində bu gün olmağımdan çox məmnun qaldığımı bildirirəm. Sizə səmimi qəlbdən salamlarımı, hörmət və ehtiramımı çatdırıram.

Sumqayıt şəhəri Azərbaycan Respublikasının gənc şəhərlərindən biridir. Qısa dövrdə - 50 ildən az bir zamanda Sumqayıt böyük bir şəhərə, sənaye, mədəniyyət mərkəzinə çevrilibdir. Bizim üçün ən əhəmiyyətlisi, əziz olanı odur ki, Sumqayıtda Azərbaycanın bütün guşələrindən, şəhərlərindən, bölgələrindən vətəndaşlarımız toplaşıblar, məskunlaşıblar, burada bir ailə sumqayıtlılar ailəsi qurublar.

Sumqayıt şəhəri bütün Azərbaycanı təmsil edir. Azərbaycanın hər yerindən bu şəhərdə yaşayanlar var. Azərbaycanın elə bir guşəsini tapmaq olmaz ki, oradan gəlmiş bacılarımız, qardaşlarımız - vətəndaşlarımız bu şəhərdə yaşamasın. Bu, Sumqayıtın xüsusiyyəti, əhəmiyyətidir. Ona görə də Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşəsidir.

Azərbaycan Respublikasının burada məskunlaşmış vətəndaşları - özlərini sumqayıtlı adlandıran bütün sakinləri keçmiş onilliklər ərzində bu şəhəri qurub-yaradıblar və onu bu gözəl səviyyəyə gətirib çatdırıblar. Sumqayıtın gözəl yaşayış binaları, mədəniyyət sarayları, məktəbləri, xəstəxanaları, sənaye müəssisələri və məni ən çox sevindirən yaşıllığı - bu qısa müddətdə yüksək zirvələrə çatmış ağaclar, yaşıllıqlar - bu şəhəri Azərbaycanın gözəl bir guşəsi edibdir.

Bəzən deyirlər ki, Sumqayıt ölü bir şəhərdir. Mən bununla razı deyiləm. Yalan fikirdir. Sumqayıt qəhrəmanlar, gözəl insanlar şəhəridir. Sumqayıt sizin şəhərinizdir. Burada siz yaşayırsınız, böyümüsünüz, əziyyət çəkmisiniz. Siz Azərbaycanın sənayesini, mədəniyyətini, ölkəmizin həyatını burada inkişaf etdirirsiniz.

Siz gözəl insanlarsınız. Mən sizin hər birinizə baxdıqca ürəyim dağa dönür, sevinirəm. Burada yaşayanların yaşlısı da, cavanı da, körpəsi, uşağı da, qadını, kişisi də - hamısı gözəldir, qəhrəmandır, cəsarətlidir. İndi Azərbaycan müstəqil dövlət kimi yaşayaraq, öz müstəqilliyini möhkəmləndirərək hər bir vətəndaşın dayağına, iradəsinə söykənir.

Azərbaycanın prezidenti kimi mən isə bütün xalqımızın dəstəyinə, dayağına, iradəsinə, etimadına söykənirəm, əziz sumqayıtlılar, sizin etimadınıza, dəstəyinizə söykənirəm. İki ildən bəri işlənib hazırlanan və artıq başa çatan sənəd Sumqayıt şəhəri sənaye kompleksinin inkişaf etdirilməsi, bu şəhərin azad iqtisadi zonaya çevrilməsi proqramı müzakirə ediləcək və bu münasibətlə lazımi sənədlərin, hazırlanmış kitabın təqdimatı olacaqdır. Bu proqramları hazırlamaq üçün bizə yaxından kömək edən, dəstək verən bizimlə bərabər işləyən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri cənab Spet və onunla bərabər BMT-nin nümayəndə heyəti buraya gəlibdir.

Mən BMT-ni, onun baş katibi cənab Butros Butros-Qalini və bu təşkilatın Azərbaycana gəlmiş nümayəndə heyətini, bu heyətin başçısı cənab Speti sumqayıtlılar adından sizin adınızdan ürəkdən salamlayıram. Demək istəyirəm ki, bu gün Sumqayıtın həyatında yeni bir mərhələ açılır. Sumqayıt indiyədək əldə etdiyi nailiyyətlərlə fəxr edə bilər. Sumqayıtın həyatında itirdiklərimizə, buraxılmış səhvlərə də bu gün biz çox heyfsilənirik. Amma eyni zamanda Sumqayıtda yaradılmış böyük istehsal, işçi qüvvəsi potensialı, böyük intellektual, mühəndis-texniki potensial, ən əsası isə burada yüksəlmiş bilik, mədəniyyət səviyyəsi, sumqayıtlıların işgüzarlığı, qəhrəmanlığı buranı daha gözəl şəhərə çevirmək, onun iqtisadiyyatını daha da inkişaf etdirmək, sakinlərə, vətəndaşlara gözəl həyat tərzi təmin etmək, onların rifah halını yaxşılaşdırmaq üçün çox böyük əsas yaradır.

Bu gün biz bu proqramı burada müzakirə edəcəyik. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu proqram uğurlu olacaqdır.

Sumqayıtın həyatında açılan yeni mərhələ bu şəhəri böyük gələcəyə aparacaqdır. Sumqayıt günü-gündən inkişaf edəcək, gözəlləşəcək, yüksələcəkdir. Bunlar hamısı birinci növbədə insanlar üçün, Azərbaycan xalqı, vətəndaşları üçündür, əziz bacılar və qardaşlar, əziz sumqayıtlılar, sizin üçündür. Biz də sizin üçün çalışırıq. Bu proqram da sizin doğma proqramınızdır. Biz bunları müzakirə edəcəyik və mən bu münasibətlə buraya gəlmişəm.

Mən bugünkü görüşlərimdən çox məmnunam. Küçələrdə, meydanlarda sumqayıtlıların xoş əhval-ruhiyyəsini görərkən mən sevinirəm. Əziz bacılar və qardaşlar, mən bilirəm ki, sizin gününüz о qədər də firavan deyil. Həyatınızda çətinliklər var. Maddi iqtisadi vəziyyətiniz istənilən səviyyədə deyil, bəzən də ağır vəziyyətdədir.

Bunlar hamısı məlumdur. Sumqayıtda on minlərlə qaçqın yaşayır. Yerindən-yurdundan didərgin düşmüş, torpaqlarını, evini-eşiyini qoyub gəlmiş, varını-yoxunu itirmiş qaçqınlar burada ağır vəziyyətdə yaşayırlar. Bunların hamısı məlumdur. Mən bunları bilirəm. Mənim ürəyim daim sizinlədir, xüsusilə burada yaşayan qaçqınlarla, köçkünlərlədir, qohumlarını, qardaşlarını, bacılarını itirmiş adamlarladır. Mən sizin bu vəziyyətinizi bilirəm, bu vəziyyətiniz məni daim düşündürür. Sizi və bütün Azərbaycan xalqını bu vəziyyətdən çıxarmağa çalışırıq. Mən əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm. Buna tam əmin ola bilərsiniz.

Bütün bunlara baxmayaraq - qaçqınların, köçkünlərin çoxunun ağır vəziyyətdə yaşamasına baxmayaraq, bu gün Sumqayıtın əhalisinin demək olar ki, hamısı küçələrə, meydanlara çıxıb, hamısı xoş əhval-ruhiyyədədir, sevinir, hamısında nikbin sima var. Bütün bunlar millətimizə, Azərbaycan xalqına xas olan xüsusiyyətlərdir, xalqımızın milli ənənəsidir. Bu xüsusiyyət ağır günlərdə bizi həmişə saxlayıb, bu gün də saxlayacaqdır və gələcəkdə də uğurla saxlayacaqdır.

Bu xoş əhval-ruhiyyənizə, nikbinliyinizə, Azərbaycan xalqının milli mənafeyini hər şeydən üstün tutduğunuza görə, müstəqil dövlətimizin möhkəmləndirilməsi üçün hər bir əzab-əziyyətə, cəfaya dözdüyünüzə görə mən sizin hamınıza təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.