Çikaqo əmtəə-xammal birjasında toplaşanlar qarşısında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 5 avqust 1997-ci il


Hörmətli cənab prezident!

Hörmətli xanımlar və cənablar!

Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim nəticəsində burada - Çikaqoda sizin çox əzəmətli birjanı ziyarət etmək mənim üçün əlamətdar hadisədir.

Biz - uzun illər sosialist sistemi, quruluşu olan bir ölkədə yaşamış adamlar keçmiş illərdə bəzən televiziyada, yaxud kino ekranlarında belə birjaları görəndə həm təəssüflənir, həm də bunu qəribə hadisə kimi qəbul edirdik. Çünki qapalı ölkədə, öz valyutası, maliyyə sistemi dünya valyutaları, maliyyə sistemləri ilə bağlı olmayan və onlardan tamamilə fərqli olan bir ölkədə, tamamilə başqa bir maliyyə, iqtisadiyyat sistemi olan ölkədə uzun illər yaşadığımıza görə bunlar, yəni sizin birja kimi müəssisələr bizim üçün çox yad idi.

Yalnız dövlət müstəqilliyi əldə edəndən sonra, öz ölkəmizin, iqtisadiyyatımızın, maliyyəmizin, sərvətlərimizin sahibi olandan və dünyaya açılandan sonra Amerika Birləşmiş Ştatlarında, digər sərbəst ölkələrdə olan maliyyə sisteminin və onun birja kimi böyük müəssisələrinin nə qədər əhəmiyyətli olduğunu dərk etməyə başlamışıq.

Biz ölkəmizdə iqtisadiyyatı bazar iqtisadiyyatı sistemi əsasında qurururuq və inkişaf etdiririk, bunu tətbiq edirik. Geniş miqyasda özəlləşdirmə aparır, sahibkarlığı genişləndirir, xüsusi mülkiyyəti bərqərar edirik. Bunlar hamısı müstəqil Azərbaycan Respublikasının bank-maliyyə sistemində çox ciddi islahatlar keçirməyin zəruri olmasına gətirib çıxarıbdır. Ona görə də biz dünya təcrübəsindən, o cümlədən Amerika Birləşmiş Ştatlarının çox böyük təcrübəsindən istifadə etməyə çalışırıq. Bu sahədə çox işlər görmüşük və bunların müsbət nəticələri var. Ancaq bundan sonra daha çox işlər görməliyik, məsələn, sizin bu birja kimi bir birja yaratmalıyıq. Bu barədə qanun, qərarlar qəbul etmişik, mən lazımi fərmanlar vermişəm, indi əməli iş görürük. Odur ki, sizin təcrübəniz bizim üçün çox əhəmiyyətlidir, məhz buna görə də mən burada, Çikaqoda olarkən sizin birjanı ziyarət etməyi çox vacib bildim.

Verdiyiniz məlumatlara görə təşəkkür edirəm. Buradan sizin birjanın mənzərəsini seyr edərkən insan həqiqətən çox heyrətə gəlir. Bu, bizim üçün indiyə qədər tanış olmayan bir hadisədir. Yenə də deyirəm, televiziya ilə görəndə buna ekzotik bir hal kimi baxırdıq. Amma görün, bunun nə qədər böyük əhəmiyyəti var. Siz deyirsiniz ki, bir gündə burada 750 milyard dollar satılır-alınır. Bunu təsəvvür etmək mümkün deyildir. Sizin sistemin - sərbəst maliyyə, iqtisadiyyat sisteminin üstünlüyü bundan ibarətdir.

Siz Azərbaycanda gedən işlər və mənim fəaliyyətim haqqında çox xoş sözlər dediniz. Sizə təşəkkür edirəm. Eyni zamanda məmnunam ki, burada - Amerikada, Çikaqoda siz Azərbaycanda gedən işləri bilir və onları qiymətləndirirsiniz. Bu da məni çox sevindirir. Siz Azərbaycanın təbii sərvətləri, iqtisadi potensialı haqqında, xüsusən bizim zəngin neft sərvətlərimiz haqqında danışdınız. Doğru buyurdunuz, keçmişdə biz bu təbii sərvətlərdən istədiyimiz kimi istifadə edə bilmirdik, çünki Sovet İttifaqı kimi bir dövlətin tərkibində idik. İndi biz bu sərvətlərin sahibiyik, onlardan özümüz istədiyimiz kimi istifadə edirik. Qısa bir müddətdə - iki il yarımda biz doqquz böyük müqavilə, o cümlədən Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri ilə müqavilələr imzalamışıq. Bunların hamısının çox böyük gələcəyi var. Ona görə də sizin indi verdiyiniz məlumatlar və birjanın nə qədər böyük əhəmiyyətə malik olması bizim üçün çox dəyərlidir.

Bu işləri biz hələ sizdən öyrənməliyik. Biz neft hasil etməyi bilirik. Xəzərdə neft yataqlarının hamısını biz kəşf etmişik. Dünyanın böyük neft şirkətləri ilə müştərək iş görülməsini də bilirik və bu işə başlamışıq. Amma bu imkanlardan birjalarda istifadə etməyi hələ yaxşı bilmirik. Siz bunları bizə öyrətməli, bütün sirləri öyrətməlisiniz. Bu sirləri biləndən sonra biz öz böyük neft sərvətlərimizlə gəlib bu birjada qiymətləri qaldıracağıq. Bizə öyrədərsiniz, Meksikanın gördüyü işdən biz də görərik. Bəlkə sizinlə əməkdaşlıq etsək ondan da yaxşı nailiyyətlər qazanarıq.

Mən sizə çox təşəkkür edirəm. Həmkarlarımın da burada gördükləri mənzərə həddindən artıq güclü təsir bağışlayır. Amma bunun içində nə var, - hələ o qədər də bilmirik. Bunu öyrənməliyik, amma bir günə öyrənmək olmaz. Ona görə sizinlə daimi əlaqə qurmaq, məsləhətlərinizi almaq istəyirik. Bizim Milli Bankın sədri, maliyyə naziri, iqtisadiyyat üzrə müşavirim buradadır. Onların hamısına göstəriş verirəm ki, sizinlə sıx əlaqə saxlasınlar, öyrənsinlər. Güman edirəm, belə şeyi birinci dəfədir görürsünüz, elədirmi?

Çox sağ olun, təşəkkür edirəm.

Çikaqo birjası ilə tanışlıqdan məmnun qaldığımı bir daha bildirirəm. Cənab Santner, Sizi Azərbaycana dəvət edirəm.

"Azərbaycan" qəzeti, 8 avqust 1997-ci il