Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Bankının prezidenti Ceyms Vulfinson ilə görüşdə söhbətindən - Vaşinqton, 31 iyul 1997-ci il


Hörmətli cənab Vulfinson!

Sizə məlum olduğu kimi mən prezident Bill Klintonun dəvəti ilə ABŞ-a rəsmi səfərə gəlmişəm və səfərin uğurla davam etməsindən məmnunam.

Bugünkü görüşümüzdə daha çox son illərdə Azərbaycanda iqtisadi sahədə görülən işlərdən söhbət açmaq istəyirəm. Deməliyəm ki, biz iqtisadiyyatımızı bazar münasibətlərinin prinsiplərinə uyğun olaraq yenidən qururuq. Bundan ötrü genişmiqyaslı islahatlar proqramı həyata keçirilir, müvafiq qanunvericilik bazası yaradılmışdır. Torpaq islahatı haqqında radikal qanun qəbul edilmişdir və onun reallaşdırılması üçün ardıcıl iş gedir. Özəlləşdirmə getdikcə vüsət alır və bu prosesdə respublikamızın vətəndaşları ilə yanaşı, xarici ölkələrin iş adamları da iştirak edə bilərlər.

Son illərdə Azərbaycanda maliyyə sabitliyi sahəsində də uğurlarımız vardır. Əgər 1994-cü ildə ölkədə inflyasiyanı cilovlamaq mümkün deyildisə və onun sürəti 1800 faizə çatmışdısa, görülmüş ciddi tədbirlər nəticəsində bu göstərici sonrakı ildə 85 faizə, 1996-cı ildə isə 6,5 faizə endirildi. 1997-ci ilin birinci yarısının yekunlarına əsasən isə Azərbaycanda inflyasiyanın sürəti sıfır həddindədir. ABŞ dollarına nisbətdə milli valyutanın - manatın məzənnəsi 10 faiz artmışdır.

Ceyms Vulfinson: Xatırladıram ki, Azərbaycan çox zəngin tarix və mədəniyyət abidələri olan bir ölkə kimi də tanınır. Bunların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması bəşəri əhəmiyyətli məsələdir. Ona görə Dünya Bankı bu sahənin maliyyələşdirilməsi barədə də düşünür və ayrılan kreditlərin müəyyən hissəsinin bu sahəyə yönəldilməsini təklif edir.

Heydər Əliyev: Cənab Vulfinson, bəşər sivilizasiyasının inkişafına böyük töhfələr vermiş xalqımızın tarix və mədəniyyət abidələrinin qorunmasına göstərdiyiniz böyük qayğıya görə Sizə minnətdarlığımı bildirirəm və sizin təklifinizi yüksək qiymətləndirirəm.

Cənab Vulfinson, mən Sizi - Dünya Bankının nüfuzlu rəhbərini Azərbaycana səfərə dəvət edirəm.

"Azərbaycan" qəzeti, 7 avqust 1997-ci il