Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO-nun) üzvü olan ölkələrin dövlət və hökumət basçılarının və zirvə görüşündə iştirak etmək üçün İran İslam Respublikasına yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 9 iyun 2000-ci il


Sual: Cənab Prezident, Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinə kömək edən bu cür görüşlərdə iştirakınızı necə qiymətləndirirsiniz?

Cavab: Mən bunu həmişə yaxşı qiymətləndirmişəm. Mən Azərbaycanın nəinki iqtisadi sahədə, bütün sahələrdə əlaqələrinə kömək edən hər bir görüşü qiymətləndirirəm və belə görüşlərdə Azərbaycanın, xüsusən Azərbaycan prezidentinin iştirak etməsini də ən vacib məsələlərdən biri hesab edirəm. Ona görə də mən həmişə belə beynəlxalq, yaxud regional görüşlərə gedirəm və orada Azərbaycanın mövqelərini müdafiə etməyə çalışıram.

Sual: Cənab Prezident, EKO Təşkilatının işini fəallaşdırmaq üçün Azərbaycanın hansı təklifləri vardır?

Cavab: Təklifimi orada deyəcəyəm, eşidərsiniz.

Sual: Cənab Prezident, Transxəzər qaz kəməri ilə əlaqədar Siz Türkmənistan prezidenti ilə görüşəcəksinizmi?

Cavab: Türkmənistan prezidenti və yəqin ki, görüşəcəyəm. Ancaq Transxəzər qaz kəməri bizim işimiz deyildır. Türkmənistan öz qazını Türkiyəyə satmaq istəyir. Azərbaycan burada tranzit ölkəsidir. Ona görə də, ola bilər, biz bu məsələyə razı olaq və ya razı olmayaq. Amma yenə, qazı satan Türkmənistandır, alan da Türkiyədir, əgər Türkmənistan satırsa, Türkiyə də alırsa, bizdən xahiş ediblər ki, bu qaz kəmərinin Azərbaycandan, Xəzər dənizindən keçməsinə razılıq verək, biz də buna razılıq vermişik. Bu onların işidir. Amma bu məsələ gecikibdir. Bunu kim gecikdirir? Onlar gecikdirirsə, bu onların öz işidir. Azərbaycanın bu barədə təşəbbüs göstərməyinin heç bir əhəmiyyəti yoxdur. Amma onlar bu məsələni nə vaxt həll etmək istəsələr, söz vermişik ki, biz bu sahədə əməkdaşlıq edəcəyik.

Sual: Cənab Prezident, Siz Mahir Cavadov məsələsinə toxunmusunuz. Bu səfəriniz zamanı onunla bağlı bir məsələ müzakirə edəcəksinizmi?

Cavab: Bilirsən, Mahir Cavadov elə bir səxs, adam deyildir ki, mən onu müzakirə edim. Srağagün mən bu məsələyə ona görə toxundum ki, 1995-ci ildə Mahir Cavadovla birlikdə Azərbaycanda dövlət çevrilişinə cəhd göstərən Avstriya vətəndaşı Kənan Gürəl o vaxt həbs olunmuşdu. Mən onu əfv etdim. Bir müddət deyirdilər ki, o xəstədir. Sonra Avstriya hökuməti, burada Avstriyanı təmsil edən Almaniya səfiri də bizə bir neçə dəfə müraciət etmişdi. Amma ən əsası odur ki, Kənan Gürəli bir neçə dəfə mənə müraciət yazıbdır. Yazıbdır ki, mən səhvimi başa düşmüşəm, səhv etmişəm, məni bağışlayın. Yəni o, əfv olunmağı barədə bir neçə dəfə müraciət yazıbdır. Mən də onun müraciətini, eyni zamanda Avstriya hökumətinin öz vətəndaşlarına göstərdiyi münasibəti nəzərə alaraq onu əfv etdim. Mən Kənan Gürəli əfv etdikdən sonra Almaniya səfiri ilə görüşümdə dedim ki, görürsünüz, Avstriya kimi mütərəqqi, demokratik bir ölkə aparıb cinayətkara sığınacaq verdi, amma Azərbaycanın dövlətçiliyinə qəsd edən, çevrilişə cəhd göstərən, Azərbaycan prezidentinə terror etmək istəyən adamı biz indi burada əfv edirik. Görün, humanistlik harada daha çoxdur.

Sual: Cənab Prezident, ayın 28-də Azərbaycanın Avropa Şurasına qəbulu məsələsinə baxılacaqdır. Avropa Şurasına qəbul olunmaq Azərbaycana nə verə bilər?

Cavab: Ay qardaş, ay oğul, biz üç ildir ki, orada namizədik. Üç ildir söhbət gedir ki, biz bu şuraya üzv qəbul olunaq. Əgər bu bir şey verməyəcəksə, onda biz üç ildir niyə belə can qoyuruq, cəfakeşlik edirik? Təbiidir ki, bu, Azərbaycana çox şey verəcəkdir. Çünki biz Avropa ölkəsiyik, Avropa qitəsində yerləşirik. Avropa dəyərləri Azərbaycanda bizim milli-mənəvi dəyərlərimizlə bərabər, necə deyərlər, kök salıbdır. Amma mən onu da xüsusi bildirmək istəyirəm ki, Azərbaycan xalqının öz tarixi, öz milli mədəniyyəti, mentaliteti, milli-mənəvi dəyərləri vardır. Biz hansısa bir ölkəyə xoş gəlmək üçün bu milli-mənəvi dəyərlərimizdən heç vaxt imtina edə bilmərik. Eyni zamanda, dünyada ümumbəşəri dəyərlər vardır. Azərbaycan olaraq biz, xalqımız bu il yox, keçən il yox, hələ XIX əsrdən ümumbəşəri dəyərlərə tədricən - böyük sürətlə olmasa da baslamışıq. Artıq XX əsrdə bu ümumbəşəri dəyərləri öz milli-mənəvi dəyərlərimizlə sintez edərək, Azərbaycanda xüsusi bir əxlaqi-mənəvi dəyərlər forması yaratmışıq. Biz həm Avropa qitəsindəyik, həm də ümumbəşəri Avropa dəyərlərindən bəhrələnirik, demokratiya, hüquq, bazar iqtisadiyyatı yolu ilə gedirik. Ona görə də nə üçün biz bu təşkilatdan kənarda qalaq? Onlar da istəyirlər ki, biz bu təşkilatda olaq. Çünki onlar istəyirlər ki, bütün Avropanı əhatə etsinlər. Biz də bunu istəyirik. Amma bu nə verəcək - onu gələcək göstərəcəkdir.

Sual: Cənab Prezident, Təbrizdə Azərbaycan konsulluğunun açılması məsələsini İranda müzakirə edəcəksinizmi?

Cavab: Bilirsiniz ki, biz bu məsələni çoxdan qaldırmısıq. Amma nə olacaq - onu deyə bilmərəm.

Sual: Cənab Prezident, ikitərəfli görüşlərinizdə Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktı məsələsi barədə müzakirələr aparacaqsınızmı?

Cavab: Bilirsiniz ki, mən ATƏT-in İstanbul zirvə görüşündə Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktı barədə təklif irəli sürmüşəm. Ondan sonra Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl də təxminən bu fikirlərlə əlaqədar səkkiz ölkəyə məktublar göndərmişdi ki, Qafqazda Sülh, Təhlükəsizlik və Əməkdaşlıq Paktı olsun. Biz bunun təşəbbüskarıyıq. Ancaq onu həyata keçirmək bir çox şərtlərdən, birinci növbədə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırımasından asılıdır. Əgər bunlar mümkün olarsa, Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktını yaratmaq mümkündür.

Sual: Cənab Prezident, Ermənistan - Azərbaycan münaqişəsi məsələsi orada qaldırıacaqmı?

Cavab: Bilirsiniz ki, biz Ermənistan - Azərbaycan münaqişəsi məsələsini hər yerdə qaldırırıq və qaldırmalıyıq. Ümumiyyətlə, Azərbaycan təmsilçilərinin, o cümlədən siz jurnalistlərin ən böyük çatışmazlığı ondan ibarətdir ki, Azərbaycan Ermənistanin təcavüzü altına düşübdür, torpaqlarımızın 20 faizi işğal edilibdir, bir milyondan çox azərbaycanlı öz ölkəsindən qaçqın düşübdür, ağır şəraitdə yaşayır, ancaq Azərbaycanın bu vəziyyəti dünyada hələ indiyə qədər oldugu kimi məlum deyildir. Ermənistan təbliğatı güclüdür, əlbəttə ki, Ermənistanın imkanları da çoxdur, çünki onların hər yerdə lobbiləri vardır. Amerikada oturan ermənilər hər gün müzakirə edirlər ki, Daglıq Qarabağ necə olacaq, Ermənistan necə olacaq? Ermənistanin rəhbərləri bunu heç o qədər müzakirə etmirlər, amma Amerikada, Fransada, başqa ölkələrdə, elə Moskvada oturan ermənilər bunu edirlər. Bu münaqişə hələ ki, həll olunmayıbdır, ona görə də bu mövzu çox aktual, vacib mövzudur. Bu məsələni heç vaxt unutmaq olmaz və kiçikdən böyüyə qədər hami - jurnalist də, dövlət məmuru da, yaxud dövlət xadimi də, siyasi xadim də - kim olursa-olsun, bu məsələni hər yerdə, həmişə deməlidir ki, nəhayət, dünya ictimaiyyəti obyektiv məlumat ala bilsin.

Sual: Cənab Prezident, İrana nə vaxt rəsmi səfər edəcəksiniz?

Cavab: Baxaq, görək.

Sual: Cənab Prezident, İranda yasayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ Azərbaycan - İran münasibətlərində əks olunubmu? Vilayət Quliyev Amerikada səfərdə olarkən bu barədə bəyanat vermişdi.

Cavab: Bilirsiniz, Vilayət Quliyev nə deyib - mən bilmirəm. Azərbaycanda bir məsəl var: «özünə umac ova bilməyən, başqasına əriştə kəsmək istəyir». Bilirsiniz bunun mənası nədir? Bizim özümüzün, bir milyondan çox azərbaycanlının hüquqları tapdalanıbdır. Azərbaycan ərazı bütövlüyünün pozulması ilə əlaqədar bu dəqiqə dunyada ən ağır vəziyyətdə olan bir ölkədir. Biz bu problemlərimizi həll etməliyik. Yoxsa sən istəyirsən burada Filippinin, yaxud da İndoneziyanin məsələsini həll edəsən.

Bəzi adamlar populist fikir söyləyərək deyirlər ki, İranda azərbaycanlıların hüquqları tapdalanıbdır. Qoy o adamlar gedib desinlər ki, Azərbaycanda azərbaycanlıların hüquqları tapdalanıbdır. Bunlar kənarda qalıb,  baslayıblar ki, orada azərbaycanlıların hüquqları tapdalanıbdır. İranda bizdən sayca bir neçə dəfə çox azərbaycanlı var və orada azərbaycanlılar dövlətdə, parlamentdə, hökumətdə təmsil olunublar. Özləri bilirlər ki, onların hüquqları tapdalanıb, yaxud tapdalanmayıbdır və necə bilirlər, o cür də hərəkət etməlidirlər. Biz başqa ölkənin işinə qarısmamalıyıq. Bizim də ölkənin işinə heç kəs qarısmamalıdır. Biz İranin daxili işinə qarısmamalıyıq. Biz İranla dostluq, əməkdaşlıq münasibətləri yaratmalıyıq.

Lazımi qədər təfəkkürü olmayan bəzi adamlar öz şəxsi populist niyyətlərinə görə bu işdə Azərbaycana zərbə vururlar. Sən də bu sualı verməklə onu göstərirsən. Gəl sən də, mən də, hamımız yığışaq, müstəqil Azərbaycanda olan azərbaycanlıların hüquqlarını qoruyaq və ölkəmizi bu ağır vəziyyətdən çıxaraq. Yoxsa, öz ölkən ağır vəziyyətdədir, düşmüsən ki, Təbrizdə nə var, nə bilim, Ərdəbildə nə varə Bu onların öz işidir.

Jurnalist: Xarici İşlər naziri belə bəyanat vermişdi.

Heydər Əliyev: Xarici İşlər naziri əgər bunu deyibsə, düz deməyibdır.

Sual: Cənab Prezident, bu səfər zamanı neft və qaz sahəsində əməkdaşlıq barədə bir məsələ müzakirə ediləcəkmi?

Cavab: Nə olacağını bilmirəm. Sag olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR