Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikası Dövlət Şurası baş nazirinin müavini, xarici işlər naziri Tsyan Tsiçeni qəbul etmişdir - Prezident sarayı, 17 aprel 1996-cı il


Ölkə prezidenti qonağı səmimi salamlayaraq onun Azərbaycana səfərinin nəticələrinin hər iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirdi. İki il əvvəl Çin Xalq Respublikasına rəsmi səfərini xatırlayan H.Əliyev həmin səfərdən məmnun qaldığını və ölkələrimiz arasında əməkdaşlığa dair imzalanmış müqavilələrin əhəmiyyətini xüsusilə vurğuladı. Qeyd etdi ki, Azərbaycan tərəfi Çin ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, inkişafına böyük diqqət yetirir və onların yeni mərhələyə daxil olması üçün mühüm addımlar atır. Çünki bir sıra məsələlərə münasibətdə Çin ilə Azərbaycanın mövqeyində xeyli yaxınlıq vardır.

Azərbaycan prezidenti ilə görüşü yüksək qiymətləndirən Tsyan Tsiçen səmimi sözlərinə görə dövlət başçısına minnətdarlığını bildirdi və Çin Xalq Respublikası Dövlət Şurasının sədri Tszyan Tszeminin, baş nazir Li Penin salamlarını Heydər Əliyevə çatdırdı. Bildirdi ki, Çin Xalq Respublikasının rəhbərləri Azərbaycan prezidentinin Çinə səfərini xatırlayırlar. Həmin səfər ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb etmişdir. ÇXR xarici işlər naziri onu da söylədi ki, ölkələrimiz, xalqlarımız arasında əlaqələrin dərin kökləri vardır. Bu gün həmin əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur.

Azərbaycan prezidentinin Çin xarici siyasət idarəsinin rəhbəri ilə söhbətində dövlətlərarası münasibətlərə, beynəlxalq xarakterli bir sıra məsələlərə toxunuldu, səmərəli fikir mübadiləsi oldu. Heydər Əliyev qeyd etdi ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərini daim müdafiə edərək bir ölkənin digərinə təcavüzünü, bütün formalarda olan terror aktlarını qətiyyətlə pisləyir. Azərbaycan Respublikası müstəqillik yolunu seçib və bu yolla inamla addımlayır.

Söhbət zamanı H.Əliyev Ermənistan Respublikasının Azərbaycana təcavüzünü, torpaqlarımızın 20 faizinin işğal altında olmasını, bir milyondan çox qaçqın ordusunun yaranmasını qonağın nəzərinə çatdırdı. Bildirdi ki, bütün bunlara baxmayaraq Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışır. Bu məsələlər barədə fikir mübadiləsi Çin və Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirmiş olar.

Sonra Azərbaycan prezidenti Heydər Əliyev Çin Xalq Respublikası Dövlət Şurasının sədri Tszyan Tszemini və baş nazir Li Peni Azərbaycana rəsmi səfərə dəvət etdi.

Görüşdə prezidentin xarici məsələlər üzrə dövlət müşaviri Vəfa Quluzadə və Azərbaycan respublikası xarici işlər naziri Həsən Həsənov iştirak etmişlər.

AzərTAc 

"Azərbaycan" qəzeti, 18 aprel 1996-cı il.