Azərbaycan Prezidenti Heydər Əliyevin "Kastel" şirkətinin Prezidenti Pyer Kastel ilə görüşdə söhbətindən - 27 fevral 2001-ci il


Heydər Əliyev: Xoş gəlmisiniz. Azərbaycanın əməkdaşlığı, mən hiss edirəm ki, sizinlə yaxşı istiqamətdə inkişaf edir.

Pyer Kastel: Cənab prezident, tamamilə haqlısınız.

Heydər Əliyev: Mən ümid edirəm ki, ötən dəfə danışdığımız kimi, siz burada öz işlərinizi genişləndirəcəksiniz.

Pyer Kastel: Cənab prezident, mütləq belə olacaqdır. Mən Sizinlə son söhbətimi, görüşümü yadımda saxlamışam. Doğrudan da, həmin görüşümüz bizə böyuk cürət və ümid verdi. Elə buna görə də biz buraya qoyduğumuz sərmayələrin miqdarını artırmaq fikrindəyik.

Cənab prezident, bizim pivə zavodundan söhbət gedirsə, bu müəssisə haqqında onu deyə bilərəm ki, indi istehsal etdiyimiz məhsulun həcmini artırıb onu ixrac etməklə məşğuluq. Mən ümid edirəm ki, bu ilin sonuna kimi zavodun ümumi iş rejimini normal hala sala biləcək, istehsal etdiyimiz məhsulun isə 50 faizini ixrac edəcəyik. Biz bununla bağlı bu gün artıq təşkilati işləri qaydaya salır, qonşu ölkələrdə müəyyən anbarlar hazırlayırıq.

Cənab prezident, bütün bu işlərimizi həll etməkdə bizə dəstək verdiyiniz, kömək etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bu sahədə bizə əmlak naziri də çox kömək edibdir. Bir də onu əlavə etmək istəyirəm ki, bütün işlərimiz, demək olar, yüksək səviyyədə həll edilib, yalnız bir neçə kiçik iş qalıbdır ki, o da gömrüklə, ixracla bağlıdır. Mənə elə gəlir ki, biz onu da cənab nazirlə birlikdə həll edəcəyik. O, bu məsələlərdən xəbərdardır.

Cənab prezident, mən hər şey üçün Sizə minnətdarlığımı bildirirəm. Yalnız Sizin sayənizdə Azərbaycanla əməkdaşlığımız baş tutdu, öz fəaliyyətimizi genişləndirə bildik. Bununla da Azərbaycanın iqtisadiyyatının inkişaf etməsinə öz yardımımızı göstərəcəyik.

Baxmayaraq ki, mən fəaliyyətimizin əvvəlində müəyyən çətinliklər gördüm, bu da mənim öz günahımdır. Yəqin mən yaxşı bir həmkar seçməmişdim, yaxşı əməkdaşlıq forması tapmamışdım. Amma indi Sizin sayənizdə bunların hamısı öz qaydasına düşdü. Ona görə də Sizə dərin minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən keçən dəfə də sizinlə görüşümüzdə bildirmişdim ki, "Kastel" şirkətinin, Fransa kapitalının Azərbaycana gəlməsinə çox maraqlıyam. Ona görə də mən həmin siz dediyiniz o problemləri hiss edən kimi, bu işə bilavasitə müdaxilə etdim və nə lazımdırsa, etdim ki, sizin burada işləriniz yaxşı getsin. İndi hansı problemlər də həll olunasıdırsa, - siz dediniz ki, nazirlə birlikdə həll edəcəksiniz, - əgər çətinliklər olsa, nazir mənə xəbər verər.

Mən yanvar ayında sizin ölkədə idim. Prezident cənab Şirakın dəvəti ilə rəsmi səfərdə idim. Söhbətimiz zamanı prezident Şirak "Kastel" şirkətinə göstərdiyim diqqətə görə və xüsusən onun açılışında iştirak etdiyimə görə mənə təşəkkür etdi. Biz birlikdə xatırladıq ki, vaxtilə prezident Şirakla mən danışarkən o sizin "Kastel" şirkətinin Azərbaycanda gəlib iş görməsi haqqında məsləhət vermişdi. İndi prezident Şirak da, mən də çox məmnunuq ki, artıq bu işlər əməli surətdə həyata keçirilir.

Mən sizin burada, pivə zavodu haqqında verdiyiniz vədləri yadımda saxlayacağam. Mən belə anladım ki, bu ilin sonuna qədər zavod tam gücü ilə işləyəcəkdir. Sizin dediyiniz kimi, onun istehsal etdiyi məhsulun 50 faizinin başqa ölkələrə ixrac olunması təmin ediləcəkdir.

Pyer Kastel: Cənab prezident, bəli, doğrudan da belə olacaqdır. Mütləq belə olacaqdır. Biz artıq bu plan, layihə üzərində işləyirik və bunun üçün əlimizdən gələni edirik. Artıq indi bu işin ticarət, nəqliyyat məsələləri ilə məşğul oluruq. Marketinq məsələlərini həll edirik. Xüsusilə də qonşu ölkələrdə, Moskvada, Qazaxıstanda və sair yerlərdə bu gün biz anbarlar hazırlayırıq ki, oraya pivə məhsullarını ixrac edək.

Heydər Əliyev: Çox gözəl. Yenə də deyirəm. Əgər bundan sonra da hansı problemləriniz olsa, mənə xəbər verin.

Pyer Kastel: Cənab prezident, çox sağ olun.

Heydər Əliyev: İndi siz görürsünüz ki, Azərbaycanda uğurlu iş görmək olar.

Pyer Kastel: Tamamilə doğrudur.

Heydər Əliyev: Ona görə də mən sizi dəvət edirəm ki, bizim şərabçılıq sahəsinə öz diqqətinizi yönəldəsiniz.

Pyer Kastel: Bəli, cənab prezident. Ancaq bununla bağlı mənimlə danışığınız yadımdadır. Mən bu layihəni nəzərimdə saxlayıram, heç də unutmamışam.

Cənab prezident, mən Sizə elə onu bildirməliyəm ki, bayaq Sizə dediyimiz ilkin layihəni axıra çatdıran kimi, həmin o layihə də nəzərimizdə olacaqdır. Məhz bundan sonra biz şərab sənayesi haqqında öz planlarımızı həyata keçirməyə çalışacağıq.

Heydər Əliyev: Bəli, bu, bizim üçün çox vacibdir. Çünki bizim yaxşı, yüksək keyfiyyətli şərablar istehsal etmək üçün imkanlarımız vardır. Ölkəmizin torpağı, iqlimi, üzüm plantasiyaları, bunların hamısı buna əsas verir.

Pyer Kastel: Cənab prezident, mən Sizin dediklərinizi yaxşı başa düşürəm. Çünki mənim əsas peşəm, məşğul olduğum sahə şərabçılıqdır. Mən deməliyəm ki, biz Fransada, böyük bir regionda artıq bu işlə - şərabçılıqla məşğul oluruq.

Bundan əlavə, Afrikanın şimalında, Mərakeşdə bizim 1200 hektar sahədə üzümçülüklə məşğul olan müəssisələrimiz vardır. Deməliyəm ki, mən bu işi yaxşı bilirəm və Mərakeşlə Azərbaycan məhz müəyyən xüsusiyyətlərinə görə bir-birinə uyğundur

Heydər Əliyev: Vaxtilə Azərbaycanda 280 min hektar üzüm plantasiyaları var idi. Biz ildə 2 milyon ton üzüm istehsal edirdik. Bütün SSRİ-də 6 milyon ton üzüm istehsal olunurdu. Onun 2 milyon tonu Azərbaycanda istehsal edilirdi.

Pyer Kastel: Bəli, belədir.

Heydər Əliyev: Çünki o vaxt SSRİ-nin alimləri, şərabçılıq sahəsindəki mütəxəssislər tədqiqatlar aparmışdılar və Azərbaycanın həm torpağına, həm də iqliminə, o cümlədən günəşin hərarətinə və başqa əlamətlərə görə çox yüksək keyfiyyətli şərab üçün üzüm yetişdirməkdən ötrü əlverişli olduğunu sübut etmişdilər.

Pyer Kastel: Bəli, doğrudan da, Siz düz deyirsiniz, günəş şüaları üzüm üçün ən mühüm şərtlərdən biridir. Cənubi Qafqaz isə belə bir regiondur. Ona görə də bura elə üzüm üçün ən əlverişli və məqsədəuyğun yerlərdən biridir.

Cənab prezident, Siz çox düz buyurursunuz. Zənnimcə, bu sahənin gələcək inkişafı üçün indidən düşünmək lazımdır. Azərbaycanda doğrudan da, gözəl üzüm sortları vardır. Amma bəzi yerlər də vardır ki, mənim bildiyimə görə, orada həmin o plantasiyalar yaş baxımından müəyyən mənada öz əhəmiyyətini itiribdir. Bəzi yerlərdə üzüm plantasiyalarına lazımi diqqət yetirilmədiyindən yaxşı vəziyyətdə deyildir. Ola bilsin ki elə bununla bağlı fikirləşmək lazımdır ki, həmin yerlərdə üzümçülük ənənəsini davam etdirmək üçün yeni plantasiyalar salmaq gərəkdir. Bu, üzümçülük texnologiyasının tələblərinə uyğun olar.

Heydər Əliyev: Olar. Belə imkanlar var.

Pyer Kastel: Gələcəkdə belə bir şeyə də fikir vermək lazımdır. Biz araşdırmalar aparırıq. Bunların nəticələrindən görünür ki, qırmızı şərab ağ şəraba nisbətən daha çox tələb olunur. Ona görə bunu da nəzərə alıb, qırmızı şərab istehsal etmək üçün müəyyən üzüm plantasiyaları salmaq lazımdır.

Heydər Əliyev: Burada elə çoxu belə sortlardır.

Pyer Kastel: Mən bunu bir də ona görə dedim ki, indi həkimlər tərəfindən həmişə qırmızı şərab məsləhət görülür. O, qan dövranına kömək edir. Ona görə də adamlar qırmızı şərab içməyə üstünlük verirlər.

Heydər Əliyev: Mən də bunu bilirəm. Hər halda, mən sizi dəvət edirəm. Gəlin, uzunmüddətli iş proqramı tərtib edək və bərabər işləyək.

Pyer Kastel: Tamamilə doğrudur. Mən Sizin verdiyiniz məsləhəti qəbul edirəm.

Heydər Əliyev: Mən yaxın günlərdə, martın 4-5-də Parisdə olacağam, prezident Şirakla görüşəcəyəm. Sizinlə görüşümü və sizin işləriniz haqqında ona məlumat verəcəyəm.

Pyer Kastel: Çox yaxşı.

Heydər Əliyev: Sağ olun.