Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın xarici işlər naziri Antanas Valionisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir - 9 aprel 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev aprelin 9-da Prezident sarayında Avropa Şurası Nazirlər Komitəsinin sədri, Litvanın xarici işlər naziri Antanas Valionisi qəbul etmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev qonağı salamlayaraq bildirdi ki, Avropa Şurasının rəhbərlərindən birinin bu beynəlxalq təşkilatın gənc üzvlərindən biri olan Azərbaycana səfəri ölkəmiz haqqında səhih məlumat alınması sahəsində öz rolunu oynayacaqdır. Azərbaycanda həmişə çalışmışlar ki. Avropada respublikamızı daha yaxşı tanısınlar. Prezident Heydər Əliyev vurğuladı ki, müasir Azərbaycanın problemləri və proqressləri digər Avropa ölkəsinin vətəndaşına nisbətən cənab Valionisə daha anlaşıqlı və asan olacaqdır, çünki vaxtilə Azərbaycan kimi, Litva da Sovet İttifaqının tərkibinə daxil idi. Səmimi qəbula görə Azərbaycan prezidentinə təşəkkür edən Antanas Valionis Litvanın baş naziri Algirdas Brazauskasın salamını dövlətimizin başçısına yetirdi. O, Litva ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət açaraq və Nazirlər Kabinetində, Milli Məclisdə keçirdiyi görüşlərə yekun vuraraq, bu əlaqələri inkişaf etdirməyin zəruriliyini söylədi və dedi ki, Litva beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməyə hazırdır.

Avropa Şurası Nazirlər Komitəsinin sədri Antanas Valionis səfərindən başlıca məqsədin Azərbaycanla tanışlıq olduğunu söylədi, Bakıda keçirilmiş görüşlərdən məmnun qaldığını və onların konstruktiv olduğunu bildirdi. Cənab Valionisin dediyinə görə, Avropa Şurası ekspertlərin məsləhətləşmələrinin keçirilməsində, bu tədbirlərin maliyyələşdirilməsində Azərbaycana öz imkanları və səlahiyyəti daxilində yardım göstərməyə hazırdır. Səfər zamanı indiyədək əldə edilmiş uğurlara dair danışıqlar aparılmış, mövcud problemlərin həlli yolları müəyyənləşdirilmişdir.

Antanas Valionis Azərbaycan Avropa Şurasının tam hüquqla üzv olduğu dövrdə onun bu təşkilatla əməkdaşlığının səmərəli olduğunu vurğulayaraq dedi ki, Azərbaycan AŞ-nın bir sıra konvensiyalarına qoşulmuşdur, bu sahədə qanunvericilik bazasını genişləndirmək nəzərdə tutulur.

Prezident Heydər Əliyev bildirdi ki, o, SSRİ-nin dağılması dövründə Litva KP MK-nın birinci katibi vəzifəsində çalışmış Algirdas Brazauskasın Litvanın müstəqilliyə nail olmaq məsələsində prinsipial mövqeyini, cəsarətini, dəyanətini və eyni zamanda ziyalılığını həmişə qeyd etmişdir. Bu, müttəfiq respublika rəhbərinin Sov. İKP MK-nın xəttinə qarşı çıxdığı ilk hal idi. Dövlətimizin başçısı onun salamını və ən xoş arzularını, habelə Azərbaycana gəlmək dəvətini Algirdas Barazauskasa yetirməyi xahiş etdi.

Azərbaycan prezidenti vurğuladı ki. ikitərəfli əlaqələrin, xüsusən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı zəmin, imkanlar var və ölkəmiz Litva ilə münasibətlərin inkişaf etdirilməsinə çalışacaqdır.

Prezident Heydər Əliyev Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını yüksək qiymətləndirmədiyinə görə Avropa Şurası Nazirlər Komitəsinin sədrinə təşəkkür etdi. Avropa Şurasının gənj üzvü olan Azərbaycan orada ilk addımlarını atır. Uğurlarla yanaşı, çətinliklər, problemlər də var. Azərbaycan öz siyasətini bu Avropa qurumunun standartlarına müvafiq surətdə qurmaq niyyətindədir, lakin problemlərin həllinə yanaşmada hər bir ölkənin xüsusiyyətini nəzərə almaq lazımdır. Prezident Heydər Əliyev dedi ki, məsələn, Litva Avropaya, Avropa dəyərlərinə həmişə daha yaxın olmuşdur. O, 1960-cı illərdə Litvaya səfəri barədə xatirələrindən söhbət açaraq dedi ki, hələ həmin illərdə Baltikyanı ölkələr Avropa həyat tərzinə, Avropa standartlarına yaxınlığı ilə fərqlənirdilər.

Antanas Valionis Litva prezidenti Valdas Adamkusun ölkəyə səfər etmək barədə dəvətini Azərbaycan prezidenti Heydər Əliyevə çatdırdı. Cənab Valionisin fikrincə, iki ölkə baş nazirlərinin nəzərdə tutulan görüşü də iqtisadi münasibətlərin inkişafına təkan verəcəkdir.

Qəbulda Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Araz Əzimov, Litvanın Bakıdakı səfiri Qalina Kobeskayte iştirak edirdilər.

AzərTAc

"Azərbaycan" qəzeti, 10 aprel 2002-ci il.