«Musiqinin Böyük İpək Yolu» Birinci Bakı klassik musiqi festivalına - Bakı şəhəri, 18 sentyabr 1999-cu il


Hörmətli festival iştirakçıları! Sizi - müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunmuş klassik musiqi festivalının iştirakçılarını səmimi-qəlbdən salamlayıram.

Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir. O, hər bir ölkədə xalqın mənəvi aləminin parlaq ifadəsi olmaqla onun dünyada tanınmasında, beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Sizin festivalınız da bu ali məqsədə xidmət edir.

Sevindirici haldır ki, siyasətçilərin və iqtisadçıların üçüncü minillik üçün xüsusi əhəmiyyət kəsb edən tarixi İpək yolunun bərpası ilə bağlı səylərinə bu gün sənət adamları da qoşulurlar.

Böyük Britaniyadan Yaponiyaya qədər tarixi İpək yolu ölkələrini təmsil edən görkəmli müsiqiçilərin birgə səyləri ilə qədim Azərbaycan torpağında həyata keçirilən bu tədbir mədəniyyətin yüksək humanist ideallarının təntənəsini, Azərbaycanın sülhə, dostluğa və əməkdaşlığa həmişə hazır olduğunu nümayiş etdirir.

Festivalınızın keçirilməsi respublikamızda artıq ənənəyə çevrilmiş Üzeyir musiqi gününə təsadüf edir. Bu gün musiqi mədəniyyətimizin ən görkəmli simalarından biri Üzeyir bəy Hacıbəyovun xatirəsini anma günüdür. XX əsrin əvvəllərində Azərbaycan milli musiqisinin dünya professional musiqı sənəti ilə qovuşması yolunda misilsiz xidmətlər göstərmiş bu dahi Azərbaycan bəstəkarının nə dərəcədə uzaqgörən, onun sənət aləmində seçdiyi yolun nə dərəcədə doğru olduğunun əsrin sonunda bir daha şahidi oluruq. Bu, Uzeyir dühasının təntənəsidir. Bu günlərdə biz müstəqil Azərbaycan Respublikasının öz neft sərvətlərindən səmərəli istifadə edilməsi yolunda müstəsna əhəmiyyəti olan «Əsrin müqaviləsi»nin imzalanmasının beşinci ildönümünü də təntənəli surətdə qeyd edirik. Bu iki hadisənin bir-biri ilə rəmzi bağlılığı vardır.

Azərbaycanda XX əsrin əvvəlində neft sənayesinin sürətlə inkişaf etməsi bütün sahələrdə olduğu kimi, musiqi mədəniyyəti sahəsində də böyük irəliləyişə səbəb olmuşdur. Əslində, ilk nəzərdən bir-biri ilə heç bir əlaqəsi olmayan «neft» və «musiqi» məfhumlarının belə qarşılıqlı təsiri ölkəmizin iqtisadi, elmi və mədəni inkişafında böyük rol oynamışdır.

İnanıram ki, XXI əsrin astanasında keçirilən bu əsl musiqi bayramı Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə ifaçılıq sənətinin sürətlə inkişafına təkan verəcək, xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəkdir.

Festivalınıza böyük uğurlar arzulayıram, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və sənət yollarında yeni-yeni nailiyyətlər diləyirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT