Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın Yollar naziri Nikolay Aksyonenkonu qəbul edərkən söhbətindən - 8 iyun 2001-ci il


Heydər Əliyev: Köhnə iş yoldaşları ilə görüşmək həmişə xoşdur. Siz keçən dəfə burada, Azərbaycanda olarkən biz birgə işimizi xatırladıq. Mən Moskvada dəmir yoluna kuratorluq edərkən, siz təcrübəli dəmiryolçu kimi bu məsələlərlə məşğul olurdunuz. Şadam ki, siz dəmir yol nəqliyyatı ilə - təkcə iqtisadiyyatın deyil, siyasi həyatın da bu çox mühüm sahəsi ilə məşğul olmaqda davam edirsiniz. Yeri gəlmişkən deyim ki, mən Nazirlər Soveti sədrinin birinci müavini təyin olunduqda, digər vəzifələrlə yanaşı, nəqliyyat kompleksinə rəhbərlik vəzifəsini də öhdəmə qoydular. O vaxtlar isə nəqliyyat kompleksinin ölkə üçün çox böyük əhəmiyyəti vardı. Sovet İttifaqının bütün iqtisadiyyatı, əslində, dəmir yolunun normal işləməsindən asılı idi. O vaxt nazir, məncə, Pavlovski idi. Bir vaxtlar orada Konarev işlədi. Bilirsinizmi, mənə elə gəlirdi ki, bu kompleks çox mürəkkəbdir, ağırdır. Mən uzun illər burada Azərbaycanın bütün iqtisadiyyatına rəhbərlik etmişəm. Lakin respublikanın rəhbəri kimi dəmir yol nəqliyyatı ilə xüsusi məşğul olmamışdım. Bilirsinizmi, mən bu işə nüfuz etdikdən, qısa vaxtda bu xidmətin bütün cəhətləri ilə tanış olduqdan sonra bu sahəni sevdim. Xatirimdədir, ilk geniş kollegiya iclası keçirilirdi, mən oraya gəldim, hamını dinlədim, çıxış etdim. Mən çoxlu - 17-18 nazirliyə rəhbərlik edirdim, bəzən isə onların sayı 20-yə çatırdı. Amma bu nazirlik mənim üçün, bir növ, doğma idi. Bunlar köhnə xatirələrdəndir. Mən sizi o vaxtdan xatırlayıram.

Siz burada böyük beynəlxalq müşavirə keçirmisiniz. Şadam ki, 24 ölkə nümayəndələrinin iştirakı ilə belə beynəlxalq görüş ilk dəfə Bakıda, Azərbaycanda keçirilmişdir. Mən bunu respublikamıza diqqət kimi qiymətləndirirəm və bu, müəyyən dərəcədə etiraf etmək deməkdir ki, Azərbaycanda dəmir yolu yaşayır, mövcuddur və mühüm rol oynayır. Hərçənd Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar, ərazimizin bir hissəsinin işğal olunması nəticəsində bizim dəmir yolunun müəyyən hissəsi iflic vəziyyətindədir. Buna baxmayaraq, Avropa Birliyinin həyata keçirdiyi proqramlar - TRASEKA proqramı, Böyük İpək yolunun bərpası proqramı xüsusən respublikamızda dəmir yol nəqliyyatının işini aktuallaşdırır. Doğrudur, onun bir qolu işləyir, lakin başqası - Bakı-Yerevan qolu da var, oradan İrana, Təbrizə çıxmaq mümkündür. Bu, müasir şəraitdə ideal olardı. Amma bununla belə, hesab edirəm ki, biz dəmir yolu barəsində öz vəzifələrimizi yerinə yetiririk.

Mənə deyirlər ki, sizinlə - Rusiyanın Yollar Nazirliyini nəzərdə tuturam, - çox yaxşı əlaqələrimiz var, bunsuz isə biz yaşaya bilmərik. Bu, bizim üçün həyati əhəmiyyətli məsələdir. Şadam ki, siz bu nazirliyə başçılığı davam etdirirsiniz və ona görə də Azərbaycanın dəmir yoluna necə münasibət göstərməyiniz sarıdan narahatlığa əsas yoxdur. Sizinlə yenidən görüşməyimə şadam.

Nikolay Aksyonenko: Heydər Əliyeviç, Sizinlə görüşmək imkanına görə dərin ehtiramımı və təşəkkürümü bildirirəm. Böyük, nəhəng ölkənin bir çox nazirliklərinin, o cümlədən də Yollar Nazirliyinin işinə rəhbərlik etdiyiniz o illəri minnətdarlıq hissilə xatırlayırıq. O vaxt, həqiqətən, çoxlu çətinliklər vardı. Sizinlə birlikdə işləmiş bütün insanlar, bizim hamımız gördüyünüz işlərə görə Sizə təşəkkür edirik. Biz daim görüşür, bir-birimizi dəstəkləyir, hər hansı çətinliklər olduqda məsləhət alırdıq. Heydər Əliyeviç, demək istəyirəm ki, Siz çox işlər gördünüz, çox işlərə rəvac verdiniz. Odur ki, Siz Moskvaya gələrkən, Sizi dəvət etməyə görə xəcalət çəkməyəcəyik. Bizim mərkəzi idarəetmə pultumuza gəlmənizi çox xahiş edirik və əgər gəlsəniz, mən də, Rusiyanın bütün dəmiryolçuları da bundan son dərəcə şad olacağıq. Bu, indi ən yüksək texnologiyalarla işləyən nadir bir sistemdir. Rusiyanın bütün mənzərəsi, bütün dəmir yolları gözləriniz önündə açılacaqdır. İndi istənilən stansiyanı, istənilən dispetçer məntəqəsini, istənilən yolu bu pultdan idarə etmək olar. Mən buna çox şadam, Sizin bu pulta gəlməyiniz bizim üçün böyük xoşbəxtlik olardı.

Heydər Əliyev: Mən bu imkandan məmnuniyyətlə istifadə edəcəyəm, çünki məndə o dövrkü işlə, xüsusən dəmir yolu ilə bağlı olduqca çoxlu xoş xatirələr qalmışdır. İndi siz idarəetmə pultundan söhbət saldınız, mənim isə yadımdadır, əvvəllər selektor rabitəsi vardı.

Nikolay Aksyonenko: İndi belə etmək olar. Siz bizim pultumuza gələcəksiniz və Sizi bütün ölkə görəcəkdir. Biz bütün yolları pulta qoşacağıq. Dəmir yollarının rəhbərlərinin hamısı orada olacaq, onlar Sizi görəcəklər, Siz də onları. Beləliklə, Sizin onlarla danışmaq imkanınız olacaqdır. Bu, çox nadir bir sistemdir.

Heydər Əliyev: O vaxt biz bir-birimizi görmürdük, ancaq eşidirdik.

Nikolay Ryabov: Heydər Əliyeviç, mən bu bəndi səfərinizin proqramına yaza bilərəmmi?

Nikolay Aksyonenko: Bu il biz Transsibir dəmir yolunun yüz illiyini qeyd edəcəyik. Bu, böyük magistraldır. İndi o, haqq-təalanın, tanrının xeyir-duası ilə və müxtəlif dövlətlərin birinci şəxslərinin, ən əvvəl Vladimir Vladimiroviç Putinin dəstəyi ilə özünün yeni inkişafına qədəm qoyur. Mən Sizə bu barədə məlumat vermək istəyirdim. Lakin ilk öncə Böyük İpək yolunun bərpası, TRASEKA proqramının həyata keçirilməsi üçün gördüyünüz işlərlə əlaqədar ünvanınıza xoş sözlər söyləmək istərdim. Çünki bu, Qərb-Şərq marşrutu olaraq çox mühüm istiqamətdir.

Baş verən çox güclü proseslərə, iqtisadiyyatın qloballaşması, qarşılıqlı nüfuz proseslərinə nəzər salanda düşünürəm ki, bizə heç bir yol, - nə Transsibir, nə TRASEKA, nə də dəniz yolları, - kifayət etməyəcək. Onlar yükləri Şərqdən Qərbə və Qərbdən Şərqə daşıyaraq dəqiq işləməlidir. Ona görə də dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

Ehtimal ki, bu il Saxalinə quru yol ilə keçidin ilk hissəsinin bünövrəsini qoyacağıq. Mən prezident Vladimir Vladimiroviç Putindən bu tədbirdə iştirakını xahiş etmişəm. Bu, adanı yarımadaya çevirməli olan həmin köhnə layihədir. Kəşfiyyat işləri başa çatmaqdadır və biz bunu həyata keçirəcəyik. Biz polyaklarla, çexlərlə danışmışıq və Avropanın mərkəzinə, Çexiyaya enli dəmir yolu ilə çıxacağıq.

Mən Sizdən Şimal-Cənub layihəsini dəstəkləməyi artıq dərəcədə xahiş etmək istərdim. Bu işdə Hindistan, Pakistan, Oman, İran, Rusiya fəal iştirak edirlər. Əgər sizin xeyirxah razılığınızla Azərbaycan da bu layihəyə qatılsaydı, onda Hindistandan gələn və indi Süveyş kanalından keçərək Ümid burnunu dolanan yüklər üçün İranın Bəndər Abbas limanı vasitəsilə birbaşa buraya, Azərbaycana və buradan da o yana yol açılır. Sizin hökumətinizlə və həmkarlarımızla bu barədə fikir mübadiləsi apardıq. Yolun Astaradan keçməsi haqqında təkliflərimizi hamı dəstəklədi. Hazırda İranda Ənzəlidən limanadək dəmir yolu çəkilir, biz isə yolun həm Ənzəlidən və həm də ölkənin düzənlik hissəsindən Astarayadək çəkilməsini istəyirik.

Heydər Əliyev: Onlar tikinti işlərini Qəzvindən aparırlar

Nikolay Aksyonenko: Bəli, aparırlar.

Heydər Əliyev: Mən bu məsələyə yaxşı bələdəm. Onlarda dəmir yolunun axırıncı nöqtəsi Qəzvin şəhəridir. Qəzvindən Astaraya təxminən 350 kilometrdir.

Nikolay Aksyonenko: Onlar yolun 170 kilometrini özləri çəkirlər. Biz isə İrana təklif etmişik ki, düzənlikdə 170 kilometr məsafəni İranla birlikdə, yaxud İranın iştirakı olmadan Rusiya çəksin və sizin sərhədlərinizə çıxsın, burada sərhəddə yüklərin bir yoldan digərinə vurulması üzrə güclü terminal yaradılsın. Bu, Azərbaycan üçün iş yerləri yaradacaq və daşımaların həcmini təxminən 2-3 dəfə artıracaqdır. Maşinistlər, fəhlələr lazım olacaqdır. Bu, böyük həcmdə işdir və Azərbaycan dəmir yolu üçün böyük gəlir və insanlar üçün məşğuliyyət deməkdir. Bu birbaşa yolun açılmasının burada bizim hamımıza faydalı ola biləcək işdən başqa, digər mühüm cəhətləri də var. Düşünürəm ki, bunlar Azərbaycan üçün də, bizim hamımız üçün də xoş məqamlar olacaqdır.

Hökumətlərarası komissiyada əsas diqqət buna yönəldilmişdir. Heydər Əliyeviç, əgər indi Siz dəmir yol nəqliyyatına kuratorluq edən rəhbər işçilərinizə tapşırıq versəniz, Sizin xeyir-duanızla bu layihə ilə çox tezliklə məşğul olardıq və işlər gedərdi.

Bizim pulumuz var, istəyimiz var. İmkanlar var. Siz razılıq versəniz, biz bu istiqamətdə Cənubdan Şimala tərəf işə başlayarıq. Zənnimcə, bu, çox perspektivli layihədir və yüklər çox olacaqdır. Şərq və Cənub yolları birləşdirildikdən sonra isə bütün bu yüklər - indi Sizdən də, bizdən də yan keçən yüklər hamıya fayda gətirəcəkdir.

Heydər Əliyev: Nikolay Yemelyanoviç, bu məsələ mənə, ümumən, məlumdur. Siz yəqin bilirsiniz ki, Şimal-Cənub magistralı çox mühüm magistraldır. Amma bir neçə il əvvəl hansısa digər variantlar təklif edilirdi, sonra eşitdim ki, dəmir yolunu Həştərxandan başlayaraq Xəzərin sahili boyunca Qazaxıstan, Türkmənistan, İran ərazisi ilə və oradan da o yana çəkmək qərara alınmışdır. Mən bu variant barədə eşitmişdim. O vaxtlar mənə elə gəlirdi ki, Bakı-Astara-İran yolu ən kəsə və artıq sahmana salınmış yoldur. Yeri gəlmişkən, biz İranla bu mövzuda bir çox illər danışıqlar apardıq. Onlar deyirdilər ki, 358 kilometrlik Qəzvin-Astara yolunu çəkməyə vəsaitləri yoxdur. Pul elə bizdə də yoxdur. Onlar məsələni elə qoydular ki, bizim dəmir yolu İran Astarasına qədər uzadılsın. Bu, bəlkə də kiməsə sərfəlidir, kimə isə yox. Ona görə də məsələ eləcə də qaldı. Hərçənd o, bizim İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının gündəliyində həmişə olmuşdur. Əgər indi sizin elan etdikləriniz realdırsa, onda biz bu barədə təhlükəsizliyə və etibarlılığa tam təminata malik olmalıyıq. Biz bilməliyik ki, əgər, məsələn, Astara-Rəşt yolunu çəkmək lazım gələrsə, oradan Qəzvinə yol olacaq, yoxsa olmayacadır.

Ziya Məmmədov: Olacaqdır.

Heydər Əliyev: Çünki mən belə başa düşdüm ki, onlar yolun bir qolunu də Ənzəliyə çəkmək istəyirlər. Mən bundan belə nəticə çıxarıram ki, görünür, təkcə dəmir yolundan deyil, dəniz nəqliyyatından da istifadə ediləcəkdir. Çünki Ənzəli limandır. Ənzəlinin yaxınlığında onların başqa yük limanı da var - Nouşəhr. Amma biri o birinə mane olmur.

Nikolay Aksyonenko: Əvvəla, yük çoxdur. İkincisi isə, hesab edirəm ki, quru yol daha sərfəlidir. Hər halda, orada yüklərin həcmi azı bir dəfə çoxdur. İranlılar buna razıdırlar, çünki orada böyük həcmdə yüklər olacağı gözlənilir. Allah eləsin ki, bu işlərin öhdəsindən gəlmək mümkün olsun.

Biz Azərbaycanın və ya İranın ərazisində səhmdar şirkət yaratmağı və onu birlikdə maliyyələşdirməyi planlaşdırırıq. Zənnimizcə, bu, çətin deyildir. Mən Sizə sözün düzünü deyirəm. Əgər heç kəs iştirak etməsə, amma hamının bir "hə" sözü ilə biz, Rusiya dəmir yolu onu özümüz öz vəsaitimiz hesabına tikəcəyik. Biz əməkdaşlığa dəvət edirik. Siz tam əmin olmalısınız ki, biz bu vəzifəni yerinə yetirəcəyik, onu qısa müddətdə, keyfiyyətlə edəcəyik. Yaxşı texnologiyalardan istifadə olunacaqdır.

Tərəflərdən hər birinin, o cümlədən də Azərbaycan tərəfinin marağı nəzərə alınmışdır. Biz Azərbaycan ərazisində işləmək üçün Rusiyadan adamlar gətirməyəcəyik. Burada azərbaycanlılar işləməlidirlər. Bütün burlar birlikdə bizim üçün də, Azərbaycan dəmir yolu üçün də perspektivdə yaxşı köməkdir. Yüklərin daşınmasından ildə təxminən 260 milyon dollar gəlir götürmək olar, biz hesab edirik ki, bu yol ilə ildə 12 milyon tonadək yük daşına bilər. Bu layihəni hamı imzalamışdır.

Heydər Əliyev: Bəs bu barədə nə üçün belə gec danışırsınız? Siz yenə də bizdən yan keçmək istəyirdiniz?

Nikolay Aksyonenko: Axı, Siz bir növ birləşdirici vəsilə, qızıl vəsilə kimisiniz. Biz Sizin yanınıza bütün şəkk-şübhələr aradan qaldırılmadan gələ bilməzdik. İndi isə hər şey artıq məlumdur. İndi son söz Sizindir. Dəmiryolçular kimi obrazlı desək, Siz yaşıl işıq yandırırsınız və biz bu layihənin gerçəkləşdirilməsi yolu ilə getməyə başlayırıq.

Heydər Əliyev: Bu layihə Azərbaycandan asılıdır?

Nikolay Aksyoneenko: Sizdən asılıdır.

Heydər Əliyev: Bilirsinizmi, mən prinsipcə razıyam. Baş nazir sizin görüşünüz barədə mənə məlumat verdi. Mən ona tapşırıq verdim ki, müəyyən detallar nəzərdən keçirilsin. Çünki orada, əvvəla, söhbət ondan gedir ki, Bakı-Astara yolu çox ciddi şəkildə yenidən qurulmalıdır. Mən qatarla oraya getmək istədikdə, mənə dedilər ki, yol pis vəziyyətdədir. Odur ki, qatarla getməyi məsləhət görmədilər.

Nikolay Aksyonenko: Heydər Əliyeviç, əgər nəsə işləmirsə, biz ona baxarıq.

Heydər Əliyev: Bizim burada öz problemlərimiz var. Bu məsələni iranlılarla müzakirə etməyi bizdən xahiş etdilər ki, dəmir yolunu Astara sərhədinədək - 7 kilometr uzadaq. Orada isə yaşayış məntəqələri yerləşir, insanları başqa yerə köçürmək lazımdır. Belə çətinliklər var. İnsanları başqa yerə köçürmək olar, amma onlara kompensasiya ödəmək gərəkdir. Onları təmin etmək, yaxud evlər tikmək lazımdır, yəni bu problem də mövcuddur.

Növbəti problem. Avtomobil ilə daşımalar üçün istifadə edilən körpü artıq köhnəlmişdir. Buna görə də onu möhkəmləndirmək və yenidən qurmaq lazımdır. Lakin orada dəmir yolu üçün də körpü tikmək gərəkdir. Deməli, bu problem də var.

Nikolay Aksyonenko: Heydər Əliyeviç, biz hər şeyi edəcəyik.

Heydər Əliyev: Sonra, mən bilmirəm, Astara-Rəşt yolunun uzunluğu nə qədərdir.

Ziya Məmmədov: 180 kilometrdir.

Heydər Əliyev: Belə çıxır ki, 358 kilometrin 180 kilometri bizim tərəfimizə düşür, İranla yarıbayarıdır. Bu, ədalətli deyildir. Çünki bu yol İranın ərazisində olacaqdır. Biz bunu müzakirə etməliyik. Mən prinsipcə razıyam. O ki qaldı təfərrüata, kim hansı işi, harada görməlidir, hansı hüquqları olacaqdır - bu, şübhəsiz, müzakirə tələb edir. Mən baş nazirə tapşırıq vermişəm və sizinlə görüşdən sonra bir də tapşırıq verəcəyəm. O, məni ümumən məlumatlandırdı, təfərrüatı açıqladı. Mən ona bir daha tapşıraram ki, bu işlə məşğul olsun və Azərbaycan bu layihəyə daxil olacaqdır. Əvvəla, siz bizsiz ötüşə bilməzsiniz, ikincisi isə, bu, bizim xeyrimizədir.

Nikolay Aksyonenko: Heydər Əliyeviç, sağ olun. Ümumiyyətlə, biz bir-birimizə diqqətlə yanaşırıq. Ortaya çıxan məsələləri tez həll edirik. Biz hesab edirik ki, bu layihə bizi bir-birimizə daha çıx bağlayacaq, dostluğumuzu da möhkəmləndirəcək, bizi iqtisadi cəhətdən də birləşdirəcəkdir. Bu, son dərəcə faydalı olacaqdır.

Heydər Əliyev: Əlbəttə.

Nikolay Aksyonenko: Azərbaycan Şimal ilə Cənubun qovuşuğunda ciddi nəqliyyat qovşağına çevrilir. Bu, hamıya çox sərfəlidir.

Heydər Əliyev: Başa düşürəm. Mən isə deyirəm ki, biz bu məsələ ilə neçə illərdir məşğul oluruq. Biz İranla razılığa gəlmişdik ki, təkcə bizim yüklərin deyil, - bizdə o qədər yük yoxdur, - başqa yüklərin də daşınması üçün onlar Qəzvindən Astarayadək yol çəksinlər. Şimaldan avtomobil yolu ilə böyük yük axını gəlsə də, əslində, İrana bir o qədər də böyük həcmdə yük getmir. Haqqında danışdığınız layihə - Şimal-Cənub-Avropa layihəsi barədə biz də danışıqlar aparmışıq. Onlar daim məsələ qoydular ki, yolu çəkin. Məgər, biz gedib özgə ərazisində özümüzə o qədər də gərək olmayan yol çəkməliyik? Bizim o qədər vəsaitimiz də yoxdur.

Nikolay Aksyonenko: Heydər Əliyeviç, zəmanə dəyişir. Biz elə bir qərar qəbul etmişik ki, o, bu istiqamətdə işin sabitliyi üçün yaxşı zəmin olacaqdır. Dəmir yolunu İran deyil, bir qrup iştirakçı çəkəcəkdir. Mən bir daha demək istəyirəm ki, hər bir tərəfin iştirak həcmi müəyyən edilmişdir. Biz Sizin prinsipial razılığınızı və müdrik siyasi qərarınızı gözləyirik.

Demək istəyirəm ki, Siz böyük problemlərlə məşğul olmuş, bir çox sahələrə kuratorluq etmiş insansınız. Siz ona rəhbərlik edirsiniz. Əvvəllər kuratorluq etdiyiniz dəmir yoluna kömək göstərilməsinə haradasa dərində istək və həvəsiniz də var. Siz bizə gələcəksiniz, görəcəksiniz, orada görülən işlərdən böyük məmnunluq duyacaqsınız. Orada heç nə hədər getməmişdir, hər şey normaldır. Odur ki, biz bu yolu da çox gözəl edəcəyik, o, sadəcə, nağıla bənzəyəcəkdir.

Heydər Əliyev: O vaxtlar Sovet İttifaqında dəmir yollarının uzunluğu 40 min kilometr idi. İndi Rusiyada nə qədər qalmışdır?

Nikolay Aksyonenko: Bəli. Siz haqlısınız. İndi onun təxminən 60 faizi qalmışdır. Hazırda yeni yollar çəkməyə başlamışıq. Ötən il dəmir yoluna ümumən 3 milyard dollar məbləğində vəsait qoymuşuq. Bu, öz vəsaitimizdir. Cari ildə təxminən 4 milyard dollar öz vəsaitimizi qoyacağıq. Biz yeni elektrikləşdirilmiş yollar çəkirik, BAM-da tikinti işləri aparırıq.

Heydər Əliyev: BAM-da tuneli açdınızmı?

Nikolay Aksyonenko: Martın 30-da birləşdirdik, yoxladıq və qatarların hərəkətini ilin sonuna yaxın açacağıq. Bu da əlamətdar hadisədir. Axı, aradan 25 il ötmüşdür.

Heydər Əliyev: Siz bilirsinizmi, mən bunun üçün nə qədər səy göstərmişəm?

Nikolay Aksyonenko: Tunelin tikintisində 53 adam həlak olmuşdur. Orada geoloji şərait ağırdır.

Heydər Əliyev: Mən orada olmuşam, Şərq tərəfdən də olmuşam, Qərb tərəfdən də. O vaxt orada 15 kilometrlik tunelin üç-dörd kilometrini, digər tərəfdən də təxminən bir o qədər qazmışdılar, yəni qazma işlərinin heç yarısı da görülməmişdi, çox hissəsi qalırdı. Mən Şərq tərəfdən də, Qərb tərəfdən də dizədək suya bata-bata üç kilometr piyada getdim, axı, orada avtomobil yolu yox idi. Təbii ki, mənimlə birlikdə çoxlu adam vardı. Yuxarıdan su damırdı, rezin çəkmələr geymişdik. Bax, beləcə pay-piyada getdik. Mən bu tunellə məşğul olmuşam. O, nadir qurğudur.

Nikolay Aksyonenko: Yeraltı yol çəkiləndə mən də orada oldum, aşağıda düyməni basdım, axırıncı divarı partlatdıq. Bir görəydiniz, insanlar necə xoşbəxt idilər. Çünki orada artıq tikintini başlamış adamların övladları işləyirdilər. Lakin ən başlıcası budur ki, onlar xoşbəxt olacaqlar. Çünki bu çox qorxulu yerdə işlər görülüb qurtarmışdır. Axırıncı dəfə, 1998-ci ildə biz 380 metr dərinlikdə yeraltı çayla rastlaşdıq. Bu, axırıncı kilometr çoxlu müsibət gətirdi. Bütün bunlar qurtardıqdan sonra hamı başa düşdü ki, orada daha ölüm halları olmayacaqdır. Çünki orada hər dəfə 2-3 adam həlak olurdu. Dəhşətli iş idi. Bu yaxşı layihə artıq başa çatdırılmışdır.

Heydər Əliyev: Ora ən çətin yerlərdən biridir. Qazma üçün 15 kilometr nədir ki? Heç nə. Amma bir baxın, 1974-cü ildə BAM-ın tikintisinə başlayanda onun sona çatdırılmasına 10 il vaxt qoyulmuşdu. 1984-cü ildə, yəni 10 ildən sonra mən BAM-da oldum, özü də 10 gün qaldım. Dəmir yolu ilə əvvəlcə Moskvadan Bratska qədər, sonra oradan Vladivostoka qədər, Naxodskaya qədər getdim, bütün stansiyalara baxdım. 15 kilometrlik tunel o qədər də böyük məsafə deyildir. Amma onların geoloji şəraiti mürəkkəbdir. Mən komissiyanı dəfələrlə yığdım. Orada çoxlu akademik, mütəxəssis, seysmoloq vardı. Bəziləri dilə tutub deyirdilər ki, gəlin, tikintini dayandıraq, orada seysmiklik yüksəkdir. Bax, siz tuneli tikib başa çatdıracaqsınız, amma o, bir vaxt uçacaqdır.

Nikolay Aksyonenko: Bu, bütün dünya üçün məktəb oldu. Oraya hər yerdən - Amerikadan, Yaponiyadan, dünyanın bütün ölkələrindən adamlar gəlirdilər. Qazmada nadir texnologiya icad edildi. Biz işin öhdəsindən gəldik.

Heydər Əliyev: Təbrik edirəm. Orada mənim də əməyimin bir hissəsi var.

Nikolay Aksyonenko: Dəmir yol nəqliyyatında Sizin əməyiniz çox böyükdür. Biz Sizi məmnuniyyətlə gözləyirik. Çox xahiş edirik, əgər gəlsəniz, bizə də təşrif gətirin.

Heydər Əliyev: Bizim vaqonları təmir edirlərmi?

Ziya Məmmədov: Biz özümüz təmir edirik.

Heydər Əliyev: Mıtişşi zavodu işləyirmi? Onun tikilməsi haqqında qərarı mən qəbul etmişəm.

Məsələ uzun müddət müzakirə edildi. Sonra da yanıma gəlib dedilər ki, bunsuz mümkün deyildir. Mən qərarı imzaladım və zavodu tikdik. Bizim metronun vaqonları oradan alınır?

Nikolay Aksyonenko: Bəli.

Heydər Əliyev: Bizim vaqonlara ehtiyacımız var, çünki metromuzun əsaslı təmirə ehtiyacı var.

Nikolay Aksyonenko: İndi onlar yaxşı işləyirlər, yaxşı sifarişləri var, Yuri Qulko adlı yaxşı bir direktoru var.

Bizim dəmir yolunun rəmzi olan hədiyyəni yadigar olaraq Sizə təqdim etmək istəyirəm.

Heydər Əliyev: Bu, mənim üçün çox əzizdir, çünki mənim atam dəmiryolçu olmuşdur.

Nikolay Aksyonenko: Bütün ləyaqətli adamların ya özləri, ya da valideynləri dəmiryolçu olmuşdur.

Heydər Əliyev: Vladimir Vladimiroviçə və məni xatırlayan bütün dəmiryolçulara salam yetirin.

"Azərbaycan" qəzeti, 9 iyun 2001-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan-MDB iqtisadi münasibətləri