Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti adından Azərbaycan Prezidentinin şərəfinə təşkil olunmuş rəsmi ziyafətdəçıxışı - 8 mart 1996-cı il


Cənab prezident, hörmətli parlament sədri, hörmətli xanımlar və cənablar!

Bu gün bizim üçün, mənim üçün və mənimlə Gürcüstana, onun paytaxtı Tbilisi şəhərinə gələn Azərbaycan nümayəndə heyəti üçün çox əlamətdar bir gündür. Mənim dostum Eduard Şevardnadze bunu tarixi bir hadisə kimi qiymətləndirdi. Güman edirəm o mənada ki, müstəqil Gürcüstan ilə müstəqil Azərbaycan Respublikası arasında çox böyük əhəmiyyətli sənədlər imzalanıbsa və iki ölkənin, iki respublikanın, iki xalqın, iki müstəqil dövlətin başçıları bir araya gəlib, görüşüb gələcək əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazımi qərarlar qəbul ediblərsə, bu, doğrudan da tarixi hadisədir.

Allah-Taala bizim xalqlarımıza böyük nemət bəxş edibdir. Bu da ondan ibarətdir ki, xalqlarımıza qonşu olmaq, bir-biri ilə sıx əlaqədə yaşamaq taleyi qismət edibdir. Bu, doğrudan da böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyin bəhrələrini bizim əcdadlarımız, ulu babalarımız görüblər. Bizim üzərimizə düşən vəzifə bu ənənələri yaşatmaqdan, davam etdirməkdən və gələcək nəsillərə daha yüksək səviyyədə çatdırmaqdan ibarətdir. Allah-Taalanın bizə bəxş etdiyi bu tale bizi əsrlər boyu bir-birimizlə bağlayıb və biz də bir-birimizə dost və qardaş olaraq bərabər yaşayıb, bərabər çalışıb bu günlərə, bu xoşbəxt günlərə gəlib çıxmışıq. Bizdən əvvəl neçə-neçə nəsillər bu dostluğu, qardaşlığı yaradıblar, yaşadıb inkişaf etdiriblər. Bizim də xoşbəxtliyimiz ondadır ki, biz bu dostluq, qardaşlıq əlaqələrini XX əsrin ikinci yarısında, XX əsr sona çatan zaman yaşadıb gələcək nəsillərə çatdıracağıq.

Tarix boyu xalqlarımızın bir-biri ilə sıx əlaqələri haqqında burada saysız-hesabsız dəlillər, faktlar gətirmək olar. Bizim mütəfəkkir insanlar, ziyalılar, alimlər, yazıçılar, bəstəkarlar, rəssamlar, adi adamlar daim dostluq edib, ağır gündə bir-birinə dayaq olub, şən gündə isə bir-birinin məclisində əyləşiblər. Dostum Eduard

Şevardnadze bizim böyük şairimiz Səməd Vurğunun sözlərini xatırladı. Mənim isə Səməd Vurğunla Georgi Leonidzenin dostluğu xatirimdədir. Bu, nə qədər də səmimi bir dostluq idi! Onlar bizim xalqlara nə qədər böyük töhfələr verib gediblər! Onların və eyni zamanda Qriqol Abaşidzenin və Rəsul Rzanın, İrakli Abaşidzenin və Səməd Vurğunun, müasirlərimizin bizə bəxş etdikləri irslər hamımız üçün həm qiymətlidir, həm də bu dostluğumuzu irəliyə aparmaq üçün böyük mənbədir. Bu gün bizim nümayəndə heyətinə mərhum Səməd Vurğunun oğlu Yusif Səmədoğlu da daxildir. O, bizim parlamentin üzvü və parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədridir.

Bütün bunlar birgə tariximizin gözəl səhifələridir. Bu gün biz də tarix yazırıq. Eduard Şevardnadze ilə mənim dostluğumun 30 illik tarixi var. Bəlkə də bundan bir qədər artıqdır. Mən 30 il deyirəm ki, tamamilə dəqiq olsun. Eduard Şevardnadze Gürcüstanda, mən isə Azərbaycanda çox mühüm məsələlərin həlli ilə məşğuluq. 1969-cu ildə mən Azərbaycanın başçısı seçildim, 1972-ci ildə isə Eduard Şevardnadze Gürcüstanın başçısı seçildi. Biz çox səmərəli dostluq və əməkdaşlıq etdik.

Mən bütün tarixi keçmişə çox yüksək qiymət verirəm. Ancaq eyni zamanda hesab edirəm ki, Eduard Şevardnadze ilə Heydər Əliyev Gürcüstanın və Azərbaycanın başçıları olduqları dövr Gürcüstan - Azərbaycan əlaqələrinin ən parlaq dövrü olmuşdur. Sonra tale bizim ikimizi də Moskvaya apardı. Mən Zaqafqaziyada Eduarddan qabaqda getdiyimə görə Moskvaya da ondan əvvəl getmişəm. 1982-ci ilin sonunda mən Moskvaya getdim. 1985-ci ilin ortalarında isə Eduard Şevardnadze Moskvaya gəldi. Orada da bir neçə il çox səmərəli əməkdaşlıq etdik. Mənə belə gəlir ki, fəaliyyətimizin əsas cəhəti ondan ibarət olub ki, biz xalqımıza, millətimizə, ölkəmizə sadiq olmuşuq və axıra qədər də sadiq qalmışıq.

Sonra yenə bizim həyatımızda olan dəyişikliklər eyni zamanda baş veribdir. 1987-ci ilin sonunda mən Moskvada işdən istefa verdim. Məndən bir neçə il sonra, 1991-ci ildə Şevardnadze istefa verdi.

Doğrudur, məndən sonra nədənsə bir qədər gecikdi. Buna görə də mən ona xəbər göndərdim ki, yaxşı deyil, gecikmə. Nəhayət, Eduard Şevardnadze 1991-ci ilin sonunda yenidən Gürcüstanın rəhbərliyinə gəldi.

Eduard Şevardnadze: Bizim tərəfimizdən hər şey əvvəlcədən razılaşdırılmışdı.

Heydər Əliyev: Bu dəfə o, məni qabaqladı. Sonra mənə xəbər göndərdilər ki, mən də gəlməliyəm. Amma mən gəlmədim. Nəhayət, 1992-ci ildə mən də gəlməli oldum və beləliklə, Eduard Şevardnadze Gürcüstanın, Heydər Əliyev də Azərbaycanın rəhbəri oldular. Bu, tarixdə bəlkə də nadir bir hadisədir. Ancaq ikimizin də həyat yolumuz, talelərimiz bir-birinə çox bənzərdir və bir-biri ilə çox sıx əlaqədardır.

Mən deyə bilərəm, keçmiş Sovetlər İttifaqında elə bir respublika yoxdur ki, onların rəhbərləri bir çox illər əvvəl vəzifədən getmiş olsun, sonra da başqa bir keyfiyyətdə yenidən respublikanın rəhbərliyinə qayıtsınlar. Deməli, bu onu göstərir ki, biz xalqımıza sədaqətlə xidmət etmişik ki, xalq bizi ikinci dəfə də dəvət edir.

Məsələn, bizim keçmiş həmkarlarımızdan Qorbaçov yenidən gedib Stavropolda qubernator ola bilərmi? Ola bilməz! Yaxud Liqaçov gedib Tomskda qubernator ola bilərmi? O da ola bilməz! Bax, budur, bizim onlardan fərqimiz.

Biz öz xalqımıza, millətimizə daim minnətdar olmalıyıq. Ona görə yox ki, biz yenidən bu yüksək vəzifələrə gəlmişik. Ona görə ki, ağır proseslər getdiyi bir zamanda xalq bizi unutmayıb və bizə ehtiyac duyubdur, bizi yenə də özünə rəhbər dəvət edibdir. Sizin vaxtınızı alıb bunları danışmaqda məqsədim dostum, qardaşım Eduard Şevardnadzenin Gürcüstan üçün nə qədər böyük xidmətlər göstərdiyini bir daha qeyd etmək və Gürcü xalqı qarşısında onun nə qədər böyük hörmət qazandığım bir daha bildirməkdir.

Özüm haqqında isə sadəcə olaraq ona görə dedim ki, biləsiniz, mən də Eduard Şevardnadze ilə birlikdə olmuşam. Çünki bunu deməsəydim, mənzərə tamamilə aydın olmazdı. Biz keçmişdə nə qədər böyük xidmətlər göstərmiş olsaq da, indi qarşımızda duran vəzifələr onlardan daha ağır, daha çətin və eyni zamanda daha yüksək vəzifələrdir. Mən əminəm ki, dostum Eduard Şevardnadze Gürcüstan dövlətinin başçısı kimi, Gürcüstanın prezidenti kimi bu vəzifələri keçmişdə olduğu təki, yenə də layiqincə yerinə yetirəcək və Gürcüstanı, Gürcü xalqını bu ağır mərhələdən məharətlə keçirib gözəl gələcəyə aparacaqdır. Ona görə də Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin yeni mərhələsi bizim üçün çox mühüm, çox əhəmiyyətlidir və çox da məsuliyyətlidir. Mən bu məsuliyyəti dərk edərək, dostum

Eduard Şevardnadzenin dəvətini qəbul edib sizin yanınıza gəlmişəm, sizə qonaq gəlmişəm. Bu məsuliyyətimi dərk edərək bu gün böyük məmnuniyyətlə ölkəmiz arasında, dövlətlərimiz arasında olan çox əhəmiyyətli və çox böyük gələcəyə malik sənədləri imzalamışıq.

Əziz gürcü qardaşlarım və bacılarım, əmin ola bilərsiniz ki, azərbaycanlılar dostluğa çox sadiq adamlardır. Şəxsən mən də o sadiq adamlardan biriyəm. Sizi əmin edirəm ki, bundan sonra da Gürcüstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrini inkişaf etdirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu gün imzaladığımız sənədlər haqqında Eduard Şevardnadze çox gözəl danışdı. Mən onun fikirləri ilə tamamilə razıyam. Kür çayı həmişə Gürcüstandan axıbdır. Amma o öz mənbəyini Türkiyədən götürüb. Kür çayı bundan sonra da axaraq gəlib Xəzər dənizinə töküləcəkdir. Azərbaycan nefti də neft kəməri ilə Gürcüstana, Gürcüstan ərazisindən isə Qara dənizə daim axacaqdır.

Mən rica edirəm bu badələri Gürcü xalqının şərəfinə qaldıraq. Azad, müstəqil, demokratik Gürcüstanın şərəfinə, Gürcüstanın çox dəyərli rəhbəri və gürcü xalqının böyük oğlu Eduard Şevardnadzenin şərəfinə, Gürcüstan parlamenti sədrinin şərəfinə, Gürcüstanın burada iştirak edən başqa rəhbərlərinin şərəfinə, Gürcü və Azərbaycan xalqlarının əbədi dostluğunun şərəfinə. Sağ olun.