Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya Xarici Ticarət və Sənaye Nazirliyinin Maliyyə Əməkdaşlığı Departamentinin direktoru Takeo Xirata ilə görüşdə söhbətindən - 24 avqust 1999-cu il


Şadam ki, siz respublikamıza bir daha gəlmisiniz. Siz artıq Azərbaycanın dostusunuz, biz sizi həmişə belə qəbul edirik. Bir daha deyim ki, siz Yaponiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafında çox böyük rol oynayırsınız.

Siz bilirsiniz ki, - mən bunu dəfələrlə, xüsusən Yaponiyaya rəsmi səfərim zamanı bəyan etmişəm, - Azərbaycan hər cəhətdən, xüsusən iqtisadi sahədə Yaponiya ilə münasibətlərin dərinləşməsini, genişlənməsini və inkişaf etməsini çox istəyir. Yaponiyadan Azərbaycana və Azərbaycandan Yaponiyaya edilən bu cür qarşılıqlı səfərlər, şübhəsiz ki, bu strategiyamızın həyata keçirilməsinə kömək edir.

Mənə dedilər ki, siz bu gün axşam yola düşürsünüz. Mən burada, Azərbaycanda deyildim. Yaxşı ki, gəlib çıxdım, siz isə hələ getməmişdiniz. Buyurun, sizi dinləyirik...

... Sizi dinləməyimə çox şadam. Respublikamızın ünvanına, şəxsən mənim ünvanıma söylədiyiniz səmimi, xoş və mehriban sözlərə görə sizə təşəkkür edirəm.

Yaponiyaya rəsmi səfərimin əhəmiyyətini, Azərbaycan-Yaponiya münasibətlərində baş vermiş müsbət dəyişiklikləri yüksək qiymətləndirdiyinizə görə sağ olun. Öz tərəfimdən demək istəyirəm ki, Yaponiyaya səfərim haqqında, imperatorla da, baş nazirlə, xarici işlər naziri ilə, digər nazirlərlə, ən iri şirkətlərin rəhbərləri, Yaponiya işgüzar dairələrinin nümayəndələri ilə də görüşlər haqqında ən səmimi hissləri qəlbimdə saxlayıram və həmişə saxlayacağam. Həqiqətən, qısa müddətdə o qədər görüşlər keçirmək, o qədər danışıqlar aparmaq, Azərbaycan barədə, imkanlarımız barədə o qədər danışmaq mümkün olmuşdur ki, mən bu səfərin yekunlarından son dərəcə məmnun qalmışam.

Bunun bizim üçün çox böyük əhəmiyyəti var ki, mənim səfərim zamanı biz Yaponiya ilə Azərbaycan arasında mühüm sənədlər imzaladıq. Sənədləri Yaponiyanın baş naziri cənab Haşimoto və mən imzaladıq. Onlar tarixi əhəmiyyətə malikdir - Azərbaycan-Yaponiya münasibətlərinin bünövrəsini qoymuş ilk sənədlərdir.

Əlbəttə, biz minnətdarıq ki, Yaponiya hökuməti Azərbaycana belə çox böyük məbləğdə maliyyə yardımı - "Şimal" DRES-in yenidən qurulması üçün güzəştli kredit ayırmışdır. Bunadək biz layihənin həyata keçirilməsi üçün heç bir ölkədən belə böyük kredit almamışdıq. Bununla yanaşı, "Niçimen" və "Azərikimya" şirkətləri arasında saziş var, - həmin sazişə uyğun olaraq Eksimbank tərəfindən 95 milyon dollar məbləğində böyük kredit ayrılması də nəzərdə tutulur. Bu, Yaponiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı sahəsində ikinci ciddi addımdır.

Şadam ki, Yaponiya hökumətində varislik saxlanılır. Cənab Obuti xarici işlər naziri olarkən Tokioda mənim onunla çox səmərəli, xoş və faydalı danışıqlarım oldu. İndi o, baş nazirdir. Bilirəm ki, bu varislik bizə əməkdaşlığımızı razılığa gəldiyimiz ruhda davam etdirməyə imkan verir.

Bizim üçün çox mühümdür ki, Yaponiyanın xarici işlər naziri bu il Azərbaycana gəlmişdir. Burada çox mühüm görüşlər, danışıqlar oldu. Xüsusilə mühüm olanı odur ki, burada o, ikinci yardım - artıq bu dəfə "Şimal" DRES-i üçün qaz kəmərinin yenidən qurulmasından ötrü bizə kredit ayrıldığını bildirdi.

Cənab Xirata, siz lap əvvəldən bütün danışıqlarımızın və bütün uğurlarımızın fəal iştirakçısısınız. Yaponiyaya mənim səfərimdən hələ əvvəl sizin Azərbaycana gəlməyiniz və Yaponiyaya səfərim zamanı və bundan sonra sizin çox fəal işiniz bizim üçün olduqca böyük əhəmiyyətə malikdir və hadisələrin gedişinə mühüm, müsbət təsir göstərir. Ümidvaram ki, üçüncü maliyyə yardımını, krediti biz sizin köməyinizlə alacağıq.

Əlbəttə, biz ona şad olacağıq ki, sentyabrda, Yaponiya-Azərbaycan komissiyasının birgə iclasını keçirmək üçün Şərifovun Yaponiyaya səfəri zamanı nota mübadilələri ediləcək və bizə maliyyə yardımının ikinci hissəsinə dair qəti sənədlər imzalanacaqdır.

Siz gələcək işimizin bəzi şərtlərindən, ən əvvəl ondan danışdınız ki, Yaponiya şirkətləri bu layihənin həyata keçirilməsində iştirak etsinlər. Hesab edirəm ki, bunu sözsüz həyata keçirmək lazımdır. Məncə, bu, kreditin şərtlərində də göstərilmişdir. Ancaq hesab edirəm ki, sizin şirkətləriniz kifayət qədər güclüdür və bütün tenderlərdə yer tutacaqlar.

İkincisi - kompressor stansiyası üçün kreditin reallaşdırılması barədə. Şübhəsiz ki, bu danışıqları aparmaq lazımdır. Bu layihənin Yaponiya ilə birlikdə həyata keçirilməsi üzərində mən möhkəm duracağam.

O ki qaldı Xəzərdəki neft yataqlarının birgə işlənilməsində Yaponiya şirkətlərinin gələcəkdə iştirakına, mən bunu tamamilə dəstəkləyirəm. Biz Yaponiyanın "İtoçu" şirkəti ilə əməkdaşlığa cəmi üç il bundan əvvəl başlamışıq, amma bir görün, bu müddət ərzində biz nə qədər irəliləmişik. Müqavilələr imzalanmışdır və bir çox yapon şirkətləri artıq burada fəaliyyət göstərirlər. Mən sizə məsləhət görərdim ki, Azərbaycanda neft və qaz yataqlarında birgə işləmək istəyən şirkətləriniz böyük fəallıq göstərsinlər və əlbəttə, dünyanın digər şirkətləri ilə müqayisədə daha məqbul şərtlər təklif etsinlər. Şəxsən mən istəyirəm ki, burada daha çox yapon şirkətləri olsun, çünki biz Yaponiya ilə Azərbaycan arasında münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi baxırıq. Biz Yaponiya ilə daha böyük yaxınlıq, daha böyük iqtisadi əlaqələr olmasını istəyirik. Buna görə də neft şirkətlərinizə çatdırın ki, qoy gecikməsinlər. Onlar mənim köməyimə ümid bəsləyə bilərlər.

O ki qaldı digər təkliflərinizə, özəlləşdirmə sahəsindəki təcrübəniz, görünür, kiçik və orta biznesin inkişafı üçün kreditlər xüsusilə cəlbedicidir. Bunlar bizim üçün çox məqbul məsələlərdir. Dediklərinizin hamısını sadalamaq istəmirəm. Birmənalı olaraq təkcə onu deyim ki, sizin bütün təkliflərinizlə razıyam. Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan tərəfdən sədri Şərifov məndən bu barədə konkret göstərişlər almışdır. Buna görə də ümidvaram ki, sentyabrda Tokioda görüşərkən siz bu məsələlər üzrə imkanları konkretləşdirə biləcəksiniz. Mən neft şirkətləri barədə ARDNŞ-ə göstərişlər verəcəyəm.

Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, praktiki işə başlamaq üçün ikinci kreditə dair qəti sənədlər sentyabrda hazır olacaqdır. Siz də, biz də aydın təsəvvür edirik ki, kreditlər, - bunlar təxminən 320 milyon dollardır, - reallaşdırılmağa başlandıqda buraya nə qədər yapon şirkətini cəlb edəcək, burada Azərbaycandan və digər ölkələrdən olan nə qədər adam işləyəcəkdir. Bir sözlə, bu, iqtisadiyyatımızda çox böyük sıçrayış olacaqdır.

Kitab yazmaq haqqında sizin arzunuza gəldikdə, mən bunu yadda saxlayacağam. İmkan olarsa, onu yazacağam. Ancaq kitabı yazmağa başlamazdan əvvəl mən Azərbaycan haqqında bizdə olan çox maraqlı kitabların yapon dilinə tərcümə edilməsi barədə göstəriş verəcəyəm ki, sizin oxucular ölkəmiz haqqında çox şey bilsinlər.

Nəhayət, hesab edirəm ki, Yaponiya hökumətinin Azərbaycanda Yaponiyanın səfirliyini açmaq vədi də tezliklə həyata keçəcəkdir. Bunu gələn ilin əvvəllərində etməyə söz veriblər, bir neçə ay qalır, ona görə də hazırlığa başlamaq lazımdır ki, iş uzanmasın. Əlbəttə, bütün bu məsələlərin reallaşmasında biz əvvəlkitək sizin şəxsi köməyinizə və fəal iştirakınıza ümid bəsləyirik.