Hörmətli cənablar!
Səmimi sözlərə görə görüş iştirakçılarına təşəkkürümü bildirirəm. ABŞ-a uğurlu rəsmi səfərimdən olduqca razıyam. Azərbaycan-Amerika əlaqələrinin tərəfdaşlıq səviyyəsinə yüksəlməsini məmnunluqla xüsusi vurğulamaqla səfərimin başlıca nəticəsi kimi yüksək qiymətləndirirəm. Nəzərinizə çatdırıram ki, Ağ evdə cənab Bill Klintonla, Amerika hökumətinin yüksək vəzifəli digər şəxsləri ilə keçirdiyim görüşlər, apardığım danışıqlar, imzalanan sənədlər tarixi əhəmiyyət daşıyır.
Qeyd edim ki, bazar münasibətləri yolunu seçmiş, hüquqi demokratik dövlət quran, fikir plüralizminə geniş yer verilən, insan hüquqlarının möhkəm qorunduğu Azərbaycan Respublikasının qarşılaşdığı problemlər də vardır. Bu problemlərdən ən ağrılısı Ermənistan-Azərbaycan münaqişəsidir. Məlumdur ki, əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi üçün Ermənistan Respublikasının 1988-ci ildən respublikamıza qarşı başladığı hərbi təcavüz 1992-1993-cü illərdə iri miqyaslı müharibəyə çevrilmiş, Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz el-obasından didərgin düşməsinə, ağır vəziyyətdə çadırlarda yaşamasına səbəb olmuşdur, ölkəmizə milyard dollarla maddi və mənəvi ziyan dəymişdir. Buna baxmayaraq biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bu yolda səylərimizi bir an da olsun dayandırmırıq. Biz bu münaqişənin ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında həllinə çalışırıq və ümid edirik ki, ABŞ prezidenti cənab Bill Klintonun təsdiqlədiyi kimi, 1997-ci ildə bu münaqişə öz həllini tapacaqdır.
Vurğulayım ki, ABŞ Konqresinin "Azadlığı müdafiə aktı"na 1992-ci ildə qəbul etdiyi 907-ci düzəliş Azərbaycan-Amerika əməkdaşlığına müəyyən maneələr yaradır. Buna görə də bu ədalətsiz düzəlişin aradan qaldırılmasına Amerikanın nüfuzlu maliyyə və bank qurumları rəhbərlərinin də səylər göstərməsi olduqca vacibdir. Biz buna böyük ümidlər bəsləyirik.
Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi üçün bir sıra xarici ölkələrin nüfuzlu neft şirkətləri ilə bağlanmış müqavilələrin həyata keçirilməsinə artıq başlanmışdır. Bununla bağlı avqustun 1-də Ağ evdə ABŞ-ın "Şevron", "Eksson", "Mobil" və "AMOKO" şirkətləri ilə ARDNŞ arasında imzalanmış sənədləri bir daha yüksək qiymətləndirirəm.
Nəzərə çarpdırım ki, Dünya Biliyi ilə əlaqələrin sıxlaşdırılmasına respublikamızda daim xüsusi diqqət yetirilir. MDB ölkələri arasında birinci olaraq Azərbaycanda torpaqlar şəxsi mülkiyyətə verilmişdir, özəlləşdirmə uğurla həyata keçirilir, inflyasiya sıfıra enmişdir, manatın alıcılıq qabiliyyəti xeyli artmışdır.
Bir daha qeyd edirəm ki, mən Amerikanın nüfuzlu bank və maliyyə qurumlarının rəhbərləri ilə görüşümdən məmnun qaldığımı bildirirəm və görüş iştirakılarını Azərbaycana dəvət edirəm.