Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Boinq" Korporasiyasının vitse-prezidenti Robert Spitzeri və korporasiyanın əməkdaşı Vladimir Silverstonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 10 oktyabr 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Siz Azərbaycana elə belə gəlməmisiniz, ölkəmiz üçün böyük bir "Boinq" təyyarəsi gətirmisiniz. Bu, bizim üçün böyük hadisədir.

Bilirsiniz ki, Azərbaycan gənc, müstəqil dövlətdir, vəsaiti də o qədər çox deyildir. Ancaq sizin, xüsusən Amerikanın "Eksimbank"ının köməyi ilə kredit əldə etmək, "Boinq" almaq bizə də nəsib oldu. Doğrudur, bu proses bizim üçün sadə olmadı. Mənim özüm də bir az şübhə edirdim ki, bunu etmək lazımdır, yoxsa yox. Çünki vəsait çatışmazlığı var. Ancaq, nəhayət, biz qərar qəbul etdik. Yenə də deyirəm, siz də, banklar da bizə kömək etdiniz və "Boinq" Azərbaycana gəlibdir. Mən bu hadisənin qeyd olunmasını televiziya vasitəsilə seyr etdim və insanların necə sevindiyini gördüm. Sizə təşəkkür edirəm.

Robert Spitzer: Cənab prezident, biz bu əlamətdar hadisə münasibətilə Azərbaycana gəlməyimizdən məmnunuq. Onu da bilirəm ki, bugünkü günün özü də xüsusi bir gündür. Bildiyimə görə, bu gün Sizin prezident kimi and içməyinizin yeddinci ildönümüdür.

Heydər Əliyev: Siz bunu haradan bilirsiniz? Bu, mənim yadımdan çıxıbdır.

Robert Spitzer: Cənab prezident, yolu var, bir vasitə tapıb öyrəndik. Kim bilir, bəlkə də biz bu "Boinq-757" təyyarəsini Sizin prezidentliyinizin ildönümü gününə hədiyyə gətirmişik.

Heydər Əliyev: Çox sağ olun.

Robert Spitzer: Bizim korporasiyamız təptəzə "Boinq" təyyarəsini Azərbaycana gətirməkdən məmnundur. Sevinirik ki, biz bu təyyarəni "Azərbaycan Hava Yolları" Dövlət Konserninin sərəncamına verdikdən sonra konsern onun xidmətindən istifadə edərək, dünyanı Azərbaycana və Bakıya daha da yaxınlaşdıracaqdır.

Cənab prezident, bizə göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Biz təyyarəmiz buraya gələndən bəri həm "Azərbaycan Hava Yolları" Dövlət Konsernində, həm də ümumiyyətlə, bu sahədə çalışanların sevinc hisslərinin şahidi olmuşuq.

"Boinq" təyyarəsinin Azərbaycana gətirilməsi mənə həmçinin bu ölkə ilə tanış olmaq imkanı da yaratdı. Dünən gecə şam yeməyində mən görkəmli musiqiçi Rostropoviç ilə görüşmək şərəfinə nail oldum. O, qeyri-adi bir insandır.

Heydər Əliyev: Elədir. Rostropoviç mənim çox yaxın dostumdur.

Robert Spitzer: Bilirəm. Biz hesab edirik ki, Azərbaycan adının mənalarından biri olan "od" adı bu ölkəyə gələcəyə parlayan işıq kimi baxmağa, nur saçmağa imkan verəcəkdir. Azərbaycanın çiçəklənən bir ölkə kimi inkişaf etməsində "Boinq" təyyarələrinin və "Azərbaycan Hava Yolları" Dövlət Konserninin xüsusi rolu olacaqdır.

Biz çoxlu insanların Azərbaycanı ziyarət etməsinin təmin olunmasında və ölkənizin gələcəyinin formalaşmasında Hava Yolları Dövlət Konserni ilə bərabər çalışacaq və onun inkişaf etməsinə yardım edəcəyik.

Cənab prezident, mən onu da bildirmək istəyirəm ki, biz "Azərbaycan Hava Yolları" Dövlət Konsernini sərəncamında olan təyyarələri təzələməsi, eyni zamanda, Bakıda yeni, müasir tipli hava limanının tikintisini başa çatdırması münasibətilə alqışlayırıq. Mən bir daha bildirmək istəyirəm ki, müasir nəqliyyat sistemləri dünyanı Azərbaycana gətirəcəkdir.

Cənab prezident, mən Azərbaycanda olmağımdan məmnunluq duyduğumu bir daha bildirirəm və Sizə dərindən təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Mən də sizə təşəkkür edirəm. Biz bir il bundan öncə yeni aeroport binasının tikintisini başa çatdırdıq. Görürsünüz ki, həmin hava limanı beynəlxalq standartlara uyğundur və beynəlxalq uçuşları təmin edən bir binadır. Bizim bu cür hava limanımıza köhnə təyyarələr yaraşmır. Bu ona bənzəyər ki, insan yaxşı kostyum geyib, amma onun cırıq ayaqqabısı vardır. Ona görə də "Boinq" təyyarəsinin Azərbaycana gəlməsi bizim hava limanı ilə təyyarə parkı arasında müəyyən uyğunluq yaradıbdır. Əlbəttə, imkanımız olsaydı, biz bir yox, bir neçə təyyarə alıb gətirərdik. Ancaq güman edirəm ki, bu başlanğıc gələcək üçün də uğurlu olacaqdır.

Mənə dedilər ki, ikinci "Boinq" noyabr ayında gələcəkdir.

Robert Spitzer: Doğrudur.

Heydər Əliyev: Bu təyyarə bizim hava yollarının təyyarə parkını zənginləşdirir. Təbiidir ki, "Azərbaycan Hava Yolları" Dövlət Konserninin əsas vəzifəsi belə yüksək keyfiyyətli, müasir tipli təyyarələrdən səmərəli istifadə etməkdən ibarətdir.

Mənə bildirdilər ki, təyyarənin uçuş heyəti sizin tərəfinizdən yaxşı hazırlaşdırılıbdır. Onlar yaxşı səviyyədədirlərmi?

Robert Spitzer: Bəli. Biz ikinci təyyarə üçün də uçuş heyətinə təlim keçilməsi və onların hazırlıqlarının artırılması ilə məşğul oluruq. Mən azərbaycanlı təyyarəçilərə təlim verən proqramın rəhbəri ilə şəxsən danışdım. O, azərbaycanlı təyyarəçilərə ən yüksək qiymət verdi. Azərbaycanlı təyyarəçilər çox əla təlim keçiblər.

Heydər Əliyev: Çox gözəl. Bu, məni çox sevindirir. Təyyarəni almaq olar, amma onu işlətmək, həm də yüksək səviyyədə işlətmək lazımdır.

Robert Spitzer: Cənab prezident, mən onu da bildirmək istəyirəm ki, biz işimizi təkcə təyyarənin satılması ilə qurtarmırıq. Biz azərbaycanlı təyyarəçilərə təlim keçməklə bərabər, həm də uçuş dövründə onlara kömək göstərmək üçün buraya öz təyyarələrimizi gətirmişik. Bundan əlavə, ilk vaxtlar "Boinq" təyyarəsinə xidmət işlərini də biz həyata keçirəcəyik. Təyyarə üçün əlavə hissələr, mexaniki qurğular gətirmişik. Biz hətta təyyarədə xidmətçi rolunu oynayacaq şəxslərin də təlimini keçid dövründə birgə həyata keçirəcəyik.

Heydər Əliyev: Bu, çox yaxşıdır.

Robert Spitzer: Cənab prezident, həmin təyyarələrə xidmət göstərilməsini biz daim davam etdiririk. Yəni bu təyyarələri gətirib buraya qoyub çıxıb getmirik. Bizim Sizinlə işimiz hələ uzun olacaqdır.

Heydər Əliyev: Bu məni çox sevindirir. Çünki gedib mağazadan bir avtomobil alanda, ondan necə istifadə etmək sənin öz işindir. Amma bu böyüklükdə, çoxsaylı sərnişinləri daşıyan təyyarənin istismar olunması, ona xidmətin və onun təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi çox mühüm məsələdir.

Vladimir Silverston: Cənab prezident, bizim "Boinq" Korporasiyasında belə bir məsəl tez-tez işlədilir ki, təyyarənin bir ölkəyə verilməsi hələ toy mərasiminə oxşayır. Bu toydan sonra ailə qurulmağa başlayır və bu ailənin üzvləri bütün sevincli, kədərli, xoş günləri birlikdə yaşayırlar.

Heydər Əliyev: Çox yaxşı sözdür. Çünki bəzən toydan sonra ailə yaxşı yaşaya bilmir.

Robert Spitzer: Amma biz elə edəcəyik ki, bu ailə yaxşı yaşasın.

Heydər Əliyev: Bəli, mən də belə düşünürəm ki, dünən toy olubdur. "Azərbaycan Hava Yolları" Dövlət Konserni "Boinq" Korporasiyası ilə qohum olubdur.

Robert Spitzer: Tamamilə doğrudur.

Heydər Əliyev: Kimin kimlə evləndiyini deyə bilmərəm, amma indi lazımdır ki, bu ailə yaxşı yaşasın, tərəflər bir-birindən razı qalsın. Həyatları xoşbəxt olsun. Bizim üçün bu, "Boinq"in yüksək səviyyədə istismar edilməsidir.

Sizin verdiyiniz məlumatlar məni çox sevindirir. Sağ olun.

"Azərbaycan" qəzeti, 11 oktyabr 2000-ci il.