Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyanın energetika və sənaye naziri Brayan Uilsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 3 iyun 2003-cü il


Heydər Əliyev:  Hörmətli nazir, Azərbaycana xoş gəlmisiniz. Biz Xəzər dənizində neft çıxarmaq üçün İngiltərə ilə çox geniş əməkdaşlıq edirik. Demək olar ki, indi burada işləyən bütün şirkətlərin hamısından ən böyüyü bp-dir. Ona görə bizim əlaqələrimiz dövlət tərəfindəndir və daim olmalıdır. Biz artıq Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinin tikintisinə başladıq və 2004-cü ilin sonuna qədər onu bitirəcəyik. Buyurun.

Brayan Uilson: Cənab prezident, bizimlə görüşdüyünüzə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Çox xoşdur ki, burada, Bakıda yenidən beynəlxalq sərgidə iştirak edirəm. Bu sərgiyə üçüncü dəfədir gəlirəm. Mən həm də baş nazir Toni Bleyerin səmimi salamlarını Sizə yetirirəm. O, çox şaddır ki, Siz sağalmısınız.

İcazə verin, Sizi 80 illik yubileyiniz və Azərbaycan Respublikasının milli günü münasibətilə təbrik edim.

Heydər Əliyev: Sağ olun.

Brayan Uilson: Cənab prezident, biz Sizinlə bundan əvvəl də görüşmüşük, neft və qaz barəsində ətraflı söhbətlər etmişik. Çox şadam, bu gün öz gözlərimizlə görə bilirik ki, nəzərdə tutduğumuz və haqqında danışdığımız bütün layihələrin hamısı həyata keçmək üzrədir. İşlər qaydasında gedir. Bunlar üçün işçi qüvvəsi səfərbər olunubdur. Biz də Azərbaycanın inkişafı üçün öz töhfəmizi verə bilirik.

Heydər Əliyev: Doğrudur, razıyam.

Brayan Uilson: Cənab prezident, əlbəttə, heç şübhəsiz ki, bütün bu layihələrin yerinə yetirilməsi Sizin uzaqgörənliyiniz sayəsində mümkün olmuşdur. Mən çox şadam ki, Böyük Britaniya şirkətləri də burada həlledici rol oynayırlar. Beləliklə, biz əlaqələri Siz dediyiniz kimi inkişaf etdiririk. Elə bilirəm ki, qarşımızda növbəti layihə "Şahdəniz" olacaqdır və bu layihə üzrə də biz qaz kəməri çəkməliyik. Ümid edirəm ki, hər şey Azərbaycan üçün müsbət nəticələnəcəkdir.

Heydər Əliyev: Sağ olun. Sizin sözlərinizə görə təşəkkür edirəm. Sizə bildirirəm ki, biz bp ilə, Böyük Britaniyanın digər şirkətləri ilə əməkdaşlığımızı həmişə davam etdirəcəyik. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri 2004-cü ilin sonunda tamamilə qurtaracaqdır. Artıq biz Ceyhana böyük neft ixrac edəcəyik.

"Azərbaycan" qəzeti, 4 iyun 2003-cü il.