Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Televiziyasının "Tema" proqramının maestro Mstislav Rostropoviçin həyat və yaradıcılığına həsr edilmiş verilişin çəkiliş iştirakçıları ilə görüşdəki söhbətindən - 15 iyun 1998-ci il


Heydər Əliyev: Sizi, ümumiyyətlə və xüsusən Azərbaycanda həyata keçirdiyiniz bütün işlərə görə təbrik edirəm. Sabah sizin konsertinizi gözləyirik. Yeri gəlmişkən, keçmiş vaxtlarda necə olduğunu bilmirəm, amma, ola bilsin, bu, birinci haldır ki, siz Bakıda simfonik orkestrə dirijorluq edəcəksiniz.

Mstislav Rostropoviç: Bəli, bu, ilk dəfə olacaqdır.

Heydər Əliyev: Siz dünyanın bir çox şəhərlərində, paytaxtlarında olduqca uğurla dirijorluq etmisiniz, hər yerdə yolunuzu gözləyirlər. Amma öz vətəninizdə siz Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinə ilk dəfə olaraq dirijorluq edəcəksiniz.

Mstislav Rostropoviç: Heydər Əliyeviçin mühafizəsi barədə bir neçə kəlmə demək istəyirəm. Bu, dünyada ən çox musiqisevər mühafizə dəstəsidir. Ona görə ki, hər hansı digər prezidentə nisbətən Heydər Əliyev konsertlərdə daha tez-tez olur. Buna görə də onlar musiqini dinləyir və başa düşürlər.

Heydər Əliyev: Musiqini, xüsusən də sizin musiqinizi onlar nəinki başa düşür, həm də sevirlər. Bu qədər dostlarını, - bu dostlar isə siz və buraya toplaşanlardır, - olduğu halda mən prinsipcə mühafizə dəstəsinə ehtiyac duymuram. Hərçənd ki, prezidentin mühafizə edilməsinə ehtiyac var.

Mstislav Rostropoviç: Biz istəyirik ki, Sizi mühafizə etsinlər.

Yuli Qusman: Biz artıq dedik ki, maestro qaçqınların yanında olmuşdur, Siz onu "Şöhrət" ordeni ilə təltif etdiniz, onun doğma şəhərinin fonda olması üçün Bakıda belə yüksək nöqtəni məxsusi seçdik. Lakin maestronun bu sözləri xüsusilə təsirlidir ki, Azərbaycan musiqiçilərinin yeni nəsli - Üzeyir Hacıbəyovun, Bülbülün, Qara Qarayevin işlərinin davamçıları yetişirlər. Maestronun öz gözəl məktəbi barədə söhbəti gözəldir. Burada Mstislav və Leopold Rostropoviçlər adına məktəbin uşaqları çıxış etdilər - bu, tamamilə fantastik aləm idi.

Heydər Əliyev: Bilirsinizmi, Bakı özünün digər layiqli keyfiyyətləri ilə yanaşı, sözün ən yüksək anlamında həmişə ən musiqili şəhər olmuşdur. Professional, simfonik musiqi, opera musiqisi burada həmişə böyük nüfuza malik olmuşdur. Buna görə də təsadüfi deyil ki, Mstislav Rostropoviç kimi dahi musiqiçi də Azərbaycan torpağında, Bakıda doğulmuşdur. Təsadüfi deyil ki, bir vaxtlar onun atası buraya məhz işləməyə, bununla bərabər, Azərbaycan xalqına yüksək professional musiqi məktəbi yaradılmasına kömək etməyə gəlmişdi. Bu, təsadüfi deyildi. Vaxt vardı, buna maraq nəinki azalmırdı, həm də vəziyyət sadəcə olaraq elə idi ki, bəlkə də adamların musiqidən istədikləri kimi bəhrələnməyə, simfonik orkestrin konsertlərində olmağa və ya məhz simfonik yönümdə musiqi təhsili almağa imkanı yox idi. Amma srağagün, biz Musiqi Akademiyasında olarkən və bir neçə gün ərzində sizinlə birlikdə olmuş adamları birlikdə dinləyərkən mən oturub düşünürdüm - bu, necə böyük səadətdir, yeni nəsil yetişir, istedadlar var. Onlar həqiqətən çox görkəmli istedadlardır və Azərbaycan xalqı arxayın ola bilər ki, Azərbaycanda musiqi sənətinin, professional musiqi ənənəsi irəliləyəcək, inkişaf edəcəkdir.

Slava, bu baxımdan sizin xidmətiniz, sizin rolunuz qiymətsizdir. Bu gün biz sizinlə Bakı şəhərinin yüksək bir nöqtəsindəyik, bura elə bir yerdir ki, adətən, bütün bakılılar buradan şəhərin, dənizin seyrinə dalırlar, Azərbaycanla, Bakı ilə ilk dəfə tanış olanlar hökmən buraya gəlirlər, çünki buradan çox şey görünür. Burada, vaxtilə sizin də dəfələrlə olduğunuz, - burada mən də çox olmuşam, - bu yüksək nöqtədə şadam ki, sizinlə birlikdəyəm, şadam ki, siz öz dostlarınızın əhatəsindəsiniz. Aydın səmaya, Xəzər dənizinə, gözəl şəhərə baxaraq deyirəm: Ümumən incəsənətin, musiqinin inkişafı üçün etdiyiniz hər şeyə görə sağ olun, Azərbaycana, Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə göstərdiyiniz çox böyük köməyə görə sağ olun.

Yuli Qusman: Heydər Əliyeviç, bu gün bizimlə birlikdə olduğunuza görə sağ olun. Bu gün biz çox dedik ki, Mstislav Rostropoviç BMT-nin sülh və xoşməramlı elçisidir. Ancaq mənə elə gəlir ki, onun sənəti, musiqisi ölkələrimizi bütün söhbətlərə, bütün siyasətçilərə nisbətən daha möhkəm bağlayır.

Mstislav Rostropoviç: Balaca bir əlavə. Heydər Əliyeviç buraya gələndə biz onun bundan əvvəl mənim ciddi musiqi barəsində dediyim belə bir fikri təkrarladığını qeyd etdik: Ciddi musiqini qavramaq üçün dinclik gərəkdir. Heydər Əliyeviç dedi ki, vaxt var idi musiqi tənəzzül edirdi. Çünki qarmaqarışıqlıq, hər şeyə görə - həyata görə, quruluşa görə narahatlıq dövrü idi. Mən bu dəfə buraya gələndə gördüm ki, ötən ildəkinə nisbətən daha çox dinclik, daha çox əminlik var. Əgər bundan sonra da belə getsə, - hökmən belə olacaq, - klassik musiqi çağı da gələcək, onda Siz könül xoşluğu ilə, can rahatlığı ilə konsertə gələcək və böyük musiqidən həzz alacaqsınız.

Heydər Əliyev: Bu gün mənim Bakıya qayıtmağımın beş ili tamam olur. O günləri xatırlayıram - 1993-cü ilin iyun ayını və bu günü. Sual verə bilərlər: mən bu beş ildə nəyi ən mühüm nailiyyət hesab edirəm? Əvvəla, müharibəni, qan tökülməsini, ikincisi, ictimai-siyasi sabitliyi, dincliyi, insanların azadlığını təmin etmək mümkün oldu. Buna görə də əmin ola bilərsiniz ki, vaxt ötdükcə daha çox sabitlik olacaq, daha çox azadlıq olacaq, daha çox dinclik olacaqdır. Sağ olun.

Yuli Qusman: Heydər Əliyeviç, proqramda olduğunuza görə sağ olun.

Mstislav Rostropoviç: Bu gün Sizin hamınızı Milli Qurtuluş günü münasibətilə bir daha təbrik etmək istəyirəm. Mən bu günü Sizinlə birlikdə bayram edirəm.

Heydər Əliyev: Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT