Azərbaycan-Belarus "Sənaye-tərəfdaşlıq və kooperasiya" satış-sərgisinin açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 15 avqust 1996-cı il


Hörmətli bacılar, qardaşlar, xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün burada Azərbaycanın kənd təsərrüfatı üçün lazım olan maşınların, avadanlığın yeni bir sərgisi yaranıbdır. Bu, demək olar ki, son illərdə ilk belə sərgidir. Bu gün burada çıxış edənlər Azərbaycan kənd təsərrüfatının 70-80-ci illərdə əldə etdiyi nailiyyətlərdən danışdılar. Həqiqətən, Azərbaycanın təbiəti, onun zəngin torpağı respublikamızda kənd təsərrüfatı məhsulları istehsalı üçün çox gözəl şərait yaradıbdır. Allah bizə çox böyük nemət bəxş edibdir. Ölkəmizin çox gözəl, zəngin təbiəti, sərvətləri, torpağı var.

Keçmişdə, o cümlədən 70-80-ci illərdə biz bu sərvətdən səmərəli istifadə edib Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalını ildən-ilə artırmışıq. O dövrdə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etmək üçün sadəcə olaraq işi yaxşı təşkil etmək, qurmaq lazım idi. Ancaq kənd təsərrüfatı istehsalının maddi-texniki təchizatı məsələləri hər bir kəndli, kənd adamı, təsərrüfat üçün elə bir problem deyildi. Çünki onların hamısı mərkəzləşmiş qaydada təmin olunurdu. Ona görə də o vaxt kənddə taxıl, pambıq, üzüm, tərəvəz və digər kənd təsərrüfatı məhsulları becərənlər də, heyvandarlıqla məşğul olanlar da düşünmürdülər ki, traktor, kombayn, kotan, yaxud südü avtomat üsulla sağmaq üçün maşınlar haradan gələcəkdir. Bunlar hamısı mərkəzləşmiş şəkildə istehsal olunurdu, təchiz edilirdi və problemlər də yox idi.

Ancaq indi biz başqa bir şəraitdə yaşayırıq. Azərbaycan müstəqil bir dövlətdir. Son illər keçmiş Sovetlər İttifaqı ərazisində gedən proseslər nəticəsində vaxtilə ayrı-ayrı şəhərlərdən, vilayətlərdən birbaşa gələn kənd təsərrüfatı maşınlarının, avadanlığın, istehsalın maddi-texniki təchizatı üçün lazım olan vasitələrin və sairənin kənardan alınması indi çətindir. Bəs yol nədən ibarətdir? Yol ondan ibarətdir ki, birincisi, biz respublikamızda bu sahədə öz istehsalımızı inkişaf etdirməliyik. Azərbaycanın böyük sənaye potensialı var. Keçmişdə respublikamızın sənayesində kənd təsərrüfatı maşınları, avadanlığı az istehsal edilmişdir. Çünki bunlar Sovetlər İttifaqının başqa respublikalarında istehsal olunurdu, belə məhsulların paralel istehsalı lazım deyildi. Ancaq indi biz gərək birinci növbədə öz sənaye potensialımızdan istifadə edək, öz sənaye potensialımız vasitəsilə, xüsusilə böyük maşınqayırma sənayesinin imkanlarından istifadə edərək kənd təsərrüfatı üçün lazım olan maşınları, avadanlığı, cihazları istehsal edib hazırlayaq. Güman edirəm ki, bugünkü sərgidə bunlar müəyyən qədər nümayiş etdiriləcək və biz onlarla tanış olacağıq.

Biz başqa ölkələrlə əlaqələrimizi daha da yaxşı qurmalıyıq. O cümlədən keçmişdə Sovetlər İttifaqına mənsub olmuş, indi isə müstəqillik qazanmış və Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə iqtisadi əlaqələrimizi qurmalıyıq. Bu baxımdan bu gün Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış əlaqələr çox təqdirəlayiqdir. Bu gün sərgidə həm Azərbaycan Respublikasında istehsal edilmiş maşınlar, cihazlar, avadanlıq bizə göstəriləcəkdir, eyni zamanda Belarus Respublikasında istehsal edilmiş və buraya gətirilmiş avadanlıq nümayiş etdiriləcəkdir. Bu, çox təqdirəlayiq haldır. Çünki Belarus Respublikası ilə Azərbaycan arasında keçmiş illərdə çox sıx əlaqələr olubdur. Biz çox yaxşı əməkdaşlıq etmişik, sıx dostluq əlaqələrimiz olub. Belarus xalqı ilə Azərbaycan xalqı arasında olan dostluq əlaqələri çox böyük bir ənənəyə çevrilmişdir. Vaxtilə Belarusiyadan Azərbaycana dəfələrlə böyük nümayəndə heyətləri gəlmişdi. Azərbaycandan da Belarusiyaya böyük nümayəndə heyətləri gəlmişdi. Mən özüm keçmişdə dəfələrlə Belarusiyada olmuşam, Belarusiyanın rəhbərləri də Azərbaycana gəliblər. Yəni bizim bu əlaqələrimizin çox gözəl tarixi, yaxşı ənənələri var.

Bunların əsasında, indi Belarusun kənd təsərrüfatı üçün istehsal etdiyi maşınlar, cihazlar, avadanlıq Azərbaycanda istifadə edilə bilər və bu iqtisadi əlaqələri qurmaq lazımdır. Bunun üçün də buradakı satış sərgisində həm Belarusun istehsal etdiyi, kənd təsərrüfatı üçün lazım olan avadanlığın, həm də Azərbaycanda istehsal edilən avadanlığın istehsal olunması iki ölkənin, respublikanın arasında iqtisadi əlaqələrin yarandığını göstərir. Mən buna yüksək qiymət verirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu əlaqələr bundan sonra da genişlənəcəkdir.

Keçmişdə respublikamızda kənd təsərrüfatı məhsulları istehsalında həqiqətən çox yüksək nailiyyətlər olub. Ancaq sizə bildirmək istəyirəm ki, kənd təsərrüfatımızın potensialı daha böyükdür. Yəni planlaşdırdığımız və həyata keçirəcəyimiz tədbirlər, kənd təsərrüfatında iqtisadi islahatlar və bu yaxınlarda qəbul edilmiş "Torpaq islahatı haqqında" qanun ardıcıl surətdə, lazımi səviyyədə həyata keçirilsə, əmin ola bilərsiniz ki, respublikamızda kənd təsərrüfatı məhsulları o keçmişdəki dövrdən də daha çox artacaqdır, biz bunları daha çox istehsal edə biləcəyik, həm özümüzü təmin edəcəyik, həm də onları dünya bazarına çıxara biləcəyik.

Yəni kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində imkanlarımız böyükdür. Bu imkanlardan səmərəli istifadə etmək üçün biz yolu da müəyyən etmişik. Bu yol iqtisadi islahatlar yoludur. Həmin islahatları həyata keçirmək üçün biz qanunlar qəbul etmişik. Xüsusən son qanun - "Torpaq islahatı haqqında" qanun həddindən artıq vacib bir qanundur, inqilabi bir qanundur. Bu, demək olar ki, XX əsrdə Azərbaycanın həyatında ən böyük dəyişikliklər meydana gətirə biləcək bir qanundur. Bu qanun Azərbaycan xalqı üçün böyük mənfəətlər gətirəcəkdir. Bu qanunun həyata keçirilməsi şübhəsiz ki, kənd təsərrüfatı istehsalını artıracaq, nəinki kənd zəhmətkeşlərinin, Azərbaycanın bütün əhalisinin, insanların rifah halını, güzəranını yaxşılaşdıracaqdır.

"Torpaq islahatı haqqında" qanun təkcə kənd təsərrüfatı ilə məşğul olanlar üçün deyil, bütün xalqımız, millətimiz üçündür. Mən bu qanunun tətbiq olunması, həyata keçirilməsi barədə bu günlərdə fərman imzalamışam. Bu fərman artıq mətbuatda dərc olunubdur. Bu fərmanın əsasında bir çox tədbirlər görülməlidir. Bilirsiniz, qanunun qəbul olunması asan bir şey deyil. Çünki belə bir qanunun qəbul olunması böyük cəsarət tələb edirdi. Torpaq münasibətləri, torpağa mülkiyyət münasibəti əgər 1917-ci il oktyabr inqilabından sonra bu cür dəyişilmişdisə və biz 70 il o torpaq üzərində həmin yeni mülkyyət münasibətləri əsasında yaşamışıqsa, indi biz bunu əksinə çevirdik. O vaxt bu tədbirlər nə qədər çətinliklərlə, qurbanlarla həyata keçirilmişdisə, amma indi biz bunu qurbansız, necə deyərlər, itkisiz həyata keçirəcəyik. İnsanlar torpağın sahibi olacaqlar. Torpaq insanlara məxsus olacaqdır. Torpaqdan da səmərəli istifadə ediləcəkdir.

Quba rayonunun Nügədi kəndindən burada çıxış edən Elza xanım çox açıq-aydın göstərdi ki, əgər torpaq insana məxsus olsa, insan ona öz balası kimi münasibət bəsləyəcəkdir. Hələ torpaq tam şəxsi mülkiyyətdə deyil, Elza xanım sadəcə olaraq fermer kimi torpaq götürüb və ona bu torpaqdan istifadə etmək hüququ verilibdir. Amma indən sonra bu torpaqlar insanların şəxsi mülkiyyətinə keçəcək. Şəxsi mülkiyyətə keçəndən sonra insanlar həmin torpağa əziz balası kimi baxacaqlar. Çünki insanın həyatı bütünlüklə bu torpaqla bağlı olacaqdır. O, torpağa nə qədər yaxşı baxsa, xidmət etsə, onun münbitliyini artırsa, ondan nə qədər səmərəli istifadə etsə, torpaq o qədər də zənginləşəcək. İnsan məhsul istehsal edəcək, çox fayda götürəcək, ümumi istehsal artacaqdır. Bax, biz bu yolu tutmuşuq. Ancaq bu yola gəlmək asan bir məsələ deyil.

Keçmiş Sovetlər İttifaqına mənsub olan respublikaların tam əksəriyyətində hələ bu qanun qəbul edilməyibdir. Belarusiyadan gələn qonağımız da yəqin etiraf edə bilər ki, onların respublikasında da belə bir qanun qəbul olunmayıb. Çünki çox yerlərdə belə bir qanunun qəbul olunmasından ehtiyat edirlər ki, torpağı şəxsi mülkiyyətə vermək təhlükəlidir, torpağı dağıdacaqlar, o istifadəsiz qalacaq və s. Bu, doğrudan da çox məsuliyyətli bir işdir. Amma biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Bir prezident kimi mən o qanunu imzalayarkən bu məsuliyyəti öz üzərimə götürmüşəm. Mən bu məsuliyyəti öz üzərimə götürərkən, inanmışam ki, bu qanunun həyata keçirilməsi Azərbaycan xalqına çox böyük faydalar gətirəcəkdir.

Ona görə də indi respublikamızda kənd təsərrüfatı istehsalı sahəsi yeni bir mərhələyə başlayır. Yeni mərhələ torpaqdan səmərəli istifadə etməkdən, torpağın xüsusi mülkiyyətə keçməsindən ibarətdir. Bu islahatların hamısı torpaqdan səmərəli istifadə edilməsi üçün yaxşı imkanlar yaradır. Ona görə də hər bir mülkiyyətçi, torpaq sahibi üçün kənd təsərrüfatı ləvazimatları lazımdır. Yəni maşın, cihaz, avadanlıq, gübrə, zəhərli maddələr, bitkini həşəratdan qorumaq üçün cürbəcür maddələr, müxtəlif ləvazimatlar lazımdır. Lazımdır ki, torpaq sahibləri, fermerlər, torpaqda işləyən adamlar o torpaqdan səmərəli istifadə etmək üçün bütün bu ləvazimatları əldə edə bilsinlər. Məqsədimiz də ondan ibarət olacaqdır ki, bu ləvazimatların hamısı istehsal edilsin, sərbəst surətdə satılsın, insanlar bundan istədiyi qədər alsınlar, istifadə etsinlər və torpağın gəlirini, məhsuldarlığını artırsınlar.

Bilirsiniz, respublikamızda son illər sərbəstlik üçün yaradılan şərait çox yaxşı nəticələr verir. Yadınıza salın, 70-80-ci illər həqiqətən çox yüksək nailiyyətlər dövrü olub. Bəli, o illərdə mənim rəhbərliyim altında çox işlər görülübdür. Ancaq onu da deyək ki, 70-ci illərin sonunda, 80-ci illərin əvvəlində, məsələn, şəhərdə ət qıt idi, ət tapmaq mümkün deyildi. Xatirimdədir, 1980, 1981, 1982-ci illərdə biz respublikamızda əti, yağı talonla satırdıq. Çünki respublikamızda heyvandarlıq məhdud idi, ən çox pambıq və yaxud digər məhsullar istehsal edilirdi. Əti, yağı, südü, süd məhsullarını kənardan, o cümlədən Belorusiyadan da alırdıq. Daha doğrusu, almırdıq, gəlirdi. Bu, Ümumittifaq bölgüsü yolu ilə gəlirdi, amma vaxtında gəlmirdi. Ət yox idi, olanı da az idi. Hamıya ət çatması üçün talon verirdik ki, adam başına ayda nə qədər ət almaq olar. Amma indi respublikamızın bütün bazarlarında ət boldur. Çünki biz insanlara sərbəstlk verdik, mal-qaranın əksəriyyətini camaata, yəni kənddə işləyənlərə satdıq. Mən göstəriş vermişəm ki, olan mal-qaranın hamısı kənd camaatına satılsın. Çünki mən bunların səmərəsini görmüşəm.

Mən hələ Naxçıvanda işləyərkən, 1992-ci ildə bu tədbirləri həyata keçirdim. Onda Azərbaycanda bu tədbirləri həyata keçirməyə qoymurdular. Amma mən öz səlahyyətlərimdən istifadə edib bunları həyata keçirdim. Bilirsiniz ki, Naxçıvan kiçik bir yerdir, blokada şəraitindədir, Azərbaycanın əsas hissəsindən ayrıdır, oraya nəqliyyat vasitələrinin getməsi çox məhduddur. İnsanlar yalnız təyyarə ilə gelib-gəlir, böyük yük daşımaq mümkün deyil. Demək, Naxçıvan özü-özünü təmin etməli idi. 1992-ci ildə biz mal-qaranı kəndlilərə satandan sonra mal-qaranın baş sayı artdı, onun məhsuldarlığı çoxaldı, ona görə də ət və süd məhsulları həddindən çox artdı. İndi Bakıda ət problemi yoxdur. Haradan istəyirsən, gedib ala bilərsən. Mən sizə deyə bilərəm ki, keçmiş Sovetlər İttifaqına mənsub olmuş respublikaların böyük şəhərlərinin çoxundan da Bakıda ət ucuzdur. Yaxud, indi mən buraya Dərnəgül yolu ilə gəldim. Yolun o tərəfində də, bu tərəfində də xeyli taxta materialı satırlar. O vaxt biz bu qədər taxta gətirə bilərdikmi? Heç bir vaxt gətirə bilməzdik. Amma indi sahibkarlar gətiriblər, satırlar və nə qədər də çox gətirsələr, həmin taxtanın qiyməti o qədər aşağı düşəcəkdir.

Bu rəqabətdir. İndi, Bakıda, respublikamızın digər şəhərlərində bir çox ərzaq məhsullarının və yaxud digər malların qiyməti get-gedə aşağı düşür və düşəcəkdir. Çünki rəqabətdir. Sahibkar, bu işlə məşğul olan adam nə qədər çox olsa, çox məhsul alıb gətirəcək, çox istehsal edəcək, çalışacaq ki, çox satsın. Axı alıcılıq qabiliyyəti də var. Malı satan məcbur olacaq onun qiymətini aşağı salsın ki, alan olsun. Bax, bizim müasir həyatımızın gerçəklikləri budur. Biz bu yolla gedirik və bu yolla da gedəcəyik - sərbəst iqtisadiyyat, sahibkarlıq yolu ilə.

Torpaq şəxsi mülkiyyətə verilir. Biz dövlət mülkiyyətini özəlləşdiririk. Sahibkarlığı inkişaf etdiririk. Bütün iqtisadi islahatları, o cümlədən kənd təsərrüfatı sahəsində islahatları qəbul etdiyimiz qanunlar əsasında həyata keçiririk. Bunlar hamısı respublikamızın iqtisadiyyatını qaldıracaq, insanların rifah halını yaxşılaşdıracaqdır. İnsanlarda, xüsusən torpağa bağlı olan insanlarda işləmək həvəsi daha da artacaqdır. Açığını deyək, indiyədək sovxozlarda, kolxozlarda bəziləri məcburi işləyirdilər. Amma torpaq adamın özündə olanda, yenə də deyirəm, ona əziz balası kimi baxacaq, onun üzərində çalışacaq, işləyəcəkdir.

Əgər biz torpağın şəxsi mülkiyyətə verilməsi barədə qanun qəbul etmişiksə, gərək torpaq üzərində çalışan adamların təchizatı üçün lazımi şərait yaradaq. Bu baxımdan bu sərginin əhəmiyyəti var. Dünən dedilər ki, belə bir sərgi açılır və məni buraya dəvət etdilər. Doğrudur, işim çoxdur və buraya da gəlməyə vaxtım yox idi. Düşünüb fikirləşdim ki, bu sərgi bəlkə də böyük sərgi deyil, ilk addımdır, ancaq insanları həvəsləndirmək və şəxsən özümün bu məsələlərlə yaxından tanış olmağım üçün buraya gəldim. Sərgi ilə də sizində birlikdə tanış olacağam.

Bu sərgini mən ilk addım kimi qiymətləndirirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, respublikamızın bütün iqtisadi potensialı, sənayeçilərimiz, kənd təsərrüfatı mütəxəssisləri, kənd təsərrüfatının mexanikləşdirilməsi ilə məşğul olan təşkilatlar birlikdə çalışacaqlar ki, bundan sonra Azərbaycanın daxili imkanlarından səmərəli istifadə etməklə, kənd təsərrüfatında lazım olan maşınların, avadanlığın, cihazların istehsalını özümüz təmin edək. Çünki bizim böyük sənaye potensialımız var. Amma eyni zamanda tək elə özümüzə arxayın olmaq olmaz. Başqa ölkələrlə, respublikalarla əlaqələri genişləndirmək lazımdır. Yenə də deyirəm, Azərbaycanla Belarus arasında yaranmış əlaqəni mən yüksək qiymətləndirirəm. Qonaqlarımıza demək istəyirəm ki, biz Belarus ilə başqa sahələrdə də əməkdaşlığı genişləndirməyə, iqtisadiyyatı inkişaf etdirmək üçün birgə addımlar atmağa hazırıq.

Bu sərginin açılması münasibətilə mən sizi təbrik edirəm. Sərgiyə eksponatlarını gətirmiş zavodların, müəssisələrin kollektivlərinə təşəkkürümü bildirirəm. Belarusdan gəlmiş qonaqlara təşəkkür edirəm ki, onlar bu maşınların, avadanlığın nümunələrini buraya gətiriblər və bizimlə əməkdaşlıq etmək istəyirlər. Bu işlərdə hamınıza uğurlar arzulayıram.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan-MDB iqtisadi münasibətləri