Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanın "Aleniya" şirkətinin prezidenti Kvuaro Kvuani ilə görüşdə söhbətindən - Roma, Azərbaycan Prezidentinin iqamətgahı, 26 sentyabr 1997-ci il


Kvuaro Kvuani: Cənab Prezident, görüş üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirik. Başçılıq etdiyim şirkətin əsas fəaliyyəti səmada dispetçer nəzarətini həyata keçirməkdir, bu sahədə dünyanın tanınmış şirkətlərindən biriyik. Bizim radar sistemlərimiz 50-dən çox ölkədə quraşdırılmışdır.

Biz 1992-ci ildə Azərbaycanda - Bakı hava limanı ilə bağlı keçirilmiş tenderdə iştirak etmiş və qalib gəlmişik. Düzdür, maliyyə səbəbləri üzündən həmin layihə həyata keçirilməmiş qaldı. Lakin indi bu sahədə işə yenidən başlanması ilə əlaqədar şirkət öz avadanlığını Bakıya gətirib təqdim etməyə hazırdır.

Cahangir Əsgərov ("Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru): Möhtərəm cənab Prezident, respublikamızda uçuşların idarə olunması sisteminin tamamilə yenidən qurulması proqramı hazırlanmışdır. Bakı hava limanı ilə bağlı məsələlər həll olunmuşdur. Gəncə və Naxçıvan hava limanlarında görüləcək işlərə dair tenderdə İtaliya şirkəti də iştirak edəcəkdir.

Heydər Əliyev: Hörmətli cənab Kvuani! Verdiyiniz informasiya üçün Sizə təşəkkür edirəm və bildirirəm ki, Azərbaycan öz qapılarını dünyaya açmışdır, bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq, beləliklə də dünya iqtisadiyyatına və dünyanın böyük, sənayecə qabaqcıl ölkələrindən olan İtaliya ilə də əlaqələri inkişaf etdirmək istəyirik.

Müstəqil Azərbaycan Respublikasının prezidenti kimi, İtaliyaya ilk rəsmi səfərimi müsbət qiymətləndirirəm və onun uğurla keçməsindən məmnun qaldığımı nəzərə çarpdırmaq istəyirəm. Səfər zamanı İtaliyanın prezidenti Oskar Luici Skalfaro, baş nazir Roman Prodi ilə və yüksək vəzifəli digər rəsmi şəxslərlə görüşlər keçirilmiş, danışıqlar aparılmış, mühüm sənədlər imzalanmışdır, biz bütün bu sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəlmişik, əlaqələrimizin durmadan inkişaf etdirilməsi hər iki ölkə üçün çox faydalı olacaqdır.

Vurğulayıram ki, Azərbaycan-İtaliya münasibətlərinin daha da canlandırılması üçün geniş imkanlar vardır və bu imkanlardan istifadə etmək lazımdır.

Mən ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində İtaliyanın Azərbaycandakı səfirliyinin gördüyü işləri müsbət qiymətləndirirəm.

Maraqlı görüşə və faydalı təkliflərə görə təşəkkürümü bildirir, "Alenia" Şirkətinin prezidenti cənab Kvuanini respublikamıza səfərə dəvət edirəm.

"Azərbaycan" qəzeti, 28 sentyabr 1997-ci il