Əziz dostum, qardaşım Gürcüstan prezidenti Eduard Şevardnadze!
Hörmətli Gürcüstan parlamentinin sədri cənab Jvaniya!
Hörmətli nazirlər, səfirlər!
Hörmətli xanımlar və cənablar!
Mən sizə Azərbaycan xalqının, müstəqil Azərbaycanın bütün vətəndaşlarının salamını çatdırıram. Bu salamı mən dost gürcü xalqına, Gürcüstanın bütün vətəndaşlarına, Gürcüstanda yaşayan bizim soydaşlarımız azərbaycanlılara çatdırıram. Bugünkü görüş gürcü və Azərbaycan xalqlarının dostluğunun, qardaşlığının, müstəqil Gürcüstanın və müstəqil Azərbaycanın dostluq və qardaşlıq əlaqələrinin gözəl bir təzahürüdür. Mən bu gün cəsarətlə deyə bilərəm ki, gürcü və Azərbaycan xalqlarının qədim dostluğu, qardaşlığı və bugünkü dostluq əlaqələri, müstəqil Gürcüstan ilə müstəqil Azərbaycan arasında son vaxtlarda yaranmış dövlətlərarası əlaqələr, dostluq və qardaşlıq əlaqələri bütün dünya xalqları, dövlətləri üçün ən gözəl nümunədir.
Gürcü-Azərbaycan dostluğu böyük sınaqlardan, imtahanlardan keçibdir. Mən dünyanın bir çox yerlərində bunu dəfələrlə bəyan etmişəm. Bu gün bir daha bəyan edirəm ki, qonşu yaşayan iki xalq - gürcü və Azərbaycan xalqları qədim zamanlardan həmişə dost, qardaş olmuşlar. Bütün tarix nəzər salarkən qətiyyətlə deyə bilərik ki, bizim xalqlarımız arasında heç vaxt nifaq, ziddiyyət, düşmənçilik, qarşıdurma olmamışdır. Biz həyatın bütün mərhələlərində dost, qardaş olmuşuq. Bu gün də müstəqil dövlətlər kimi, azad xalqlar kimi yenə də bu dostluğu, qardaşlığı davam etdiririk.
Bütün dünyaya məlumdur ki, Gürcüstan da, Azərbaycan da onların özlərindən asılı olmayan hərbi münaqişələrlə üzləşmişlər. Bütün dünyaya məlumdur ki, Gürcüstan da, Azərbaycan da bu münaqişələrə son qoymaq istəyirlər. Bütün dünyaya məlumdur ki, Gürcüstan da, Azərbaycan da öz ölkəsində, bölgəsində sülh istəyir. Mən bu gün bəyan edirəm ki, müstəqil Azərbaycan dövləti ölkədə, Qafqazda, dünyada sülh istəyir. Biz bu sülh arzuları ilə Gürcüstan-Azərbaycan dostluğumuzu möhkəmləndiririk. Bu sülh arzuları ilə də biz Qafqazda, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa olması üçün çalışırıq və çalışacağıq. Gürcüstan-Azərbaycan dostluğunun ən gözəl xüsusiyyətlərindən biri də odur ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz doğma vətənlərində, torpaqlarında yaşayırlar və Gürcüstanın bərabər lıüquqlu vətəndaşlarıdır, Azərbaycanda yaşayan gürcülər öz doğma vətənlərində, torpaqlarında yaşayırlar və Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır. Həm Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan gürcülər Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsində böyük xidmətlər göstərirlər. Bu gün fürsətdən istifadə edərək mən onlara minnətdarlığımı və təşəkkürümü bildirirəm.
O da həqiqətdir ki, Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlılar məhz mənim dostum, qardaşım Eduard Şevardnadze Gürcüstanda dövlət başçısı, prezident seçildikdən sonra həyatlarındakı çətinliklərdən xilas olmuşlar və rahat yaşayırlar, bu gün də rahat yaşayırlar. İnanıram ki, dünyada böyük hörmətə, şöhrətə malik olan nüfuzlu siyasətçi, Gürcüstan prezidenti, mənim əziz dostum Eduart Şevardnadzenin rəhbərliyi altında onlar bundan sonra da əminamanlıq şəraitində rahat yaşayacaqlar və Gürcüstan dövlətinin dövlətçiliyinin möhkəmlənməsinə öz xidmətlərini göstərəcəklər.
Gürcüstan-Azərbaycan dostluğunun, qardaşlığının çox parlaq səhifələri vardır. Bu səhifələrdən biri də bu gün bizim xatırladığımız və mənim dostum Eduard Şevardnadzenin təfsilatı ilə ətraflı məlumat verdiyi «Qırmızı körpü»dür. Bəli, həmin bu Qırmızı körpü, Cənubi Qafqaz xalqlarının dostluğunun və əməkdaşlığının, qardaşlığının təmin olunmasında böyük xidmətlər göstərmişdir. Qırmızı körpü Gürcüstan-Azərbaycan dostluğunun parlaq rəmzidir. Bu gün, biz yeni körpünun açılış mərasiminə toplaşdığımız zaman bu Qırmızı körpüyə öz təşəkkürümüzü, minnətdarlığımızı bildirməliyik və qeyd etməliyik ki, Qırmızı körpü Gürcüstan-Azərbaycan dostluğu tarixində böyük xidmətlər göstəribdir və o, tarixin şözəl səhifələrindən biri olaraq bizim yaddaşımızda qalacaqdır. Gürcüstan və Azərbaycan arasında tikilmiş yeni körpünün açılması münasibətilə buraya toplaşanların hamısını, Gürcüstan vətəndaşlarını və dövlətini, Azərbaycan vətəndaşlarını və dövlətini təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu yeni körpü keçmiş ənənələri davam etdirəcəkdir və Gürcüstan-Azərbaycan dostluğunun, qardaşlığının daha da yüksəlməsinə, inkişaf etməsinə dəyərli xidmət edəcəkdir. Mənim dostum, qardaşım prezident Eduard Şevardnadze bu körpünün yaranma tarixi haqqında geniş danışdı. Mən onun dedikləri ilə tamamilə razıyam. Bu körpünün yaranması Avropa Birliyinin həyata keçirdiyi TRASEKA proqramının həqiqətən bir hissəsidir. Bu körpünün yaranması bərpa etdiyimiz böyük, tarixi İpək yolunun bir hissəsidir. Bu körpü nəinki Gürcüstan-Azərbaycan dostluğuna xidmət edəcəkdir, o, Şərq ilə Qərbi, Avropa ilə Asiyanı birləşdirən gözəl bir körpüdür. Gələcək nəsillər bu körpünün tarixi əhəmiyyətini bizdən də çox qiymətləndirəcəklər.
Məmnuniyyətlə bəyan edirəm ki, Avropa Birliyinin 1992- 1993-cü illərdə tərtib etdiyi TRASEKA proqramı ardıcıl surətdə həyata keçirilir. Gürcüstan və Azərbaycan bu proqramın həyata keçirilməsində fəal iştirak edirlər. Biz bunların nəticəsində, görülən işlərin əsasında böyük, tarixi İpək yolunun bərpası, TRASEKA proqramının həyata keçirilməsi ilə əlaqədar sentyabr ayının 7-8-də Bakıda Beynəlxalq Konfrans keçirilməsinə nail olduq. Böyük tarixi İpək yolunun bərpasına həsr olunmuş Bakı Beynəlxalq Konfransı prezident Eduard Şevardnadzenin və prezident Heydər Əliyevin təşəbbüsü ilə və bu iki prezidentin birgə səyləri, böyük əməyi, Avropa Birliyi ilə bizim sıx əməkdaşlığımız nəticəsində və konfransa toplaşmış bütün ölkələrin (konfransa 32 ölkə toplaşmışdı) və beynəlxalq təşkilatların iştirakı ilə, bu konfransa onların göstərdiyi maraq nəticəsində mümkün olmuşdur. Bu, tarixi hadisəyə çevrilmişdir. Mən bu fürsətdən istifadə edib, TRASEKA proqramına göstərdiyi böyük səylərə, qədim İpək yolunun bərpası ilə əlaqədar Bakı Beynəlxalq Konfransının həyata keçirilməsinə göstərdiyi kömək və yardıma görə Avropa Birliyinə bir daha təşəkkürümü bildirirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, Avropa Birliyi bizim əməli işlərimizin sayəsində əldə olunmuş nəticələri görərək, Gürcüstana və Azərbaycana, ümumiyyətlə, böyük İpək yolu üzərində duran ölkələrə bu proqramların həyata keçirilməsi üçün bundan sonra da ardıcıl surətdə öz yardımını edəcəkdir. İnanıram ki, Bakı Beynəlxalq Konfransında imzalanmış sənədlər, qəbul olunmuş qərarlar ardıcıl surətdə həyata keçiriləcəkdir. Mən tam inanıram ki, Gürcüstan və Azərbaycan,Gürcüstan prezidenti və Azərbaycan prezidenti həmin qərarların həyata keçirilməsinin ən fəal iştirakçısı olacaqlar. Beləliklə, biz nəinki öz ölkələrimiz, Qafqaz üçün, bütün dünya üçün, Qərblə Şərqin, Avropa ilə Asiyanın birləşməsi üçün yeni bir nəqliyyat marşrutunun yaranmasına öz xidmətlərimizi göstərəcəyik. Bütün bu işlərin görülməsində və bu gün açılışına toplaşdığımız körpünün tikilməsində, ümumiyyətlə, TRASEKA proqramının həyata keçirilməsində dostum, qardaşım president Eduard Şevardnadzenin xidmətlərini xüsusi qeyd edirəm və bu körpünün yaranması və açılışı münasibətilə onu xüsusi təbrik edirəm. Əziz dostum, qardaşım Eduard Şevardnadze Azərbaycanda indi keçirilən prezident seçkiləri haqqında öz fikrini bildirdi və prezident seçkilərində namizəd kimi mənə uğurlar arzuladı. Mən bunu çox yüksək qiymətləndirirəm. Mən bizim 30 ildən artıqdavam edən dostluğumuz ərzində dostum, qardaşım Eduard Şevardnadzenin dəstəyini və dayağını həmişə hiss etmişəm və bu gün də hiss edirəm. Ümid edirəm ki, bizim bu şəxsi dostluğumuz Gürcüstan-Azərbaycan dostluğuna indiyə qədər xidmət etdiyi kimi, bundan sonra da xidmət edəcəkdir. Mən inanıram ki, oktyabrın 11-də Azərbaycanın seçiciləri Heydər Əliyevi yenidən Azərbaycanın prezidenti seçəcəklər. İnanıram ki, Eduard Şevardnadze-Heydər Əliyev dostluğu davam edəcək və Gürcüstan-Azərbaycan dostluğu günü-gündən inkişaf edəcək və yüksələcəkdir. Mən inanıram ki, gürcü xalqı, Gürcüstan vətəndaşları indiyədək öz taleyini Eduard Şevardnadze ilə bağladığı kimi, bundan sonra da öz ənənələrinə sadiq qalacaq, Gürcüstanın çox hörmətli, tanınmış lideri, dünyada böyük hörmətə malik olan şəxsiyyət, siyasi xadim Eduard Şevardnadze Gürcüstanın bütün problemlərinin həll edilməsinə nail olacaq, Gürcüstanın dövlət müstəqilliyinin möhkəmlənməsini, vətəndaşlarının rifah halının yaxşılaşmasını təmin edəcək və Gürcüstan Dünya Birliyində daim öz layiqli yerini tutacaqdır. Əziz dostum Eduard Şevardnadze! Sizə və buraya toplaşanların hamısına mənə göstərdiyiniz bu diqqətə, mənim haqqımda, Azərbaycan barədə dediyiniz xoş sözlərə görə təşəkkür edirəm. Sizi əmin edirəm ki, Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsi və inkişaf etməsi üçün bundan sonra da əlimdən gələni edəcəyəm. Yaşasın müstəqil, demokratik, qüdrətli Gürcüstan! Qaumarcos prezident Şevardnadze! Qəhrəman, vətənpərvər gürcü xalqına eşq olsun! Qəhrəman, vətənpərvər Azərbaycan xalqına eşq olsun! Yaşasın müstəqil, demokratik, qüdrətli Azərbaycan! Yaşasın əbədi, sarsılmaz Gürcüstan-Azərbaycan dostluğu və qardaşlığı! Qaumarcos prezident Şevardnadze, qaumarcos Gürcüstan!
Azərbaycan - Müstəqil Dövlətlər Birliyi
Azərbaycan - Gürcüstan münasibətləri