Azərbaycan Prezidenti Heydər Əliyev Estoniyanın xarici işlər naziri Siym Kallası qəbul etmişdir - 15 fevral 1996-cı il


Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Estoniya Respublikasının xarici işlər naziri Siym Kallas başda olmaqla bu ölkənin Bakıda rəsmi səfərdə olan nümayəndə heyətini qəbul etmişdir.

Prezident Heydər Əliyev qonaqları salamlayaraq müstəqil Estoniya dövlətinin ilk nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu söylədi. Müstəqillik qazandıqdan sonra hər iki ölkənin çoxlu problemlərlə rastlaşdığını qeyd edən dövlət başçısı indiki mərhələdə tərəflərin sıx əməkdaşlığına böyük ehtiyac olduğunu bildirdi. Estoniya Respublikasının prezidenti ilə müxtəlif beynəlxalq təşkilatların toplantılarında olan görüşlərini və ötən il Nyu-Yorkda, Parisdə keçirdiyi görüşləri xatırlayan Heydər Əliyev dedi ki, həmin danışıqlar zamanı biz ölkələrimiz arasında əlaqələri inkişaf etdirmək üçün lazımi tədbirlər görülməsi barədə ümumi fikrə gəlmişik. Ona görə də sizin Azərbaycana səfərinizi həmin danışıqların nəticəsi kimi qiymətləndirirəm və əminəm ki, ölkələrimiz bir-biri ilə çox sıx əməkdaşlıq edə bilər.

Qəbul üçün Azərbaycan prezidentinə təşəkkürünü bildirən cənab Kallas Estoniya prezidentinin səmimi salamını Heydər Əliyevə çatdırdı. Estoniya ilə Azərbaycan arasında yaxşı münasibətlər olduğunu söyləyən nazir eyni zamanda qeyd etdi ki, ölkələrimiz məsafəcə bir-birindən uzaqda yerləşsə də, dövlət quruculuğunda, müstəqilliyin qorunub saxlanılmasında hər iki tərəf oxşar problemlərlə qarşılaşır. Qonaq dedi ki, güclü, müstəqil dövlətlər yaratmaq məqsədini qarşısına qoyan həm Estoniya, həm də Azərbaycan arasında müxtəlif sahələrdə fikir mübadiləsi aparılmasına, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə biz yüksək qiymət veririk. Azərbaycan Xarici İşlər Nazirliyində hər iki tərəf üçün maraq doğuran danışıqlar barədə məlumat verən qonaq Azərbaycan prezidenti ilə bu görüşün nəticələrinə böyük ümid bəslədiyini vurğuladı.

Hər iki ölkənin ərazicə kiçik olmasına baxmayaraq, müxtəlif beynəlxalq təşkilatlarda bərabər hüquqlu dövlətlər kimi çıxış etməsindən danışan cənab Kallas dedi ki, biz həmin təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq edə, bir-birimizin mövqeyini dəstəkləyə, ayrı-ayrı məsələlərin müzakirəsi ilə bağlı fikir mübadiləsi apara bilərik. Bu baxımdan da dövlətlərimizin beynəlxalq miqyasda əməkdaşlığını yüksək qiymətləndiririk.

Keçmişdə Azərbaycan ilə Estoniya arasında müxtəlif sahələrdə sıx əlaqələr olduğunu xatırladan prezident Heydər Əliyev dedi ki, bu əlaqələr Sovetlər İttifaqı çərçivəsində olsa da, əsasən iqtisadi xarakter daşısa da, xalqlarımızı bir-birinə tanıdıb, yaxınlaşdırıbdır. Bütün bunlar indiki dövrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün yaxşı əsasdır. Müstəqillik qazandıqdan sonra Estoniyanın Avropa miqyasında geniş fəaliyyət göstərdiyini vurğulayan Azərbaycan rəhbəri qeyd etdi ki, bu mənada ölkənin ərazicə böyük və ya kiçik olmasının əhəmiyyəti yoxdur və sizin ölkənizin belə mövqeyə nail olması bizdə hüsn-rəğbət doğurur. Heydər Əliyev bildirdi ki, Azərbaycan Respublikası da, xüsusən son illərdə öz müstəqilliyini qoruyub saxlamaq üçün çox tədbirlər görür və mürəkkəb şəraitdə dövlət quruculuğu ilə məşğuldur. Dövlətimizin başçısı bildirdi ki, bütün bunlar bir-birimizlə daha səmərəli, daha fəal əlaqələr yaratmağımız üçün əsasdır, ölkələrimizin məsafəcə uzaqlığı buna heç də mane ola bilməz. Bir çox məsələlərin həllində eyni xarakterli addımlar atdığımıza görə yaxından əməkdaşlıq edə bilərik.

Daha sonra Heydər Əliyev dedi ki, Estoniyada azərbaycanlılar da yaşayır. Onlar Estoniya vətəndaşlarıdır, eyni zamanda, bizim soydaşlarımızdır. Bu amilin özü də ölkələrimiz arasında sıx əlaqələr olmasına zəmin yaradır.

Görüşdə toxunulan məsələlər barədə Estoniya prezidenti ilə söhbətlər apardığını və hər iki dövlət başçısının fikirlərinin bir-birinə çox uyğun gəldiyini bildirən Azərbaycan rəhbəri görüşün axırında bir daha qeyd etdi ki, Estoniyanın öz müstəqilliyini qoruyub saxlamağa yönəldilmiş fəaliyyəti respublikamızda böyük maraq və ehtiram hissi doğurur. İqtisadi əlaqələrimizin inkişafı üçün də böyük imkanlar olduğunu söyləyən prezident Heydər Əliyev dedi ki, ölkələrimiz arasında əməkdaşlıq üçün yol açılıbdır və biz bu yolla gedəcəyik.

Görüşdə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Vəfa Quluzadə iştirak edirdilər.

AzərTAc

"Azərbaycan" qəzeti, 16 fevral 1996-cı il.