Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Prezidenti Jak Şirak ilə təkbətək görüşü - Prаqа, Kоnqrеs Мərkəzi, 21 nоyаbr 2002-ci il


NATO/Avroatlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqa zirvə görüşündə iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyevin noyabrın 21-də Fransa Prezidenti Jak Şirak ilə təkbətək görüşü oldu.

NATO sammitində görüşməkdən məmnun qaldıqlarını bildirən prezidentlər bir-birini dostcasına, mehribanlıqla salamladılar.

Respublikamızda hazırkı vəziyyətə, ölkə rəhbərliyi tərəfindən görülən işlərə, əldə edilən uğurlara maraq göstərən Prezident Jak Şirak Fransa ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirdi.

Prezident Heydər Əliyev Azərbaycanda həyata keçirilən islahatlardan, xarici sərmayələrin cəlb olunması üçün ölkədə yaradılmış əlverişli şəraitdən, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənilməsi və Avropa bazarlarına nəqli sahəsində görülən irimiqyaslı işlərdən, bu sahədə qarşıda duran vəzifələrdən geniş söhbət açdı.

Dövlətimizin başçısı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransanın səylərinə böyük ümidlər bəslədiyini vurğuladı.

Fransa prezidentinin diqqətini torpaqlarımızın hələ də işğal altında qalmasına, yerindən-yurdundan zorla qovulmuş bir milyondan çox vətəndaşımızın çadırlarda ağır şəraitdə yaşamasına yönəldən dövlətimizin başçısı Heydər Əliyev Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında Jak Şirakdan öz şəxsi səylərini artırmağı xahiş etdi.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan işlərin, Azərbaycanın və Ermənistanın dövlət başçılarının birbaşa görüşlərinin münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün əhəmiyyətli olduğunu bildirən Prezident Jak Şirak nizamasalma prosesində Minsk qrupunun həmsədri kimi, öz ölkəsinin səylərini daha da artıraçağını söylədi.

Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Fransa–Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi də aparıldı. 

AzərTAc