Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat" kitabının təqdimat mərasimində çıxışı - "Hyatt Recensi - Naxçıvan" mehmanxanası, 15 iyun 1995-ci il


Hörmətli cənab Mahmud əl-Səid!

Hörmətli cənab Paolo Lembo!

Hörmətli xanımlar və cənablar!

Bu gün həyatımızda əlamətdar hadisə baş verir. BMT-nin ölkəmizdəki nümayəndəliyi Azərbaycan respublikasında insan inkişafı haqqında ilk hesabat hazırlayıb. Onu kitab şəklində ictimaiyyətə və bütün dünyaya təqdim edir. Mən buna görə BMT-nin Azərbaycandakı nümayəndələrinə təşəkkürümü bildirirəm, onları, bütün ictimaiyyətimizi və buraya toplaşanların hamısını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm.

Bu il dünya ictimaiyyəti planetimizin bütün xalqları və dövlətləri üçün yüksək beynəlxalq təşkilat olan BMT-nin 50 illik yubileyini qeyd edir. Biz çox məmnunluq və xoşbəxtlik hissi duyuruq ki, Azərbaycan Respublikası artıq müstəqil dövlət kimi yaşayaraq bu nüfuzlu beynəlxalq təşkilatın bərabərhüquqlu üzvüdür və ölkəmizin çoxəsrlik tarixində, suveren Azərbaycanın həyatında ilk dəfə olaraq mühüm sahəyə - insan inkişafına aid məsələlər Birləşmiş Millətlər Təşkilatı tərəfindən təhlil olunub və bu barədə hesabat kitabı hazırlanıbdır. Bunu biz Azərbaycanın keçmişini və bu gününü dünyada tanıtmaq üçün mühüm vasitə kimi qəbul edirik.

Azərbaycan gənc müstəqil dövlətdir. İndiki müstəqillik dövründə respublikamız çox çətin proseslərlə qarşılaşıbdır. Ona görə də Azərbaycanın həm tarixi keçmişinin, həm də bu gününün olduğu kimi bütün dünyada tanınması gənc müstəqil dövlətimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün mühüm vasitə olacaqdır.

Cənab Mahmud əl-Səid və cənab Paolo Lembo burada Azərbaycanın böyük keçmişi, zəngin mədəniyyəti və bu günü haqqında əldə etdikləri məlumatlar əsasında dəyərli fikirlər söylədilər. Biz arzu edirik ki, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya çatdırılsın.

Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti çoxşaxəli və çoxistiqamətlidir. Onun əsas sahələrindən biri insan inkişafına aid problemlərin təhlili və həlli ilə bağlıdır. Azərbaycan Respublikası öz indiki həyat şəraitində məhz bu sahəyə ciddi maraq göstərir. Biz dərk edirik ki, planetimizin ən dəyərli sərvəti insanlardır. Yer kürəsində hər şey insanların yaşaması, dünya nemətlərindən faydalanması və həm maddi, həm də mənəvi cəhətdən yüksək səviyyədə inkişafı üçündür. Təbiət də, yerin təki də, onun üstündə olan sərvətlər də, dövlət də insan və xalq üçündür. Bütün təşkilatlar da insanın bu günü və gələcəyi üçündür. Ona görə də insan inkişafı ilə bağlı problem dünyada ən vacib məsələdir. Azərbaycan Respublikası buna çox böyük diqqət göstərir.

Biz Birləşmiş Millətlər Təşkilatının insana, əhaliyə və inkişafa aid son vaxtlar təşkil etdiyi böyük beynəlxalq toplantıların - 1994-cü ilin sentyabrında Qahirədə və bu ilin martında Kopenhagendə keçirilmiş görüşlərin iştirakçısı olduq. Bunu özümüz üçün böyük bir vəzifə hesab edirik. Bizim bu istiqamətdə bütün fəaliyyətimiz Azərbaycanda yaşayan hər bir insanın, hər bir vətəndaşın inkişaf problemləri ilə əlaqədardır.

Bu gün təqdim olunan kitabda Azərbaycanın çoxminillik tarixinin, zəngin mədəniyyətinin, milli ənənələrinin və nailiyyətlərinin əks olunması böyük məmnunluq doğurur. Xalqımızın keçdiyi tarixi yol, əldə etdiyi mədəni, intellektual potensial, inkişaf səviyyəsi böyük mədəni sərvətimizdir. Biz öz tariximizlə fəxr edirik. Biz Azərbaycan xalqının əsrlər boyu dünya sivilizasiyasına verdiyi töhfələrlə fəxr edirik. Bunların hamısı bu günümüz və gələcəyimiz üçün gözəl təməldir.

Bu gün bizim həyatımızda çox böyük və əzab-əziyyətli proseslər gedir. Doğrudur, xalqımız milli azadlığını əldə edib, Azərbaycan Respublikası müstəqillik qazanıbdır. Ancaq bu tarixi nailiyyətlər çox çətin proseslərlə üzləşmişdir. Biz böyük keçid dövrünü yaşayırıq. Bu mərhələnin çoxlu çətinlikləri var. Onların aradan qaldırılması, Azərbaycanın müstəqil dövlət kimi yaşaması və inkişaf etməsi bizim əsas vəzifəmizdir. Bu dövrü müvəffəqiyyətlə yaşamaq və xalqımızı xoşbəxt gələcəyə çıxarmaq üçün biz demokratiya yolu ilə gedirik, ölkəmizdə demokratik, hüquqi dövlət qururuq. Respublikamızın iqtisadiyyatında ciddi dəyişikliklər, islahatlar aparırıq, bazar iqtisadiyyatına keçirik, özəlləşdirmə proqramını müzakirə edirik.

Dövlətimizin, ölkəmizin, cəmiyyətimizin demokratiya və bazar iqtisadiyyatı yolu ilə getməsi bizim strateji məqsədlərimizdir. İndiyədək bu sahədə xeyli işlər görülüb. Ancaq hələ qarşımızda çox böyük vəzifələr vardır. Onların layiqincə yerinə yetirilməsi ölkəmizin və xalqımızın xoşbəxt gələcəyini təmin edəcəkdir.

1995-ci il BMT-nin 50 illik yubileyi ilidir. O, Azərbaycan üçün də çox əlamətdardır. Bu il müstəqil Azərbaycanın parlamentində ilk demokratik seçkilər keçiriləcək və respublikamızın ilk demokratik konstitusiyası qəbul ediləcəkdir. Bilirsiniz ki, parlament seçkiləri noyabrın 12-nə təyin olunubdur. Həmin gün respublikamızın ilk demokratik konstitusiyasının qəbul olunması üçün referendum keçiriləcəkdir. Bu barədə lazımi fərmanlar və qərarlar qəbul edilib və elan olunubdur. Bunlar bizdən gərgin işləməyi tələb edir. Əminəm ki, biz bu işlərin öhdəsindən gələcəyik.

Ancaq bu keçid dövründə həyatımızı çətinləşdirən, ağırlaşdıran və bu mərhələdə tədbirlərin müvəffəqiyyətlə keçirilməsinə mane olan ən böyük problem Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində respublikamızın düşdüyü vəziyyətdir.

Azərbaycanın ərazisinin bir qismini ələ keçirmək üçün Ermənistan Respublikası yeddi il öncə ölkəmizə qarşı təcavüzə başlayıbdır. Bu hərbi münaqişə və Ermənistanın Azərbaycana qarşı təcavüzü yeddi ildir ki, davam edir. Azərbaycan xalqı böyük itkilər veribdir. İnsanlar həlak olub, şəhərlər, qəsəbələr, kəndlər, evlər, abidələr, xalqımızın əsrlər boyu yaratdığı dəyərli mədəniyyət nümunələri dağıdılıb, məhv edilibdir.

Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. Bu ərazilərdən bir milyondan artıq vətəndaşımız qovulub, qaçqın düşüb və çox ağır şəraitdə yaşayır. Ermənistanın Azərbaycana qarşı təcavüzü respublikamızda əhalinin sosial-iqtisadi vəziyyətini həddindən artıq kəskinləşdirib, insanların yaşayışını çətinləşdiribdir. Qaçqınlarımızın əksəriyyəti çadırlarda yaşayır, ağır şəraitdədir. Bütün bunlar insan inkişafına aid çox ciddi, mühüm problemlərdir. Birləşmiş Millətlər Təşkilatının humanitar sahələrdə Azərbaycana göstərdiyi yardıma, xüsusən də qaçqınlarımıza etdiyi maddi və mənəvi köməyə görə təşəkkürümü bildirirəm. Eyni zamanda onu da qeyd etməyi lazım hesab edirəm ki, ayrı-ayrı respublikalarda və regionlarda insan inkişafına dair məsələlər təhlil olunarkən və bu barədə nəticələr çıxarılarkən Azərbaycanın belə bir ekstremal, fövqəladə şəraitdə olması mütləq nəzərə alınmalıdır.

Dünyanın hər bir ölkəsində insan inkişafına dair özünəməxsus problemlər mövcuddur. Şübhəsiz ki, iqtisadi cəhətdən tərəqqi etmiş ölkələrdə əhalinin sosial vəziyyəti yüksəkdir və insanın inkişafı da beynəlxalq səviyyədədir və ya ona yaxındır. İqtisadi cəhətdən zəif olan ölkələrdə isə insanlara aid problemlər də çoxdur və şübhəsiz ki, onların həyat səviyyəsi də aşağıdır.

Bildiyiniz kimi, Azərbaycan Respublikası böyük iqtisadi potensiala malik bir ölkədir. Burada qeyd olunduğu kimi, ölkəmizin zəngin mədəni irsi vardır. Əgər müharibə, Ermənistanın təcavüzü olmasaydı, Azərbaycan insanın inkişafı üçün lazım olan vəzifələrin əksəriyyətini qısa müddətdə yerinə yetirməyə qadirdir. Ona görə də Azərbaycanda insan inkişafı haqqında hesabatlar, məlumatlar - elə bu kitabın hazırlanması zamanı bu məsələlər xüsusi yer tutmalıdır. Çünki Azərbaycan Respublikasında insan inkişafına aid problemlərə qiymət verərkən, bu məsələləri dünya standartları ilə müqayisə edərkən və gələcək haqqında mülahizələr söyləyərkən bunlar nəzərə alınmasa, şübhəsiz ki, gələcək üçün hazırlanan proqram o qədər də əsaslı ola bilməz.

Mən təqdim olunan bu kitabı yüksək dəyərləndirirəm, beynəlxalq təşkilatın Azərbaycan üçün hazırladığı ilk hesabat olduğuna görə onu xüsusi qiymətləndirirəm. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu kitabda geniş şəkildə öz əksini tapmayıb, bu hərbi təcavüz ilə əlaqədar respublikamızda sosial-iqtisadi vəziyyətin ağırlaşması, adamların yaşayışının kəskinləşməsi, insan inkişafına dair problemlərin həllinin çətinləşməsi məsələsi bu kitabda lazımi qədər göstərilməyibdir.

Bu kitab ilk addım olduğuna görə, şübhəsiz ki, çatışmazlıqları bağışlamaq olar. Ancaq arzu edirəm ki, Azərbaycana məxsus olan bu amil gələcək tədqiqatlarda, sənədlərdə mütləq və mütləq öz əksini tapsın. O, BMT-nin bütün sənədlərinə, xüsusən də Azərbaycanın sosial-iqtisadi vəziyyətinə, insan inkişafına aid olan sənədlərində mütləq göstərilməlidir. Əgər bunlar əks olunmasa həqiqi mənzərə müəyyənləşdirilə bilməz və Azərbaycan Respublikasının düşdüyü vəziyyətlə əlaqədar olan münasibət də şübhəsiz ki, mükəmməl ola bilməz.

Mənə belə gəlir ki, kitabda göstərilən bəzi statistik məlumatların da dövlət statistika orqanlarının məlumatları ilə uyğunlaşdırılması onu daha da zənginləşdirərdi.

Dünya təcrübəsində bəzi şeyləri qiymətləndirərkən adətən müqayisədən istifadə olunur.

Azərbaycanın vəziyyətini dəyərləndirmək və onun barəsində lazımi nəticələr çıxarmaq üçün başqa bir ölkə ilə müqayisə aparılarkən Ermənistanın təcavüzü nəticəsində respublikamızın düşdüyü vəziyyət mütləq nəzərə alınmalıdır. Mən bu tövsiyələri nəinki bu kitabı hazırlayanlara, eləcə də bütün digər tədqiqatçılara verirəm. Bu məsələlərdə kimin tərəfindən olursa-olsun subyektivliyə yol vermək olmaz. Bununla yanaşı, bir daha qeyd etmək istəyirəm ki, indi təqdim olunan kitab Azərbaycan Respublikasının həyatında böyük hadisədir.

BMT-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini mən yüksək qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu nüfuzlu beynəlxalq təşkilatın, habelə iri maliyyə təşkilatlarının, digər beynəlxalq qurumların respublikamıza yardımı bundan sonra da artacaqdır.

Mayın 29-da Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Paris şəhərində keçirilən toplantıda Azərbaycan haqqında qəbul olunmuş qərarlar da vaxtında yerinə yetiriləcəkdir. Bunların hamısı respublikamızın ağır vəziyyətdən çıxmasına kömək edəcəkdir.

Mən Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə danışdım. Eyni zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, atəşkəs haqqında əldə olunmuş razılığa on üç aydır əməl edilir. İndi biz atəşkəs rejimi şəraitində yaşayırıq. Ağır müharibə vəziyyətində ölkəmizin, vətəndaşlarımızın on üç aydan bəri davam edən atəşkəs rejimində yaşaması mənə belə gəlir ki, təqdirəlayiqdir. Bu dövrdən müharibəyə son qoymaq üçün istifadə olunmalıdır. Biz buna çalışırıq. Bu dövrdə Böyük Sülh Sazişi əldə edilməlidir. Biz məhz bu istiqamətdə fəaliyyət göstəririk. Mən bir daha bəyan edirəm ki, biz atəşkəs rejiminin saxlanılmasına həmişə sadiq olacağıq. Eyni zamanda ATƏT-in Minsk konfransı çərçivəsində sülh danışıqlarının sürətlə aparılmasını istəyirik.

Bu gün - iyunun 15-də Helsinki şəhərində Minsk qrupunun növbəti iclası, Ermənistan-Azərbaycan hərbi münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün danışıqlar başlanıbdır. Biz həmin danışıqlara öz nümayəndəmizi əməli prinsiplər əsasında hərəkət etmək tapşırığı ilə göndərmişik, sülh danışıqlarında müəyyən irəliləyişə nail olunmasına çalışırıq və bundan sonra da çalışacağıq.

Yenə də qeyd edirəm, ola bilsin ki, 1995-ci il bizim üçün tarixi olsun. Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bu il Böyük Sülh Sazişi əldə edilsin, müharibəyə son qoyulsun, respublikamızın ilk demokratik parlamenti seçilsin və yeni Konstitusiyası qəbul edilsin, iqtisadi islahatlar aparılsın və özəlləşdirmə proqramının həyata keçirilməsinə başlansın. Ölkəmizin bütün dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla əlaqələri daha da sıx olsun və inkişaf etdirilsin. Bunlar yalnız arzular deyil, Azərbaycanın qarşısında duran vəzifələrdir. Mən sizi əmin etmək istəyirəm ki, bu vəzifələrin həyata keçirilməsi üçün biz əlimizdən gələni əsirgəməyəcəyik.

Hazırlanmış bu kitabın təqdimatı münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Birləşmiş Millətlər Təşkilatına öz yüksək fəaliyyətində uğurlar arzulayıram və onun Azərbaycandakı nümayəndəliyinə müvəffəqiyyətlər diləyirəm. Sağ olun!

"Azərbaycan" qəzeti, 16 iyun 1995-ci il.