Azərbaycan Prezidentinin şərəfinə Amerika-Avropa-Asiya Ticarət Palatası və "MİD-Amerika Komitəsi" adından rəsmi qəbulda Heydər Əliyevin nitqi - Çikaqo, "AMOKO"nun binası, 4 avqust 1997-ci il


"AMOKO" Korporasiyasının Direktorlar Şurasının sədri cənab Lourens Fuller!

"Katerpillar" şirkətinin Direktorlar Şurasının sədri cənab Donald Fayts!

"FMS" şirkətinin vitse-prezidenti cənab Mak Klanq!

"Motorola" şirkətinin prezidenti!

Mən sizinlə burada görüşməkdən çox məmnunam. Çikaqo dünyanın ən böyük şəhərlərindən, Amerika Birləşmiş Ştatlarının böyük sənaye, maliyyə, mədəniyyət mərkəzlərindən biridir. Biz Amerika Birləşmiş Ştatlarının çox möhtəşəm və əzəmətli tarixinə nəzər salarkən Çikaqo şəhərinin və İllinoys ştatının xidmətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini görürük. Sizin şəhəriniz dünyada çox böyük maraq oyadır, doğurur. Şəhərinizə dünyanın hər yerindən gəlmək istəyənlər var və gəlirlər. Çikaqonun qonağı olurlar.

Çikaqonun təbii gözəlliyi, memarlıq abidələri, iqlimi ilə və xüsusən şəhərinizdəki işgüzar münasibətlə tanış olan hər bir kəs buradan özü üçün bir pay götürür, öz işlərini qurmaq, yaratmaq üçün faydalanır. Ona görə mənim də Çikaqoya gəlməyə çox böyük həvəsim var idi. Mən Birləşmiş Ştatlara rəsmi səfərə hazırlaşdığım zaman bu şəhəri görməyi də proqramıma saldım. Nəhayət, mən buna nail oldum.

Amerika-Avropa-Asiya Ticarət Palatasının, Beynəlxalq İşgüzar Əməkdaşlıq üzrə Orta Amerika Komitəsinin, Amerikanın böyük şirkətlərinin, böyük maliyyə mərkəzlərinin, mətbuat və kütləvi informasiya orqanlarının nümayəndələri, çox hörmətli, dəyərli şəxslər bu salona toplaşıblar.

Mənə və Azərbaycan nümayəndə heyətinə göstərdiyiniz bu qayğıya, diqqətə, hörmətə görə sizə təşəkkür edirəm. Sizinlə burada görüşməyimdən çox şadam. Bilirəm ki, bu, tarixi bir salondur. Amerikaya gələn yüksək vəzifəli dövlət xadimləri, siyasətçilər və iqtisadiyyatla məşğul olan böyük şəxslərlə, adətən, bu salonda görüşlər keçirilir. Bu salonun divarları belə görüşlərin çox şahididir. Mən çox xoşbəxtəm ki, müstəqil Azərbaycan Respublikasının prezidentinə, nümayəndə heyətinə bu tarixi salonda belə bir yüksək səviyyəli görüş nəsib olubdur.

Əmin ola bilərsiniz ki, mən bugünkü görüşümüzü çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu görüş Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etməsinə güclü kömək edəcəkdir. Hər halda, biz öz tərəfimizdən bu görüşə bu arzularla, istəklərlə gəlmişik. Ümidvaram ki, bizim bu arzularımız çin olacaqdır.

Siz Azərbaycanı artıq tanıyırsınız. Amma bəlkə də hamınız Azərbaycan haqqında dolğun məlumata malik deyilsiniz. Ona görə də ola bilər ki, sizin vaxtınızı bir qədər alım. Mən bugünkü Azərbaycan haqqında bir neçə kəlmə demək istəyirəm.

Azərbaycan Qafqazda yerləşən bir ölkədir. Azərbaycanın çox qədim, çoxəsrlik tarixi vardır. Azərbaycan bu böyük tarixi dövründə çoxlu sınaqlardan, mərhələlərdən, çətinliklərdən keçib. Amma Azərbaycan xalqı öz torpağında yaşayıb, yaradıb, mübarizə aparıb, daim milli azadlıq, dövlət müstəqilliyi arzusu ilə yaşayıb, nəhayət, son illər buna nail olubdur.

Bilirsiniz ki, XX əsrin əvvəllərində Azərbaycan öz dövlət müstəqilliyini əldə edibdir. Azərbaycan keçmiş əsrlərdə də müstəqil bir dövlət kimi yaşayıbdır, ancaq sonra bu müstəqilliyi itiribdir. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edibdir. Azərbaycanda ilk demokratik respublika qurulubdur. Ancaq təəssüf ki, bu respublika 23 ay yaşayıbdır. Sonra Azərbaycanda Sovet hakimiyyəti qurulubdur. Bu hakimiyyət 70 il ömür sürübdür. 1991-ci ilin sonunda Sovetlər İttifaqı dağılmış və bunun nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir. Amerika Birləşmiş Ştatları Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Biz buna daim minnətdarıq.

Son illər Azərbaycan dünyanın bir çox ölkələri ilə əlaqələr qurubdur, diplomatik əlaqələr yaradıbdır, qarşılıqlı surətdə faydalı əməkdaşlıq edir. Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatlarının üzvüdür. Nəhayət, Azərbaycan Dünya Birliyində özünə layiqli yer tutubdur.

Dövlət müstəqilliyi əldə edəndən sonra Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət qurmaq qərarı qəbul edibdir. Biz bu qərarı, hökmü ardıcıl surətdə yerinə yetiririk. Bu, bizim strateji məqsədimizdir.

Doğrudur, bu illər Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq asan olmayıbdır. Biz çox çətinliklərlə rastlaşmışıq. Azərbaycana həm xarici dövlətlər tərəfindən edilən müdaxilə, cürbəcür təsirlər, həm də ölkənin daxilində gedən ictimai-siyasi proseslər, ayrı-ayrı qrupların, bəzən silahlı qrupların hakimiyyət uğrunda apardıqları mübarizə respublikamızın həyatında çox gərginlik yaradıbdır. Ancaq ölkəmiz üçün bunların hamısından ağır, çətin problem Ermənistan tərəfindən Azərbaycanın hərbi təcavüzə məruz qalmasıdır.

Doqquz il bundan əvvəl, Azərbaycan və Ermənistan hələ Sovetlər İttifaqının tərkibində olarkən Ermənistan Azərbaycana hərbi təcavüz edibdir. Ermənistan Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini qoparıb Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyubdur. Bu, sonra böyük bir münaqişəyə çevrilibdir. Müharibə gedib, insanlar tələf olubdur. Azərbaycan şəhidlər verib, on minlərlə insan həlak olubdur. Cürbəcür səbəblərə görə, bəzi ölkələr, dövlətlər tərəfindən edilən yardıma görə Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş ərazilərdən 1 milyon Azərbaycan vətəndaşı öz yerindən-yurdundan didərgin, qaçqın düşübdür. Onların hamısı bir neçə ildir ağır şəraitdə çadırlarda yaşayırlar.

Biz bu münaqişəni ləğv etmək istəyirik. Ona görə də Ermənistan ilə Azərbaycan arasında atəşin dayandırılması haqqında üç il bundan əvvəl saziş imzalanmışdır. Biz bu atəşkəsi qoruyub saxlayırıq. İndi atəş yoxdur. Amma eyni zamanda hələ tam sülh də yoxdur. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycan ərazisinin bir qismi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ancaq buna baxmayaraq, biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik və bunun üçün ATƏT-in Minsk qrupunun vasitəsindən daim istifadə edirik.

Məmnuniyyətlə qeyd edə bilərəm ki, Minsk qrupu ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ötən ilin dekabrında Lissabonda keçirilən Zirvə görüşündə bir təklif irəli sürübdür. Bunun nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının prinsipləri qəbul edilibdir.

Bu prinsiplər aşağıdakılardan ibarətdir: Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin olunması.

Biz bu prinsipləri qəbul etmişik. Lissabon Zirvə görüşündə ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu prinsipləri dəstəkləyibdir. Ancaq təəssüflər olsun ki, Ermənistan bu prinsiplərə etiraz edibdir. Ermənistan nə istəyir? Onun iddiası Dağlıq Qarabağda dövlət müstəqilliyi statusu əldə etməkdir. Bu isə heç vəchlə mümkün ola bilməz. Biz buna razı ola bilmərik. Dünya Birliyi də buna razı ola bilməz. Bu iddia Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, ATƏT-in prinsiplərinə, Beynəlxalq hüquq normalarına ziddir. Biz ikinci erməni dövlətinin Azərbaycan Respublikasının ərazisində yaranmasına imkan verə bilmərik.

Erməni xalqı öz müqəddəratını müəyyən edibdir. Erməni xalqının müstəqil Ermənistan dövləti, respublikası vardır. İkinci Ermənistan Respublikasının yaranması mümkün deyildir. Ona görə də Ermənistan gərək kompromis yoluna gəlsin. Biz isə çox kompromis addımlar atmışıq. Lissabon Zirvə görüşündə irəli sürülən prinsipləri qəbul etməyimiz bizim atdığımız kompromis addımdır.

Bizə çox ümid verən odur ki, Lissabon Zirvə görüşündən sonra Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun yeni həmsədrləri müəyyən olunublar. Amerika Birləşmiş Ştatlarının Minsk qrupuna həmsədrlik etməsi bizi sevindirir və biz buna çox böyük ümid bəsləyirik.

Üç ölkənin prezidentləri - Bill Klinton, Boris Yeltsin, Jak Şirak iyunun 20-də Denver şəhərində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün bəyanat veriblər. Bunlar çox ümidvericidir.

ATƏT-in Minsk qrupu münaqişənin həll olunması üçün bizə son vaxtlar əməli təkliflər veribdir. Biz danışıqları intensivləşdirmək üçün onu əsas kimi qəbul etmişik. Bunlar hamısı bizə çox böyük ümidlər verir. Bu ümidlər mənim Amerika Birləşmiş Ştatlarına səfərim zamanı daha da güclənibdir.

Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti kimi bu, mənim Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərimdir. Bildirmək istəyirəm ki, bu səfər zamanı hər gün, hər vaxt, hər yerdə bizə çox böyük qayğı, diqqət və qonaqpərvərlik göstərilir. Mən buna görə təşəkkür edirəm.

Avqustun 1-də Vaşinqtonda Ağ evdə Birləşmiş Ştatların prezidenti cənab Bill Klintonla görüşüm oldu. Bu, çox mühüm, məzmunlu, böyük tarixi əhəmiyyət kəsb edən bir görüşdür. Biz bütün məsələləri müzakirə etdik, çox açıq, sərbəst danışıq apardıq. Bu görüş, danışıqlarımız səmimilik, mehribanlıq, dostluq şəraitində keçdi. Bu, məni çox sevindirir, bizim hamımızı çox şad edir. Bu görüşlər zamanı biz bir çox məsələlər barədə eyni fikirdə olduğumuzu bildirdik. Yenə də deyirəm, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsini ətraflı müzakirə etdik. Bizdə çox böyük ümidlər oyandı. Cənab Bill Klinton bu işlə şəxsən məşğul olur və bundan sonra da məşğul olacağını bəyan etdi.

Bizim bu görüşlərimizin, danışıqlarımızın nəticəsində Ağ evdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün çox mühüm və tarixi əhəmiyyəti olan sənədlər imzalandı. Bu sənədlərin əsas mənası ondan ibarətdir ki, bizim əməkdaşlığımız partnyorluq, dostluq xarakteri daşıyır. Bu fikir və bizim dövlətlərarası əlaqələrimizi müəyyən edən bir çox başqa belə fikirlər prezident Bill Klintonun və prezident Heydər Əliyevin imzaladıqları Birgə bəyanatda öz əksini tapıbdır.

İnvestisiyaların qarşılıqlı qorunması üçün prezident Bill Klintonla mən çox əhəmiyyətli bir saziş imzaladıq. Enerji ehtiyatları sahəsində əməkdaşlıq etmək haqqında Ağ evdə müqavilə imzalandı.

Mən Müdafiə Nazirliyində görüşlər keçirdim. ABŞ-ın Müdafiə Nazirliyi ilə Azərbaycan arasında əməkdaşlıq haqqında da saziş imzalandı. Amerikaya səfərim zamanı bir neçə başqa sənəd də imzalandı.

Bütün bunlarla yanaşı, avqustun 1-də Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarının neft şirkətləri arasında çox dəyərli müqavilələr imzalandı. Bunlar "Şevron", "Eksson", "Mobil", "AMOKO" şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanan müqavilələrdir. Bu müqavilələr Amerika Birləşmiş Ştatları şirkətlərinin Azərbaycanın neft və qaz yataqlarında yeni sahələrdə görəcəyi işlərlə bağlıdır. Bu müqavilələrin imzalanmasında vitse-prezident cənab Albert Qor iştirak etdi, nitq söylədi. Prezident Bill Klintonla apardığımız danışıqlarda və müqavilələrin imzalanmasında dövlət katibi xanım Olbrayt, nazirlər cənab Deyli, cənab Penya, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi cənab Berger və yüksək vəzifəli başqa şəxslər iştirak etdilər.

Avqustun 1-i Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı əlaqələrdə tarixi bir günə çevrildi. Biz bundan çox razıyıq. Danışıqlar zamanı, imzalanan sənədlərdə və xüsusən Birgə bəyanatda Azərbaycanın demokratik respublika, ölkə kimi iqtisadi islahatlar keçirməsi, demokratiya yolu ilə getməsi və bunun nəticəsində də Azərbaycanın Dünya Birliyinə daha da bağlanması məsələləri Amerika tərəfindən dəstəkləndi. Bunlar imzalanan sənədlərdə öz əksini tapdı. Bu, bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

Qeyd etdiyim kimi, biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qururuq. Bu, bizim ölkə üçün asan iş deyildir. Uzun illər totalitar rejim altında yaşamış ölkə üçün birdən-birə demokratiya yolu, bazar iqtisadiyyatı yolu ilə getmək, islahatlar keçirmək, iqtisadiyyatı dəyişdirmək böyük problemlərdir. Biz böyük çətinliklərlə rastlaşmışıq. Ancaq mən bu gün sizə bəyan edirəm, - bu, bizim strateji yolumuzdur, biz bu yolla gedirik.

Prezident Bill Klintonla mənim imzaladığım sənəddə Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün Amerika tərəfindən dəstəklənməsi əks olunubdur. Bu gün mən sizə bildirmək istəyirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini tarixi hadisə hesab edir. Bu, bizim tarixi nailiyyətimizdir. Biz bu müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Biz dövlət müstəqilliyimizi heç vaxt əldən verməyəcəyik. Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, sarsılmazdır.

Bilirsiniz ki, bizim dövlət müstəqilliyimizə cürbəcür istiqamətlərdən maneçilik törədən qüvvələr vardır. Bunlar çox böyük qüvvələrdir. Ancaq hamı bilməlidir ki, biz bundan sonra nəyin bahasına olursa-olsun dövlət müstəqilliyimizi qoruyub saxlayacağıq. Biz heç kəsə heç vaxt imkan verməyəcəyik ki, ölkəmizi bir daha öz əlinə keçirsin, yaxud bizi milli azadlıqdan məhrum etsin. Biz buna heç vaxt yol verməyəcəyik.

Biz demokratik respublika, dövlət qururuq, bazar iqtisadiyyatı yaradırıq, iqtisadi islahatlar həyata keçiririk. Mən bildirmək istəyirəm ki, bizim bu sahədə nailiyyətlərimiz vardır. Azərbaycanda inflyasiya 1994-cü ildə 1600 faiz, 1995-ci ildə 84 faiz, 1996-cı ildə 6 faiz idi. Bu ilin birinci yarısında isə inflyasiya sıfır dərəcəsinə enibdir.

Azərbaycanda 1989-cu ildən keçən ilə qədər iqtisadiyyat ilbəil aşağı düşürdü. Biz kəskin iqtisadi-sosial böhran içində idik. Milli gəlir, daxili məhsul ildə 20-25 faiz, sənaye məhsulu istehsalı ildə 25-30 faiz aşağı düşürdü. Biz bu tənəzzülü dayandırdıq. 1996-cı il dönüş ili oldu. Keçən il həm sənaye məhsulu istehsalı, həm də ümumi daxili məhsul 1,2 faiz artdı. 1997-ci ilin birinci yarısında isə ümumi daxili məhsul 5,2 faiz artıbdır. Kənd təsərrüfatı, sənaye məhsulları istehsalı artır. Bizim milli valyutamız sərbəstdir. Ümumiyyətlə, biz hər şeyə sərbəstlik vermişik.

Ölkəmizdə xarici ticarət keçən il 40 faiz artıbdır. Biz xarici ticarəti sərbəstləşdirmişik. İqtisadiyyatda böyük liberallaşdırma aparmışıq. Respublikamızın qapılarını xarici investisiyalar üçün açmışıq. Xarici investisiyaların Azərbaycana gəlməsi üçün çox güzəştli şərait yaratmışıq. Bunların nəticəsində Azərbaycana xarici investisiyalar ardıcıl surətdə gəlir və artır. Biz keçən il, bu il idxal və ixracda, nəhayət, müsbət saldo əldə etmişik. Bu ilin birinci yarısında bizdə ixrac idxaldan üstündür. Biz hər bir şirkətin Azərbaycana gəlib sərbəst fəaliyyət göstərməsi, ölkəmizə investisiyaların gəlməsi üçün gömrük vergilərini sərbəstləşdirmişik. Bizdə ən aşağı gömrük vergisi vardır.

Azərbaycanda xarici investorların sərmayələrinin qorunması üçün çox dəyərli qanunlar qəbul olunubdur. Biz xarici sərmayələrə immunitet haqqında qanun qəbul etmişik.

Azərbaycana investisiya qoyan hər bir fiziki və yaxud hüquqi şəxs respublikamızda qanunların dəyişilməsindən asılı olmayaraq on il müddətində investisiyanı qoyduğu şərtlərlə işlədə bilər.

Biz xarici sərmayədarların gəlirlərinin repatriasiya olunması haqqında da qanun qəbul etmişik. Bir çox başqa qanunlar da qəbul etmişik. Bunlar hamısı Azərbaycanda bir tərəfdən iqtisadiyyatı liberallaşdırıb, sərbəstləşdirib, azad sahibkarlığa, təşəbbüskarlığa böyük imkanlar yaradıbdır, ikinci tərəfdən, Azərbaycana xarici investisiyaların gəlməsi üçün çox əlverişli şərait yaradıbdır.

Biz aqrar sektorda çox güclü islahatlar keçirmişik. Bizdə aqrar sektorun maldarlıq sahəsi artıq tamamilə özəlləşdirilibdir. Biz torpaqları özəlləşdiririk. Keçən il torpağın şəxsi mülkiyyətə verilməsi haqqında çox radikal qanun qəbul etmişik. Bildirmək istəyirəm ki, MDB-nin üzvü olan ölkələr arasında bu, ən radikal qanundur. MDB-nin üzvü olan başqa ölkələrin əksəriyyətində torpağın şəxsi mülkiyyətə verilməsi haqqında qanun qəbul etməyə hələ ki, cəsarət göstərə bilmirlər. Amma biz bunu etmişik, torpaq şəxsi mülkiyyətə verilir. Hər bir torpaq sahibi torpağı satmaq, başqa şəxsə vermək hüququ alıbdır.

Özəlləşdirmə geniş miqyasda həyata keçirilir. Özəlləşdirmədə xarici şirkətlər, xarici ölkələrin vətəndaşları da bərabər hüquqla iştirak edə bilərlər. Azərbaycanda xarici ölkələrin iş adamlarının iştirakı ilə xeyli birgə müəssisə yaradılıbdır. Bunların sayı çoxdur.

Bütün bunların sırasında Amerika Birləşmiş Ştatları ilə iqtisadi əlaqələrimiz xüsusi yer tutur. 1994-cü ildə biz ilk dəfə böyük neft müqaviləsi imzalamışıq. "Əsrin müqaviləsi" adı verilmiş bu müqavilə 30 il müddətində bağlanıb. Görünür ki, bunun ömrü bir-iki dəfə də uzadılacaqdır.

Bu müqavilədə ABŞ-ın beş neft şirkəti iştirak edir. Müqavilənin əsasını qoyanlardan biri və bu barədə böyük təşəbbüs göstərən Amerikanın "AMOKO" şirkətidir. "AMOKO" ilə bizim əməkdaşlığımız böyük tarixi əhəmiyyətə malikdir.

Mən "AMOKO" şirkətinin binasında olmağımdan, onun rəhbərləri ilə görüşməyimdən çox şadam. Qeyd etməliyəm ki, bu, ilk müqavilə olubdur. Ondan sonra daha bir neçə müqavilə imzalanıbdır. Onların əksəriyyətində ABŞ-ın şirkətləri böyük hissəyə malikdirlər.

Avqustun 1-də bir günün içərisində dörd böyük müqavilə imzalanıbdır. Bu müqavilələr ABŞ-ın paytaxtı Vaşinqtonda və bütün dünya üçün dəyərli yer olan Ağ evdə imzalanıbdır. Bu həm bizim üçün, həm də Amerika şirkətləri üçün tarixi hadisədir.

Mən sizin qarşınızda çıxış edərkən bəyan edirəm ki, Azərbaycan öz iqtisadiyyatını bundan sonra da bazar iqtisadiyyatı yolu ilə aparacaqdır. Başqa iqtisadiyyat Azərbaycanda bərpa oluna bilməz. Siz bilirsiniz ki, Rusiyada və MDB-yə daxil olan bəzi digər ölkələrdə indi cürbəcür danışıqlar gedir ki, Sovetlər İttifaqını yenidən bərpa etsinlər, sosializm quruluşuna qayıtsınlar. Belə proseslərin getməsini siz bilməlisiniz. Mən isə sizə bildirirəm ki, Azərbaycanda geriyə yol yoxdur.

Biz bundan sonra heç vaxt sosialist siyasi-iqtisadi sisteminin bərpa olunmasına yol verməyəcəyik. Siyasi cəhətdən bizim yolumuz demokratik dövlət quruculuğu yoludur. Siyasi plüralizm, insan hüquqlarının və azadlıqlarının qorunması, mətbuat, vicdan azadlığı - bunlar hamısı Azərbaycanda bərqərar olub və bundan sonra daha da möhkəmlənəcəkdir.

İqtisadi cəhətdən bizim yolumuz bazar iqtisadiyyatını yaratmaq, onun yolu ilə getmək və insanlara sərbəstlik verməkdir. Ümumiyyətlə, biz insanlara azadlıq və sərbəstlik veririk və bundan sonra onu daha da genişləndirəcəyik. Bazar iqtisadiyyatını tətbiq edib iqtisadiyyatımızı canlandırmaq və inkişaf etdirmək üçün biz, şübhəsiz ki, xarici investisiyanın Azərbaycana gəlməsinə çalışırıq. Sevindirici haldır ki, biz artıq bunun şahidiyik.

Bu gün burada deyildiyi kimi, Amerika Birləşmiş Ştatlarının şirkətləri Azərbaycana bu yaxınlarda bir milyard dollara yaxın sərmayə qoymağı başa çatdıracaqlar. Ancaq imzalanmış müqavilələrdə Amerika şirkətləri tərəfindən Azərbaycana təxminən on milyard dollara qədər investisiya qoyulması nəzərdə tutulur. Bu, tək neft yataqlarının işlənməsi üçün deyil. Hasil olan neftə də aiddir. Onu da bilməlisiniz ki, Xəzər dənizi böyük neft və qaz ehtiyatlarına malik bir hövzədir, onun neft və qaz ehtiyatları günbəgün və ilbəil daha da çoxalır.

Mərkəzi Asiya və Qafqaz, Xəzər dənizini əhatə edən ölkələr əməkdaşlıq etməlidirlər. Biz bu əməkdaşlığın tərəfdarıyıq. Eyni zamanda Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycandan keçməklə Qara dəniz vasitəsilə Avropaya yeni bir nəqliyyat dəhlizi açmışıq. Bu dəhliz artıq işləyir. Bu, qədim "İpək yolu"nu bərpa etmək deməkdir. Həmin yol ilə Mərkəzi Asiyadan Avropanın ən kənar ölkələrinə yüklər daşınır, eyni zamanda, əksinə - Avropadan Mərkəzi Asiyaya yüklər daşınır. Bu sahədə biz çox işlər görmüşük. Bundan sonra bu nəqliyyat dəhlizini daha da inkişaf etdirəcəyik.

Xəzər dənizi hövzəsindən hasil olunan neftin ixracı üçün də lazımi tədbirlər görürük. İki neft kəmərinin tikilməsi haqqında qərar qəbul olunubdur. Biri hazırdır - Bakıdan Rusiya ərazisi vasitəsilə Qara dənizin Novorossiysk limanına gedir. İkincisi Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə Qara dənizin Supsa limanına çəkilir. Bunlar ilkin neftin ixracı üçün yaradılan kəmərlərdir. Qarşımızda isə böyük neft kəmərinin çəkilməsi durur. Bütün bu müqavilələrin həyata keçirilməsi nəticəsində bir neçə ildən sonra Azərbaycan ildə təqribən 60 milyon ton neft ixrac etməlidir. Ona görə də böyük neft kəməri çəkilməlidir. Bu neft kəmərinin də bir neçə marşrutları var. Həmin marşrutlardan biz neft kəmərinin Azərbaycandan, Bakıdan Türkiyəyə və oradan Aralıq dənizinin Ceyhan limanına getməsinə üstünlük veririk. Başqa variantlar da var, ancaq buna üstünlük veririk.

Biz Qazaxıstanın "Tengiz" neft yatağından "Şevron" - "Tengiz" neft şirkətinin hasil etdiyi neftin dünya bazarına çıxarılması üçün Azərbaycandan yol açırıq. Artıq 1350 min ton neft tankerlərlə Qazaxıstandan Bakıya gətirilib, oradan da dəmir yolu ilə Qara dəniz limanına çıxarılıbdır. "Tengiz" yatağında çox böyük neft ehtiyatları olduğuna görə Qazaxıstanla Azərbaycan arasında iyun ayında saziş imzalanıb və Qazaxıstan neftinin Azərbaycana gəlməsi üçün Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsi nəzərdə tutulubdur. Gələcəkdə də Mərkəzi Asiyadan Avropaya - Qərbə ən əlverişli yol məhz Xəzər dənizindən, Azərbaycandan keçən yoldur. Biz bu yolun gələcəkdə daha da genişlənməsinin tərəfdarıyıq və öz tərəfimizdən lazımi tədbirlər görəcəyik.

Amerika Birləşmiş Ştatlarının bir çox başqa şirkətləri neft şirkətləri ilə bərabər bizimlə əməkdaşlıq edirlər. Burada "Katerpillar" şirkətinin rəhbəri bu barədə məlumat verdi. Onlar Azərbaycanda çox işlər görürlər və gələcəkdə də görəcəklər. Yaxud, "Motorola" şirkətinin prezidenti burada iştirak edir. "Motorola" Azərbaycanda özünə çox görkəmli yer tutubdur. Bundan sonra da onun imkanları genişlənəcəkdir. Başqa şirkətlər də bütün bu müqavilələrin həyata keçirilməsinə qoşulublar. Siz bilirsiniz ki, hər bir neft şirkətinin ətrafında onlarca başqa neft şirkətləri o layihələrin həyata keçirilməsi ilə məşğuldurlar və ona cəlb olunurlar.

Amerikanın nə qədər şirkəti Azərbaycanda iş görə bilər. Bu, həm Azərbaycan üçün, həm də Amerika Birləşmiş Ştatları üçün faydalıdır. Bu, həm də bizim ölkələrarası iqtisadi əlaqələri genişləndirəcək, inkişaf etdirəcəkdir.

Buna mane olan amillər də vardır. Onlardan biri və ən başlıcası vaxtilə Amerika Konqresi tərəfindən Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişdir. Beş ildir ki, 907-ci düzəlişə görə Azərbaycan Amerika Birləşmiş Ştatlarının hər bir yardımından məhrumdur. Siz bilirsiniz ki, ABŞ bir çox ölkələrə, o cümlədən keçmiş Sovetlər İttifaqına mənsub olmuş ölkələrə maddi və maliyyə yardımı edir. Bizim qonşularımız Ermənistan, Gürcüstan, Mərkəzi Asiya ölkələri Amerikadan ildə 100 milyon dollar, bəlkə də ondan artıq maliyyə yardımı alırlar. Azərbaycan isə bu yardımdan məhrumdur. Bu, çox ciddi paradoksdur.

Biz Amerika Birləşmiş Ştatlarını Azərbaycana, Xəzər dənizinə gətirmişik. Buna görə də bəzi qonşularımız bizdən narazıdırlar və bizi ittiham edirlər ki, nə üçün ABŞ-ın şirkətlərini Xəzər dənizinə, Azərbaycana, Qafqaza gətirmişik. İkinci tərəfdən isə, ABŞ Konqresi Amerika tərəfindən Azərbaycana göstərilən hər cür yardıma embarqo qoyubdur. Son illər biz bununla çox ciddi məşğul olmuşuq. Bu günlər mən çox şadam ki, nəhayət, Amerikanın dövlət dairələrində, Konqresində, parlamentində, ictimaiyyətində fikir formalaşıb ki, 907-ci düzəliş Azərbaycana qarşı ədalətsizdir və əsassızdır. Bəziləri deyir ki, biz heç bilmirik bu maddə Konqresdə necə qəbul olunubdur. Kim gətirib bu maddəni gündəliyə salıbdır və biz də bunu anlamadan səs vermişik. Biz belə sözlər də eşitmişik. Ancaq olan olub, keçən keçib. Beş il məhrumiyyətlər altında qalmışıq, belə ayrı-seçkiliyə dözmüşük. Bundan sonra dözə bilmərik.

Burada olduğum günlərdə apardığım danışıqlar zamanı 40-dan artıq Konqres üzvü ilə görüşdüm. Nümayəndələr Palatasının spikeri cənab Qinqriç ilə görüşdüm, Xarici Əlaqələr Komitəsinin sədri cənab Gilman ilə də ətraflı danışıqlarım oldu. Bir çox hörmətli senatorlarla da danışıqlar apardım. Onlar mənə bildirdilər ki, bu düzəlişin ləğvinə çalışacaqlar.

Prezident cənab Bill Klinton əvvəllər də demişdi və avqustun 1-də də bəyan etdi ki, 907-ci düzəliş aradan götürülməlidir və bu, biz imzaladığımız sənəddə öz əksini tapıbdır. Nyu-Yorkdan olan konqresmen cənab Kinq 907-ci düzəlişin ləğv edilməsi üçün yaxşı bir layihə təqdim edibdir. Güman edirəm ki, həm Konqres, həm Amerika hökuməti, həm də başqa qüvvələr birləşib sentyabr ayında Konqres işə başlayan kimi bu düzəlişin aradan götürülməsi üçün çalışacaqlar. Bu düzəliş tək Azərbaycana qarşı ayrı-seçkilik deyil, eyni zamanda Amerika-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etməsinə maneçilik törədir, əngəl törədir. Ona görə də gərək Amerikanın şirkətləri də, iş adamları da, Azərbaycana sərmayə gətirənlər də çalışsınlar ki, bu düzəliş aradan götürülsün.

Nəhayət, mən bir məsələ haqqında da danışmaq istəyirəm. Biz Azərbaycanda sülh tərəfdarıyıq, sülh istəyirik. Biz öz müstəqilliyimizi əldə etmişik, müstəqil dövlətik. Yaşamağımız və müstəqil dövlət kimi inkişaf etməyimiz üçün bizə sülh lazımdır. Ona görə də Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması bizim üçün əsas məsələdir. Təəssüflər olsun ki, buna mane olan qüvvələr az deyil.

Bu ilin əvvəlində aşkar olubdur ki, Rusiya Müdafiə Nazirliyinin bəzi rəhbər vəzifəli şəxsləri son iki ildə gizli olaraq, qeyri-qanuni yolla Ermənistana 1 milyard dollar dəyərində çox böyük güclü, təhlükəli silahlar və sursatlar veriblər. Bunlar, əlbəttə ki, bizim son üç ildə apardığımız sülh danışıqlarına, prosesinə zidd bir hərəkətdir. Bu məlumatı Rusiya Müdafiə Nazirliyinin özü və başqa dövlət dairələri bəyan ediblər. Biz bunu bilən kimi qəti etirazımızı bildirdik. Mən Rusiyanın prezidentinə müraciət edərək o silahların Ermənistandan çıxarılıb geri qaytarılmasını tələb etmişəm.

Siz bilirsiniz ki, Ermənistanda Rusiyanın hərbi bazaları, hissələri yerləşir. Qafqazda, Gürcüstanda da belə hərbi hissələr, bazalar var. Azərbaycanda isə yoxdur və heç vaxt olmayacaqdır. Biz tam müstəqilik və suverenliyimizi bundan sonra da qoruyacağıq. Ancaq bizim bölgəyə bu qədər təhlükəli silahların verilməsi böyük narahatlıq hissi doğurubdur. Amerikanın Senatı da bu məsələni müzakirə edib, bu barədə qərar qəbul edibdir. Güman edirəm ki, Amerika Birləşmiş Ştatlarının Senatı bu işini, təşəbbüsünü davam etdirəcək və məsələnin həll olunması üçün səy göstərəcəkdir. Bunlar Qafqazda Ermənistanla Azərbaycan arasında sülh əldə etmək üçün çox vacibdir.

Biz işğal edilmiş ərazilərimizin azad olunması, yurd-yuvasından didərgin düşmüş azərbaycanlıların yerlərinə qaytarılmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını və Ermənistanla uzunmüddətli, etibarlı sülh şəraitində yaşamağı istəyirik. Hesab edirəm ki, belə sülh yaranarsa, bu, Ermənistan üçün, Azərbaycan üçün çox böyük imkanlar açar. Mən əminəm ki, Ermənistanla Azərbaycan arasında belə bir sülh yarana bilər. Bu da Qafqaz bölgəsində, bizim bölgədə tam sülhün bərqərar olması üçün böyük əsas olar. Əminəm ki, Amerika Birləşmiş Ştatları və Amerikanın prezidenti hörmətli cənab Bill Klinton bu məsələnin həll olunmasında öz səylərini əsirgəməyəcəkdir.

Mən buradakı görüşümdən bir daha məmnun olduğumu bildirmək istəyirəm. Sizə hörmət və ehtiramımı bildirirəm. Sizi və Amerika Birləşmiş Ştatları şirkətlərinin bütün iş adamlarını Azərbaycanda iş görməyə dəvət edirəm.

Eyni zamanda Azərbaycanın da təbii gözəlliyi vardır. Çikaqo şəhəri də gözəldir, Bakı şəhəri də. Azərbaycanda da çox görməli yerlər var. Oraları da seyr etmək, onlardan həzz almaq hər biriniz üçün dəyərli olardı. Mən sizi Azərbaycanda görmək istəyirəm. Bir daha sizə təşəkkürümü bildirirəm. Çikaqo şəhərinə daha da çiçəklənmə arzu edirəm. Biz indi 80-ci mərtəbədəyik. Əgər bundan yuxarılara qalxmaq istəyirsinizsə, qalxın. Siz dünyada belə rekordlar qoymusunuz. Ancaq Amerika Birləşmiş Ştatlarına təkcə binaların mərtəbələrini artırmağı yox, Amerikanın qüdrətini, iqtisadiyyatını daha da yüksək mərtəbələrə qaldırmağı arzu edirəm. Mən sizə cansağlığı, səadət arzulayıram. Amerika xalqına səadət, xoşbəxtlik, firavanlıq arzulayıram. Amerika Birləşmiş Ştatlarının çiçəklənməsini arzu edirəm.

Bu gün "AMOKO" şirkəti mənə bir dəyərli hədiyyə verdi, - prezident Likolnun mərmərdən kiçik bir heykəli. Bu, mənim üçün çox dəyərlidir. Mən yaxşı bilirəm ki, Amerikanın tarixində Linkolnun xüsusi xidmətləri olmuşdur, "AMOKO" şirkəti prezidentinin bir fikri ilə tam razıyam ki, əgər Linkolnun cəsarəti və qəhrəmanlığı, müdrikliyi olmasaydı, Amerika Birləşmiş Ştatları da parçalanmış olardı. Parçalanma çox təhlükəli şeydir. Linkoln o vaxt Amerika Birləşmiş Ştatlarını bu parçalanmadan xilas edibdir. İndi biz Azərbaycanın parçalanması təhlükəsinin qarşısını almağa çalışırıq. Prezident Linkoln kimi, biz də Azərbaycanın bütövlüyünü qoruyub saxlamaq istəyirik. Ona görə də bu hədiyyə mənim üçün çox qiymətlidir və buna görə çox təşəkkür edirəm.

Mən isə "AMOKO" şirkətinə məşhur Azərbaycan rəssamının bir rəsmini təqdim etmək istəyirəm. Bu rəsm çox maraqlıdır. Bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Azərbaycanda yüz illər bundan qabaq da neft və qaz çıxıbdır. 1848-ci ildə Azərbaycanda ilk neft fontanı vurubdur. Amerika Birləşmiş Ştatlarında - Pensilvaniyada neft fontanı 1852-ci, ya da 1855-ci ildə olubdur. Biz sizdən qabaqdayıq. O vaxt nefti bu cür çətinliklərlə çıxarırdılar. Biz bunu heç vaxt unutmamalıyıq. Əgər insanlar o çətin vəziyyətdə, şəraitdə neft çıxarmasaydılar, indi Azərbaycan böyük neft ölkəsi olmazdı.

Ona görə də mən bu rəsm əsərini "AMOKO"ya Azərbaycan ilə Amerikanın neft sahəsində əlaqələrinin bir rəmzi kimi təqdim edirəm. Güman edirəm ki, bu rəsm əsəri sizin şirkətinizdə öz görkəmli yerini tutacaqdır.

Biz nefti bax, bu cür, bu rəsm əsərində gördüyünüz kimi çıxarmağa başlamışıq. Azərbaycan neftçiləri əlli il bundan qabaq Xəzər dənizində, Neft Daşlarında ilk dəfə neft fontanı əldə ediblər və Xəzər dənizinin neft yataqlarını açıblar. Biz burada da pionerik. Bu, əlli il bundan qabaq olubdur. İndi isə, XX əsrin sonunda Xəzər dənizinin zəngin neft yataqlarını məhz Azərbaycan dünyaya təqdim etdi. Xəzər dənizində olan bütün neft yataqları bu əlli il içərisində Azərbaycan neftçiləri tərəfindən kəşf olunub, açılıbdır.

İndi orada Azərbaycan ilə bərabər, dünyanın böyük neft şirkətləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının neft şirkətləri müştərək iş görürlər. Bunların hamısı bizim ölkələrimizi bir-birinə çox bağlayan amillərdir. Mən arzu edirəm ki, bizim bu əlaqələrimiz bundan sonra daha da sıx olsun.

Bir daha sizi salamlayıram, xoşbəxtlik arzulayıram.

Mən badəmi Amerika Birləşmiş Ştatlarının, Amerika xalqının, ölkənizin çox güclü, qabaqcıl şirkətlərinin şərəfinə, Amerika dövlətinin, Amerikanın prezidenti, mənim dostum, hörmətli cənab Bill Klintonun şərəfinə, sizin şərəfinizə qaldırıram. Sağ olun.

Naharda iştirak edən Amerika jurnalistləri üçün mətbuat konfransı

Lourens Fuller: Cənab prezident, Sizdən soruşmaq üçün mənə xeyli suallar göndərilib. Siz bu sualların əksəriyyətinə öz nitqinizdə cavab verdiniz. Xahiş edirəm, mümkünsə bu suallardan bir neçəsinə cavab verəsiniz.

Sual: Cənab prezident, Amerika Birləşmiş Ştatlarına, - Vaşinqtona, Nyu-Yorka, Hyüstona, Çikaqoya səfəriniz haqqında öz təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Sizin fikrinizcə, bu səfər uğurlu oldumu? Amerika Birləşmiş Ştatlarına növbəti səfərinizdə hansı yenilikləri arzu edərdiniz?

Cavab: Bildirmək istəyirəm ki, bu, mənim Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərimdir. Mən və məni müşayiət edən Azərbaycan nümayəndə heyətinin bütün üzvləri bu səfərdən həddindən artıq razıyıq. Köməkçilərim hesablayıblar ki, bu səfər zamanı mən bu günə və bu dəqiqəyə 75 görüş keçirmişəm. Görüşlərim bu gün və sabah davam edəcəkdir. Bu, mənim üçün çox əhəmiyyətli bir nailiyyətdir. Çünki hər bir görüş işgüzar xarakterlidir. Amerika-Azərbaycan əlaqələrinin inkişaf etməsinə həsr olunur, hər bir görüş Azərbaycan həqiqətlərini Amerika Birləşmiş Ştatlarına çatdırmaq məqsədi daşıyır.

Biz iyulun 27-dən bu günə qədərki bütün günlərimizdən çox razıyıq. Hər yerdə böyük qonaqpərvərlik, qayğı və diqqət hiss etmişik. Bu görüşlərim hamısı dostluq, mehribanlıq şəraitində keçibdir. Hesab edirəm ki, Amerika-Azərbaycan əlaqələrində dostluq münasibətləri yaranıbdır. Biz prezident Klintonla ölkələrimizin partnyorluğu haqqında sənəd imzalamışıq. Hesab edirəm ki, bu, mənim rəsmi səfərimin ən gözəl nəticəsidir.

Mən bizə göstərilən qayğıya, qonaqpərvərliyə görə prezident Klintona və görüşdüyüm bütün şəxslərin hamısına təşəkkür edirəm. Hesab edirəm ki, bütün bu günlər, keçirdiyimiz görüşlər ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar açıbdır. Mənim, bizim Azərbaycanda vəzifəmiz ondan ibarətdir ki, bu imkanlardan dərhal səmərəli istifadə edək. Biz bunu edəcəyik.

Hesab edirəm ki, mən Amerika Birləşmiş Ştatlarına ikinci dəfə gələnə qədər bizim əlaqələrimiz çox yüksək səviyyələrə qalxacaqdır. Onda biz daha yeni addımlar atacağıq. Mən buna inanıram. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bütün sahələrdə əlaqələr uzunmüddətlidir. Biz bu əlaqələri çox vacib və əhəmiyyətli hesab edirik. Sağ olun.

Lourens Fuller: Cənab prezident, mən Amerika Birləşmiş Ştatlarına rəsmi səfərinizə, bu səfər zamanı əldə etdiyiniz böyük uğurlara görə Sizi təbrik edirəm. İllinoys ştatına, Çikaqoya gəldiyinizə və bu görüşdə bizimlə bir yerdə olduğunuza görə Sizə dərin təşəkkürümüzü bildirirəm.

Cənab prezident, Azərbaycanda fəaliyyət göstərən Amerika şirkətlərinə göstərdiyiniz qayğı və diqqətə görə Sizə minnətdarıq.

Azərbaycan Prezidentinə nəvəsinin dünyaya gəlməsi münasibətilə "Motorola" şirkəti adından hədiyyə - vaza təqdim edildikdən sonra ürək sözləri

Mənim Amerika Birləşmiş Ştatlarına səfərimin ən gözəl səhifəsi bir də ondan ibarətdir ki, mən Amerikada olarkən avqustun 2-də nəvəm dünyaya gəlibdir. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Məni təbrik etdiyinizə görə sizə təşəkkür edirəm və bu vazanı da nəvəmə verəcəyəm.

"Azərbaycan" qəzeti, 8 avqust 1997-ci il