Qazaxıstan işgüzar dairələrinin nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 11 iyun 1997-ci il


Hörmətli xanımlar və cənablar, hörmətli dostlar!

Mənim Qazaxıstana rəsmi səfərim sona çatır və bu, yekun görüşümdür.

Dünən və bu gün biz Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi, xalqlarımız və ölkələrimiz arasında dostluğun möhkəmlənməsi ilə bağlı səmərəli iş apardıq.

Mən Qazaxıstanı tezliklə tərk edəcəyəm və buna görə də fürsətdən istifadə edərək yenə də demək istəyirəm ki, səfərdən, onun məzmunundan, yekunlarından və imzalanmış sənədlərdən son dərəcə razıyam. Hesab edirəm ki, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin ötən il sentyabrın 16-17-də Azərbaycana ilk rəsmi dövlət səfəri kimi, bu səfər də Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifə, yeni mərhələ açır.

Ötən ilin sentyabrında Bakıda və dünən burada, Almatıda üst-üstə 30-dək hökumətlərarası, dövlətlərarası sənəd imzalanmışdır. Bunlar son dərəcə böyük əhəmiyyətə malikdir. Bu sənəd iki müstəqil dövlətin - Qazaxıstanın və Azərbaycanın intensiv əməkdaşlığının bünövrəsini qoymuş, əməkdaşlığımız üçün yaxşı normativ-hüquqi bazadır, onun geniş bir proqramıdır. Belə hesab edirəm ki, sazişlərdə, sənədlərdə, memorandumlarda təsbit olunmuş nə varsa, hamısını həyata keçirmək üçün bu sənədlər əsasında həm Qazaxıstanda, həm də Azərbaycanda müvafiq əməli tədbirlər görüləcəkdir.

Dünən biz Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və inkişaf etdirilməsi haqqında çox mühüm sənəd imzaladıq. Bu sənəd dərin mənaya, dərin məzmuna malikdir, münasibətlərimizin tərəfdaşlıq xarakterini, Qazaxıstanın və Azərbaycanın strateji tərəfdaşlığının xarakterini müəyyənləşdirir.

Biz Qazaxıstanda və Azərbaycanda neftin hasilatı və Xəzər dənizindən istifadə edərək neft və qazın beynəlxalq bazarlara nəql olunması haqqında memorandum imzaladıq. Bu sənəd istər Xəzər dənizi hövzəsində, istərsə də bütövlükdə neft və qaz sənayesi sahəsində Qazaxıstanla Azərbaycan arasında gələcək əməkdaşlıq üçün çox yaxşı bünövrə qoyur.

Məlumdur ki, Qazaxıstanda mineral maddələrin böyük ehtiyatları, o cümlədən neft və qazın olduqca böyük ehtiyatları var. Xəzər dənizi hövzəsində karbohidrogen xammalının ehtiyatları olduqca böyükdür. Azərbaycanda, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda böyük neft və qaz ehtiyatları var.

Sizə məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorundakı üç yatağın - "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərin hissəsinin birgə işlənməsi haqqında 1994-cü ilin sentyabrında Azərbaycan dünyanın on bir transmilli neft şirkəti ilə ilk iri kontrakt imzalamışdır. Deyə bilərəm ki, bu kontrakt əməli surətdə həyata keçirilir. Cari ilin payızında biz ilk istismar quyusundan neft çıxarılacağını gözləyirik və beləliklə, kontraktın əməli surətdə həyata keçirilməsi mərhələsindəyik. Qazma işləri göstərir ki, bu yataqlarda neft ehtiyatları güman edildiyindən xeyli çoxdur.

Bundan sonra transmilli neft şirkətləri ilə daha dörd kontrakt imzalanmışdır və onlar da əməli surətdə həyata keçirilmək mərhələsindədir.

Planlarımızda daha bir neçə kontrakt var. Dediyim kimi, Amerikanın "Şevron" şirkətinin nümayəndələri buradadırlar. Hesab edirəm ki, bu şirkət Xəzər dənizi vasitəsilə Qazaxıstanla Azərbaycan arasında birləşdirici pillə kimi indi çox mühüm rol oynayır. Bu və digər şirkətlər neft kontraktlarına dair təkliflərlə müraciət etmişlər.

Birinci kontrakta uyğun olaraq biz neftin Rusiya ərazisi ilə Qara dəniz sahilindəki Novorossiysk limanına nəql edilməsi üçün artıq öz ərazimizdə neft kəməri çəkmişik. Proqrama görə, ilkin neftin ixracı üçün ikinci neft kəməri çəkmək nəzərdə tutulur. Bu boru kəməri Gürcüstan ərazisindən keçib Qara dənizin Supsa limanına gedəcəkdir. Dediyim kimi, bizim ərazimizdə ilk neft kəməri çəkilmişdir. Rusiya ərazisində də belə kəmər var. Lakin onun müəyyən dərəcədə yenidən qurulması və təzələnməsi tələb edilirdi. Onlar bu işlə məşğul oldular. Ancaq Rusiya Azərbaycandan nefti, bizə söz verdikləri kimi ilin ortalarında qəbul etməyə hələlik hazır deyildir. Biz bir neçə ay bundan əvvəl "Transneft"lə və Rusiya hökuməti ilə danışıqlar apardıq. Onlar nefti həmin boru kəməri ilə Qara dənizə ixrac etmək üçün oktyabrda hazır olacaqlarına söz verdilər.

Lakin böyük boru kəməri çəkmək də nəzərdə tutulur. Bu, 1994-cü ilin sentyabrında ilk kontrakt imzalamış olan konsorsiumun planlarına və proqramına daxildir. Azərbaycan neft şirkəti və konsorsiuma daxil olan şirkətlər tərəfindən çıxarılacaq neft beynəlxalq bazarlara, planlarımıza görə, Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına həmin boru kəməri ilə daşınacaqdır. Hazırda "Şevron-Tengiz" şirkəti Azərbaycan Neft şirkəti ilə əməkdaşlıq edir. Onlar neftin Xəzər dənizi, Azərbaycan vasitəsilə Qara dəniz limanına nəql olunmasına kömək göstərmək xahişi ilə müraciət etmişlər və biz razılıq vermişik. Dünən burada bildirildi ki, biz Tengizdən 200 min ton nefti öz terminalımızda qəbul edib Gürcüstan ərazisi ilə Qara dəniz limanına göndərmişik. Beləliklə, Qazaxıstan neftinin Xəzər dənizi vasitəsilə, Azərbaycan, Gürcüstan ərazisi ilə Qara dənizə nəql edilməsi üçün ilk kanal yaradılmışdır.

Dünən biz, Qazaxıstan və Azərbaycan prezidentləri Qazaxıstan neftinin Xəzər dənizinədək, Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyədək, - Aralıq dənizi limanı nəzərdə tutulur, - dünya bazarlarına nəql olunması üçün xüsusi neft kəməri çəkmək haqqında memorandum imzaladıq. Bunu çox mühüm addım bilirəm və bu sənədin həyata keçirilməsinə bacardıqca tez bir zamanda başlamaq lazımdır. Belə ki, dünən Tengizdə neft hasilatının perspektivləri barədə məlumat aldım və öyrəndim ki, burada neft 2005-ci ilədək, bəlkə də bundan tez çıxarılmağa başlanacaqdır. Odur ki, neftin beynəlxalq bazarlara daşınması ilə əlaqədar çox mürəkkəb vəziyyət yarana bilər. İstifadə etdiyiniz neft kəməri, - gərək ki, siz onu Şimali Qafqaz kəməri adlandırırsınız, - sizə, əlbəttə, bundan sonra da xidmət edəcəkdir. Lakin Qazaxıstan neft sənayesi nümayəndələrinin məlumatından mənə aydın oldu ki, bu boru kəməri gözlənilən neftin hamısını nəql etmək iqtidarında deyildir. Buna görə də yeni neft kəmərinin çəkilməsi, zənnimcə, birinci dərəcəli əhəmiyyətə malik vəzifəyə çevrilir. Biz öz tərəfimizdən öz imkanlarımızla, terminallarımızla, nəqliyyat vasitələrimizlə bu işə hazırıq, kömək və əməkdaşlıq edirik, bundan sonra da əməkdaşlıq edəcəyik.

Belə düşünürəm ki, Xəzər hövzəsində və onun ətrafında Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın, ümumiyyətlə, böyük perspektivi var və elə biz prezident Nursultan Nazrbayevlə yekdil fikirdəyik ki, biz bu perspektiv üzərində yaxşıca işləməliyik.

Bizdə quruda böyük ehtiyatları, böyük perspektivi olan çoxlu yataq var. Bəzi şirkətlər qurudakı köhnə yataqlarda artıq işləyirlər, bəziləri bizə bu məsələ ilə əlaqədar müraciət edirlər. Biz bu işi aparırıq və aparacağıq. Məncə, bu sahənin də böyük perspektivi var.

O ki qaldı iqtisadiyyatın digər sahələrinə, bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı çoxtərəfli, çoxsahəlidir. İndi biz özəlləşdirmə mərhələsindəyik. Ötən illərdə respublikamızın daxilində bəzi hallarla, habelə, bildiyiniz kimi, 1988-ci ildən başlayaraq Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması və 1994-cü ilədək hərbi əməliyyatların getməsi, Azərbaycan ərazisinin 20 faizini erməni silahlı birləşmələrinin işğal etməsi, bu işğal olunmuş torpaqlardan bir milyondan çox vətəndaşımızın qovulub didərgin salınması, onların Azərbaycanda müxtəlif bölgələrdə ağır şəraitdə, əksəriyyətinin isə çadırlarda yaşaması ilə əlaqədar əvvəlki illərdə bizdə islahatların aparılması prosesi bir qədər ləngimişdir. Ancaq indi bu islahatlar fəal həyata keçirilir və deməliyəm ki, öz faydasını verir. Məsələn, 1989-cu ildən başlayaraq, Azərbaycanda istehsalın səviyyəsi aşağı düşmüş, iqtisadiyyatda tənəzzül yaranmışdır. 1996-cı ildə biz istehsalın azalmasının qarşısını almağa və müsbət dəyişikliklər, müəyyən dərəcədə artım əldə edilməsinə nail olmuşuq. Keçən il bizdə daxili ümumi məhsul bir qədər artmışdır. Biz sənaye məhsulu istehsalının azalmasına yol verməməyə müvəffəq olmuşuq, kənd təsərrüfatında istehsalın səviyyəsinin aşağı düşməsinin qarşısını alaraq 3 faiz artım əldə olunmasını təmin etmişik.

Cari ilin ötən aylarında bu göstəricilər daha yüksək olmuşdur, yəni biz daxili ümumi məhsulu, sənaye və kənd təsərrüfatı istehsalını xeyli artırmışıq. Keçən il xarici ticarət dövriyyəsinin həcmi 30 faiz artmışdır. Xarici iqtisadi fəaliyyəti liberallaşdırmaq üçün çoxlu tədbir görülmüş, islahatlar aparılmışdır. Biz respublikanın maliyyə məsələləri ilə fəal məşğul oluruq, məsələn, 1994-cü ildə inflyasiyanın səviyyəsi il ərzində 1700 faizə çatmışdı. Biz onu aşağı salıb ötən il minimum səviyyəyə endirməyə müvəffəq olduq. Bu ilin ötən aylarında bizdə inflyasiya əslində yox dərəcəsində idi. Milli valyutamızın - manatın mübadilə məzənnəsi sabitdir. Bu sabitlik son iki ildə qalmaqdadır. Son bir ildə manatın dəyəri dollara nisbətdə təxminən 10 faiz qalxmışdır. Bizdə maliyyə, bank fəaliyyəti, valyuta mübadiləsi sahəsində sərbəstlik, sahibkarlıq sahəsində sərbəstlik , xarici sərmayələr üçün sərbəstlik var.

Əlbəttə, respublikamızın miqyası Qazaxıstanın miqyası kimi geniş deyil və sizin ölkənizdəki qədər ehtiyatlarımız yoxdur. Buna baxmayaraq, məsələn, Qərbin ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Almaniya kimi aparıcı ölkələrinin hər biri Azərbaycanda 50-70 ofisə malikdir. Bizdə neft və qaz hasilatına dair kontraktın həyata keçirilməsi prosesinə nəinki neft sənayesi ilə bilavasitə məşğul olan şirkətlər, həm də bir çox digərləri cəlb edilmişlər. Onlar neft kəmərlərinin inşasına, başqa sahələrə cəlb olunmuşlar. Ona görə də xarici sərmayələr Azərbaycana yönəldilir, amma bu, bəlkə də bizim istədiyimiz qədər deyildir. Respublikamızda özəlləşdirmə gedir. Lakin əlbəttə, Qazaxıstandakı kimi mərhələdə deyildir. Buna baxmayaraq, özəlləşdirmə uğurla həyata keçirilir.

Biz kənd təsərrüfatı sahəsində əsaslı tədbirlər görürük, torpaq islahatı haqqında qanun qəbul etmişik. Bu qanunda kənd təsərrüfatı əkinləri üçün ayrılmış bütün torpaqların xüsusi mülkiyyətə verilməsi, özü də torpağı satmaq, vermək və satın almaq hüququ ilə verilməsi nəzərdə tutulur. İndi həmin qanun fəal həyata keçirilir və deməliyəm ki, kəndlilər bu qanunu və onun əməli surətdə yerinə yetirilməsini böyük ruh yüksəkliyi ilə, razılıqla qarşılayırlar. Zənnimcə, bizdə özəlləşdirmə 1999-cu ildə sona çatdırılacaqdır, lakin bu prosesdə başlıca iş, görünür, 1997-ci və 1998-ci illərdə olacaqdır.

Biz əcnəbi sərmayədarlara həmçinin təklif edirik ki, müəssisələrimizi öz idarələri altına götürsünlər. Bu baxımdan Qazaxıstan çox irəli getmişdir və prezident Nursultan Nazarbayevlə söhbətimizdən öyrəndiyimə görə, böyük nəticələr qazanmışdır. Bizdə də belə misallar var, doğrudur, onlar Qazaxıstanda olduğu kimi bu cür böyük miqyasda deyildir.

Respublikamız xarici sərmayələr üçün, bütövlükdə sahibkarlıq üçün, o cümlədən əcnəbi sahibkarların fəaliyyəti üçün açıqdır. Biz tam bazar iqtisadiyyatı proqramını bütün bazar qanunlarına müvafiq surətdə həyata keçiririk. Bizim qanunlar bazar islahatlarını həyata keçirməyə, xarici sərmayələri cəlb etməyə imkan verir. Olmayan qanunlar isə cari il ərzində qəbul ediləcəkdir. İndi ölkəmizdə qanun yaradıcılıq fəaliyyəti genişlənmişdir.

Biz pensiya işində, sosial sahədə də islahatlar aparırıq. Məsələn, bütün güzəştləri ləğv etmişik, hərçənd burada bizim üçün çətinliklər var, çünki sakinlərimizin bir milyonundan çoxu qaçqındır və onlar yaşayış sahəsinə malik deyildir, çadırlarda yaşayır və əksəriyyəti də işsizdir. Buna baxmayaraq, biz bu tədbirlərə razılıq vermişik və onları həyata keçiririk ki, ölkəmizdə mikroiqtisadi proseslər tamamilə həyata keçirilsin, islahatlar büsbütün inkişafını tapsın.

Ümumiyyətlə, demək istədiyim bunlardan ibarətdir. Əlbəttə, sizin verəcəyiniz informasiyaya daha çox ümid bəsləyirəm, axı sizin təcrübəniz Azərbaycanda toplanmış təcrübədən daha çoxdur. Siz artıq çox işlər görmüşsünüz, zənnimcə, yaxşı nəticələrə maliksiniz. Əlbəttə, siz səhvlərdən, qüsurlardan da, - əgər bunlar varsa, - söhbət aça bilərsiniz ki, biz onlara yol verməyək. Sözün qısası, mən bu görüşdən daha çox məlumat, sizdən təkliflər, bizim üçün, Azərbaycan üçün dəyərli tövsiyələr, başlıcası isə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə və genişləndirilməsinə yönəldilmiş təkliflər gözləyirəm. Onu nəzərdə tuturam ki, söhbət əsasən və başlıca olaraq özəl sektordan gedir.

Diqqətinizə görə sağ olun.

"Azərbaycan" qəzeti, 12 iyun 1997-ci il