Azərbaycan Respublikasının Prezidenti Heydər əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə Bakıdakı 5 saylı Kliniki Doğum Evinin işçiləri ilə görüşdə çıxışı - 7 aprel 1995-ci il


Sağlam nəsil böyüdülməsi dövrümüzün ən başlıca social vəzifəsi kimi qarşımızda durur. Son illərin təcrübəsi göstərir ki, Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF tərəfindən bu vəzifənin irəli sürülməsi və onun həyata keçirilməsindən ötrü lazımi şərait yaradılması, bu işin zəruri səhiyyə xidmətləri, tibbi preparatlar və dərmanlarla görülməsi böyük hadisədir.

Bu gün Azərbaycanda da Ümumdünya Sağlamlıq gününü və poliomielit xəstəliyinə qarşı mübarizənin bir gününü qeyd edirik. Burada verilən məlumatlardan aydın oldu ki, bu sahədə YUNİSEF təşkilatı Azərbaycana yaxından kömək edir. Mən bu beynəlxalq təşkilatın xidmətlərini yüksək qiymətləndirirəm. Mən ötən ilin sentyabrında Nyu-York şəhərində olarkən YUNİSEF-in rəhbərliyi ilə görüşüb, Azərbaycanın bu təşkilatın proqramına qoşulması üçün zəruri sənədlərin hazırlanmasında iştirak etmişəm və həmin sənədləri respublikamızın adından imzalamışam.

YUNİSEF təşkilatının ölkəmizdə fəaliyyəti görünür və xalqımız buna görə öz minnətdarlığını bildirir. Böyük sosial bəlanın, yəni poliomielitin tamamilə ləğv olunması, o cümlədən Azərbaycanda bu xəstəliklə mübarizə və 2000-ci ilə qədər onun ləğv edilməsi sahəsində YUNİSEF-in fəaliyyətinə yüksək qiymət verərək bu təşkilata öz təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edib Azərbaycanın səhiyyə işçilərinə müraciət edərək bir daha bildirmək istəyirəm ki, səhiyyə respublikamızın sosial sahəsinin ən mühüm hissəsidir. Azərbaycanda səhiyyəyə daim diqqət göstərilib və bu, indən sonra da belə olacaqdır. Səhiyyə işçilərinin borcu Azərbaycanın bu dar, böhran dövründə bütün qüvvələrini səfərbər edərək respublikamızın vətəndaşlarının sağlamlığı üçün mübarizəni daha da gücləndirməkdən ibarətdir.

Aydındır ki, indi səhiyyə sahəsində də problemlərimiz vardır. Maddi-texniki bazanın bəzi sahələrdə zəifliyi, yaxud zəruri ləvazimatla, cihazlarla təmin edilə bilməməsi və digər obyektiv səbəblər səhiyyədə çalışanları heç də işdən soyutmamalı, ruhdan salmamalıdır. Əksinə, tarix sübut edir ki, səhiyyə işçiləri çətin vəziyyətlərdə, ağır şəraitdə daha da fədakar olur, əzmlə çalışır və fəaliyyət göstərirlər.

Əgər səhiyyənin tarixinə nəzər salsaq, bunu dünyada, o cümlədən də Azərbaycanda aydın görmək mümkündür. Ona görə də biz səhiyyənin inkişafı üçün bütün dövrlərdə öz imkanlarımızdan istifadə edərək zəruri şəraiti yaradacağıq. Çünki səhiyyə vətəndaşlarımızın, xalqımızın sağlamlığı və gələcəyidir. Ancaq çətinlikləri nəzərə alaraq səhiyyə işçiləri gərək daha fəal olsunlar və ağır vəziyyətdən çıxmaq üçün lazım olan bütün tədbirləri görsünlər. Mən bu gün belə bir müraciətlə üzümü səhiyyə işçilərinə tuturam və güman edirəm ki, onlar mənim bu müraciətimə səs verəcəklər.

Azərbaycanda səhiyyə işçilərinə daim hörmət və ehtiramla yanaşıblar, onlar dövlətin, ictimaiyyətin qayğısı altında olublar və bu, indən sonra da belə olacaqdır. Güman edirəm ki, səhiyyə işçiləri də öz şərəfli vəzifələrini həmişə vicdanla yerinə yetirəcəklər. Sizi Ümumdünya Sağlamlıq günü münasibətilə bir daha təbrik edirəm, Azərbaycan vətəndaşlarına möhkəm sağlamlıq, səhiyyə işçilərinə isə öz işlərində uğurlar diləyirəm.

5 Saylı Kliniki Doğum Evinə - uzun müddət bu tibb ocağina rəhbərlik etmiş Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın adının verilməsi təklifi ilə bağlı çıxışı

Əgər kollektiv belə bir təklif irəli sürürsə, mən də buna etiraz etmirəm. Mən Şamama Ələsgərovanı yaxşı tanıyıram. Bildiyimə görə, Şamama Ələsgərova 31 il bu doğum evinə rəhbərlik etmiş, hətta İkinci dünya müharibəsi dövründə bura hərbi qospital olan vaxtdan burada çalışmışdır. Şamama Ələsgərova bütün səhiyyə işçilərinə örnək və nümunə idi. Onun gecəsi-gündüzü elə burada keçirdi. Doğum evi binasının abadlaşması, müasir avadanlıqla təchiz edilməsi, həkimlərin biliklərinin təkmilləşdirilməsi, elmi işlər aparılması və başqa sahələrdə o, çoxlu işlər görübdür.

Bu doğum evi mənim üçün də çox əzizdir. Çünki hər iki övladım - qızım və oğlum burada anadan olublar. Bir şeyi deyə bilərəm ki, 1954-cü ildə qızım anadan olarkən mən bütün gecəni burada keçirdim. Lakin Şamama xanım mənə yuxarı qalxmağa icazə vermədi. Qızım olması münasibətilə məni təbrik etdi, amma mənə onu görməyə icazə vermədi. Üç gün ərzində uşağı görmək mümkün olmadı. Mən mərhum həyat yoldaşım Zərifə xanıma məktub yazırdım, Şamama xanım onu aparırdı və cavab gətirirdi.

Oğlum olanda isə Şamama xanım məni aldatdı. Mən axşam həyat yoldaşımı doğum evinə gətirəndə Şamama xanım dedi ki, uşaq hələ gec olacaqdır, sən burada qalma. Mən də ona inandım və evə getdim. Təxminən üç saatdan sonra zəng vurub məni təbrik edərək dedi ki, oğlun olubdur. Mən çox sevindim. Səhərisi günü yenə bura gəldim.

Amma Şamama xanım yenə də məni yuxarı buraxmadı. Mən bunları ona görə deyirəm ki, o, çox nizam-intizam sevən adam idi. Heç kəsə güzəşt etmirdi. Siz bilirsiniz ki, Şamama xanım mənim qohumumdur. O mənim həyat yoldaşım Zərifə xanımın bibisi idi. Buna baxmayaraq o, nə qohumluğu, nə tanışlığı, nə dostluğu, nə vəzifəni, nə də başqa bir şeyi nəzərə alan adam deyildi. Şamama xanım deyirdi: qanun hamı üçün qanundur, kimsəyə güzəşt olmayacaqdır. Nə vaxt həyat yoldaşınız buradan çıxacaqsa, onda gəlib uşağı görərsiniz.

Şamama xanım haqqında xatirələr çoxdur. O vaxtlar o, ən yüksək ada - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü, respublika Ali Sovetinin deputatı idi. O, çox fədakar insan idi. Onun şəxsi həyatı yox idi, bütün ömrü burada keçirdi. Çox gözəl insan, xeyirxah adam idi. Həyat yoldaşım bəzən mənə danışırdı ki, Şamama xanım üç gündür evə gəlmir, ağır xəstələri var. Mən Şamama xanıma sağlığında da böyük hörmətlə yanaşmışam, onun xatirəsi də mənim üçün həmişə əzizdir. Azərbaycanın səhiyyə tarixində Şamama xanımın görkəmli yeri vardır.

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər