Azərbaycan Prezidenti Heydər Əliyevin Davos İqtişadi Forumunda "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək Yolu və ya böyük oyun" mövzusunda keçirilmiş sessiyada çıxışı - 28 yanvar 2000-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

(Sessiyanın işində Azərbaycan prezidenti Heydər Əliyev, Qırğızıstan prezidenti Əsgər Akayev, Ermənistan prezidenti Robert Koçaryan, Qazaxıstanın Baş naziri QasımcomərdTokayev, Türkiyənin xarici işlər naziri İsmayıl Cəm, İranın xarici işlər naziri Kamal Xərrazi, həmçinin 500-dən artıq görkəmli xadim, siyasətçi, biznesmen, diplomat və başqaları iştirak etmişlər.)

Hörmətli xanımlar və cənablar!

Böyük İpək yolunun bərpası barədə məsələ bu forumda müzakirə obyektinə çevrildiyinə görə mən Davos İqtisadi Forumunun təşkilatçılarına təşəkkür edirəm. Bu, müəyyən dərəcədə qanunauyğundur və bugünkü gerçəkliyi əks etdirir.

Böyük İpək yolu bəşəriyyətin tarixində, xüsusən Avrasiya kontinentinin tarixində dərin iz buraxıb və vaxtilə Avropa ilə Asiya arasında yüklərin daşınmasında çox böyük rol oynamışdır.

Ötən yüzillikdə, 80-ci illərdən etibarən bu problem actual olmuşdur və çox diqqətəlayiq haldır ki, bir çox ölkələrdə dərhal təşəbbüs irəli sürülmüşdür. Ona görə də indi bir çox ölkələr Böyük İpək yolu diplomatiyasını öz təklifi hesab edirlər. Ancaq eyni zamanda biz YUNESKO-nun bu barədə 1980-ci ildəki qərarını və bəzi sonrakı qərarları xatırlamalıyıq. Lakin Böyük İpək yolunun real surətdə bərpası Sovetlər İttifaqının süqutundan və Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri dövlət müstəqilliyi əldə etdikdən sonra mümkün olmuşdur. Bunsuz Böyük İpək yolunun bərpası qeyri-mümkün, qeyri-real idi.

Avropa Birliyi TRASEKA proqramını irəli sürməklə bunun əsasını qoymuşdur. Amma 1993-cü ildən başlayaraq bu iş çox ləng gedirdi. Xəzər dənizinin enerji ehtiyatlarından geniş istifadə üçün imkanlar açılması və nəinki Xəzəryanı ölkələrin, həm də bir çox Avropa ölkələrinin, Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, digər dövlətlərin bu işə fəal cəlb olunması isə Transqafqaz magistralı yaradılmasını çox mümkün etmişdir.

Biz - Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan 1996-cı ildə Türkmənistanın Sərəxs şəhərində dördtərəfli saziş imzalayaraq, bu magistralı ilk dəfə açdıq. Həmin vaxtdan bəri Transqafqaz nəqliyyat magistralı ilə yüklər daha fəal surətdə daşınmağa başlanmışdır. Əgər 1996-cı ildə bu dəhlizlə 2 milyon ton yük nəql edilmişdisə, indi 5 milyon ton yük daşınır. Bu isə yalnız başlanğıcdır. böyük perspektiv var.

Bu baxımdan Böyük İpək yolunun bərpası və TRASEKA proqramının reallaşdırılması haqqında 1998-ci ilin sentyabrında Azərbaycanda, Bakıda Avropa komissiyası ilə birlikdə keçirilmiş beynəlxalq konfransın mühüm rolu olubdur. Bu konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirdilər. Biz həmin məsələyə dair xüsusi saziş qəbul etdik, onu 12 ölkə imzaladı və indi o, həyata keçirilir. Bu proqramın reallaşdırılması üzrə daimi katiblik Azərbaycanda, Bakıda yerləşir.

Lakin, təkrar edirəm, Xəzər dənizinin enerji ehtiyatlarından fəal istifadə olunması bütün bunlara böyük təkan verdi. Avropa Birliyinin müxtəlif boru kəmərləri yaradılması proqramı - İNOQEYT proqramı da bununla əlaqədar meydana gəlmişdir. Artıq indi Xəzər dənizində - onun Azərbaycan sektorunda, Qazaxıstan və digər sektorlarında böyük neft və qaz yataqları real surətdə işlənilir. Biz konkret praktiki nəticələr əldə etmişik.

Artıq Qara dənizə doğru Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri çəkilmiş, uzunluğu 2 min kilometrdən çox olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası haqqında proqram qəbul olunmuşdur. Bütün bunlar - neft və qazın nəqli, Avrasiya qitəsi yüklərinin daşınması, əlbəttə, Böyük İpək yolunun bərpasını tamamilə reallaşdırır. Biz həmin prosesin başlanğıc mərhələsindəyik və hesab edirəm ki, bu, Avrasiya qitəsi və bütün dünya birliyi üçün ən aktual problemdir. Diqqətinizə görə sağ olun.

Sessiya iştirakçılarının suallarına cavabı

Sual: Bilmək istərdim, Azərbaycandan və Ermənistandan keçməli olan sülh neft kəməri ideyası nə yerdə qaldı? Prezident Heydər Əliyev keçmişdə buna diqqət yetirirdi. Bu fikri yenidən dirçəltmək olarmı? Cənab prezidentlər, Sizə müraciət edirəm: Bu sülh neft kəməri İpək yolu proqramına daxildirmi?

Heydər Əliyev:  İlk öncə ad barədə - "Sülh boru kəməri" - mən bunu birinci dəfə eşidirəm. Sovetlər İttifaqında "Dostluq" boru kəməri olmuşdur, "Sülh neft kəməri" isə sizing uydurmanızdır.

Azərbaycanda biz Xəzərdəki neft yataqlarının işlənilməsinə başlamışıq, orada çox böyük neft və qaz ehtiyatları var. Yeri gəlmişkən, indi bəziləri Qərbdə də, Şərqdə də, Rusiyada da, Avropada da yazırlar ki, Xəzər dənizindəki neft və qaz ehtiyatları şişirdilmişdir. Bu, tamamilə yalandır. Azərbaycan neftçiləri, geoloqları, alimləri Xəzər dənizində 50 ildən artıqdır işləyirlər və biz real imkanları yetərincə öyrənmişik. Odur ki, biz bütün dünyaya nə təqdim etmişiksə, bunlar realdır. Bu, birincisi.

Biz "Əsrin müqaviləsi" adlanan və Azərbaycanın 1994-cü ilin sentyabrında Avropa və Birləşmiş Ştatlarının bir çox neft şirkətləri ilə imzaladığı birinci layihənin həyata keçirilməsinə başladıqda, qarşıya neft kəməri məsələsi çıxdı. Biz bu neft kəmərinin Ermənistan, Türkiyə vasitəsilə Ceyhan limanına çəkilməsinin əleyhinə deyildik. Biz bu neft kəmərinin İran ərazisindən çəkilməsinin də əleyhinə deyildik. Lakin bu təkliflərimiz reallaşmadı. Əvvəla, ona görə ki, Ermənistan Azərbaycanla hərbi münaqişə vəziyyətindədir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini, bu neft kəmərinin keçməli olduğu ərazini işğal etmişlər və danışıqlarda erməni tərəfinə təkliflər vermişdik ki, münaqişəyə beynəlxalq hüquq əsasında son qoymaq və bu neft kəmərini çəkmək yaxşı olardı. Lakin onların cavabı bu oldu ki, biz torpağı neft kəmərinə dəyişmirik, halbuki, məsələ belə qoyulmamışdı. "Sülh neft kəmərinin baş tutmaması" barədə sualınızla bağlı vəziyyət belədir.

Sonra apardığımız bütün iş nəticəsində Bakı-Tbilisi-Ceyhan layihəsi meydana gəldi. Biz noyabrda İstanbulda bu neft kəmərinin inşası haqqında saziş imzaladıq. İndi hazırlıq işi gedir və bu layihə həyata keçiriləcəkdir.

Sual: Neftin boru kəmərləri ilə nəqli barəda sual vermək istərdim. Bu gün neftin qiyməti çox yüksəkdir, halbuki 12 ay bundan əvvəl onun qiyməti çox aşağı idi. Siz qiymətlər haqqında nıəsələni şərh etmək istərdinizmi? Bu, neftin qiymətinin nəğd pula çevrilməsi və bu regionda istifadə edə biləcəyiniz ehtiyatlar baxımından Sizə nə kimi üstünlük verir?

Heydər Əliyev:  Neftin qiymətini biz tənzimləmirik. Biz sadəcə olaraq, qiymət konyunkturasına tabeyik. Bəli, bir müddət əvvəl neftin qiyməti aşağı düşmüşdü, indi isə qalxıbdır. Bizim məlumatımıza görə, bu meyl qalacaqdır: Ancaq bu, neft aləmində təzə məsələ deyildir. Əgər tarixə, məsələn, son 30 ilə nəzər salsaq, görərik ki, neftin qiymətinin aşağı düşdüyü dövrlər də, qalxdığı dövrlər də olmuşdur. Ona görə də neft kəməri tam rentabelliyə malikdir.

Sual: Bu o deməkdirmi ki, neftin qiyməti qalxarsa, onda Siz infrastruktur layihələrinizdən bəzilərini həyata keçirə biləcəksiniz?

Heydər Əliyev:  Neftin qiyməti hətta bugünkü qiymətlərdən yuxarı qalxmasa da, neft layihələrimiz həyata keçiriləcəkdir. Qiymətlər hətta aşağı düşsə də, onlar yenə də həyata keçiriləcəkdir, çünki bilirik ki, qiymətlər sonra yenidən qalxacaqdır.

Sual: Sual Azərbaycan və Ermənistan prezidentlərinədir. Siz iki ölkə arasında münaqişənin dincliklə nizama salınmasının perspektivlərini necə təsəvvür edirsiniz? Nəticə etibarilə Dağlıq Qarabağ barəsində saziş bağlanmasına imkan varmı? Daha bir sual, Ermənistan bu münaqişə nizama salındıqdan sonra Azərbaycan ərazisindən çıxmaq barədə düşünə bilərmi?

Heydər Əliyev:  Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsi Azərbaycan üçün və zənnimcə, eyni dərəcədə Ermənistan üçün həyati əhəmiyyətə malikdir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdə o, artıq münaqişə vəziyyətində idi. Sonralar genişlənərək müharibəyə çevrilən bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ vilayətinin ərazisi və Dağlıq Qarabağın hüdudlarından kənardakı böyük bir ərazisi işğal olunmuşdur ki, bu da üst-üstə Azsrbaycan ərazisinin 20 faizini təşkil edir. Bir milyon azərbaycanlı oradan, öz yerlərindən zorla çıxarılmışdır və azərbaycanlıların yaşadıqları işğal olunmuş rayonlar dağıdılmış və qarət edilmişdir.

Belə bir şəraitdə biz məsələnin dincliklə nizama salınmasına tərəfdarıq və 1994-cü ilin mayında Ermənistanla atəşkəs haqqında saziş bağlamışıq. Bu sazişə indiyədək həm Ermənistan tərəfindən, həm də Azərbaycan tərəfindən əməl edilir. Son vaxtlar, ötən il ərzində Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında birbaşa danışıqlar, görüşlər, dialoq keçirilir. Ümidvaram ki, bu, münaqişənin dincliklə nizama salınması istiqamətində məsələni müəyyən dərəcədə irəlilədir. Biz münaqişənin dincliklə həllini istəyirik. Biz Ertmənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsini istəyirik. Biz sakinlərimizin öz yerlərinə qayıtmasını istəyirik - indi onlar çadırlarda yaşayırlar. Biz Ermənistanla həmişəlik tam sülh olmasını istəyirik.

Sual: Demək istərdim ki, nəinki prezident Şevardnadze, cənab Putin də burada deyildir. Cənab Putin Davosa gəlməkdən imtina edib, halbuki onun bu forumda iştirakı çox yerinə düşərdi. Ona görə də sualım ən əvvəl Heydər Əliyevə və Türkiyənin xarici işlər nazirinədir: Sizin ölkələrinizi çeçen separatçılarını dəstəkləməkdə günahlandırırlar. Sizcə, Çeçenistandakı münaqişə nə qədər tezliklə nizama salına bilər? Yaxın vaxtlarda bu münaqişədən çıxış yolu necə ola bilər? Əgər cənab prezidentlərdən və baş nazirlərdən kimsə cavab vermək istəsə, mən bu cavabı eşitməyimə şad olardım.

Heydər Əliyev: Azərbaycanın guya Çeçenistana müxtəlif yardımlar göstərdiyi barədə son aylar kütləvi informasiya vəsitələrində Azərbaycana qarşı müntəzəm olaraq irəli sürülən ittihamların heç bir əsası yoxdur, onlar yalan və böhtandır. Mən axırıncı dəfə Moskvada olarkən və Rusiya prezidentinin səlahiyyətlərini icra edən cənab Putinlə danışarkən bu mövzuda çox açıq söhbətimiz oldu. Cənab Putin etiraf etdi ki, bu, Rusiya dövlətinin mövqeyi deyildir, informasiya vəsitələri isə azaddır və buna görə də istədiklərini yazırlar. Bununla yanaşı, o, mənə dedi ki, onlar Çeçenistan problemini tezliklə qurtaracaqlar. Sizin sualınızın cavabı belədir.

Sual: Azərbaycan və Ermənistan burada, Davosda hər hansı ikitərəfli danışıqlar aparacaqlarmı?

Heydər Əliyev: Bəli, biz burada ikitərəfli danışıqlar aparmağı nəzərdə tuturuq. Ermənistan prezidentinin və Azərbaycan prezidentinin görüş vaxtı artıq müəyyən edilmişdir.

Oçerklər

Ümumi tarixi arayış

Yüksək tribunalardan

Tarixi arayış

Yüksək tribunalardan