Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriya Respublikasının İqtisadiyyat Palatasında bu ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə söhbəti - Vyana, 5 iyul 2000-ci il


Rixard Şöntc (Palatanın vitse-prezidenti, "OM VAT" neft və qaz şirkətinin baş direktoru): Xoş gəlmisiniz, cənab Prezident! Sizi Avstriyada görmək və salamlamaq bizə həm xoşdur, həm də biz bu görüşdən böyük şərəf duyduq.

Cənab Prezident, görüşdə iştirak edən sənaye və maliyyə qurumları nümayəndələri Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə mülahizələrinizi dinləməyi arzu edirlər. Onlar Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələrin inkişafına öz töhfələrini verməyə hazırdırlar.

D-r Petşe: Mən müasir texnologiyalar sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "ABB" beynəlxalq konserninin Avstriya nümayəndəliyinin rəhbəriyəm. Mənim təmsil etdiyim qurum energetika avtomatika, neft və qaz sənayesi, elektrik avadanlığı istehsalı, maliyyə xidmətləri və bir sıra başqa sahələrdə Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir.

Rixard Şöntc: Cənab Prezident! Onu da deyim ki, Neft və qaz sənayesi avadanlığı, metallurgiya, energetika və bir sıra digər istiqamətlərdə fəaliyyət göstərən şirkətlərin, habelə maliyyə dairələrinin, başqa sahələrin nümayəndələri ölkəmizlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək niyyətindədirlər.

Heydər Əliyev: Mən bundan çox məmnunam. Mən sizin hamınıza səmimi sözlərinizə və istəklərinizə görə təşəkkür edirəm və bir daha bu görüşdən məmnun olduğumu bildirirəm.

Səfərin gedişi, Avstriya Respublikasının rəhbərliyi ilə görüşlər, apardığım danışıqlar və imzalanmış sənədlər ölkələrimizin dost münasibətlərini təsdiq edir. Əminəm ki, bu səfər Azərbaycan ilə Avstriya arasında hərtərəfli əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəkdir.

Biz son illər ağır problemlərlə üzləşsək də, hazırda ölkəmizdə yaradılmış sosial-siyasi sabitlik iqtisadi islahatlara, xarici investorların fəaliyyətinə geniş yol açıb. Dünyanın iri şirkətləri Azərbaycanda fəal işləyir. Respublikamızın iqtisadiyyatının bütün sahələri əməkdaşlıq üçün böyük maraq doğurur, xarici sərmayələrin təşviqi və qorunması üçün lazımi qanunlar qəbul edildi və sərmayə qoyuluşu üçün əlverişli şərait yaradılır, ümumiyyətlə, ölkəmizin iqtisadiyyatına xarici sərmayələr geniş cəlb olunur.

Çıxışımın sonunda Avstriya İqtisadiyyat Palatasının üzvlərini, ölkənin bütün işgüzar dairələrini Azərbaycanda fəal əməkdaşlığa dəvət edirəm.

Rixard Şöntc: Azərbaycan haqqında geniş təsəvvür yaradan maraqlı çıxışına görə dərin təşəkkürümü bildirir və bir daha deyirəm ki, Avstriyanın iş adamları Azərbaycanla hərtərəfli iqtisadi əməkdaşlığa hazırdırlar.

* * *

Avstriya İqtisadiyyat Palatasının fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:

Avstriyanın İqtisadiyyat Palatasında belə səmərəli görüşdən, aparılan danışıqlardan məmnunam. Avstriya dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkəsidir. Avstriya ilə Azərbaycan arasında iqtisadi əlaqələr mövcuddur. Ancaq onlar hər iki ölkənin imkanlarına uyğun deyil. Biz bu məsələləri ətraflı müzakirə etdik. Avstriyanın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərini Azərbaycana dəvət edirəm. Onların Azərbaycanda iş görməsi üçün bütün imkanlar var.

Mənə göstərilən diqqətə və faydalı danışıqlarımıza görə təşəkkür edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti