Azərbaycan Prezidenti Heydər Əliyevin Nyu-Yorkdan Vaşinqtona gedərkən təyyarədə "Filadelfiya inkuayrer" və "Cornel of Kommers" qəzetlərinin əməkdaşları ilə müsahibəsi - 29 iyul 1997-ci il


Sual: Cənab prezident, Siz iyulun əvvəlində Rusiyada rəsmi səfərdə olmusunuz. Həmin səfər zamanı Siz Rusiyanın Azərbaycana münasibətində, mövqeyində dəyişiklik hiss etdiniz?

Cavab: Bilirsiniz, bu dəyişikliyin hiss edilməsinə zaman lazımdır. Azərbaycan prezidenti kimi bu, mənim Rusiyaya ilk rəsmi səfərim idi. Biz dövlətlərimiz, hökumətlərimiz arasında bir neçə sənəd imzaladıq. Bunlar çox əhəmiyyətli sənədlərdir. Ancaq əməli işdən hiss etmək olar ki, ölkəmizə münasibət nə qədər dəyişib.

Rusiyada danışıqlarımız çox yaxşı keçdi. Ancaq həlli vacib olan bir sıra məsələlər də vardır. Birincisi, sizə məlumdur, bu ilin fevral-mart aylarında aşkar olubdur ki, Rusiyanın Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri Ermənistana son üç ildə gizli, qanunsuz olaraq külli miqdarda silah veriblər. Bu silahlar bir milyard dollar dəyərindədir. Biz məsələni kəskin qoymuşduq ki, bu, araşdırılmalıdır, verilən silahlar Ermənistandan Rusiyaya qaytarılmalıdır.

Bu ilin mart ayında mən Moskvada olarkən prezident Boris Yeltsinlə görüşümdə ona müraciət etdim. Ona rəsmi məktub göndərdim. O, bəyan etdi ki, prokurorluqda materiallar əsasında istintaq aparılır və bu istintaqın nəticəsi bizə bildiriləcəkdir. Ancaq həmin silahların verilməsi bizə məlumdur və çox təhlükəli olan həmin silahların hamısının bizdə siyahısı da vardır. Həmin silahların içərisində hətta çox uzaq məsafəli raketlər, nüvə başlıqlı raketlər də vardır. Ona görə də mən Moskvada rəsmi səfərdə olarkən bu məsələ danışıqlarımızda gərgin müzakirə mövzusu oldu. Yenə də deyirəm, biz məsələni kəskin qoymuşuq ki, bu məsələ tezliklə araşdırılmalıdır və Ermənistana verilmiş silahlar geriyə qaytarılmalıdır.

Yəni bu silahların verilməsi və onların hansı növdən olması məlumdur. Hətta Rusiyanın mətbuat orqanlarında da bu barədə böyük yazılar dərc olunubdur.

Sual: Sizcə, bu, Rusiyanın rəsmi siyasəti idimi?

Cavab: Araşdırmaq lazımdır. Hər halda bu miqdarda pulsuz, gizli silah verilməsində məqsəd nədən ibarətdir?

Sual: Moskvaya rəsmi səfəriniz zamanı Rusiyanın rəhbərləri ilə keçirdiyiniz görüşlərdə Sizdə belə bir təəssürat yarandımı ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsini həll etmək istəyir?

Cavab: Bilirsiniz, indi üç böyük dövlət - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa Minsk qrupunun həmsədrləridir. Prezidentlər Bill Klinton, Boris Yeltsin, Jak Şirak iyunun 20-də Denver şəhərində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar birgə bəyanat veriblər. Ona görə də mən arzu edirəm ki, bu üç böyük dövlət Ermənistan-Azərbaycan münaqişəsinin həllində müsbət irəliləyiş əldə etsinlər. Prezident Bill Klintonla da bu barədə ətraflı danışacağam.

Mən Moskvada səfərdə olarkən bu məsələni prezident Boris Yeltsinlə ətraflı müzakirə etdim. NATO-nun və Avropa-Atlantika Əməkdaşlığı Şurasının bu il iyulun 8-9-da Madriddə keçirilən Zirvə görüşündə mən Fransanın prezidenti Jak Şirakla da bu məsələni müzakirə etdim.

Sual: Mən başa düşə bilmirəm, Rusiya bu münaqişənin həll edilməsini niyə istəsin? Axı münaqişə həll edilsə, Rusiya Azərbaycanda, Gürcüstanda, Ermənistanda öz nəzarətini itirə bilər.

Cavab: Bunu siz bilərsiniz.

Sual: Cənab prezident, bir sıra konqresmenlər vardır ki, onlar ABŞ-ın Azərbaycana yardım etməsini və 907-ci düzəlişin aradan qaldırılmasını istəyirlər. Onlar öz fikirlərini belə əsaslandırırlar ki, Azərbaycan İranı təcrid etmək üçün Amerika Birləşmiş Ştatlarına yardım edə bilər. Azərbaycan isə bəyan edibdir ki, o, İranla yaxşı münasibətlər qurmağın tərəfdarıdır. Bu mövqedə dəyişiklik yoxdur ki?

Cavab: Mən bilirəm ki, bəzi konqresmenlər 907-ci maddənin ləğv olunması üçün həqiqətən çalışırlar. O cümlədən konqresmen Kinq bu maddənin ləğv olunması üçün bir neçə gün bundan əvvəl bir layihə hazırlayıbdır. Mən Konqresdə olacağam, danışıqlar aparacağam. Konqres üzvləri də bilməlidirlər ki, Azərbaycan Qafqaz bölgəsində Amerika Birləşmiş Ştatlarının çox sədaqətli dostudur. İndi Amerika Birləşmiş Ştatlarının Azərbaycanda çox böyük iqtisadi maraqları yaranıbdır. Bu maraqların böyük gələcəyi vardır. Yəni Azərbaycan Amerika Birləşmiş Ştatlarının uzunmüddətli partnyorudur. Amerika ilə bizim bu dostluq əlaqələrimiz, eyni zamanda geniş iqtisadi əməkdaşlığımız, ABŞ-ın neft şirkətlərinin çox hissəsinin Azərbaycanda müştərək işə başlaması qonşularımızı narahat edir, onlarda etiraz hissi doğurur.

Amerika Konqresi bütün bunları dərk etməlidir və qiymətləndirməlidir. Hesab edirəm ki, bunlar hamısı 907-ci maddənin ləğvi üçün yaxşı əsasdır.

Bilirsiniz, biz ziddiyyətli bir bölgədə yaşayırıq. Bizim prinsipial, müstəqil siyasətimiz hər bir ölkəni eyni səviyyədə qane edə bilməz. Biz elə ola bilmərik ki, hamının xoşuna gələk. Əlbəttə, kimsə bizdən razı, kimsə bizdən narazı olacaq. Ancaq bizim siyasətimiz konyuktur xarakter daşımır. Bizim siyasətimizin milli mənafe prinsipləri vardır. Biz siyasətimizi bu prinsiplər əsasında aparırıq.

Sual: Cənab prezident, Siz türkmən qazının Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Türkiyəyə çatdırılması üçün Türkmənistanla əməkdaşlıq edəcəksinizmi?

Cavab: Biz Türkmənistanla bu sahədə əməkdaşlıq etməyə hazırıq. Türkmənistan isə həmin qazı İran-Əfqanıstan-Pakistan ərazisindən Hind okeanına çıxarmaq istəyir. Amma mən Almatıda rəsmi səfərdə olarkən biz Qazaxıstanla çox əhəmiyyətli saziş imzalamışıq. Bu saziş Qazaxıstanın "Tengiz" yatağından hasil edilən neftin Xəzər dənizindən çəkiləcək boru kəməri vasitəsilə Azərbaycana gətirilməsi, buradan isə Türkiyəyə, Aralıq dənizinə keçirilməsi barədədir. Bilməlisiniz ki, biz artıq belə bir nəqliyyat xətti yaratmışıq. Biz "Şevron" şirkətinin "Tengiz" yatağından çıxardığı nefti tankerlərlə Qazaxıstandan Bakıya gətiririk, Bakıdan isə dəmir yolu ilə Qara dənizin Batumi limanına çatdırırıq. Artıq biz "Şevron"un 300 min ton neftini bu yolla xarici bazara çıxarmışıq. Ola bilər ki, gələn il biz Qazaxıstanın 3-4 milyon ton neftini bu yolla dünya bazarına çıxaracağıq.

Sual: Cənab prezident, ABƏŞ-in planlaşdırdığı və həyata keçirmək istədiyi boru kəmərləri layihələri realdırmı?

Cavab: Bəli.

Sual: Çeçenistan Azərbaycan neftinin şimal boru kəməri vasitəsilə dünya bazarına çıxmasına imkan verəcəkdirmi? Əgər digər boru kəməri Türkiyədən keçərsə, ermənilər onu dağıtmaq fikrində olmayacaqlar ki?

Cavab: Bilirsiniz, biz Çeçenistan ilə saziş imzalamışıq. Rusiya baş nazirinin birinci müavini, həmin ölkənin başqa nümayəndələri, Çeçenistanın nümayəndə heyəti bu il iyulun əvvəlində Bakıya gəldilər. Biz Bakıda Rusiya-Çeçenistan-Azərbaycan arasında həmin boru kəmərinin normal işləməsi barədə üçtərəfli sənəd imzaladıq. Mən belə hesab edirəm ki, belə bir saziş imzalanandan sonra bu boru kəməri işləyəcəkdir.

İkinci boru xətti Gürcüstan ərazisindən çəkilir. Hesab edirəm ki, orada bir problem olmayacaqdır. Böyük boru kəmərini isə biz Azərbaycandan Türkiyəyə keçirəcəyik. Ancaq bu, Ermənistan ərazisindən olmayacaqdır. Ona görə də Ermənistan bu boru kəmərinə heç bir zərər gətirə bilməz.

Sual: Ən asan yol o olardı ki, boru kəməri İran ərazisindən Naxçıvana, oradan isə Türkiyəyə keçsin. Doğrudurmu?

Cavab: Bu, çox yaxşı olardı. Amma bu, indi mümkün deyildir.

Sual: Cənab prezident, Sizcə, Türkmənistan qazını İran ərazisindən dünya bazarına çıxaracaq kəmərin çəkilməsinə Amerika mane olmayacaqmı?

Cavab: Boru kəmərinin İrandan keçməsinə Amerikanın mane olub-olmayacağı məlum deyildir.

Sual: Cənab prezident, Dağlıq Qarabağ münaqişəsində sülh əldə edilərsə, onda təhlükəsizliyə kim təminat verməlidir? Çəkiləcək boru kəmərlərinin təhlükəsizliyinə kim təminat verməlidir və bu boru kəmərlərini hansı qoşunlar qorumalıdır?

Cavab: Bunlar bir-birindən fərqli məsələlərdir. Dağlıq Qarabağda sülh əldə edilərkən ATƏT-in çoxmillətli sülhü mühafizə qüvvələri yaranacaqdır və onlar bu missiyanı həyata keçirəcəklər. Neft boru kəmərlərini mühafizə etmək isə hər bir ölkənin öz vəzifəsidir. Məsələn, bunu Azərbaycan öz ərazisində, Rusiya, Çeçenistan isə öz ərazisində təmin edəcəkdir. Eləcə də Gürcüstanda, Türkiyədə də belə olacaqdır. Ona görə də başqa bir ölkənin ordusunu, yaxud silahlı qüvvələrini bu məsələyə cəlb etməyə ehtiyac yoxdur.

Sual: Cənab prezident, Sizcə, Amerika Birləşmiş Ştatları öz qoşunları ilə ATƏT-in sülhü mühafizə qüvvələrində iştirak edəcəkmi?

Cavab: Onu Amerika Birləşmiş Ştatları bilər. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları 1994-cü ilin dekabrında Budapeştdə keçirilən Zirvə görüşündə belə bir qüvvənin yaranmasına səs veriblər və onu dəstəkləyiblər.

Sual: Cənab prezident, bu sülhü mühafizə qüvvələrinin tərkibinə Rusiya qoşunları qəbul ediləcəkmi?

Cavab: Ola bilər, ancaq başqa ölkələrin qoşunları ilə bərabər həcmdə.

Sual: Cənab prezident, Sizcə, Dağlıq Qarabağ problemi hansı formada həll edilməlidir? Bu məsələdə Azərbaycanın mövqeyi necədir və hansı şərtləri irəli sürürsünüz? Sizcə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün ərazi dəyişikliyi etmək, yəni Dağlıq Qarabağa dəhliz verməklə onun əvəzinə Ermənistandan Naxçıvana dəhliz açmağı tələb etmək mümkündürmü?

Cavab: Mən sizin bu ikinci fikrinizi dərhal dəstəkləyirəm. Mən buna hazıram. Biz Dağlıq Qarabağa Laçından dəhliz açmağa razıyıq, amma Ermənistan ərazisindən də Naxçıvana dəhliz verilsin. Belə bir dəyişiklik etməyə biz hazırıq.

Birinci sualınıza cavab verirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Lissabonda qəbul edilmiş prinsiplər əsasında olmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır və tanınmalıdır, bir milyondan çox azərbaycanlı qaçqın öz doğma yerlərinə-yurdlarına qayıtmalıdır. Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilə bilər.

Sual: Cənab prezident, Türkmənistan Xəzərin Azərbaycan sektorundakı bəzi yataqlar barədə son dövrlər bir sıra iddialar irəli sürür. Azərbaycanın "Kəpəz" yatağının birgə işlənməsi üçün Rusiya ilə imzalanmış müqavilə barədə də belə bir iddia vardır. Siz bu məsələnin həllini necə görürsünüz?

Cavab: Bizim dünyanın bir sıra ölkələrinin nüfuzlu neft şirkətləri ilə birgə işləməyə başladığımız yataqlar barədə Türkmənistanın iddiaları əsassızdır. Həmin yataqlar Xəzərin Azərbaycan sektorunda yerləşir. Türkmənistanın bu barədə iddiaları sadəcə fantaziyadır. Biz ilk müqaviləni 1994-cü ilin sentyabrında imzalamışıq. Üç il keçəndən sonra Türkmənistan iddia irəli sürür.

"Kəpəz" yatağı isə həqiqətən Türkmənistan ilə Azərbaycan sektorunun sərhədindədir. Biz bu yataqdan müştərək istifadə etməyə hazırıq.

Sual: Cənab prezident, Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərinizdə məqsəd nədir?

Cavab: Amerika Birləşmiş Ştatlarına rəsmi səfərimdə əsas məqsədim Amerika-Azərbaycan əlaqələrini inkişaf etdirməkdir.

Sağ olun.

"Azərbaycan" qəzeti, 31 iyul 1997-ci il