Türkiyənin xarici işlər naziri İsmayıl Cəm ilə görüşü - Nyu-York, Azərbaycan prezidentinin iqamətgahı, 31 yanvar 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Nyu-Yorkda, onun üçün ayrılmış iqamətgahda Türkiyənin xarici işlər naziri İsmayıl Cəmi qəbul etmişdir. Dövlətimizin başçısını mehribanlıqla salamlayan İsmayıl Cəm Prezident Heydər Əliyevin diqqət və qayğısı sayəsində ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etməsindən məmnun qaldığını söylədi, respublikamızın prezidenti ilə Nyu-Yorkda keçirdiyi bu görüşün çox böyük bir əhəmiyyət daşıdığını nəzərə çatdırdı. Dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə möhkəm təməl üzərində qurulmuş əlaqələrin hazırkı vəziyyətindən razı qaldığını bildirən Prezident Heydər Əliyev xalqlarımızın iradəsinə söykənən, strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan–Türkiyə əməkdaşlığının daha da möhkəmləndirilməsinin çox vacib olduğunu vurğuladı. Prezident Heydər Əliyev və xarici işlər naziri İsmayıl Cəm Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi, hasil edilən neftin və qazın dünya bazarlarına nəqli, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin perspektivləri barədə ətraflı müzakirələr apardılar.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların gedişi barədə müzakirələr aparıldı.

Cənab İsmayıl Cəm bildirdi ki, Türkiyə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün öz səylərini daha da artırmağa həmişə hazırdır. Görüşdə Nyu-Yorkda keçirilən Dünya İqtisadi Forumunun beynəlxalq terrorizmə, təcavüzkar separatizmə qarşı mübarizənin daha da gücləndirilməsində xüsusi əhəmiyyəti vurğulandı, Azərbaycanın və Türkiyənin bu mübarizədə Amerika Birləşmiş Ştatları ilə ilk gündən eyni koalisiyada olduğu nəzərə çatdırıldı.

Söhbət zamanı dünyada və regionda vəziyyət, ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi edildi.