Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə nitqi - İstanbul, 17 noyabr 1999-cu il


Hörmətli cənab sədr, zati-aliləri, xanımlar və cənablar!

Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əsası qoyulduğu İstanbul şəhərində Türkiyənin təşəbbüsü ilə bu zirvə görüşünün keçirilməsini yüksək qiymətləndiririk.

Türkiyədə baş vermiş dəhşətli dağıdıcı zəlzələ nəticəsində minlərlə adamın həlak olması bizi dərindən kədərləndirdi. Biz qardaş türk xalqının dərdini öz dərdimiz hesab edirik və "keçmiş olsun" deyirik.

Hörmətli həmkarlarım!

Təşkilatımızın fəaliyyətinin müəyyən nəticələrini qeyd etmək lazımdır. Yalta zirvə görüşünün bəyannaməsində göstərilən müddəaların həyata keçirilməsində bəzi irəliləyişlər əldə edilmişdir. Eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətini canlandırmaq üçün hələ istifadə edilməmiş xeyli imkanlar vardır. Ümidvaram ki, bugünkü görüşdə biz yeni minilliyin astanasında regionda yaranmış siyasi-iqtisadi şəraiti nəzərə alaraq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edə biləcəyik.

Zənnimcə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi həm Azərbaycan üçün, həm də digər iştirakçı dövlətlər üçün ən vacib vəzifədir. 1992-ci il İstanbul bəyannaməsində əksini tapmış məqsədlərə nail olmaq yolunda qarşıya çıxan problemlər və çətinliklər təşkilatımızın mövcud olduğu yeddi il ərzində özünü əyani şəkildə göstərmişdir. İştirakçı dövlətlərin mehriban qonşuluq münasibətləri əsasında regionda sülhü və təhlükəsizliyi təmin etmək məqsədi ilə biz hamımız qəti tədbirlər görməliyik. Bu isə öz növbəsində genişmiqyaslı iqtisadi əməkdaşlıq üçün böyük imkanlar açardı.

Bu baxımdan qeyd etmək istəyirəm ki, görüşümüzün ATƏT-in sammiti ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ümidvaram ki, ATƏT-in sabahkı zirvə görüşünün yekunları hərtərəfli regional əməkdaşlıq üçün yeni perspektivlər açacaqdır.

Çıxışımın sonunda bu görüşün təşkilinə görə və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda sülh, təhlükəsizlik və tərəqqi naminə əməkdaşlığın möhkəmləndirilməsi işinə Türkiyənin verdiyi töhfəyə görə Türkiyə Respublikasının prezidenti, zati-aliləri cənab Süleyman Dəmirələ və Türkiyə hökumətinə minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm.