Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Dövlət Başçılarının Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Moskva, 25 oktyabr 1996-cı il


Hörmətli cənab sədr!

Hörmətli dövlət və hökumət başçıları!

Xanımlar və cənablar!

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ənənəvi görüşümüzdə iştirak edən hörmətli dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin üzvlərini, beynəlxalq təşkilatların nümayəndələrini böyük məmnuniyyətlə salamlayıram.

Zirvə görüşümüzün sədri seçilməsi münasibətilə Rusiya Federasiyasının baş naziri hörmətli Viktor Stepanoviç Çernomırdini ürəkdən təbrik edirəm, diqqətə, mehribanlığa və qonaqpərvərliyə, Rusiyanın paytaxtı gözəl Moskva şəhərində işləməyimiz üçün əla şərait yaratdıqlarına görə Rusiya hökumətinə və bütün rusiyalılara minnətdarlığımı bildirirəm.

Rusiyanın prezidenti Boris Nikolayeviç Yeltsinin bizim Zirvə görüşümüzə göndərdiyi təbrik məktubunu böyük rəğbətlə dinlədim, ona öz dərin hörmət və ehtiramımı bildirirəm, tezliklə sağalmasını, Rusiyada demokratiya və tərəqqi naminə səmərəli işləməsini arzulayıram.

Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işində iştirak etməyimizə böyük əhəmiyyət veririk. Bu təşkilat yaşamağa qabil olduğunu, zəruri və perspektivli olduğunu getdikcə daha artıq dərəcədə nümayiş etdirir.

Razılıq hissi ilə demək olar ki, 1992-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçılarının birinci Zirvə görüşündən sonra keçən dövr ərzində xeyli iş görülmüş, xüsusən energetika, nəqliyyat, rabitə, ticarət sahəsində əməkdaşlığımız genişlənmiş və dərinləşmişdir.

Qara dəniz regionunda çox mühüm nəqliyyat arteriyaları sistemi vardır və hər hansı birgə layihənin müvəffəqiyyətlə həyata keçirilməsi kommunikasiyaları inkişaf etdirmək sahəsində əməkdaşlıqdan asılıdır. Bu baxımdan "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərini yaratmaq yolu ilə müasir tranzit Avrasiya nəqliyyat şəbəkəsinin formalaşdırılması fəaliyyətimizin perspektivli istiqamətlərindən biridir. Həmin dəhlizlər nəticə etibarilə Qara dəniz regionunun bütün ölkələrinin nəqliyyat infrastrukturunu birləşdirməli və milli infrastrukturların Transavropa nəqliyyat sisteminin müvafiq qovşaqlarına inteqrasiya edilməsi perspektivini açmalıdır.

Qara dəniz hövzəsini Qafqazla, Xəzər hövzəsi ilə bağlayan amillər çoxdur. Buna görə də, zənnimcə, başqa Xəzəryanı ölkələrin də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işinə cəlb edilməsi təşkilatımızın potensialını və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Azərbaycan Respublikası öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında nəqliyyat və telekommunikasiya əlaqəsini təşkil etmək imkanlarına malikdir və biz bu istiqamətdə bütün əlaqədar ölkələrlə sıx əməkdaşlıq etmək niyyətindəyik.

Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin elektroenergetika sistemlərini birləşdirmək layihəsinə böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, Sofiyadakı Qara Dəniz Energetika Mərkəzi Avropa İttifaqı, beynəlxalq banklar və maliyyə strukturları bu layihənin həyata keçirilməsinə qoşulmuşlar.

Mən Qara Dəniz Ticarət və İnkişaf Bankının yaradılması haqqında sazişin təşkilatımızın iştirakçıları olan dövlətlər tərəfindən ratifikasiya edilməsini alqışlayıram və ümidvaram ki, gələn ilin əvvəllərindən həmin bank işləməyə başlayacaq, iri regional layihələrin investisiyalaşdırılmasını təmin edəcəkdir.

Ötən illər ərzindəki fəaliyyətimizin uğurlarını lazımınca qiymətləndirməklə yanaşı, qeyd etmək istəyirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, zənnimcə, hələ də kifayət qədər çevik təşkilata çevrilməmişdir. Birgə layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əməkdaşlığın hüquqi bazasını daha dəqiq müəyyənləşdirmək, elə güclü təşkilat mexanizmi yaratmaq lazımdır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bütün strukturlarının işini əlaqələndirə bilsin.

Biz birgə səylərlə Qara Dəniz İqtisadi Əməkdaşlıq regionunda özəl sahibkarlıq üçün əlverişli şərait yaratmalıyıq və bundan ötrü təşkilatın işgüzar şurasının işini gücləndirməliyik.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının açıqlığı, Avropa İttifaqı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə, digər belə regional birliklər və təşkilatlarla səmərəli əməkdaşlığı onun ən mühüm vəzifəsi və müvəffəqiyyətinin rəhnidir. Bu cür əlaqələr həm iqtisadiyyat sahəsində birgə layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə, həm də təşkilatımızın beynəlxalq nüfuzunun artmasına kömək edərdi.

Hörmətli xanımlar və cənablar!

XXI əsrin, yeni minilliyin başlanğıcını bəşəriyyət böyük ümidlə gözləyir, sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olacağına ümid bəsləyir. Bizim borcumuz bu tarixi məqsədin həyata keçməsinə öz töhfəmizi verməkdən ibarətdir. Bu isə bizdən sülhün əleyhinə, müharibələrin, hərbi münaqişələrin qızışdırılmasına yönəldilən hər hansı niyyətin qarşısını qətiyyətlə almağı tələb edir.

Bir çox müharibələrin ağır nəticələrini öz üzərində hiss etmiş Qara dəniz hövzəsi regionunun buna xüsusi ehtiyacı vardır. Son vaxtlar genişlənmiş separatçılıq, davakar millətçilik, beynəlxalq terrorizm təzahürlərini biz əzm və qətiyyətlə dəf etməliyik. Biz beynəlxalq hüquqi prinsipləri, yəni hər bir ölkənin ərazi bütövlüyü, suverenliyi prinsiplərini qətiyyətlə müdafiə etməliyik.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının proqramlarının həyata keçirilməsi üçün Qafqazın necə böyük əhəmiyyətə malik olduğu məlumdur. Bununla yanaşı Qafqaz hərbi münaqişələrdən çox əzab-əziyyət çəkir, Qafqazın bütün ölkələri, bütün xalqları əzab-əziyyət çəkirlər. Ona görə də Qafqazda hərbi münaqişələrə son qoyulması Qara dəniz hövzəsində uğurlu iqtisadi əməkdaşlıq üçün ən mühüm şərtdir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu ələ keçirmək məqsədi ilə Ermənistan Respublikasının törətdiyi təcavüz ölkəmizə çox böyük ziyan vurmuşdur. Respublikamızın ərazisinin iyirmi faizi işğal edilmiş, bir milyondan çox soydaşımız öz yaşayış yerlərindən qovulmuş, qaçqına çevrilmişdir və çadır şəhərciklərində çox ağır şəraitdə yaşayır.

1994-cü ilin may ayında atəşkəs haqqında saziş əldə edilmişdir. Ona indiyədək əməl olunur. Lakin tam mənada sülh yoxdur. Biz Ermənistan – Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına ardıcıl surətdə çalışırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların öz yaşayış yerlərinə qaytarılması, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi münaqişənin həll edilməsi üçün əsas prinsiplərdir. Məncə, belə universal prinsip Qafqazda bütün hərbi münaqişələrə sülh yolu ilə son qoyulmasının əsasını təşkil edə bilərdi.

Zati-aliləri!

Şübhə etmirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında bizim birgə işimiz regionumuzda sülhün və sabitliyin möhkəmlənməsinə, xalqlarımızın rifahının və tərəqqisinin yüksəlişinə kömək edəcəkdir.

Buna görə də mən bir daha bəyan edirəm ki, Azərbaycan Respublikası həmin nəcib məqsədlərə nail olmaq naminə təşkilatımız çərçivəsində ən sıx əməkdaşlığa hazırdır.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 27 oktyabr 1996-cı il.