Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Enka" şirkətinin fəxri prezidenti Şarık Taranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 28 noyabr 2002-ci il


... Bunlar çox böyük işlərdir. Çox gözəl fikirlərin var, gördüyün işlər haqqında məlumat verdin. Mən əvvəl də bilirdim, indi də dedin ki, Rusiyada çox işlər görmüsən. Rusiyada hələ sovet dövləti vaxtından işləməyə başlamısan, Petrovski passajı sən bərpa etmisən. Mən onda Moskvada yaşayırdım. Onda Moskvada dedilər ki, türklər necə gözəl inşaatçıdırlar. Biz hamımız türkük, ona görə mən bunu açıq danışmalıyam. Keçmişdə belə hesab edirdilər ki, türk heç bir şey bacarmır, heç bir şey edə bilməz. Türkünkü, nə bilim, qoyun saxlamaqdır, filandır, filandır. Rusiyada türklər barədə belə fikirlər çox idi. Bəzən bir adam pis iş edəndə deyirdi ki, sən türksən, nəsən. Yəni pis adam kimi hesab edirdilər. Amma o vaxt sən gəldin Petrovski passajı bərpa etdin, ondan sonra Türkiyə Moskvada ad çıxarmağa başladı. İndi də Moskvada çox binalar tikmisən. Ona görə mən çox məmnunam. Çünki mən hər dəfə Moskvada olanda eşidirəm ki, bunu "Enka" şirkəti edib, bunu türk edibdir. Bu, bir türk kimi məni sevindirir.

Məktubunu mütləq oxuyacağam və fikrimi deyəcəyəm. Sən böyük iş adamısan. Azərbaycan sənin öz vətənindir, Türkiyə ilə Azərbaycana fərq yoxdur. Ona görə burada iş görməlisən, yatırım qoymalısan. Rusiyada, digər yerlərdə yatırım qoyursan, onlara fayda verirsən. Bu yatırımı buraya qoy, həm özün fayda götür, həm də Azərbaycan, qardaşların fayda götürsün. Azərbaycanda görüləcək işlər nə qədər böyük olsa da, başqa ölkələrdə gördüyün işlərin yanında kiçik bir şeydir. Məsələn, 400 meqavatlıq stansiya bizim üçün işdir, amma "Enka" üçün o qədər də böyük deyildir.