Xalq artisti Şəfiqə Məmmədovaya - Bakı şəhəri, 29 mart 2000-ci il


Hörmətli Şəfiqə xanım!

Sizi - Azərbaycan teatr və kinosunun görkəmli nümayəndəsini yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus yer tutan tanınmış sənətkarlardansınız. Siz hələ gənc yaşlarınızdan böyük uğurlar qazanaraq teatr sənətimizə yeni ab-hava, yeni ifa tərzi gətirmisiniz. Milli teatrımızın zəngin ənənələrini layiqincə davam etdirərək Azərbaycan səhnəsində dövrün tələblərinə uyğun müasir tipli qadın obrazları yaratmağa nail olmusunuz. Dünya və Azərbaycan dramaturgiyasının şah əsərlərində oynadığınız rollar teatr tariximizə əbədi daxil olmuşdur. Sizin ifa üslubunuza xas olan başlıca xüsusiyyət məhz qəhrəmanlarınızın zahiri effektlərdən qaçaraq tamaşaçıların diqqətini qabın obrazlarının daxili aləminə cəlb etməyə müvəffəq olmasıdır.

İstedad və bacarığınız iştirakçısı olduğunuz hər bir əsərin incəliklərini və estetik çalarlarının tam aydınlığı ilə açılmasına yönəlmişdir. Tamaşalarınızda cərəyan edən hadisələr pərəstişkarlarınızı daim ovsunlayaraq onları mənəvi iztirablar və daxili çarpışmalar keçirən faciəli surətlərin sehrli dünyasına aparır. Məhz buna görə yaradıcılığınızda Cavid dramaturgiyası xüsusi yer tutur və burada cərəyan edən xeyirlə şərin, işıqla zülmətin əbədi qarşıdurması sizin səhnə ifanızda müasir bir həyat konflikti kimi özünü büruzə verir.

Aktyor sənətinin incəliklərinə bələd olmağınız, gözəl nitq qabiliyyətiniz, yüksək insani keyfiyyətləriniz Azərbaycan kinosunda da oynadığınız rollara bənzərsiz xüsusiyyətlər vermişdir. Şəxsiyyətinizdən irəli gələn gözəllik, mərdlik, sədaqət və əməksevərlik bu rolların mahiyyətinə hopmuşdur. Həmin məziyyətlər sizin yaradıcılığınızı gənc aktyor nəsillərinə örnək olacaq məktəb səviyyəsinə qaldırmışdır və bu məktəb bacarığınızın, yüksək peşəkarlığınızın məhsulu olmaqla daim Azərbaycan mədəniyyətinin xidmətindədir. Sizin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Musiqi Akademiyasının professoru kimi göstərdiyiniz fəaliyyət də bu baxımdan təqdirə layiqdir.

Teatr və kinomuzun inkişafı naminə xidmətləriniz daim layiqincə qiymətləndirilmişdir. Lakin aldığınız mükafatların ən dəyərlisi xalqımızın bir sənət adamı kimi sizə bəslədiyi dərin hörmət və məhəbbət olmuşdur.

Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT