Hörmətli iclas iştirakçıları!
Xanımlar və cənablar!
Nazirlər Kabinetinin geniş iclasını açıq elan edirəm. Bildiyiniz kimi, oktyabrın 11-də Azərbaycanda president seçkilərindən sonra Azərbaycanın Konstitusiyasına əsasən Nazirlər Kabineti oktyabr ayının 19-da istefa vermişdir. Mən Nazirlər Kabinetinin istefasını qəbul etmişəm və Nazirlər Kabinetinə tapşırmışam ki, yeni kabinet formalaşana qədər onlar öz səlahiyyətlərini həyata keçirsinlər.
Mən ötən günlərdə Baş nazir təyin etmişəm. Artur Rasizadə Baş nazir təyin olunubdur. Bir neçə nazirlər təyin olunubdur və Konstitusiyaya əsaslanaraq bu proses davam edir. Ancaq bizim qarşımızda duran bəzi vəzifələr o qədər vacib, O qədər əhəmiyyətlidir ki, indi, məhz bu gün onların müzakirə olunması zəruridir. Ona görə də mən Nazirlər Kabinetinin bugünkü geniş iclasını çağırmışam. Bu geniş iclasın gündəliyi sizə məlumdur. O, mətbuatda dərc olunubdur, bunu bilirsiniz. 9 ay müddətində Azərbaycanda sosial-iqtisadi inkişaf və qarşıda duran vəzifələr, payız-qış mövsümündə social məsələlərin həyata keçirilməsi üçün zəruri tədbirlər və ölkəmizdə qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar 27 iyun ümumrespublika müşavirəsindən sonra qəbul olunmuş proqramın həyata keçirilməsinin gedişi. Gündəliyə bu məsələlər çıxarılıbdır və bu gün müzakirə olunmalıdır. Ancaq güman edirəm, siz bilirsiniz ki, bu məsələlər indi Azərbaycanın bütün məsələlərini əhatə edir. Yəni, əgər biz respublikada 9 ay müddətində social-iqtisadi inkişafın yekunlarını müzakirə ediriksə, biz eyni zamanda ölkəmizdə indiyə qədər iqtisadiyyatda gedən prosesləri təhlil etməliyik və qarşıda duran vəzifələr haqqında danışmalıyıq.
Yəni bu müzakirə keçmiş illərdə olan ənənəvi müzakirələrə bənzəməməlidir. Çünki son illər Azərbaycanın iqtisadiyyatında ciddi dəyişikliklər prosesi gedir. Biz iqtisadi islahatlar aparırıq.
İndi iqtisadi islahatlar bizim həyatımızın, sosial-iqtisadi həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir. Bu islahatların bir qismi artıq arxada qalıbdır və onların müsbət nəticələri vardır. Ancaq eyni zamanda bu islahatların bundan sonra daha da sürətlə aparılması birbaşa respublikada iqtisadiyyatın inkişafını, sosial problemlərin həll olunmasını təmin etməlidir. Ona görə də özəlləşdirmə proqramının həyata keçirilməsi, başqa iqtisadi islahatların həyata keçirilməsi, torpaq islahatı proqramının həyata keçirilməsi və başqa məsələlər, yəni islahatlarla əlaqədar olan məsələlər bu gün müzakirə olunmalıdır. Çünki biz bu gün təkcə görülən işlərə yekun vurmaq yox, qarşıda duran vəzifələr haqqında və o vəzifələrin həyata keçirilməsi yolları haqqında danışmalıyıq.
Şübhəsiz ki, payız-qış vaxtı respublikada həm ümumi həyatın, xüsusən respublikanın vətəndaşlarının sosial vəziyyətinin təmin olunması məsələsi daha da gərginləşir. Yanacaqla təminat məsələsi, vətəndaşların, əhalinin elektrik enerjisi, qaz və başqa yanacaq vasitələri ilə təmin olunması və buna bənzər başqa məsələlər həll edilməlidir. Qaçqınların və məcburi köçkünlərin vəziyyəti isə daim bizim diqqət mərkəzimizdə olmalıdır. Çünki bu təbəqə Azərbaycan əhalisinin ən ağır vəziyyətdə yaşayan hissəsidir. Nə qədər çox iş görmüş olsaq da, biz görülən işlərlə heç də razı ola bilmərik. Baxmayaraq ki, iyun ayında biz bu məsələni müzakirə etmişdik və buna həsr olunmuş geniş müşavirə keçirmişdik, ancaq yerlərdə vəziyyətlə tanışlıq göstərir ki, indiyə qədər görülən tədbirlər yetərli deyildir. Xüsusən, mən seçkiqabağı dövrdə yerlərdə olarkən, məcburi köçkünlərin yaşadıqları çadır düşərgələri ilə yaxından tanış olarkən bir daha hiss etdim ki, indiyə qədər görülən işlər onların həyat tərzini yüngülləşdirmək, yaxşılaşdırmaq üçün hələ şərait yaratmayıbdır və bu işlər qənaətbəxş hesab edilə bilməz. Doğrusu, mən o gördüklərimdən çox narahat oldum və bunu öz çıxışlarımda da demişəm. Ona görə də məhz bu məsələnin bir daha müzakirə olunması və bu barədə əlavə tədbirlərin görülməsi zəruridir.
Bax, bütün bu səbəblərə görə də mən Nazirlər Kabinetinin geniş iclasının çağırılması barədə qərar qəbul etmişəm və iclasa bu gündəliyi təqdim edirəm. Ümid edirəm ki, bizim iclasımız işgüzar şəraitdə keçəcəkdir və bu məsələlərin, izah etdiyim məsələlərin hamısını müzakirə edib lazımi tədbirlər görə biləcəyik.
Yekun nitqi
Hörmətli iclas iştirakçıları!
Xanımlar və cənablar!
Nazirlər Kabinetinin geniş iclasına çıxarılmış məsələlərin müzakirəsi bir daha onların çox aktual olduğunu sübut etdi və onların məhz indi müzakirə edilməsinin zəruri olduğunu göstərdi. Hesab edirəm ki, məsələlər ətraflı müzakirə olundu və çıxışlarda həm doqquz ay müddətində sosial-iqtisadi inkişafın yekunları, həm qaçqınların və məcburi köçkünlərin problemləri ilə əlaqədar 27 iyun müşavirəsindən irəli gələn və sentyabr ayında imzalanmış proqramın həyata keçirilməsi ilə əlaqədar işin gedişatı aydın oldu, eyni zamanda payız-qış mövsümündə respublikanın bütün həyat fəaliyyətini təmin etmək məsələləri müzakirə olundu. Bu müzakirələr bugünkü vəziyyəti həm bizim üçün, müşavirədə iştirak edənlər üçün, həm də Azərbaycanın ictimaiyyəti üçün, - çünki bizim bu iclas əvvəldən axıra qədər Azərbaycan televiziyası ilə canlı yayımla yayılır, - daha da tam aydın, aşkar etdi.
Biz hamımız bu gün ona görə məmnunluq duyuruq ki, doqquz ay ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı yaxşı nəticələr veribdir. Azərbaycan artıq iqtisadi, sosial, siyasi böhrandan çıxıbdır, inkişaf yolu ilə gedir. Bu, 1997-ci ildə də özünü göstərmişdir. 1998-ci ilin doqquz ayı bu inkişafın daha da yüksəlməsini nümayiş etdirir. Məruzələrdə, çıxışlarda doqquz ay ərzində sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərin, iqtisadi göstəricilərin rəqəmləri gətirildi. Bu rəqəmlər çox qiymətlidir, yəni bu nailiyyətlər qiymətlidir. Çünki məlumdur ki, 1990-cı ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı tənəzzül dövrü yaşayıbdır. İlbəil iqtisadiyyat aşağı düşübdür və 1993, 1994, 1995-ci illərdə Azərbaycanda sənaye istehsalı, kənd təsərrüfatı istehsalı, ümumi daxili məhsul, başqa iqtisadi göstəricilər artmaq əvəzinə təxminən 20-25 faiz aşağı düşürdü. Biz 1996-cı ildə vəziyyəti sabitləşdirə bildik, 1997-ci ildə artım əldə etdik və 1998-ci ildə bu artım daha da inkişaf edibdir. Bunu qiymətləndirmək lazımdır, çünki keçən illərdə ölkəmizdə sosial-iqtisadi vəziyyət o qədər ağır idi, o qədər çətin idi, hətta bəzən mən özüm də təsəvvür edə bilmirdim ki, bu vəziyyətdən biz tam çıxa biləcəyik, yoxsa yox və nə vaxt çixa biləcəyik.
Bu nailiyyətlər özü-özlüyündə baş verməyibdir, 1994,1995-ci illərdən başlayaraq bizim apardığımız iqtisadi siyasətin, ümumiyyətlə, daxili siyasətimizin nəticəsidir və bununla bərabər ardıcıl surətdə apardığımız xarici siyasətin nəticəsidir. Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı ilə, dünyada gedən proseslərlə bağlıdır. Bunu nəzərə alaraq mən xüsusi qeyd edirəm ki, bizim böhran vəziyyətindən çıxmağımız və artıq inkişaf yolu ilə getməyimiz müstəqil Azərbaycanın həyatında yeni bir mərhələdir və bu gün tam qətiyyətlə demək olar ki, biz 1998-ci ili də bu nailiyyətlərlə başa çatdıra biləcəyik və 1999-cu ildə daha da sürətlə inkişaf etməyin əsasını qoyacağıq.
Ümumi daxili məhsul doqquz ay müddətində - 8,5 faiz artıbdır. Əgər nəzərə alsaq ki, keçən il artım 5,8 faiz olmuşdur, demək, o artımdan sonra ümumi daxili məhsulun 8,5 faiz artması çox yüksək göstəricidir. Sənaye istehsalı 1,1 faiz artmışdır. Bəlkə də bu az görünür, ancaq bizim sənayenin indiki vəziyyətini nəzərə alsaq və keçmiş illərdə sənayemizdə mövcud olan vəziyyəti və tənəzzülü nəzərə alsaq, doqquz ay müddətində 1,1 faiz artımı təmin etmək, hesab edirəm ki, çox dəyərli işdir. Kənd təsərrüfatı istehsalı da təxminən 1,1 faiz artıbdır. Ən sevindirici odur ki, Azərbaycanda maliyyə sabitliyi təmin olunubdur. Mən yenə də 1994-cü ili xatırlayıram, 1993-cü ili xatırlayıram - inflyasiya o dərəcədə idi ki, o, böyük bir təhlükə doğururdu. Ancaq indi iki ildir - 1997-ci ildə də, 1998-ci ildə də inflyasiya sıfır dərəcəsindədir, inflyasiya 0,2 faizdir. Bu, tamamilə normal bir haldır. Əgər nəzərə alsaq ki, ətrafımızda olan ölkələrdə vəziyyət başqadır, yəni fərqlidir və fərq də ondan ibarətdir ki, infiyasiya yüksəkdir və xüsusilə nəzərə alsaq ki, dünyanın bir çox ölkələrində baş vermiş social-iqtisadi böhran və maliyyə böhranı o cümlədən Rusiyaya da böyük zərbə vurdu, Rusiyada bu böhran böyük çətinliklərə gətirib çıxardı və burada deyildiyi kimi, Rusiyanın milli valyutası 3 dəfədən artıq ucuzlaşdı, o cümlədən Ukrayna və başqa ölkələrdə də, - belə bir halda Azərbaycanda milli valyutanın dəyərinin sabit saxlanılması böyük nailiyyətdir.
Təbiidir ki, bu, öz-özünə alınmayıbdır. Ümumiyyətlə, maliyyə sahəsi çox həssas sahədir. Bir halda ki, biz bütün ölkələrin milli valyutaları ilə maliyyə mübadiləsi aparırıq, ona görə bu həssaslığı həmişə bilirik. Belə olan halda ətrafımızda olan ölkələrdə baş vermiş maliyyə böhranının Azərbaycanda qarşısının alınması da böyük nailiyyətdir.
Sevindiricisi budur ki, Azərbaycanda artıq bazar iqtisadiyyatı qurulur, yaradılır. Burada məlumatlar verildi ki, nə qədər müəssisələr özəlləşdirilibdir. Torpaq islahatı müvəffəqiyyətlə həyata keçirilir və demək olar ki, torpağın əksəriyyəti şəxsi mülkiyyətə verilibdir. Heyvandarlıq sahəsi tamamilə özəlləşdirilibdir və çox yüksək nəticələr əldə olunubdur. Mən bu gün sizə deyə bilərəm ki, Azərbaycanda tarixən heç vaxt indiki qədər mal-qara - iribuynuzlu mal, yaxud da xırdabuynuzlu mal olmayıbdır.
70-ci illərdə mən Azərbaycanda işləyərkən kənd təsərrüfatı ilə çox ciddi və ardıcıl məşğul olurdum və bunu öz xüsusi nəzarətimdə saxlayırdım. O vaxt bizim gördüyümüz işlər yaxşı nəticələr vermişdi. Azərbaycanda kənd təsərrüfatı istehsalı 70-ci illərdə təxminən ildə 7-8 faiz artırdı, o cümlədən heyvandarlıq məhsulları da artırdı. Ancaq biz çox çalışırdıq ki, bundan da artıq olsun. Bunun üçün həm mal-qaranın sayı artıq olmalı idi, həm də məhsuldarlıq artıq olmalı idi. Amma istədiyimizə nail ola bilmirdik. İndi isə qısa bir zamanda heyvandarlıq sahəsinin özəlləşdirilməsi, şəxsi nıülkiyyətə verilməsi həm iribuynuzlu mal-qaranın, həm də xırdabuynuzlu mal-qaranın xeyli artmasına gətirib çıxarıb. Deyilən rəqəmlər mənim hafizəmdədir, təxminən 1 milyon 850 min, elədirmi?
Abbas Abbasov: 1 milyon 878 min.
Heydər Əliyev: 1 milyon 878 min iribuynuzlu mal-qaradır. Heç vaxt Azərbaycanda bu qədər iribuynuzlu mal-qara olmayıbdır. Xırdabuynuzlu mal-qara isə 5 milyon...
Abbas Abbasov: 5 milyon 345 min.
Heydər Əliyev: 5 mılyon 345 min. Heç vaxt bu olmayıbdır. Azərbaycanda ən yuxarı rəqəm 4 milyon, 4 milyondan bir balaca artıq xırdabuynuzlu mal olubdur. Heç vaxt bu qədər olmayıbdır.
Bu, onun sadəcə sayıdır, amma məhsuldarlığı, şübhəsiz ki, bundan da qat-qat artıqdır. Çünki məlumdur ki, kolxozlarda, sovxozlarda, dövlət sektorunda, ümumi sektorda saxlanılan mal-qaranın məhsuldarlığı da az olurdu. Çünki bir tərəfdən ona yaxşı baxmırdılar, bir tərəfdən də oradan-buradan o qədər oğurlayırdılar ki, o vaxtlar həqiqi məhsuldarlıq da aşağı düşürdü. Amma indi hərə öz malını, heyvanını saxlayır. Kim onu oğurlayacaqdır?
Nə ferma müdiri var orada ki, oğurlasın, nə hesabdar var, nə kolxoz sədri var, nə də raykom katibi var. İndi ola bilər ki, bəlkə icra hakimiyyəti başçısı, nə bilim, prokuror, polis, filan. Ancaq bu da yenə dövlətin deyil, özəl sektorundur. Bax, budur özəlləşdirmənin nəticəsi. Mənim xatirimdədir, «Torpaq islahatı haqqında» qanun nə qədər çətinliklə qəbul olundu. Bəziləri təsəvvür edə bilmirdilər - nə cür ola bilər ki, biz bunu edək. Yəqin ki, burada oturanların çoxu xatırlayırlar ki, hələ «Torpaq islahatı haqqında» qanun qəbul olunmamışdan mən göstəriş verdim ki. mal-qaranı özəlləşdirsinlər. Çünki bunu mən Naxçıvanda artıq 1992-ci ildə etmişdim və onun nəticələrini Naxçıvan əhalisi görür - bu gün Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov bu barədə rəqəmlər göstərdi. Çoxları anlamırdılar ki, bu, yaxşı nəticə verə bilər. Ancaq bu nəticələr var və bu, təkcə kənd təsərrüfatında deyil, bütün başqa sahələrdə də var.
Məsələn, deyirik ki, indi bizim ümumi daxili məhsulumuz 8,5 faiz artıbdır. Ümumi daxili məhsul istehsalında özəl sektorun payı 51 faiz təşkil edir, dövlət sektoru 49 faiz təşkil edir. Demək, özəl sektor inkişaf edibdir. Bəlkə də özəl sektorun artımını götürsək o, 8,5 faizdən də çox artıbdır. Ola bilər ki, dövlət sektoru, hələ sənayedə olan dövlət sektoru bunu bir az aşağı salır, amma buna baxmayaraq yenə 51 faizdir. Məsələn, ümumi daxili məhsulun artımında özəl sektorun payı 51 faizdir. Yaxud da ki, sənaye məhsulunun 25 faizi özəl sektora məxsusdur. Kənd təsərrüfatında isə istehsal olunan məhsulun 90 faizi özəl sektorun hesabınadır. Tikintidə 69 faiz, ticarətdə isə 98 faiz özəl sektorun hesabınadır.
Bunlar çox sevindirici göstəricilərdir və onu göstərir ki, biz iqtisadi siyasətdə düz yoldayıq, bazar iqtisadiyyatını biz yaratmışıq, bazar iqtisadiyyatı formalaşır, bazar iqtisadiyyatı inkişaf edir. Ona görə də bizim vəzifəmiz ilin sonuna qədər işləri daha da yaxşı qurmaqdan və doqquz ayda əldə etdiyimiz nəticələri daha da artırmaqdan, ili daha da yüksək göstəricilərlə başa çatdırmaqdan ibarətdir.
Sevindirici bir də odur ki, bu doqquz ay müddətində bizim sənayenin bəzi başqa sahələrində də canlanma başlayıbdır. Neft sənayesi məlumdur. Amma, məsələn, mən dünən rəqəmlərə baxdım, son aylarda maşınqayırmada inkişaf var, kimya sənayesində inkişaf var. Bunlar onu göstərir ki, imkanlar var. Ayrı-ayrı müəssisələrin, hətta indi özəlləşdirilməmiş müəssisələrin son aylarda iş nəticələri onu göstərir ki, işi yaxşı təşkil edən yaxşı da nəticələr əldə edir. Bir də deyirəm, ümid edirəm ki ilin sonuna qədər bu nəticələr daha da artacaqdır. Bir halda ki, biz bazar iqtisadiyyatı yolu ilə gedirik, demək, bizim büdcənin formalaşması bundan asılıdır, özəl sektorun inkişafından asılıdır və özəl sektordan gələn gəlirlərdən asılıdır. Təsadüfi deyil ki, mən dünən bu iclasa aid materiallarla tanış olarkən bir neçə əlavə arayışlar tələb etdim, o cümlədən vergi ilə əlaqədar arayışlar. Artıq o rəqəmləri mən dedim, təkrar etmək istəmirəm. İndi bizim vəzifəmiz 1999-cu ilin büdcəsinin hazırlığını başa çatdırıb Milli Məclisə təqdim etmək, müzakirə etmək və qəbul etməkdir. Bunu biz bu ayda etməliyik, bu ayın içində etməliyik. Elədir, maliyyə naziri, yoxsa yox?
Fikrət Yusifov: Tamamilə düzdür.
Heydər Əliyev:Bu ayın içində etməliyik. Ona görə də biz gərək həm bu ili başa çatdırmaq üçün, həm də gələn ilin büdcəsini yaxşı tərtib etmək üçün vergi sahəsində işlərimizi qaydaya salaq. Mən hesab edirəm ki, bizim Baş Dövlət Vergi Müfəttişliyinin işi, əldə etdiyim rəqəmlərə görə, bugünkü tələblərə cavab vermir, bəlkə də qeyri-qənaətbəxşdir. Mən bunu artıq dünən Baş nazirə demişəm, göstəriş vermişəm və bu gün bir daha təkrar edirəm ki, 10 gün müddətində bizim Baş Dövlət Vergi Müfəttişliyindəki vəziyyət təhlil olunmalıdır. Çünki əgər Baş Dövlət Vergi Müfəttişliyi doqquz ayda vergi planını 71 faiz yerinə yetiribsə, bunu da neft satışından gəlirin azalması ilə izah edirsə və özəl sektordan gələn vergilər, burada bu gün aydın olduğu kimi, yığılmırsa, onda biz büdcəni nə cür tərtib edəcəyik? Bu göstərici ilə biz 1999-cu ilin büdcəsini tərtib edə bilmərik.
Beləliklə, bazar iqtisadiyyatı yolu ilə gedən ölkə üçün birinci növbəli məsələ vergilərin yığılmasıdır. Doğrusu, mən Rusiyada son bir il müddətində vergilərin yığılmaması ilə əlaqədar gedən prosesləri, hətta bir il deyil, iki ildə gedən prosesləri görərkən, hər dəfə fikirləşirdim ki, bizdə bu sahədə işlər yaxşıdır. Hətta Rusiyadan gələn bəzi nümayəndələri də qınayırdım, deyirdim ki, siz niyə orada vergiləri yığa bilmirsiniz? Biz vergilərin hamısını yığırıq. Bilirsiniz ki, Rusiyada son altı ayda 3 dəfə vergi müfəttişliyinin rəhbəri dəyişdirilibdir. Birini təyin edirlər, iki aydan sonra çıxarırlar, o birisini təyin edirlər, iki aydan sonra çıxarırlar. Bunlar bizim gözümüzün qabağındadır, televiziya ilə verilir.
Mən bunu niyə xatırlayıram? Çünki hesab edirdim ki, bizdə vəziyyət belə deyil. Amma mən indi görürəm ki, bizdə də vəziyyət buna bənzərdir. Dediklərimi bir də təkrar edirəm. Dövlət müəssisələrindən vergi yığmaq böyük bir məharət tələb etmir. Çünki dövlət müəssisələrinin işləri göz qabağındadır, onların əldə etdiyi məhsul və gəlirləri göz qabağındadır və onlar vergiləri verməlidirlər və verirlər də. İndi burada Vəkilov dedi ki, guya bəziləri verməyibdir, onunla Nazirlər Kabineti məşğul olmalıdır. Ancaq özəl sektor bizdə bu qədər inkişaf etdiyi halda və bizim daxili məhsulun 51 faizi özəl sektorun payına düşdüyü halda, doqquz ayda yığılan vergilərin cəmi 7 faizinin özəl sektordan yığılması heç bir çərçivəyə sığa bilməz. Bu məni çox narahat edir.
Burada Müslüm İmanov çıxış edərkən dedi ki, Bakıda 16 min özəl müəssisə elektrik enerjisindən istifadə etmək üçün onlarla birbaşa əlaqəyə girib və elektrik enerjisinin haqqını verir. Bu 16 min özəl müəssisə əgər elektrik enerjisini işlədirsə və ona haqq verirsə, bunlar iş görürlərsə, gəlir götürürlərsə, bəs bu gəlirdən niyə vergi vermirlər? Ona görə də mən bir də deyirəm, bu məni çox narahat edir və 10 gün müddətində Nazirlər Kabineti bu işlə məşğul olmalıdır, lazımi tədbir görməlidir.
Bizim ikinci vergi mənbəyimiz Dövlət Gömrük Komitəsidir. Doğrudur, Dövlət Gömrük Komitəsi doqquz aylıq planı 103 faiz yerinə yetiribdir və keçən ilə nisbətən artım da xeyli çoxdur. Nə qədər artımdır? Yadındadırmı sənin?
Artur Rasizadə: 20 faiz olar.
Kəmaləddin Heydərov: 31 faiz.
Heydər Əliyev: 31 faiz artımdır. Bu, nəyi göstərir? Onu göstərir ki, bizim Dövlət Gömrük Komitəsində də hələ istifadə olunmamış ehtiyatlar var. Çünki mənim xatirimdədir, keçən il də, 1997-ci ildə də 1996-cı ilə nisbətən Dövlət Gömrük Komitəsində artım çox yüksək idi. Əgər o artımın üzərinə doqquz ayda 31 faiz artım varsa, bu, bir tərəfdən onların yaxşı işləməsini göstərir, amma ikinci tərəfdən də daha çox ehtiyatların olmasını göstərir. Mən güman edirəm ki, ilin axırına qədər qalan aylarda Dövlət Gömrük Komitəsi bu göstəriciləri daha da artıracaqdır və mənə belə gəlir ki, gələn il üçün büdcədə onlara daha gərgin plan vermək lazımdır və vergiləri orada artırmaq lazımdır.
Burada Vəkilov dedi və məndə də bu məlumat var ki, Vergi Məcəlləsi hazırlanıbdır. Səhv etmirəmsə, bu Vergi Məcəlləsi Nazirlər Kabinetindədir. Sizdədir?
Artur Rasizadə: Bəli.
Heydər Əliyev: Nazirlər Kabinetindədir. Qısa bir müddətdə, - indi mən buna vaxt qoymuram, bilmirəm sizin imkanınız nə qədərdir, amma bunu gecikdirmək olmaz, - qısa bir müddətdə Vergi Məcəlləsinə Nazirlər Kabinetində baxılmalıdır, mənə təqdim edilməlidir, biz bu Vergi Məcəlləsini Milli Məclisə təqdim etməliyik və onun qəbul olunmasına nail olmalıyıq. Bu, çox vacibdir. Çünki çox deyirlər ki, vergilər çoxdur - oradan da vergi, buradan da vergi. Amma ikinci tərəfdən də görürsünüz, vergi planı yerinə yetirilmir. Demək, burada vergilərin özünün təyin olunmasında köhnədən qalmış uyğunsuzluqlar var. Ona görə də vergi məcəlləsi qəbul olunmalıdır. Ümumiyyətlə, vergi işi ilə bizim iqtisadiyyatımızın və bütün iqtisadi-maliyyə sistemimizin ən əsas bir sahəsi kimi ciddi məşğul olmaq lazımdır. Nazirlər Kabineti bu sahəyə çox böyük diqqət yetirməlidir və bu işlə ciddi məşğul olmalıdır.
İqtisadi islahatlar bundan sonra sürətlə həyata keçirilməlidir. Burada əsas yer tutan özəlləşdirmədir. İndiyə qədər aparılan özəlləşdirmənin nəticələri haqqında burada məlumat verildi. Ancaq mən hesab edirəm ki, biz özəlləşdirmədə gecikirik. Biz keçmişdə də gecikmişdik, amma indi də gecikirik. Ona görə də 10 gün müddətində Dövlət Əmlak Komitəsi, Nazirlər Kabineti özəlləşdirmənin qarşıda duran vəzifələri haqqında, yaxud, tutaq ki, yeni proqram haqqında, yaxud 1999-cu ildən başlayaraq gələn illərdə özəlləşdirmənin həyata keçirilməsi tədbirləri haqqında təklifləri hazırlayıb mənə təqdim etməlidirlər. Biz bu məsələlərə təxirə salınmadan baxmalıyıq, özəlləşdirməni sürətləndirməliyik. Bizim Milli Məclis tərəfindən qəbul olunmuş proqramımız 1998-ci ildə bitir. Doğrudur, biz o proqramı hələ tamamilə yerinə yetirə bilməmişik. Amma onun müddəti 1998-ci ilə qədərdir. Ona görə də indi adı nə olacaq, onu mən deyə bilmərəm - yeni bir proqram olacaq, ya onun davamı olacaq, ya özəlləşdirmənin sürətləndirilməsi ilə əlaqədar tədbirlər planı olacaq, nə olacaq, - onun adını sonra verərik. Əsas məsələ təkliflərdən ibarətdir. Təkliflərə baxmalıyıq və lazım olan məsələləri Milli Məclisə təqdim etməliyik. Hansı məsələləri ki, özümüz həll edə bilərik, özümüz həll etməliyik. Özəlləşdirmə sürətləndirilməlidir.
Burada məruzədə də və çıxışlarda da göstərildi ki, özəlləşdirilmiş müəssisələrin bəziləri istənilən nəticələri vermir. Bu həqiqətdir. Deyildi ki, demək olar, son iki il ərzində, bəlkə də iki ildən az - bir il, bir il yarım ərzində biz iyirmiyə qədər nazirlik, dövlət komitəsi, konsern, şirkət ləğv etmişik və onların müəssisələrini özəlləşdirmək üçün Dövlət Əmlak Komitəsinə vermişik. Burada bildirildi ki, onların bir hissəsi özəlləşdirilib, bir hissəsi isə özəlləşdirilməyibdir. Özəlləşdirilməyənlər gərək tezliklə özəlləşdirilsinlər. Əgər onların özəlləşdirilməsi müəyyən çətinlik törədirsə və burada deyəsən İrşad Əliyev dedi ki, bəzi, məsələn, konserv zavodlarının özəlləşdirilməsi, yaxud başqa belə müəssisələrin özəlləşdirilməsi onların qiymətinə görə çətinlik törədirsə, demək, bunları da həmin təkliflərin içərisinə salmaq lazımdır. Məlumdur, o qiymətə ki, biz hesab edirik müəssisələr başa gəliblər, indi onları o qiymətə bəlkə alan olmasın. Ona görə də biz bu işi dayandıra bilmərik. Məlum bir fakt var ki, nə vaxtsa keçmişdə Türkiyədə dövlətin inhisarında olan böyük metallurgiya zavodunu Türkiyə hökuməti bir lirəyə satıbdır, özəlləşdiribdir və nəticəsini də alıbdır. Simvolik olaraq, yəni bir lirəyə.
Ona görə də bu özəlləşdirmədə cürbəcür yollar var. Şübhəsiz, biz çalışmalıyıq ki, özəlləşdirilən müəssisələr, bizim əmlakımız büdcəyə maksimum xeyir gətirsin. Bizim məqsədimiz bundan ibarətdir ki, özəlləşdirmədən maliyyə vəziyyətimizi və iqtisadi vəziyyətimizi inkişaf etdirmək üçün istifadə etməliyik. Elə özəlləşdirmənin özündən. Amma eyni zamanda, əgər özəlləşdirilməyə verilən bəzi obyektlər biz istədiyimiz qiymətlərə özəlləşdirilə bilmirsə, demək, biz bunun yolunu axtarmalıyıq. Onlar nə qədər qalırsa, o qədər də dağıdılır. Təəssüflər olsun ki, bu dağıdılma prosesi gedir.
Amma eyni zamanda artıq özəlləşdirilmiş müəssisələrdən biz, şübhəsiz ki, iqtisadiyyatın inkişafı üçün nəticə əldə etməliyik. Təbii ki, özəlləşdirmə məqsəd deyil, vasitədir və ozəlləşdirmənin əsas məqsədi iqtisadiyyatı inkişaf etdirmək və iqtisadiyyatın inkişafı nəticəsində gəlir əldə etmək və xalqın rifah halını yaxşılaşdırmaqdır. Əgər müəssisələrin bir qismi ozəlləşdirilibsə, onlar indi işləmirsə, yaxud lazımi səviyyədə işləmir, nəticə vermirsə, bu, özəlləşdirmənin müsbət nəticəsi deyil. Təbiidir, bunlar artıq şəxsi mülkiyyətdədir. Biz bunlara hansısa hökm edə bilmərik. Ancaq eyni zamanda biz bunları öz nəzarətimizdən kənarda da saxlaya bilmərik. Demək, burada əsas məsələlərdən biri sahibkarlığa yardım göstərmək, özəlləşdirilmiş müəssisələrin fəaliyyətini təmin etmək üçün onlara yardım etmək, onlara kömək etməkdir.
Buna görə də mən hesab edirəm ki, - bu, şübhəsiz ki, Dövlət Əmlak Komitəsinin işi deyil, - ancaq Nazirlər Kabinetində bəlkə belə bir struktur yaratmaq və bununla məşğul olmaq lazımdır.
Bunu özbaşına buraxmaq olmaz. Kiməsə nəsə kömək etmək lazımdır, kiməsə bəlkə kredit vermək lazımdır, kimisə bəlkə hansısa vergidən azad etmək lazımdır. Bizim məqsədimiz ondan ibarət olmalıdır ki, özəlləşdirilən hər bir müəssisə fəaliyyət göstərsin və xüsusən bizim üçün lazımdır ki, özəlləşdirmənin istehsala təsiri olsun.
Ticarətdə məlumdur, - indi burada mən dedim, - ticarətdə əmtəə dövriyyəsinin 98 faizi özəl sektorda yaranıbdır və mağazaları, ticarət müəssisələrini artıq onların sahibləri yaxşı işlədirlər. Bəlkə onların da problemləri var, ancaq istehsal kimi problem yoxdur. Biz özəlləşdirilmiş istehsal sahələrinə xüsusi fikir verməliyik və istehsal sahələrini canlandırmaq, istehsalı artırmaq bizim üçün lazımdır. Ümumiyyətlə, iqtisadiyyatımızda daxili istehsalın artırılması indi əsas vəzifələrdən biridir. Bu da özəlləşdirmə prosesi ilə üzvi surətdə bağlıdır. Məsələn, əgər idxal-ixrac haqqında rəqəmlərimizi götürsəniz, bizdə ixrac azalıb, idxal artıb. Bu barədə də lazımi tədbirlər görülməlidir. Bu, bir tərəfdən də ona görədir ki, bizdə daxili istehsal lazımi səviyyədə inkişaf etmir - sənaye istehsalı, kənd təsərrüfatı istehsalı. Ona görə də özəlləşdirilmiş müəssisələrin, xüsusən istehsalla məşğul olan müəssisələrin sahiblərinə yardım etmək, onların problemlərini həll etmək bizim vəzifəmizdir. Onları ayağa qaldırmaq lazımdır. Onları ayağa qaldırandan sonra özləri istehsalı aparacaqlar. Onlara kömək etmək lazımdır. Bir sözlə, bu məsələlər bizim qarşımızda duran əsas məsələlərdən biridir və iqtisadi islahatların sürətləndirilməsi 1999-cu ildə və bu ilin axırına qədər bizim əsas vəzifəmizdir və bu vəzifəni həyata keçirmək lazımdır.
Sahibkarlığın inkişafı haqqında mən keçmiş müşavirələrdə də iclaslarda da öz fikrimi bildirmişəm. Bu dediyim sözlər də məhz Azərbaycanda sahibkarlığın inkişaf etməsi ilə əlaqədar olan fikirlərdir. Hesab edirəm ki, biz artıq bu barədə də bir proqram qəbul etməliyik. Mən bunu hələ prezident seçkilərindən əvvəl bəyan etmişdim ki, Azərbaycanda olan sahibkarlarla xüsusi görüş keçirmək istəyirəm. O vaxt bu mümkün olmadı. İndi mən yenidən bəyan edirəm və bu gün bütün respublikaya bildirirəm ki, sahibkarlar da bunu eşitsinlər, bilsinlər. Ancaq bu görüş adi söhbət olmamalıdır. Bu görüşə gərək biz də hazırlıqlı gələk, sahibkarlar da öz təklifləri ilə hazırlıqlı gəlsinlər. Bizim hazırlığımız ondan ibarət olmalıdır ki, biz sahibkarlığa yardımla və sahibkarlığın Azərbaycanda inkişaf etməsi ilə əlaqədar problemlərin həll olunması üçün tədbirlər görməliyik. Ona görə də mən Nazirlər Kabinetinə tapşırıram, - müvafiq nazirliklərlə və komitələrlə birlikdə bu barədə qısa müddətdə, 10-15 günün içərisində konkret təkliflər hazırlasınlar. Bu təklifləri biz müzakirə edək, ola bilər, əvvəl Nazirlər Kabinetində müzakirə olunsun, sonra mənimlə bərabər müzakirə edək və bunları hazırlayandan sonra o vaxta qədər, güman edirəm, sahibkarlar da öz təkliflərini hazırlayarlar. Bu gün mən onları çağırıram ki, onlar öz təkliflərini yazılı surətdə ya birbaşa mənə - prezidentə, mənim aparatıma göndərsinlər, yaxud Nazirlər Kabinetinə göndərsinlər ki, biz onlardan da istifadə edə bilək. Bütün bu təklifləri hazırlayandan sonra biz sahibkarlarla görüşməliyik və bu görüşümüz də, yenə də deyirəm, adi söhbət olmamalıdır, bu görüş konkret tədbirlər qəbul etmək üçün olmalıdır. Bu tapşırığı da mən verirəm.
Bu məsələ ilə əlaqədar xarici investorların Azərbaycana daha da çox gəlməsi və fəaliyyət göstərməsi məsələsi indi əsas məsələlərdən biridir. Doğrudur, son iki-üç il içərisində Azərbaycana güclü investisiya axını var. Bu güclü investisiya axınının əsas hissəsi neft və qaz sənayesinə gedir, amma başqa sahələrə də gedir. Eyni zamanda investorlar, sahibkarlar, - həm Avropadan olanlar, həm Amerika Birləşmiş Ştatlarından olanlar, başqa ölkələrdən olanlar, eləcə də bizim çox iqtisadi əlaqələr saxladığımız Türkiyədən olan şirkətlər, sərmayə qoymaq istəyənlər - Azərbaycanda lazımi iş görmək üçün bir çox çətinliklərin olmasını bildirirlər.
Mən Türkiyəyə son səfərim zamanı İstanbulda olarkən orada «Mərmərə qrupu» ilə görüş keçirirdim. Onlar məndən xahiş etmişdilər, mən orada bəyan etdim, görünür, televiziya ilə sizə çatmış olar ki, Türkiyənin Azərbaycanda iş görən iş adamları ilə və Azərbaycanda iş görmək istəyən iş adamları ilə ayrıca bir görüş keçirməliyik. Ancaq bu görüşə də hazırlaşmaq lazımdır.
Bizdə Nazirlər Kabinetində komissiya var, - Türkiyə-Azərbaycan iqtisadi əlaqələr komissiyası. Gərək ki, ona Şərifov rəhbərlik edir. Ona görə də mən Nazirlər Kabinetinə tapşırıram - bu komissiya çərçivəsində siz Türkiyə ilə özəl sektorda bizim əlaqələrimizin inkişaf etdirilməsi ilə əlaqədar birlikdə təkliflər hazırlayın. Orada bu işlərlə Əli Yücəl məşğul olur, - sən, Şərifov, bunu bilirsən, - o, rəhbərlik edir. İstanbulda həmin «Mərmərə qrupu» ilə görüşdə o da iştirak edirdi. Ola bilər, onu dəvət edəsən, təkliflərini versin, siz burada təkliflərinizi hazırlayasınız və Türkiyənin iş adamları ilə ayrıca bir görüş aparmaq lazımdır. Çünki indi Türkiyədə Azərbaycana maraq daha da artıbdır və biz də bunu təmin etməliyik. Amma təkcə Türkiyə yox, başqa ölkələr də. Məsələn, mən iyul ayında İngiltərədə olarkən orada da çox şirkətlərlə görüş keçirdim. Onlar da Azərbaycana böyük maraq göstərirlər.
Bunlarla yanaşı, xarici sərmayəçilər şikayət edirlər ki, Azərbaycanda iş görmək üçün bəzi məneçiliklər var. Bu maneçiliklərin bir hissəsi Azərbaycanda ayrı-ayrı hökumət, dövlət strukturlarında mövcud olan ayrı-ayrı məmurların vəzifəsindən sui-istifadə etməsi, rüşvətxorluq etməsi, hər bir işi görmək üçün müəyyən bir imtiyazlar əldə etməsi hallarıdır, ikinci tərəfdən də Azərbaycanda ayrı-ayrı şirkətlərin bizim hüquq-mühafizə orqanlarının yoxlamalarından şikayət etməsidir. Bunlar həqiqətdir. Mən deyə bilmərəm, bunlar hansı miqyasdadır, nə qədərdir. Ancaq bu hallar var. Biz bu halları aradan qaldırmalıyıq. Ona görə də gərək Nazirlər Kabineti xüsusi bir sistem hazırlasın - nə edək ki, xarici investorların, sərmayəçilərin Azərbaycanda gəlib iş görməsinə maneçilik törədən əngəllərin hamısını aradan qaldıraq.
İkinci tərəfdən, bizim hüquq-mühafizə orqanları da gərək bu şirkətlərin işinə qarışmasınlar, bu yoxlamalardan əl çəksinlər. Baş prokuror öz çıxışında dedi ki, yoxlamalar azalıbdır və mənim 1996-cı ildə verdiyim fərmandan sonra xeyli azalıbdır, amma yenə də var. Ona görə bu barədə də mən hesab edirəm ki, hüquq-mühafizə orqanları, yəni prokurorluq, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi gərək otursunlar, yeni bir tədbirlər planı hazırlasınlar: nə etmək lazımdır ki, bu yoxlamaların qarşısı tamamilə alınsın, xarici şirkətlərin, ümumiyyətlə, özəl sektorun işinə müdaxilə aradan götürülsün və onlara sərbəstlik verilsin.
Doğrudur, məsələnin ikinci tərəfi də var. O da ondan ibarətdir ki, təəssüf ki, bizim özəl sektorda da - Azərbaycanın özəl sektorunda da, bəzi xarici şirkətlərin fəaliyyətində də çox qüsurlar olur. Elə bu gəlirin gizlədilməsi, verginin təmin edilməməsi bunların biridir. Ancaq bu qüsurların olmağına baxmayaraq, biz eyni zamanda bu cür vəziyyəti də saxlaya bilmərik. Ona görə hüquq-mühafizə orqanları da gərək otursunlar, işləsinlər və birgə təkliflərini təqdim etsinlər. Bir sözlə, biz gərək həm xarici investorlar üçün, həm də Azərbaycanın sahibkarları üçün, özəl sektorun inkişafı üçün bütün imkanları yaradaq. Amma eyni zamanda, şübhəsiz ki, gərək bizim özəl sektor da, xarici investorlar da Azərbaycanın qanun-qaydalarına riayət etsinlər. Əgər bizim qanunlarımızda bu barədə hansısa bir dəyişikliklər etmək lazımdırsa, mən onların da həyata keçirilməsinin tərəfdarıyam.
Bir sözlə, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır.
Yoxlamalar haqqında deyərkən, mən ümumiyyətlə, hüquq-mühafizə orqanlarının işində də bir çox tədbirlərin görülməsini bu gün tələb edirəm. Azərbaycanın hüquq-mühafizə orqanları ötən beş ildə yaxşı işləyiblər. Azərbaycanın dövlətçiliyinin qorunmasında, Azərbaycanda cinayətkarlığın qarşısının alınmasında da cinayətkarlarla mübarizədə yaxşı işləyiblər və yaxşı nəticələr də əldə ediblər. O barədə konkret rəqəmləri baş prokuror Eldar Həsənov burada gətirdi. Mən bu barədə onlardan razı olduğumu bildirirəm. Amma eyni zamanda hüquq-mühafizə orqanlarının işində çox nöqsanlar da var, çatışmayan cəhətlər də var. Ayrı-ayrı hüquq-mühafizə orqanları işçilərinin vəzifəsindən sui-istifadə etməsi, rüşvətxorluq etməsi və başqa hallar da var.
Müxtəlif yoxlamalar aparılır. Təkcə xarici investorları və ya özəl sektoru deyil, elə hər adamı yoxlayırlar. Mən bir daha bunu demişəm, bir də deyirəm. Bu yol polisi nə qədər maşını saxlaya bilər? Vətəndaş avtomobilində gedir, yol polisi saxlayır – orada saxlayır, burada saxlayır. Azərbaycanın müxtəlif bölgələrindən Bakıya gələn avtomobilləri saxlayırlar, xaricdən gələn avtomobilləri saxlayırlar. Mən bizim Daxili İşlər Nazirliyinə bir də xəbərdarlıq edirəm ki, bu nöqsanları aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, hüquq-mühafizə orqanlarında əldə edilən nailiyyətlər əsasında daha da sağlam mühit yaratmaq lazımdır. Korrupsiya ilə mübarizəni gücləndirmək lazımdır, cinayətkarlıqla mübarizəni gücləndirmək lazımdır. Onun üçün də birinci növbədə hüquq-mühafizə orqanlarının işində rüşvətxorluğu, korrupsiyanı aradan götürmək lazımdır.
Biz ümumiyyətlə, bütün işlərimizi daha da təkmilləşdirməliyik. İcra orqanlarının işi keyfiyyətcə köklü surətdə yaxşılaşmalıdır. Seçkiqabağı kampaniyada müxalifət qüvvələri və o cümlədən prezidentliyə namizədlər Azərbaycanda icra orqanlarının işini çox ciddı tənqid edirdilər. Doğrudur, çox böhtanlar da deyiblər, yalanlar da deyiblər, şər də atıblar, əsassız sözlər də deyiblər. Onların heç birini biz qəbul edə bilmərik. Böhtan kimi, yalan kimi, şər kimi onların hamısına mən bu gün etirazımı bildirirəm. Amma eyni zamanda tək onlar yox, ümumiyyətlə, ictimaiiyyət tərəfindən, vətəndaşlar tərəfindən icra orqanlarının işində olan nöqsanlar kəskin surətdə tənqid edilir. Bu tənqiddən nəticə çıxarmaq lazımdır.
Mən hesab edirəm ki, biz yeni prezident seçkiləri keçirəndən sonra, işimizin yeni mərhələsinə başlayaraq, öz işimizi çox ciddi özünütənqid nöqteyi-nəzərindən təhlil etməliyik. Ozümüz öz işimizə çox ciddi, tənqidi yanaşmalıyıq. Şübhəsiz ki, ictimaiyyət tərəfindən, hər kəs tərəfindən - kim olur-olsun, fərqi yoxdur - əgər ədalətli tənqid olunursa, tənqid varsa, konkret fakt varsa, ona baxmaq lazımdır, onu istifadə etmək lazımdır və işi yaxşılaşdırmaq lazımdır.
Hesab edirəm ki, Nazirlər Kabinetinin işi çox ciddi şəkildə yaxşılaşdırılmalıdır, təkmilləşdirilməlidir. Nazirlər Kabinetinin tərkibi bu yaxın zamanlarda təsdiq olunacaqdır. Ancaq nazirliklərdə, komitələrdə və Nazirlər Kabinetinin əhatə etdiyi bütün icra orqanlarında olan nöqsanlar aradan götürülməlidir və işlər ciddi surətdə yaxşılaşdırılmalıdır. Yerli icra orqanlarının işində çox nöqsanlar var. Şəhər, rayon icra hakimiyyəti orqanlarının işində çox nöqsanlar var. Onları mənə gələn məktublarda vətəndaşlar da yazırlar. Seçkiqabağı toplantılarda da deyiblər və biz özümüz də bunları görürük. Ona görə mən bu gün yerli icra hakimiyyəti orqanlarından və onların başçılarından tələb edirəm ki, öz işlərində olan nöqsanları aradan qaldırsınlar və öz imkanlarından istifadə edərək rəhbərlik etdikləri şəhərdə, rayonda, bölgədə bütün problemlərin həll olunmasına çalışsınlar. Bizim bir çox icra hakimiyyəti başçılarına konkret iradlarımız var.
Birinci növbədə, - mən həmişə demişəm, - vəzifəli şəxs gərək vəzifəsindən sui-istifadə etməsin. Biz bununla mübarizə aparmışıq və aparacağıq. Bilirsiniz ki, belə hallara görə bizim bir neçə yüksək vəzifəli şəxslərimiz - həm nazirlər, həm yerli icra hakimiyyəti orqanlarının başçıları vəzifələrindən kənarlaşdırılıblar, cəzalandırılıblar. Biz bunu bundan sonra da davam etdirəcəyik, heç kəsə güzəşt etməyəcəyik. Bu gün bütün icra orqanlarında işləyən işçiləri, rəhbər vəzifəli şəxsləri xəbərdar edirəm ki, bizim bu tələblərimiz bundan sonra da artacaqdır və siz öz işinizi bu artan tələblər səviyyəsində qurmalısınız. Burada bir neçə faktlar gətirildi. Məsələn, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı. O adam orada çoxdan işləmir. Mənim xatirimdədir, iki il bundan öncə əvvəlki icra hakimiyyəti başçısı orada vəzifəsindən sui-istifadə etdiyinə görə biz onu işdən kənarlaşdırdıq, yeni adamı təyin etdik. Dedilər ki, bu orada təhsil şöbəsinin müdiridir, təhsil adamıdır, demək, ziyalıdır, - bu, daha yaxşı işləyə bilər - Amma nəticə nədir? Burada gətirilən faktlar. O, vəzifəsindən sui-istifadə edib, dövlətin vəsaitinə əl atıbdır. Şübhəsiz ki, belə adam vəzifədə qala bilməz. Ona görə də mən bu gün bəyan edirəm ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Rəşidov öz vəzifəsindən azad olunur. Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı haqqında hələ bir neçə ay bundan öncə məlumatlar gəlmişdi və yoxlamalar aparılmışdır. Yoxlamalar təsdiq etmişdir ki, orada da yenə dövlət vəsaiti dağıdılıbdır. O vaxt mən dedim ki, bəlkə özü üçün nəticə çıxarar.
Əvəz Hüseynquliyev - (Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı): Cənab prezident, mən qətiyyətlə, cəsarətlə deyirəm, Sizin qarşınızda başımla cavab verirəm, - bu faktlar düzgün deyil. Əli Nağıyev tərəfindən verilən fakt, - 85 faiz o, çörək puludur. Yerdə qalan isə, mən Sumqayıtda 9 yardımçı məktəb tikdirmişəm. Sizin dövlət nəzarəti şöbəsi o məsələni yoxlayıbdır. Bu məsələni Nazirlər Kabinetinin geniş iclasında müzakirə etdik. Mən xahiş edirəm, bu iş ciddi yoxlanılsın. Düzgün olsa, mən sizin qarşınızda başımla cavab verirəm.
Heydər Əliyev: Bu axı yoxlanılmışdı, Siz mənə arayış vermişdiniz.
Eldar Həsənov: Verilən məlumatlar mübahisəlidir.
Heydər Əliyev: O arayışı kim vermişdi?
Ramiz Mehdiyev: Arayışı Salman Cəfərov vermişdir.
Heydər Əliyev: (Salman Cəfərova müraciət edir): Sən nə deyirsən?
Salman Cəfərov - (Prezidentin İcra Aparatının dövlət nəzarəti şöbəsinin müdiri): Mənfi faktlar çoxdur, icazə verin bir daha yoxlayaq.
Heydər Əliyev: Yox ey, mənfi faktlar yox, siz demişdiniz guya 4 milyard manatdır, nə qədərdirsə, burada pul mənimsənilibdir.
Salman Cəfərov: İcazə verin bir daha yoxlayaq.
Heydər Əliyev: Nəyə bir də icazə verməliyəm sizə? Əgər fakt yoxdursa, niyə mənə gətirib verirsiniz?
Salman Cəfərov: Deyilən faktlar hamısı düzdür.
Heydər Əliyev: Bilirsiniz, Ramiz Mehdiyev, onda bəs siz niyə mənə belə məlumat verirsiniz?
Ramiz Mehdiyev: Faktlar olubdur, faktlar haqqında məlumat verilibdir.
Heydər Əliyev: Yaxşı, mən sizə bir həftə vaxt verirəm, bir həftənin içərisində bir də baxın, məsələni mənə deyin. Mənim bu xəbərdarlığımdan hamı özü üçün nəticə çıxarmalıdır. Səbail bankında baş vermiş hadisə haqqında burada geniş məlumat verildi. Şübhəsiz, müxalifət və başqaları bunu şişirdərək istifadə edirlər. Ancaq fakt ondan ibarətdir ki, 100 milyard manata qədər məbləğ oradan oğurlanıbdır. Prokurorluq iş aparır, burada məlumat verdi ki, nə qədər adam məsuliyyətə cəlb olunubdur. İnsanlar məsuliyyətə cəlb olunub, amma dövlətin vəsaiti itibdir. Dedilər ki, 20 milyard manat qaytarılıbdır, 10 milyardlıq da əmlaka həbs qoyulubdur. Amma yenə də, bu yolverilməzdir. Ona görə də prokurorluq bu işi davam etdirməlidir. O qaçmış adam, - Daxili İşlər Nazirliyinə göstəriş vermişəm, - axtarılıb tapılmalıdır və məsuliyyətə cəlb olunmalıdır. Bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir.
Eldar Həsənov: Aydındır, cənab prezident.
Heydər Əliyev: Ancaq bu işdə bizim Milli Bankın sədri Elman Rüstəmovun və maliyyə naziri Fikrət Yusifovun da günahı var. Onların günahını mən demişəm. Bu gün mən Elman Rüstəmova və Fikrət Yusifova töhmət elan edirəm və sizi xəbərdar edirəm - belə şeylərə son qoymaq lazımdır. Sızı xəbərdar edirəm və bilin ki, əgər siz bundan nəticə çıxarmasanız daha da ciddi ölçülər götürəcəyəm. Əyləşin.
Baş Vergi Müfəttişliyi haqqında mən dedim, Nazirlər Kabineti araşdıracaqdır. Ancaq əldə olunan məlumata görə Baş Vergi Müfəttişliyinin rəisi Vəkilovu bu gün xəbərdar edirəm ki, onun işindən mən narazıyam. Bu məsələləri araşdırandan sonra mən bu məsələni müzakirə edəcəyəm.
Müzakirə olunan məsələlərdən ən əsası, ən böyüyü qaçqınların və məcburi köçkünlərin vəziyyəti və 27 iyunda keçirilən müşavirənin yekunları, sonra, sentyabr ayında qəbul edilmiş proqramın həyata keçirilməsi məsələsidir. Müəyyən işlər görülüb, bu barədə məruzələrdə, çıxışlarda da dedilər: Ancaq sizə açıq deyim ki, mən seçkiqabağı görüşlər zamanı çadır düşərgələrində olub, onları görəndən sonra çoxt narahat olmuşam. Şübhəsiz ki, yerindən-yurdundan didərgin düşmüş insanlar, çadırda yaşayan insanlar ağır vəziyyətdə yaşayırlar. Bu məlumdur. Ancaq bu ağırlıq harada nə dərəcədədir, nə cürdür - biz niyə bilmirik və niyə imkanlarımızdan istifadə etmirik ki, bunların vəziyyətini müəyyən qədər yaxşılaşdıraq? Bu məni təəccübləndirir.
Aydındır ki, bunların problemi əsasən o vaxt həll olunacaq ki, işğal olunmuş torpaqlar azad ediləcək, onlar öz yerlərinəyurdlarına qayıdacaqlar. Mən bu gün bəyan edirəm ki, biz bu sahədə indiyə qədər çox iş görmüşük və bundan sonra da görəcəyik. Sülh danışıqları yaxın günlərdə bərpa olunacaqdır. Ayın 7-8-də Minsk qrupunun həmsədrləri Azərbaycana gələcəklər, biz görüşlər keçirəcəyik. Deyilənlərə görə, onlar müəyyən təkliflərlə gəlirlər və bu danışıqlar prosesini biz sürətləndirəcəyik. Bu gün mən bir daha hesab edirəm ki, biz sülh danışıqları prosesindən maksimum istifadə etməliyik və məsələnin bu yolla həll olunmasına çalışmalıyıq. Biz çalışırıq, bundan sonra da çalışacağıq.
Müxalifət haqqında mən sonra deyəcəyəm. Amma onlar orada mitinq edirlər, burada yürüş keçirirlər, burada danışırlar. Yaxud da ki, prezidentliyə namizədlər - onlar nə təklif edirlər? «Qarabağ məsələsi, Qarabağ məsələsi». Qarabağ məsələsi barədə nə təklif edirlər? Qarabağ məsələsini yaradan da onlardır, Qarabağ məsələsini bu qədər ağır vəziyyətə salan da onlardır. Biz dörd-beş ildir ki, bu Qarabağ məsələsinin, yəni Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün çalışırıq. Onlar nə ediblər? Onlar bu problemi yaradıblar, Azərbaycan torpaqlarının işğal olunmasını təmin ediblər, indi də gəlib bu kartdan istifadə edirlər. Vaxtilə onlar bu kartdan istifadə edib özləri üçün bir imic yaratdılar. İndi nə təklif edirlər? Təklif etməyə heç bir şeyləri yoxdur.
Mən oktyabrın 18-də andiçmə mərasimində bəyan etdim ki, hər bir kəslə, o cümlədən hər bir müxalifət partiyası ilə əməkdaşlıq etməyə hazıram və xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması sahəsində, işğal edilmiş torpaqların azad olunması sahəsində əməkdaşlıq etməyə hazıram. Amma bu əməkdaşlığın əsasını konkret təkliflər təşkil etməlidir. Kimin biz gördüyümüz işdən fərqli iş görülə biləcək təklifi, sözü varsa, gəlsin ortaya, biz onun fikrinə də qulaq asarıq. Əgər doğrudan da onun təklifi bizim gördüyümüz işlərdən yararlı olsa, onu da qəbul edərik və onunla bu sahədə əməkdaşlıq etməyə də hazırıq. Amma heç bir iş görmək qabiliyyəti olmayan və heç bir konkret təklifi olmayan bu uydurma partiyalar, qruplar indi bloklar düzəldirlər, bu məsələni istismar edirlər və Azərbaycanda ictimai-siyasi sabitliyi yenə də pozmaq istəyirlər. Şübhəsiz ki, biz bunlara yol verməyəcəyik.
Ona görə də mən hesab edirəm ki, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın problemi onlar öz yerlərinə-yurdlarına qayıtdıqda həll olunacaqdır. Biz buna nail olmalıyıq və güman edirəm, nail olacağıq.
Ancaq hələ ki, biz buna nail ola bilməmişik, hələ ki, onlar müxtəlif yerlərdə, o cümlədən çadır düşərgələrində yaşayırlar, - biz onların vəziyyətini yaxşılaşdıra bilərik. Bu, bizim əlimizdədir, biz bunu edə bilərik. Təəssüflər olsun ki, bu işlə məşğul olan şəxslər və ümumiyyətlə, bütün başqa rəhbər vəzifəli şəxslər indiyə qədər bu məsələ ilə ciddi məşğul olmayıblar.
İyun aynıın 27-də biz müşavirə keçirdik, bütün günü müzakirə etdik, hamını dinlədik. Sonra mən Baş nazirin rəhbərliyi ilə komissiya təşkil etdim. Bunlar bir müddət işlədilər, sentyabr ayında proqramı təqdim etdilər. Proqramı təsdiq etdik. Ancaq mən gedib o çadır düşərgələrində olarkən gördüm ki, yox, bu proqram da yetərli deyil.
Məsələn, mən Biləsuvarda düşərgələrə getdim. Palçıqdan divarlar düzəldilib, yer torpaq, yuxarı torpaq. İndi bu üç-dörd ildə bunu başqa bir şeydən də etmək olardı ki, bu adam palçığın içində yaşamasın. Getdim, İmişlidə gördüm ki, metaldan, plastic materiallardan, taxtadan evlər düzəldiblər. Düzdür, onlar bahadır, onları bizə hansısa humanitar yardım təşkilatı göndəribdir. Ancaq bunu biz özümüz də edə bilərdik. Bəlkə də hamısını birdən edə bilməzdik, amma xırda-xırda edə bilərdik. Biləsuvarda məskunlaşmış adamlar dörd ildir orada yaşayırlar. Dörd il müddətində bunu etmək olardı. Yaşayır, evi yoxdur, eşiyi yoxdur. Bu, niyə belə vəziyyətdə yaşamalıdır? Heç olmasa bunun bir yaşayış yeri gərək olsun. Məsələn, İmişlidə mənim gördüyum yaşayış yeri ilə Biləsuvarda gördüyüm yaşayış yeri arasında fərq böyükdür.
Qaçqınlar Komitəsi var, böyük bir təşkilatdır. Orada işlə məşğul olmurlar, bir-biri ilə intriqa aparırlar. Baş nazirin müavini İzzət Rüstəmovu vaxtilə xüsusi olaraq bu işlər üzrə təyin etmişəm. Gedirlər, görürlər, nə üçün təklif vermirlər? Bilirsiniz, hər bir sahədə işləyən adam gərək çalışsın, o sahənin işlərini daha da yaxşı qursun, bunun üçün hansı təklifi istəyir versin. Hansı mümkündür, - onu etmək olar, hansı mümkün deyil, - etmək olmaz. Amma təklif verilməyib. Onların belə bir vəziyyətdə olmasını heç kəs görməyibdir. Mən Biləsuvarda olanları görməmişdim. Burada mənim sağımda, solumda oturanlar da görməyiblər. Amma İzzət Rüstəmov görübsə, bəs niyə tədbir görməyibdir?
Bilirsiniz, mən çadır düşərgələrinə gələndə onlar mənim oraya gəlməyimin məqsədini səhv başa düşdülər. Onlar hesab etdilər ki, mən oraya gəlirəm mitinq keçirəm. Onlar bir meydança hazırlamışdılar ki, orada mitinq olsun, hamısı yığışsın oraya, mən onlara söz deyim, onlar da mənə söz desin. Bununla da qurtarım gedim. Mən bundan imtina etdim. Dedim, mən gedirəm evlərə baxmağa. Getdim birinə, ikisinə, bir neçəsinə baxdım, vəziyyəti gördüm. Ondan sonra gəldim, hamı toplaşdı, orada görüş keçirdim. Bunu hiss etdilər. İmişliyə gedəndə İmişlidəki çadır düşərgəsində bir-iki ev hazırladılar ki, hə, gəl, cənab prezident, bu evlər var. Evi də hazırlayıblar, onun içində yaşayan adamı da hazırlayıblar. Mənim portretimi də vurublar içəri. Mən dərhal bildim ki, bunu hazırlayıblar. Bilirsiniz, gözdən pərdə asmaq lazım deyil, mənə belə şeylər lazım deyil. Mən həqiqəti görmək istəyirəm, həqiqəti bilmək istəyirəm. Nə isə xüsusi düzəldib, gətirib göstərəsən ki, bax, budur, amma həqiqət isə başqa cürdür - bu yaramaz. Mən bunu bu gün İzzət
Rüstəmova da deyirəm, başqalarına da deyirəm, və hamıya da deyirəm. Bir bu məsələlərlə əlaqədar yox, bütün məsələlərlə əlaqədar həqiqəti bilməliyik. Biz nə qədər çox həqiqəti bilsək, o qədər də işimizi düzgün qura bilərik. Kim ki, guya ya özünün vəziyyətini saxlamaq üçün, yaxud da bizə xoş gəlmək üçün bizi aldadır, - o, cinayət edir, o, bizə xəyanət edir. Belə lazım deyil. Mən belə işləri qəbul etmirəm, bilin.
Mən Biləsuvara gedəndə bizim «Avtonəqliyyat» Dövlət Konsernindən gəldilər mənə dedilər ki, həmin evlərdən 20 dənə hazırlayıblar - o keçmiş konteynerlərdən - və oraya vermək olar. Mən oradakı vəziyyəti hələ bilmirdim. Getdim oraya bir neçəsini gətirdilər. Orada hətta getdim bir xoş hadisənin üstünə də çıxdım - toya hazırlaşırdılar, çörək bişirirdilər ki, toy etsinlər. Təzə evlənən oğlana o evin birini bağışladım. Həmin 20 evi qısa bir zamanda hazır etdilər. Amma bir il, iki il, üç il bundan qabaq bu iş ilə məşğul olunsaydı...
Düzdür, buna xərc də lazımdır, vəsait də lazımdır, amma bunu etmək olardı. Yenə də deyirəm, o, onsuz da ev deyil. Lap onlara gətir böyük bir imarət də tik. Öz torpağından ki, onlar ayrılıblar, rahat yaşaya bilməyəcəklər. Biz də bu yerindən-yurdundan didərgin düşmüş soydaşlarımıza hansısa bölgələrdə yeni evlər tikmək və onları orada daimi yaşatmaq fikrində deyilik. Onlar da gərək bu fikirdə olmasınlar, biz də bu fikirdə deyilik. Bizim fikrimiz və qəti məqsədimiz ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunmalıdır və hər kəs öz torpağına qayıtmalıdır. Mən demişəm, artıq bizə bu sahədə beynəlxalq təşkilatlar yardım edir. Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərində, o cümlədən Horadizdə aparılan bərpa işləri, orada tikilən evlər, məktəb - bunlar hamısı əyani sübutdur ki, biz bunu edə bilərik. İndi Ağdamda da, onun işğaldan azad olunmuş kəndlərində də bu ediləcəkdir, başqa yerlərdə də, Sədərəkdə də ediləcəkdir. Yəni bizim imkanımız var və mümkün olacaqdır ki, işğaldan azad edilən bütün rayonlarda, bütün kəndlərdə onlar üçün yeni evlər, yeni yaşayış binaları yaradaq ki, öz torpaqlarında yaşasınlar. Biz buna nail olmalıyıq və məqsəd də bundan ibarətdir. Onlar da bu arzularla yaşamalıdır, biz də bu arzularla yaşamalıyıq. Ancaq hələ ki, qaçqınlar müvəqqəti hansı yerdə yaşayırlarsa, onların heç olmasa vəziyyətini müəyyən qədər yaxşılaşdırmaq lazımdır.
Ona görə də mən hesab edirəm ki, o müşavirədən sonar mənim yaratdığım komissiya bu işə səthi yanaşıbdır. Bu komissiyanın üzvləri gərək gedəydilər, o çadır düşərgələrində olaydılar, vəziyyəti görəydilər və baxaydılar ki, nə etmək olar. Məhz buna görə də bu məsələni mən bir daha müzakirəyə çıxarmışam və hesab edirəm ki, biz Nazirlər Kabinetinin bugünkü iclasında bu barədə müəyyən qərarlar qəbul etməliyik, müəyyən tapşırıqlar verməliyik, müəyyən işlər görməliyik. Mənə deyirlər ki, İmişliyə, yaxud da ki, Biləsuvara verdiyiniz həmin o evlərdən - 20 evdən indi onlar 100 dənəsini hazırlayıblar.
Artur Rasizadə: 160-nı.
Heydər Əliyev: 160-nı hazırlayıblar. Görürsən, qısa müddətdə bu olub.
Artur Rasizadə: 160-ı hazırdır, 400 olacaqdır.
Heydər Əliyev: Həmin o «Avtonəqliyyat» konserni?
Artur Rasizadə: Bəli. O tipdə.
Heydər Əliyev: O tipdə 400 olacaq.
Artur Rasizadə: Bəli, başqa forma da var.
Heydər Əliyev: Mənim bu barədə tapşırığımdan heç bir ay da keçməyib. Demək, 160-ı hazırdır, deyir 400 ədəd olacaqdır. Hörmətli İzzət Rüstəmov, əgər siz təşəbbüskar olsaydınız, əgər siz bu məsələləri qoysaydınız, əgər siz bu barədə mübarizə aparsaydınız, bir il, iki il, üç il bundan qabaq da buna nail olmaq olardı. Mənim Biləsuvarda olmağımdan heç bir ay da keçməyib, amma indi 160-ı hazırdır. Əyləşin.
İzzət Rüstəmov: Hazırlanıb, oraya göndəriləcəkdir.
Heydər Əliyev: Yaxşı, indi, əlbəttə, göndəriləcək, bu işə mən qarışdım, göndəriləcək. Amma iş burasındadır ki, yaxşı olardı bunu siz edəydiniz. Təklif edəydiniz, həmin o 27 iyun müşavirəsindən sonra gəlib deyəydiniz ki, belədir, mən bu yerlərdə oluram, belə bir şey etmək lazımdır. Mən bilmirəm, siz gedib onun hamısını görürsünüz, ya yox? Bəlkə siz də gedirsiniz, ev göstərirlər, ya sizə göstərmirlər, rayon mərkəzində kimləsə görüşüb qayıdırsınız - bəlkə belədir, bilmirəm.
İzzət Rüstəmov: Yox, elə deyil.
Heydər Əliyev: Əgər elə deyilsə, bəs siz onları görüb necə dözürsünüz ona?
İzzət Rüstəmov: Əvvəllər çit parçalardan ibarət idi. Çadır şəhərciklərində iki ildən artıqdır ki, çiy kərpicdən evlər tikilir. Əlbəttə, bunu təbliğat üçün demirəm, sizin gəlməyiniz həqiqətən bizim üçün böyük rol oynadı.
Heydər Əliyev: Ay qardaş, mən tutaq ki, bilmirəm. Sən istəyirdinsə nəsə edəsən, gərək birinci mənə bunu deyəydin ki, vəziyyət belədir, gəl səni aparım ora, çünki orada işlər görmək lazımdır, mən görə bilmirəm. Sən bunu mənə demədin. Bir dəfə deyəydin də. Deməmisən. Əyləş.
Bu sahədə işləri mən qeyri-qənaətbəxş hesab edirəm və yenə də deyirəm, - bugünkü qərarımızda bu tədbirlər öz əksini tapmalıdır, lazımi işlər görməliyik və bu məsələlər üzrə bizim ayrıca proqramımız olmalıdır. Mən Baş nazirə göstəriş vermişəm və tələb edirəm ki, qısa müddətdə həmin proqram mənə təqdim olunsun.
Ancaq bizim bu Qaçqınlar Komitəsinin rəhbərliyi bu işləri apara bilmir. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm. Qaçqınlar Komitəsinin sədrinə də xəbərdarlıq etmişəm. Bir neçə dəfə müşavirələrdə ona söz vermişik, çıxıb danışıb, söz veribdir, ancaq bunları apara bilmir.
Ümumiyyətlə, mən hesab edirəm ki, bizim Nazirlər Kabinetinin tərkibində bu sahə əsas sahələrdən biridir. Bu sahəyə indiyə qədər olduğu kimi baxmaq olmaz. Bu, xüsusi diqqət mərkəzində olmalıdır, Baş nazirin də xüsusi nəzarəti altında olmalıdır, prezidentin də xüsusi nəzarəti altında olmalıdır, başqalarının da xüsusi nəzarətində olmalıdır. Mənə indi deyirlər ki, bəli, mən həmin o çadır düşərgələrində olandan sonra, mənim çıxışlarımdan sonra bir neçə nazirlər gediblər, yardım göstəriblər, indi də göstərirlər. Deyirlər ki, bəlkə əlavə də bir iş görək, siz bizə deyin.
Bilirsiniz, bu yardımlar da çox pərakəndə gedir. İndi məlumat verirlər ki, nə bilim, filan ölkədən 30 milyon dollar yardım gəlib, filan ölkədən 20 milyon dollar yardım gəlib. Bunlar o qədər pərakəndə gəlir, pərakəndə gedir ki, bunların harada, nə nəticə verməsini müəyyən etmək mümkün deyil. Bu işi Qaçqınlar Komitəsi görməlidir və Qaçqınlar Komitəsində hər həftə konkret məlumatlar olmalıdır, haqq-hesab aparılmalıdır. Amma bunun əvəzinə, - burada gərək ki, Baş prokuror dedi, - bu Qaçqınlar Komitəsinin tam mərkəzi aparatında yox... Sən dedin də, gərək ki?
Eldar Həsənov: Hansı fikri?
Heydər Əliyev: Ya kim dedi? Əli Nağıyev dedi, bağışlayın. Bütün rayon təşkilatlarında da saxtakarlıq, filan-peşməkan var, bunu deyiblər. Ona görə də mən hesab edirəm ki, Qaçqınlar Komitəsinin rəhbərliyi bu tərkibdə fəaliyyət göstərə bilməz. Mən bu gün Qəhrəmanovu Qaçqınlar Komitəsinin sədri vəzifəsindən və onun müavinlərini müavin vəzifəsindən azad edirəm.
İş tək onların azad edilməsində deyil, iş ondadır ki, biz bir gün, iki gün müddətində gərək oraya çox təcrübəli adamlar təyin edək və lazımdır ki, tək onlar yox, bizim hamımız bu məsələ ilə bilavasitə məşğul olaq. İzzət Rüstəmova mən töhmət élan edirəm və xəbərdarlıq edirəm sizə. Hörmətli İzzət Rüstəmov, siz yaxşı alimsiniz, yaxşı müəllimsiniz, yaxşı da insansınız. Amma siz bu sahəyə yaxşı alim olduğunuz kimi, yaxşı da rəhbərlik etməlisiniz və mən sizə töhmət verərək, bir daha xəbərdarlıq edirəm və bilin ki, mən sizə olan bu etimadımı da sonra geri götürə bilərəm və bundan nəticə çıxarın.
İzzət Rüstəmov: Mən elə hərəkət etmərəm ki, sizing etimadınızı doğrultmayım.
Heydər Əliyev: Bilirsiniz, bu cür işləmək məni qane etmir. Məni qane etmir.
Payız-qış aylarında sosial-iqtisadi sahələri təmin etmək barədə burada məlumatları biz dinlədik. Mən belə anlayıram ki, respublikanın elektrik enerjisi ilə təmin edilməsi Azərbaycanın hər yerində təşkil olunacaqdır. Mən Müslüm İmanovun sözündən belə başa duşdüm və tələb edirəm ki, bu olsun. Ancaq bu, real olmalıdır, həqiqi olmalıdır. Çünki çox vaxt məlumat verirlər ki, filan yerdə elektrik enerjisi var, amma oradan məlumat gəlir ki, elektrik enerjisi yoxdur. Bizim elektrik stansiyalarında Azərbaycanın hər yerinə elektrik enerjisi vermək imkanı var, bir Naxçıvandan savayı. Çünki Naxçıvana imkan yoxdur. Oranı biz Türkiyədən, ya İrandan gələn elektrik vasitəsilə təmin etmişik və Naxçıvan əhalisi də öyrənibdir ki, artıq bu elektrik enerjisini saatla alırlar, elədirmi?
Vasif Talıbov: 2 saat alırlar, 2 saat fasilə.
Heydər Əliyev: 2 saat alırlar, 2 saat fasilə. Çünki İrandan və Türkiyədən gələn enerjinin miqdarı o qədərdir. Gələcəkdə biz çalışırıq və bizim proqramımız var ki, Mingəçevirdə bir elektrik stansiyası tikək və oradan Türkiyəyə elektrik enerjisi verək ki, Türkiyə Naxçıvanı tamamilə təmin etsin. Belə bir proqramımız var bizim. Amma hələ ki, belədir və Naxçıvan belə də yaşayır.
Hələ indi yaxşıdır, amma 1991-1992-ci illərdə heç bu da yox idi - Türkiyədən, İrandan elektrik xətlərini gətirənə qədər bu da yox idi. Bir o Arazın üzərindəki stansiyadan biz 20 meqavat elektrik enerjisi alırdıq, onunla yaşayırdı Naxçıvan. Amma Azərbaycanın bütün hər yerinə elektrik enerjisi vermək imkanımız var. Sadəcə, bunu «Azərenerji» Səhmdar Cəmiyyəti təmin etməlidir və bu işə nəzarət etməlidir. İşi indi elə təşkil etməlidir ki, - hələ havalar yaxşı keçir, - havalar soyuyan zaman, şaxta zamanı, elektrik enerjisinə tələbat artan vaxta indidən hazırlıq görməlidir ki, bu təminat olsun və bir problem meydana çıxmasın. Müslüm İmanova mən bu gün deyirəm və onu xəbərdar edirəm ki, bunu etməlidir və biz arxayın olmalıyıq ki, respublikanın bütün bölgələri, bütün rayonlar, bütün yaşayış məntəqələri elektrik enerjisi alır. Qaz təminatı barəsində. Mən bunu keçən dəfə də demişəm, - bizim qaz imkanlarımız məhduddur. Ancaq mən hesab edirəm ki, burada bir proqram olmalıdır. İndi «Azəriqaz» Səhmdar Cəmiyyəti işini guya bir az yaxşılaşdırıbdır və burada məlumat verdilər ki, bir neçə yaxın rayonlara da qaz verirlər. Ancaq burada bir proqram olmalıdır ki, biz qazla haraları, nə cür, nə qədər təmin edə bilərik - həm bu təbii qazla, xətdən gələn qazla, həm də maye qazla. Mən hesab edirəm ki, bu işlər «Azəriqaz» Səhmdar Cəmiyyətində çox pərakəndə gedir. Özləri özbaşına nə cür istəyirlər, o cür edirlər. Bunu da bir proqramlaşdırmaq lazımdır. Bizim maye qaz zavodumuz indi çox qaz istehsal edir və onun bir hissəsini aparıb Türkiyədə satırlar, bir hissəsini aparıb Gürcüstanda satırlar. Mən etiraz etmirəm ki, bunları aparıb Türkiyədə, Gürcüstanda satsınlar, amma əgər öz tələbatımız təmin olunubsa. Özümüzün burada tələbatımız təmin olunmayıb, bunlar ticarət aparırlar. Ona görə Nazirlər Kabinetinin qərarında bu, öz əksini tapmalıdır, bizim qəbul edəcəyimiz bugünkü qərarda bu, əksini tapmalıdır. «Azəriqaz», eyni zamanda bizim Dövlət Neft Şirkəti, çünki o maye qaz zavodu - deyəsən, onlara tabedir. Elədir, onlara tabedir?
Artur Rasizadə: Elədir.
Heydər Əliyev: Onlar ikisi birlikdə bizə konkret proqram verməlidirlər ki, bizdə qazla hara və nə qədər təmin olunur və hansı vaxt nə qədər təmin olunacaq. Çünki bu iş planlı şəkildə həyata keçirilməlidir. Elə olmamalıdır ki, bu gün «Azəriqaz» istəyir oraya verir, sabah istəyir oraya verir, filan qədər istəyir oraya verir. İndi dedilər və mən belə başa düşdüm ki, orada yarım milyard kubmetr ehtiyat toplanıb.
Artur Rasizadə: Ondan da çox.
Əlihüseyn Camalov: 600 milyon kubmetr.
Heydər Əliyev: 600 milyon kubmetr toplanıbdır. Ondan nə cür istifadə olunacaq, nə vaxt istifadə olunacaqsa, bunu müəyyən etmək lazımdır. Ona görə bu məsələ də öz əksini tapmalıdır. Məlumdur və bu gün mən bir daha ictimaiyyətə də deyirəm ki, biz bu gün Azərbaycanın hər məntəqəsini qazla təmin etmək imkanına malik deyilik. Burada Baş nazirin məruzəsində deyildi ki, bunun üçün bizə 10 milyard kubmetr qaz lazımdır, elədir də?
Artur Rasizadə: Ən minimal halda 9-10 milyard kubmetr qaz lazımdır.
Heydər Əliyev: Ən minimal halda 10 milyard kubmetr qaz lazımdır. Bu qədər qaz bizdə yoxdur. Mən bunu bir dəfə seçicilər qarşısında çıxış edərkən demişdim. O vaxt, 70-ci illərdə mən Azərbaycana rəhbərlik edərkən gördüyüm işlərdən ən dəyərlisi də ondan ibarət idi ki, bütün Azərbaycanın dağ kəndlərinə də qaz kəmərləri çəkdirdim. Nəinki qaz kəmərləri çəkdim, onları qazla təmin etdim. O vaxt biz 20 milyard kubmetrə qədər qazdan istifadə edirdik. Ancaq indi bu imkan yoxdur. Ona görə də heç kəsi aldatmaq lazım deyil. Mən heç kəsi heç vaxt aldatmamışam. Ancaq müəyyən etmək lazımdır, - hara nə qədər qaz alacaqdır. Bu da bizim proqramda yazılmalıdır.
Bəzi populistlər həmin seçkiqabağı dövrdə çıxış edirdilər ki, «hə, sizin burada meşələriniz kəsilir, nə bilim, mən sizə qaz çəkəcəyəm, sizin meşələriniz də kəsilməyəcəkdir». Bilirsiniz, onun xəbəri yoxdur ki, həmin meşələr olan yerdə insanlar əsrlər boyu qazsız yaşayıblar. Həmin yerlərə, meşələr olan yerlərə qaz 70-ci illərdə gedibdir və mənim fəaliyyətim nəticəsində gedibdir. Amma indi dünyadan xəbəri olmayan adam deyir ki, meşələr kəsiləcəkdir. Bəs onda qaz yox idi, niyə meşələri kəsmirdilər. Nə üçün meşələri kəsəcəklər? Türkiyənin əksər yerlərində qaz yoxdur, bəs necə qazsız yaşayırlar? Yaşayırlar. Elə bir Türkiyə deyil, bir çox ölkələrdə qaz yoxdur, qazsız yaşayırlar. Ona görə də hər şeyi doğrudüzgün bildirmək lazımdır. Amma eyni zamanda yanacaqla təmin olunmaq bir qazla təmin olunmaq deyil – elektrik enerjisidir, qazdır və neft məhsullarıdır.
Artur Rasizadə: Ağ neft, soba mazutu.
Heydər Əliyev: Ağ neft, soba mazutu. Ona görə siz şərək proqramı müəyyən edəsiniz və mənə təklif verəsiniz ki, hansı rayon ağ neftlə nə qədər təmin olunur, hansı rayon soba mazutu ilə nə qədər təmin olunur, hansı rayon maye qazla nə qədər təmin olunur və bilək ki, - bu, qısa müddətdə olmalıdır, - bu qış dövründə bunların təminatını biz həll etdik. Bax, bu məsələ kompleks şəklində olmalıdır. Yenə də deyirəm, həm qaz, həm neft məhsulları, həm də maye qaz.
Mən bir məsələ haqqında danışdım, amma onu bir daha qeyd etmək istəyirəm, bu korrupsiya ilə mübarizə barəsində. Bu barədə biz xeyli tədbirlər görmüşük. Ancaq mən tapşırmışdım, xüsusi proqram hazırlanıbdır. Siz o proqramı hazırlamısınız?
Artur Rasizadə: Təqdim etmişik.
Heydər Əliyev: Təqdim etmisiniz. Yaxın vaxtlarda bu proqrama baxılacaq, qəbul olunacaq. Amma iş təkcə proqramda deyil, əməli işdədir. Ona görə də mən bu gün bir daha bəyan edirəm: Azərbaycanda ictimai-siyasi mühiti, dövlət orqanlarında olan mühiti, hakimiyyət orqanlarında olan mühiti, hüquq-mühafizə orqanlarında olan mühiti sağlamlaşdırmaq üçün və bizim ideallarımızın səviyyəsinə qaldırmaq üçün bütün mənfi hallarla, vəzifəli şəxslərin vəzifədən sui-istifadə etməsi halları ilə, rüşvətxorluqla, korrupsiyanın bütün növləri ilə ciddi mübarizə aparılmalıdır. Proqramı biz qəbul edəcəyik, élan edəcəyik, amma əməli surətdə bunu siz görməlisiniz. Bu, sizing vəzifənizdir.
Bu gün burada məruzələrdə, çıxışlarda Azərbaycanda oktyabr ayının 11-də keçirilmiş prezident seçkilərinin yekunları haqqında da natiqlər öz fikirlərini bildirdilər. Mən bu fikirlərə və bu arzulara görə təşəkkür edirəm və bəyan edirəm ki, biz ötən beş ildə əldə etdiyimiz nailiyyətləri gələcək illərdə bütün sahələrdə daha da yüksəklərə qaldıracağıq, Azərbaycanın qarşısında duran problemləri həll edəcəyik.
Mən oktyabr ayının 18-də andiçmə mərasimindəki nitqimdə bu barədə öz fikirlərimi, öz proqramımı bəyan etmişəm. Təkrar etmək istəmirəm. Sadəcə, bir də bildirmək istəyirəm ki, beş il müddətində biz ağır və çətin yol keçmişik. Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamışıq. Azərbaycanı böyük fəlakətlərdən, böyük xətalardan xilas etmişik. Azərbaycanda cinayətkarlığın qarşısını almışıq. Qanunsuz silahlı dəstələri ləğv etmişik. Azərbaycanda zorakılığın qarşısını almışıq və bunların nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik yaranıbdır. Azərbaycanın dünya miqyasında hörmətini qaldıran həm onun apardığı məqsədyönlü, ardıcıl xarici siyasətidir, həm də ki, Azərbaycanın daxilində yaranmış ictimai-siyasi sabitlik, əmin-amanlıq, insanların rahatlığıdır. Hesab edirəm, bütün nailiyyətlərdən bizim ən böyük nailiyyətimiz budur, ictimai-siyasi sabitliyin yaranmasıdır. Bunu başqa ölkələrdə də qiymətləndirirlər və buna görə də Azərbaycan öz keçmiş illərindən fərqlənir. Vəzifəmiz bunu qorumaq, saxlamaq və daha da - möhkəmləndirməkdən ibarətdir. Kimsə bunu pozmaq istəyirsə, kimsə qanunsuz hərəkət etmək istəyirsə, kimsə bizə bu işdə mane olmaq istəyirsə, onlara qarşı Azərbaycanın qanunları tətbiq olunacaq və heç kəsə Azərbaycanda yaranmış bu ictimai-siyasi sabitliyi, yaranmış bu sağlam mühiti pozmağa biz heç vaxt yol verməyəcəyik.
Beş il müddətində əldə olunan bu nailiyyətlər asan başa gəlməyibdir və bu nailiyyətlərin əldə olunmasında həmin o müxalifətdə duran və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərən insanlar nəinki iştirak etməyiblər, bəzi hallarda həmin o təxribatların, terror aktlarının, dövlət çevrilişinə göstərilən cəhdlərin iştirakçısı olublar. Ona görə də bu gün onların mənəvi haqqı yoxdur. Azərbaycanda gəlib iqtidarla mübarizə aparsınlar. Mənəvi haqları yoxdur. 1993-cü ildə Azərbaycan fəlakət vəziyyətində olanda həmin adamlar qaçıb gizləndilər, vəzifələrini atdılar, kənara çəkildilər. İndi artıq Surət Hüseynovdan istifadə edib yenə də Azərbaycanda sabitliyi pozmaq istəyirlər. Yox!
Əgər o ağır vəziyyətdə, 1993-cü ildə hamısı qaçdı, gizləndisə, hamısı kənara çəkildisə, əgər biz vəziyyəti normallaşdıra bildiksə və ardıcıl surətdə Azərbaycanda iqtisadi-siyasi sabitliyi təmin edə bildiksə, - indi vəziyyət beş il bundan əvvəlkindən xeyli fərqlidir, - indi heç kəs bizə mane ola bilməz və heç kəsə biz imkan verə bilmərik. Ona görə də mən həmin o partiyaları, qrupları, blokları xəbərdar edirəm: Azərbaycanda müxalifət Azərbaycanın Konstitusiyası və Azərbaycanın demokratiya yolu ilə getməsi mənasında təbii bir anlayışdır. Ancaq müxalifət qanunlar çərçivəsində hərəkət etməlidir. Gündə bir mitinq keçirmək, həftədə bir küçə yürüşü keçirmək və beləliklə, Azərbaycandakı bu vəziyyətə təsir etmək - bu yollara biz imkan verməyəcəyik. Heç vaxt imkan verməyəcəyik! Ona görə də mən onları xəbərdar edirəm.
Biz respublikanın qarşısında duran vəzifələri həyata keçirməyə başlamışıq, biz işləyirik. Beş ildə Azərbaycanın əldə etdiyi nailiyyətləri biz əldə etmişik. Azərbaycanı bu iqtisadi vəziyyətə biz gətirib çıxarmışıq, Azərbaycanı dünya miqyasında özünə layiq yer tutmağa biz gətirib çıxarmışıq, müxtəlif müqavilələri əldə etməyə biz nail olmuşuq və bunların son nəticəsi sentyabr ayının 7-8-də Azərbaycanda İpək yolunun bərpası ilə əlaqədar keçirilən beynəlxalq konfrans və onun qəbul etdiyi qərarlar, Bakı bəyannaməsidir. Bunların nəticəsi Xəzər dənizi hövzəsinin neft ehtiyatlarının dünyanın ehtiyacını təmin etmək üçün istifadə edilməsi yolunda dörd il müddətində aparılan işlər və onun müsbət nəticəsi, nəhayət, tarixi əhəmiyyət kəsb edən sənəd - oktyabr ayının 29-da Ankarada imzalanmış birgə bəyannaməsidir.
Bu, bizim gördüyümüz işlərin nəticəsidir. Bəli, bizim gördüyümüz işlərin nəticəsidir ki, dörd il bundan öncə imzaladığımız müqavilə işləyir və artıq bir ildir ki, «Çıraq» neft yatağından biz neft hasil edirik. Oradan bir milyon tondan artıq neft hasil olunubdur və, - burada artıq deyildi, - proqnozlar göstərir ki, oradan nəzərdə tutulandan bir neçə dəfə artıq neft alınacaqdır. Bəli, bu, artıq Azərbaycanın gəliridir, Azərbaycanın sərvətidir və bütün bu görülən işlər Azərbaycan xalqının gələcək nəsilləri üçün görülən işlərdir. Biz tarixi işlər görürük, gələcəyi - böyük Azərbaycanın parlaq gələcəyini yaratmağa çalışırıq. Bakı-Ceyhan boru xətti haqqında imzalanmış bəyannamə tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bunun da əsasını qoyan bizik, Azərbaycanı bu səviyyəyə çatdıran da bizik. Bu bəyannamənin Ankarada imzalanmasında da Azərbaycanın xidmətləri orada artıq bəyan edildi.
Biz bu və başqa işlərlə məşğul oluruq və bundan sonra da məşğul olacağıq. Ona görə də hakimiyyət orqanlarının, hüquq-mühafizə orqanlarının cürbəcür yürüşlərlə, cürbəcür mitinqlərlə vaxtını almağa biz imkan verə bilmərik. Müxalifətin nə sözü varsa, çoxsaylı qəzetləri var, orada desin. Nə sözü varsa, onların ayrı-ayrı binalarda, ayrı-ayrı qruplarla, ayrı-ayrı yerlərdə toplaşıb danışmaq imkanları var, onları desinlər. Müxalifət üçün bütün imkanlar yaranıbdır. Azərbaycanda insan haqlarının qorunması sahəsində görülən işlər dünya miqyasında qiymətləndirilibdir. Siz Azərbaycanda görülən işlər haqqında Helsinki qrupunun, Londondakı İnsan Hüquqları İnstitutunun bəyanatını oxudunuz. Ölüm hökmünün ləğv edilməsi, nə qədər insanların amnistiya vasitəsilə, əfv vasitəsilə cəzadan azad olunması. Mən oktyabr ayının 18-də demişəm, bu yaxın vaxtlarda bu barədə mən yeni təşəbbüslər irəli sürəcəyəm. Bunların hamısı - mətbuat azadlığı, fakir azadlığı, - bunların hamısı Azərbaycanda demokratiyanın varlığını göstərir, Azərbaycanda demokratik şəraiti göstərir və hər bir müxalifət təşkilatına normal fəaliyyət şəraiti yaranmasını göstərir. Bu şəraitdən istifadə edərək normal fəaliyyət göstərmək lazımdır. Dağıdıcı fəaliyyətə biz yol verməyəcəyik, hansısa dağıdıcı cəhdlərə biz yol verməyəcəyik. Bəziləri xəyalla yaşayırlar ki, guya 1992-ci ildə olduğu kimi bunlar nə isə edə bilərlər. Bunlar mümkün deyil! Azərbaycanın müstəqil dövləti var, beş il müddətində bu müstəqil dövlət möhkəmlənibdir və biz bunu qoruyub saxlamalıyıq. Bunu özümüzün müqəddəs vəzifəmiz hesab edirik!
Azərbaycanda görülən işlər, Azərbaycanın geostrateji vəziyyəti, Azərbaycanın coğrafi vəziyyəti, Azərbaycanın təbii sərvətləri, Xəzər dənizində Azərbaycanın apardığı işlər və nəhayət, İpək yolunun yaranması, bərpa olunması, Bakı –Ceyhan xəttinin yaranması haqqında bəyannamənin imzalanması - bunlar hamısı Azərbaycanın müxtəlif ölkələrdəki düşmənləri tərəfindən Azərbaycana qarşı təzyiqləri, təxribatları artırmaq üçün şərait yaradıbdır və biz bunları artıq hiss edirik. Ona görə Azərbaycanın müstəqilliyini qorumaq üçün, Azərbaycanı müstəqil dövdət kimi yaşatmaq üçün Azərbaycanda daxili ictimai-siyasi sabitliyi də qoruyub saxlamaq lazımdır. Bu, bizim müqəddəs vəzifəmizdir və biz buna sadiq olacağıq. Mən sizi əmin edirəm ki, indiyə qədər görülən işlərin nəticəsində və əldə olunan təcrübələrin nəticəsində Azərbaycanın iqtisadiyyatının inkişafı bundan sonra da təmin olunacaqdır, Azərbaycan vətəndaşlarının rifahı günü-gündən yaxşılaşacaqdır və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq və özünün xoşbəxt gələcəyinə gedəcəkdir.
Mən Nazirlər Kabinetinə tapşırıram ki, burada verilən bütün təkliflərin - həm məruzələrdə, həm çıxışlarda, həm mənim nitqimdə verilən təkliflərin, tapşırıqların, bunlar hamısı stenoqramda var, - bunların əsasında bir həftə müddətində bizim bugünkü iclasın qərarını hazırlasın. Biz geniş qərar qəbul etməliyik və burada müzakirə olunan məsələlər, irəli sürülən təkliflər və qəbul olunan fikirlər o qərarda öz əksini tapmalıdır. Bununla da bugünkü iclası bağlı elan edirəm. Yerlərdən gəlmiş nümayəndələrə, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə tapşırıram ki, onlar dərhal öz yerlərinə qayıtsınlar və təbiidir ki, bu iclasın nəticələri yerlərdə də təhlil olunmalıdır və hər şəhərdə, hər rayonda lazımi tədbirlər görülməlidir. Mən hamıdan tələb edirəm ki, bugünkü iclasın əhval-ruhiyyəsi hər yerə yayılsın və işlərin hamısı bundan sonar daha da yaxşı təşkil edilsin. Sağ olun.