Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Mstislav Rostropoviç, onun zövcəsi Qalina Vişnevskaya və ailəsinin digər üzvləri ilə görüşdə çıxışı - Prezident Sarayı 29 aprel 1997-ci il


Əziz Mstislav Leopoldoviç, əziz Qalina Pavlovna, əziz qonaqlar, dostlar!

Mən hədsiz dərəcədə şadam ki, siz dəvətimi qəbul edib öz vətəninizə, Bakıya, Azərbaycana gəldiniz və biz 70 illik münasibətilə sizi burada şərəflə qarşılamaq imkanına malik olduq. Mən şad oldum ki, dəvətinizi alıb Parisə gəldim, orada sizin 70 illiyinizə həsr olunmuş mərasimlərdə iştirak etdim. Bu mərasimlər çox əla keçdi, mənə silinməz təəssürat bağışladı. Sevinirdim ki, dostumuz, həmyerlimiz belə geniş beynəlxalq nüfuza malikdir, onun yubileyi Avropanın mərkəzində - Parisdə layiqincə və böyük hörmətlə, çox ehtiramla qeyd edilir. Bununla yanaşı, Paris Parisdir, Moskva Moskvadır, Bakı isə planetimizin görkəmli adamı olan Mstislav Rostropoviçin dünyaya gəldiyi torpaqdır. Doğma torpağa sitayiş etmək həmişə hər bir insanın müqəddəs borcudur. Sizin dəvəti qəbul edib bizə təşrif gətirməyiniz bir daha sübut edir ki, siz həqiqətən böyük adamsınız, keçmişdə nə varsa hamısını, öz mənşəyinizi, doğulduğunuz torpağı yüksək qiymətləndirirsiniz.

İctimaiyyətimiz sizi böyük ruh yüksəkliyi ilə gözləyir. Yəqin ki, bu gün bunu hiss etdiniz. 70 illiyinizi qeyd etmək üçün biz burada bacardığımız qədər hazırlaşmışıq. Başlıcası budur ki, siz buradasınız, sizin doğma Bakıda həmyerlilərinizlə birlikdəsiniz. Çox şadam ki, Qalina Pavlovna sizinlə birlikdə gəlmişdir. Mən onu Parisdə olarkən təkidlə dəvət edirdim. Şadam ki, ailənizin üzvləri dəvətimizi qəbul edib sizinlə birlikdə gəlmişlər. Bu da müstəsna hadisədir. Siz öz ailənizlə birlikdə belə bir heyətdə Bakıda heç vaxt olmayıbsınız. Sizin və gözəl insan olan zövcəniz Qalina Pavlovnanın, uşaqlarınızın və nəvələrinizin buraya gəlməyiniz ictimaiyyətimiz, xalqımız, respublikamız üçün çox böyük əhəmiyyətə malikdir.

Mən sizi ürəkdən salamlayır, 70 illik münasibətilə bir daha təbrik edirəm.

Bu il sizin yubileyiniz ilidir. Əgər ilk şənliklər Parisdə başlamışsa, indi onlar Bakıda davam edir. Bilirəm ki, şənliklər mayın üçüncü ongünlüyündə Moskvada olacaq və yəqin, bundan sonra da keçiriləcəkdir.

Mən sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, firavanlıq, xoşbəxtlik, yeni-yeni yaradıcılıq uğurları və əlbəttə, çox böyük ictimai-siyasi fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Mən Qalina Pavlovnanı salamlayıram. O, bütün dünyada həm Rostropoviçin həyat yoldaşı kimi, həm də görkəmli aktrisa, görkəmli incəsənət adamı kimi məşhurdur. Onun yaradıcılığı hamıya yaxşı bəllidir. Onun yaradıcılıq yolu, bioqrafıyası parlaqdır. Onun sənətinə görə, vətəndaş hünərinə görə, misilsiz keyfiyyətlərinə görə onunla Böyük Teatr da, rus opera sənəti də, dünya da fəxr edir. Biz dostumuz Mstislav Rostropoviçdən danışdıqda onun haqqında heç də təkcə görkəmli musiqiçi, incəsənət ustadı kimi danışmırıq. Söz yox ki, bunlar onun ləyaqətidir və onu bütün dünyada şöhrətləndirmişdir. Bununla bərabər, o, birlikdə yaşamış olduğumuz ölkədə - Sovet İttifaqında 70-ci illərdə mövcud olmuş ədalətsizliyə qarşı çıxış edərkən öz cəsarətli hərəkətləri, mövqeyi, prinsipiallığı ilə şöhrətlənmişdir. Ola bilsin ki, avtoritarizmə, totalitarizmə qarşı çıxışlarınızı, siz Sovet İttifaqını tərk etməyə məcbur olduğunuz dövrdə başqa ölkələrdə coşğun siyasi fəaliyyətinizi bəzi adamlar pisləyirdi, bəziləri isə buna mənfı bir hal kimi baxırdılar. Həyat isə sizin nə dərəcədə haqlı olduğunuzu və nə dərəcədə şərəfli, prinsipial insan olduğunuzu, haqq-ədalət naminə, öz vicdanınız naminə, bütün bu çətinliklərə, məşəqqətlərə nə dərəcədə cəsurluqla sinə gərdiyinizi göstərdi. Sizin vicdanlı, ədalətli, namuslu olmağınız, haqq-ədalət uğrunda, vətəndaş hüquqları uğrunda, şəxsiyyətin azadlığı uğrunda, insan azadlığı uğrunda mərdanə mübarizəniz sizə bir musiqiçi, məşhur incəsənət xadimi kimi görkəmli fəaliyyətinizdən heç də az şan-şöhrət gətirməmişdir. Buna görə də siz elə bir insansınız ki, özünüzdə hər şeyi təcəssüm etdirirsiniz.

Bu sözləri sizin vəfalı dostunuz Qalina Pavlovna haqqında da demək olar. Biz onu heç də təkcə Böyük Teatrın görkəmli müğənnisi və olduqca istedadlı insan kimi tanımırıq. Biz bilirik ki, haqq-ədalət uğrunda mübarizənizdə o sizinlə birlikdə özünü cəsarətli aparırdı və həmişə sizinlə birlikdə idi. Bu, insanın etibarlı, vəfalı və sədaqətli dostu olmasına layiqli misaldır. Buna görə də mən çox istəyirdim ki, o, Azərbaycana gəlsin. Şadam ki, indi o buradadır. Sizin uşaqlarınız, nəvələriniz sizin səadətinizdir, Rostropoviç ailəsinin gələcəyidir. Bu, bizim üçün də böyük fərəhdir, ona görə ki, belə böyük insanların, təbii olaraq böyük də varisləri, böyük də nəsilləri olur, özü də hökmən olur. Odur ki, burada onlar mənə olduqca böyük sevinc bəxş edirlər. Mən özüm də babayam, buna görə də nəvələrin olmasının necə böyük sevinc olduğunu başa düşürəm. İndiki halda biz sizinlə eyni hissləri keçiririk.

Mən sizi ürəkdən salamlayır və 70 illiyiniz münasibətilə təbrik edirəm. Mən Parisə gəldikdə və sizi salamladıqda öz təbrik məktubumu sizə verdim. Lakin burada 70 illiyinizi qeyd etməyimizlə əlaqədar mən bu gün sizin Azərbaycanın yüksək ordeni -"Şöhrət" ordeni ilə təltif olunmağınız haqqında fərman imzaladım. Gördüyünüz kimi, bu necə böyük xoşbəxtlikdir: siz şöhrətsiniz və Azərbaycanın yüksək mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmisiniz. Mənim təbrikim sizə çatdırılmışdır. Lakin mətbuat nümayəndələrinin də burada olmasını nəzərə alaraq, sizə göndərdiyim və portretiniz əks olunmuş öz təbrikimi sizə təqdim etmək istəyirəm.

Mstislav Rostropoviç: Zati-aliləri, cənab prezident, mənim əziz dostum Heydər Əliyeviç, mən çox həyəcanlıyam. Siz mənim əsla gözləmədiyim bir iş etdiniz. Bugünkü gün həyatımda ən emosional günlərdən biridir. Bir insan kimi demək istəyirəm ki, Türkiyəyə səfərinizdən səhər tezdən qayıtmağınıza baxmayaraq, gümrah görünürsünüz.

Bilirsinizmi, bu gün biz qəbiristanda olarkən göz yaşlarımızı saxlaya bilmədik. Biz insanların, o cümlədən həyatlarına müharibənin son qoyduğu cavanların məzarlarını gördükdə düşündüm ki, müharibəni, mənim sevimli Azərbaycanımın prezidenti, siz dayandırdınız. Buna görə də səmimi qəlbdən sizə baş əyirəm. Sizə çox sağ olun deyirəm ki, olduqca böyük bir iş görmüsünüz - xalqı öz ölkəsinin sahibi etmisiniz, bütövlükdə ölkədə böyük dəyişikliklər edib, onun nüfuzunu yüksəltmisiniz. Bunun misli yoxdur. Siz böyük insansınız. Elə bir insan ki, bu müharibəni dayandırmışdır, öz xalqını, bu torpaqda sülhü, əmin-amanlığı qoruyub saxlayır.

Bu gün mən yaxın dostlarımın - Niyazinin, Qara Qarayevin məzarlarını ziyarət etdim. Biz Qara Qarayevlə Şostakoviçdən dərs almışıq. Bilirsinizmi, Bakı mənim üçün xüsusi bir şəhərdir. Bu gün çox gülərüzlə qarşılanmağım, xalqın böyük istedadından xəbər verən gözəl, yüksək professional incəsənətiniz məni o dərəcədə valeh etdi ki, Bakı ilə hələ atamın başladığı öz əlaqəmi uzatmağı özümə borc bilirəm. Buna görə də xahiş edirəm mənim təklifimlə razılaşasınız. 2000-ci ilədək mənim hər bir günüm üçün konsert nəzərdə tutulmuşdur. Buna baxmayaraq, artıq 1998-ci ildə bəzi konserflərimdən azad olmağa çalışacağam və cənab prezident, sizin icazənizlə həmin vaxtdan hər il on günlüyə Bakıya gəlib, gənc Azərbaycan musiqiçilərinə ustalıq dərsi verəcəyəm. Bu, mənim ünvanıma söylədiyiniz gözəl sözlərinizə cavab olacaqdır.

Məni təltif etdiyiniz ordenlə bir bakılı kimi çox fəxr edirəm. Mən öz ordenlərimin bütün rəmzlərini sinəmə taxaraq demək istəyirəm ki, bəlkə də mən özüm belə bir görüşə layiq deyiləm. Lakin hər halda nəyəsə layiqəm. Sizə bir daha səmimi qəlbdən təşəkkür edirəm. Mən nəvələrimi xüsusi olaraq ona görə gətirmişəm ki, qoy onlar görsünlər babaları harada yaşamışdır. Həyatımız elə gətirdi ki, bizi ölkəmizdən - Sovet İttifaqından didərgin saldılar. Qalina Pavlovnanın mənə bəxş etdiyi qızlarım öz iradəsindən asılı olmayaraq qürbətə düşdülər, orada ərə getdilər. Birinin əri fransız, o birinin əri isə italyandır. Biz öz qanımızı zənginləşdirsək də, köklərimiz Bakıdadır. Mən çox həyəcanlıyam.

Əziz dostumuz, çox sağ olun ki, Parisə gəlib məni öz hörmət və ehtiramınızla sevindirdiniz. Mən buna sizə öz məhəbbət və minnətdarlığımla cavab verəcəyəm. Qalina Vişnevskaya da Bakıya səfərdən aldığı təəssüratını bölüşdü. O dedi: Mən Zaqafqaziyaya ilk dəfədir gəlirəm və xalqınızla görüş mənə olduqca böyük təsir bağışladı. Xalqınız məğrur, azadlıqsevər xalqdır. Bu gün qəbristanda gördüklərimiz bizi sarsıtdı. Bunu görmədən mən inana bilməzdim ki, belə bir şey ola bilər. Biz bu hadisələr haqqında eşitmişdik, oxumuşduq, amma həlak olanların xatirəsinə ucaldılmış bu əzəmətli abidəni gördükdə insanın qəlbində güclü bir təlatüm əmələ gəlir. Bunu ağıl-zəka ilə dərk etmək mümkün deyildir. Bunu ancaq emosional surətdə anlamaq və bütün həyatın boyu yadda saxlamaq olar. Xalqınıza dərin hörmətimi bildirirəm, istəyirəm ki, xalqınız arzuladığı kimi yaşasın, ölkəniz bir daha heç vaxt təhqirlərə, sıxıntılara məruz qalmasın. Allah Sizə xoşbəxtlik, ailələrinizə firavanlıq bəxş etsin, öz əzizlərini itirənlərin hamısına təskinlik versin. Sizə ən xoş arzularımı bildirirəm.

Heydər Əliyev: Xalqımızın, respublikamızın ünvanına dediyiniz xoş sözlərə görə təşəkkür edirəm. Bu, sizin də doğma torpağınızdır.

Əziz Slava, sizin təklifmizi böyük minnətdarlıqla qəbul edirəm ki, 1998-ci ildən başlayaraq bızə təşrif gətirəcək və haqqında danışdığınız vəzifəni yerinə yetirəcəksiniz. Açığını deyim, bu, respublikamız üçün, xalqımız üçün böyük hədiyyə olacaqdır və buna görə sizə bəri başdan təşəkkür edirəm. Lakin siz keçmişdən də bilirsiniz və bunu indi də yəqin edərsiniz ki, Azərbaycan xalqı bütün xalqlara həmişə dostluq hissləri bəsləmişdir, həmişə sülhsevər xalq olmuşdur. Xalqımız Qərb mədəniyyətindən çox şey əxz etmişdir. Ölkəmizdə Qərb mədəniyyətinin yayıcılarından biri də sizin atanız, valideynləriniz olmuşlar. Sizin valideynləriniz kimi gözəl insanlar Azərbaycana gələrək burada çox böyük iz qoymuş və Şərq ilə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda olan Azərbaycan xalqının öz milli, özgün mədəniyyətini qoruyub saxlaması, dünya sivilizasiyasına, professional musiqiyə, Qərb incəsənətinə qovuşması üçün çox iş görmüşlər. Sabah siz bizim konservatoriyada olacaqsınız. Onun bünövrəsinin qoyulmasında sizinatanızın da xidməti var. Cəmiyyətimiz, musiqiçilərimiz, gənclərimiz dediyiniz o təklifə ehtiyac duyurlar. Bunu ancaq arzulamaq olardı. Odur ki, sizin təşəbbüsünüzü böyük minnətdarlıqla qəbul edirəm.

Bildiyiniz kimi, indi Azərbaycan müstəqil bir respublikadır. Biz çətin bir şəraitdə yaşayırıq, çünki dövlət müstəqilliyinin təşəkkülü prosesi özlüyündə olduqca mürəkkəb və çətin prosesdir. Bu çətinliklər bir də onunla izah edilir ki, milli azadlığa, dövlət müstəqilliyinə qarşı müqavimət göstərilmişdir. Gördüyünüz o məzarlar 1990-cı ilin yanvarında, o vaxtkı Sovet İttifaqı rəhbərliyinin göstərişi ilə Bakıya sovet qoşunlarının iri kontingenti yeridildiyi vaxtda meydana gəlmişdir. O gecə çox böyük miqdarda adam həlak oldu. Mən görürəm ki, siz bütün bunlara çox həssaslıqla yanaşırsınız, ona görə ki, siz məhz elə adamlarsınız ki, Azərbaycanda Yanvar faciəsindən hələ xeyli əvvəl, bundan 20 il qabaq belə hadisələrə qarşı öz etiraz səsinizi ucaltmışdınız. Əslinə qalsa, məhz bu, sizi o vaxtlar Sovet İttifaqını tərk etmək məcburiyyətində qoydu, həmin köhnə totalitar rejimin dirçəldilməsinə cəhd göstərilərkən Ağ evin müdafiəsinə qalxıb Kremlin divarları qarşısında mübarizə aparmağa məcbur etdi. 1990-cı ilin yanvarında Azərbaycanda o faciəni məhz bu rejim yaratmışdı.

Yeri gəlmişkən, o vaxtlar 1987-ci ildə məni çalışdığım yuksək vəzifələrdən uzaqlaşdırmışdılar, lakin Moskvada yaşayırdım və Azərbaycana qarşı bu hərbi təcavüzlə əlaqədar öz etiraz səsimi ucaltdım. Buna görə təqiblərə məruz qaldım və bir neçə aydan sonra Moskvanı tərk etməli oldum, çox çətinliklərdən keçdim. Bunlar sizə məlumdur. Xalqımız öz müstəqilliyini qurbanlar bahasına, böyük itkilər bahasına əldə etmişdir. Bu yandan isə Ermənistan tərəfindən təcavüz olmuşdur. Bu təcavüz Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək məqsədilə 1988-ci ildə başlamışdır. Mayın 12-də müharibənin dayandırılmasının üç ili tamam olacaqdır. Mən Azərbaycana rəhbərliyə 1993-cü ilin ortalarında qayıtdım və bir neçə aydan sonra atəşkəsə nail ola bildim. Bu rejim üç ildir saxlanılır.

Yeri gəlmişkən, İstanbulda böyük biznes konfransı keçirilməsi - konfrans indi də davam edir - ilə əlaqədar dünən mən orada oldum. İstanbulda Türkiyə, Rumıniya, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri keçirildi. Mən oraya dünən səhər getdim, axşam da geri qayıtdım. Orada mən bütün prezidentlərlə görüşdüm və biz yenə də yekdil fikirdə olduq ki, Qafqazda, bütün regionda, bütün dünyada sülh, əmin-amanlıq və ftravanlıq yaratmaq lazımdır. Dünən mən Ermənistan prezidenti Ter-Petrosyanla görüşdüm, bu konfransda çıxış edib bir daha bildirdim ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqınların öz doğma ocaqlarına qayıtması şərti ilə Ermənistanla Azərbaycan arasında tam sülh sazişi imzalanan vaxta qədər biz atəşkəs rejiminə əməl edəcəyik və hərbi əməliyyatların yenidən başlanmasına gətirib çıxara biləcək hərəkətlərə Azərbaycan tərəfindən yol verməyəcəyik.

Xalqımız bu çətinliklərdən keçmiş, çox böyük itkilər vermişdir. Lakin bu gün də öz dövlət müstəqilliyi və milli azadlığı mövqelərində qətiyyətlə dayanmışdır. Bununla yanaşı, biz müstəqil dövlət olmaq etibarilə nəinki təcrid olunmaq istəmirik, əksinə, keçmiş Sovet İttifaqının bütün respublikaları ilə, əlbəttə, ən əvvəl Rusiya ilə daha sıx dostluq münasibətləri yaratmaq istəyirik.

Yeri gəlmişkən, biz sizinlə Yelisey sarayında ayrıldıqdan sonra mən Moskvaya yola düşdüm və artıq səhər Kremldə MDB ölkələrinin prezidentləri ilə görüşdüm və bunu onlara danışdım. Sonra mənim Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinlə ayrıca görüşüm oldu. Mən ona sizin yubileyiniz haqqında ətraflı danışdım və dedim ki, sizin stolunuzun arxasında Mayya Plisetskaya və Rodion Şedrin əyləşmişdilər, biz Boris Nikolayeviçin şərəfinə badə qaldırdıq. Yeri gəlmişkən, onun qızı Tatyana da orada idi.

Demək istəyirəm ki, biz bütün imkanlardan, vasitələrdən istifadə edib Rusiya ilə, MDB ölkələri ilə, eləcə də bütün digər ölkələrlə həqiqi, mehriban, səmimi əlaqələr saxlayırıq və saxlayacağıq. Məsələn, biz Fransadan çox uzaq idik. İndi isə ölkələrimiz arasında çox yaxşı, yaxın münasibətlər yaranmışdır. Prezident Jak Şirak cənablarının dəvəti ilə mən yanvarda Fransada rəsmi səfərdə oldum, ay yarımdan sonra isə o və siz məni yenidən oraya dəvət etdiniz. Buna görə də biz dostluğumuzu bu prinsiplər əsasında möhkəmlədəcəyik.

Görürəm ki, Rusiyanın kütləvi informasiya vasitələrinin nümayəndələri də buradadırlar, mən onlara minnətdaram ki, onlar, əvvəla, 70 illiyiniz münasibətilə şənliklərdə iştirak etmək üçün, ikincisi, bu gözəl hadisənin şahidi olmaq, habelə hazırda Azərbaycanda reallığı öz gözləri ilə görmək üçün sizinlə birlikdə gəlmişlər. Problemlər, çətinliklər var, ancaq həyat yaxşılığa doğru getdikcə daha çox irəliləyir. İqtisadiyyatımızı yenidən qurmaq, cəmiyyətimizi demokratikləşdirmək, hüquqi, demokratik dövlət qurmaq, bütün sahələrdə demokratiya prinsiplərini möhkəmləndirmək üçün gördüyümüz tədbirlər öz nəticələrini verir.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT