Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın xalq artisti Müslüm Maqomayevə təbriki - Bakı şəhəri, 17 avqust 1997-ci il


Əziz Müslüm!

Sizi - zəmanəmizin görkəmli müğənnisini yubileyınız münasibətilə təbrik edirəm, Sizə səadət,  cansağlığı və yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Sizin novatorluqla varisliyi ahəngdar şəkildə birləşdirən sənətınız həyatımızda xüsusi yer tutur. İyirminci əsrin əvvəllərində Üzeyir Hacıbəyov ilə birlikdə peşəkar Azərbaycan musiqisının  təməlini qoymuş babanız Müslüm Maqomayevin ənənələrini davam etdirərək Siz bizim musiqi mədəniyyətinin çox zəngin imkanlarını daha da artırmısınız. 60-ci illərdə Sizi gənclərin sevimlisinə çevirmiş istedadınız bu gün də Yer kürəsinin bütün guşələrində adamların qəlbini fəth edir. Sizin ifanızda hər bir mahnı həyatın, məhəbbətin və xeyrin tərənnümünə çevrilir, zaman və məkan hüdudlarından kənara çıxır. Güclü səsınız, coşqun temperamentiniz və yüksək vokal mədəniyyətiniz, üstəlik daim təkmilləşməyə can atmağınız Sizi sönməz ulduza çevirmişdir. Çoxcəhətli istedadınız sayəsində Siz hər mahnıya təkraredilməz rövnəq verirsiniz, onun ifasını bir aktyorun teatrına çevirirsiniz. Məhz bu məziyyət xüsusi olaraq Sizin ifanız üçün yazılmış çoxlu mahnının yaranmasına səbəb olmuşdur.

Bəstəkarlıq fəaliyyətınız isə dövrün rəmzinə çevrilən, doğma diyarımız Azərbaycanı təcəssüm etdirən əsərlər meydana gətirmişdir. Səhnə ifaçılığı, istedadınız bizə həm gözəl tamaşalar və mahnılar, həm də kinematoqrafda unudulmaz rollar bəxş etmişdir. Sizin estrada-simfonik orkestri yaratmağınız Azərbaycan mədəniyyətinin şanlı səhifələrindən birini təskil edir. Azərbaycanın musiqi mədəniyyətinin inkişafına çox böyük töhfə vermiş yaradıcılığınız, şübhəsiz, millətin qızıl fonduna daxil olmuşdur və hələ uzun illər ülvi sənətə xidmət etməyin parlaq timsalı olacaqdır. Layiq görüldüyünüz çoxsaylı təltiflər və mükafatlar arasında ən qiymətlisi, şübhəsiz ki, Azərbaycan xalqının məhəbbətidir. Məhz bu məhəbbət sizi musiqi sənətinin canli əfsanəsi etmişdir. Ömrünüz uzun olsun. Sizi bağrıma basıram.

Heydər Əliyev 

Azərbaycan Respublikasının Prezidenti

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT