"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan-Türkiyə müştərək müəssisəsinin-çaypaketləmə fabrikinin açılış mərasimində çıxışı" (Bakı, 28 dekabr 1996-cı il) sənədinə tarixi arayış


28 dekabr 1996-cı ildə Bakının Bakıxanov qəsəbəsində Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə müştərək müəssisəsinin - çaypaketləmə fabrikinin açılış mərasimi olub. Müstəqillik əldə etdikdən sonra qeyri-neft sektorunda ilk istehsal müəssisələrindən biri olan fabrikin açılışında Azərbaycan hökumətinin üzvləri, xarici səfirliklərin nümayəndələri, xarici iş adamları, mətbuat-televiziya işçiləri və ictimaiyyətin nümayəndələri iştirak edib.

1990-cı illərdə SSRİ-nin süqutundan sonra Azərbaycanda günün tələblərinə cavab verməyən texnologiya sistemləri, fabrik və zavodlar açıq iqtisadiyyatın tələblərinə cavab vermədiyindən öz fəaliyyətlərini dayandırdı, çox az bir hissəsi isə böyük çətinliklərlə kiçik həcmdə istehsal ilə işləməyə davam edirdi. 1993-cü ildə Azərbaycanda yeyinti sektorunda fəaliyyət göstərən fabrik demək olar ki, qalmamışdı. Fabriklərin çoxu bağlanmış, minlərlə insan işsiz qalmışdı. (http://www.azerbaijan.news.az/)

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanda aparılan aqrar islahatlar və özəlləşdirmə proqramı nəticəsində emal müəssisələri yenidən həyata vəsiqə alaraq, çayçılığın inkişafında da canlanma yaratdı. Bu ərəfədə Azərbaycana gələn türk və digər xarici investorlar da inkişafda aktiv rol oynadılar. Bu investorlar arasında Türkiyənin "Azərsun Holdinq" şirkəti öz fəaliyyətinin çoxprofilliyi ilə fərqlənirdi. Bakı çayçəkici və bükücü fabriki ilə "Azərsun Holdinq" şirkəti səhmdar cəmiyyət yaradaraq 1994-cü ildən Azərbaycanda ilk istehsal müəssisəsinin fəaliyyətinə start verib.

Hal-hazırda qida məhsullarının ticarəti və satışı sahəsində satış həcminə görə Azərbaycan bazarında ən böyük distribyutor olaraq tanınan "Azərsun Ticarət və Dağıtım" (Azersun Trade and Distribution) MMC-nin satdığı əsas məhsullar - yağ, çay, konserv, quru qida məhsulları, təmizlik və kağız məmulatlarıdır. Şirkət "Azərsun Holdinq"ə aid "Bakı Yağ və Qida Sənaye" ASC-nin, "Sun Tea International"-ın, "Qafqaz Konserv Fabriki"nin, "Karton Fabriki"nin məhsullarının ticarətini və satışını həyata keçirməkdədir.

2007-ci ildə "Azərsun Holdinq" Şirkətlər Qrupu Azərbaycanda kənd təsərrüfatı sahəsində konserv istehsalı ilə əlaqədar daha bir yeniliyi tətbiq edib. İndiyə qədər ölkədə geniş ərazidə əkilməyən və əsasən xaricdən idxal edilən yaşıl noxud ilk dəfə becərilərək konservləşdirilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində "Azərsun Holdinq" Beyləqan rayonunda yerləşən 152 hektarlıq ərazidə yaşıl noxud əkib və hər hektardan 15 ton məhsul yığılmasına nail olub. Ərazidə becərmə və suvarma Amerika texnologiyasına əsasən aparılıb. Toplanan yaşıl noxudun "Qafqaz Konserv Zavodu"nda konservləşdirilərək "Bizim Tarla" markası ilə istehlakçıların istifadəsi üçün bazara təqdim edilib. Bununla əlaqədar Beyləqan və Xaçmaz rayonlarında 160 nəfərə yaxın insan işlə təmin edilib. (http://www.xalqqazeti.com/)

Qeyd edək ki, "Azərsun Holdinq"ə məxsus "Bizim Tarla" markası "İlin Markası" nominasiyasında Bakıda keçirilən Uğur-2007 mükafatına layiq görülüb. Hazırda adı çəkilən holdinq eyni marka ilə bazara müxtəlif turşular, kompotlar, mürəbbələr, ikra, leço, yaşıl noxud, tomat pastası təqdim etməyə başlayıb. Bundan başqa "Bizim Tarla" məhsulları "Azərbaycan məhsulu" adı ilə dünyanın bir çox ölkəsinə ixrac edilir. (http://www.capital.trend.az/)

Holdinq hər il Azərbaycan büdcəsinə 10 milyon ABŞ dolları məbləğində vergi ödəyir və 3000-dən çox insanın işlə təmin olunmasına şərait yaradıb. (http://www.azregionaldevelopment.org/)

Hazırda Azərbaycanda əhalinin quru çaya illik tələbatı 10-12 min tondur. Bu da o deməkdir ki, Azərbaycanda adambaşına 1,5 kq çay tələb olunur. Hazırda ölkədə becərilən və emal edilən çay əhalinin bir qisminin tələblərini ödəməklə, həm də ixrac olunur. Qeyd edək ki, Azərbaycanda 2006-cı ildə 7 min ton çay becərilərək istehsal müəssisələrinə göndərib. (http://www.azstat.org/)

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti modern, müasir avadanlıqla təchiz olunmuş, böyük istehsal imkanlarına və müasir texnologiyaya malik çay fabrikinin fəaliyyətə başlamasını Azərbaycanda sərbəst iqtisadiyyatın və sahibkarlığın inkişaf etdirilməsinin ölkə iqtisadiyyatının perspektiv inkişafının strateji istiqaməti olduğunu əyani nümunə kimi qiymətləndirib. O, deyib: "Respublikamızda yeni addımlar atılır və bunun üçün də indi xarici sərmayədən geniş istifadə olunur. Azərbaycanın müvafiq təşkilatları xarici sərmayədarlarla müştərək işlər görürlər. Mən belə işlərin görülməsini dəstəkləyirəm, bəyənirəm. Onların iş görməsi üçün respublikamızda lazımi şərait yaranıb, müvafiq qərarlar qəbul olunub və bundan sonra da qəbul olunacaqdır. "

Tarixi arayış 27 fevral 2008-ci ildə yeniləşdirilib.